Samuxun son illərdəki inkişafı danılmazdır. Rayonda elə bir sahə yoxdur ki inkişaf etməsin. Abadlıq-quruculuq işlərinin geniş vüsət alması rayonun simasını tamamilə dəyişib. Bu ilin ötən doqquz ayında da Samuxda işin sürəti bir an belə azalmayıb.
Məsələn, hesabat dövründə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 75 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Kənd təsərrüfatı məhsullarının həcmi də ötən illə müqayisədə artaraq 42,5 milyon manat təşkil etmişdir. Tikinti, ticarət dövriyyəsi, əhalinin gəlirləri, orta aylıq əmək haqqı da artıb...
Bütün bunlar barədə doqquz ayın yekunlarına həsr olunmuş yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Qocayev və çıxış edənlər belə bir faktı dönə-dönə vurğuladılar ki, qazanılan nailiyyətlər ölkə başçısı İlham Əliyevin Samuxa və samuxlulara göstərdiyi hədsiz diqqət və qayğının nəticəsidir. Samuxun da əhatə olunduğu dövlət proqramının icrası ilə əlaqədar rayon üzrə geniş tədbirlər planı hazırlanmışdır və hazırda onun icrası həyata keçirilir. Dövlət proqramında kənd yollarının tikintisinə xüsusi fikir verilməsi Samuxun timsalında da aydın görünür. Azərbaycan Respublikası Prezidentinin 9 iyun 2014-cü il tarixli sərəncamı ilə 23 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Samux şəhər-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı avtomobil yolunun tikintisi üçün ilkin olaraq 3 milyon manat vəsaitin ayrılması bunun əyani sübutudur. Bu yolun inşası rayonda ictimai nəqliyyat şəbəkəsinin genişlənməsinə və nəticədə, insanların rahatlığına xidmət edəcəkdir. Bu günədək yolun 12 kilometrlik hissəsinin yatağı tam hazır vəziyyətə gətirilmiş, 22 ədəd su keçidi yenilənmiş və 7,2 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınmışdır. Yolun qalan 24,5 kilometrlik Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux hissəsinin və avtomobil yolunun Gəncə çayı ilə kəsişən hissəsində üç aşırımlı körpünün tikintisi üçün layihə-smeta sənədləri tam hazırlanmışdır.
Hesabat dövründə rayonda təhsil müəssisələrinə olan tələbat nəzərə alınaraq, Samux şəhərində hər biri100 yerlik iki körpələr evi-uşaq bağçasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmış və tikintisinə başlanmışdır. Hazırda ümumi sahəsi 1800 kvadratmetr olan bağçanın biri istifadə üçün tam hazırdır. Burada uşaqlar üçün hər cür şərait vardır. Bağçanın həyətində köşklər tikilmiş , yaşıllıqlar salınmış, 100 tonluq su anbarı inşa olunmuş,suvarma sistemi quraşdırılmışdır. Digər bağçada hörgü işləri başa çatdırılmış, dam örtüyü vurulmuş, həyət tam hazırlanmışdır.
Rayonda bir sıra digər obyektlər də inşa olunur və onların çoxu artıq istismara hazırdır. Tennis kortu, Lək,Əlibayramlı və Çobanabdallı kəndlərində 26 ailə üçün fərdi evlər, Kənd Təsərrüfatı Nazirliyinin Samux rayon idarəsi üçün inzibati bina, eləcə də telekommunikasiya qovşağının inzibati və köməkçi binaları bu ilin yeni obyektləri sırasındadır.
Tikintisinə 2013-cü ildə başlanmış 360 yerlik Əhmədbəyli kənd tam orta məktəbinin üçmərtəbəli yeni binası istifadəyə verilmişdir. Qarayeri qəsəbəsində fəaliyyət göstərən uşaq bağçaları təmir olunmuşdur. İnstitut qəsəbəsində İmamzadə kompleksinə gedən yolda geniş tikinti-quruculuq işləri aparılmışdır.Yolun başlanğıcındakı dairə yenilənmiş və burada fəvvarə quraşdırılmışdır. Yol boyu həyətyanı sahələrin kənarlarına hasarlar çəkilmiş və obyektlərin fasadlarına üzlük vurulmuş, yaşıllıqlar salınmışdır.
Rayonda kənd təsərrüfatı sahəsi sürətlə inkişaf edir. Buna isə rayon rəhbərliyi və əlaqədar nazirliklər yaxından kömək göstərirlər. Başlıcası isə ölkə Prezidentinin həmin sahəyə xüsusi diqqət və qayğısıdır. Məsələn, “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2014-cü tarixli sərəncamı buna əyani sübutdur. Həmin sərəncama əsasən, bu il rayonun ən çox ehtiyac duyulan ərazilərində 13 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Artıq quyular qazılmış və yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Dövlət proqramına uyğun olaraq, əhalinin içməli suya təlabatının ödənilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Salahlı, Kəsəmən, Poylu, Qarabağlı və Burunqovaq kəndlərində modul tipli sutəmizləyici qurğuların quraşdırılması başa çatdırılmış və sakinlər içməli su ilə təmin olunmuşdur. Bütövlükdə, adları çəkilən kəndlərdə 53 bulaq inşa edilmişdir.
Hesabat yığıncağında qarşıda duran vəzifələr də müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, rayon dinamik inkişaf edir və sürəti bir an belə azaltmaq olmaz.
Çıxış edənlər rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin səyyar qəbullara xüsusi diqqət yetirməsinin nəticəsi olaraq yerlərdə problemlərin tədricən azalmasını göstərdilər. Belə bir fikir yekdilliklə ifadə olundu ki, əhali ilə müntəzəm və sıx əlaqə ümumi inkişafa müsbət təsir göstərir. Bu baxımdan Samuxda maraqlı təcrübə əldə edilmişdir.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.