Ərzaq təhlükəsizliyi strategiyası uğurla həyata keçirilir

Prezident İlham Əliyevin tövsiyəsi ilə ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında istehsalın və ixracın stimullaşdırılması, məhsulun rəqabətqabiliyyətliliyinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin yüksəldilməsi məqsədilə  bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri tədqiq edilərək sinfi təsnifatı hazırlanmışdır.

Azərbaycanın regionları üzrə ənənəvi kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti öyrənilərək müvafiq təklif və tövsiyələr verilmiş, həmçinin, aqrar sektorun əlavə dəyərdə payının dinamikası araşdırılmış, qiymət, gəlirlər, istehsalın həcmi üzrə qiymətləndirmələr aparılmışdır.

Ölkədə aqrar-sənaye kompleksinin 270 sayda məhsul üzrə məhsullararası balansı tərtib edilmiş, rəqabətqabiliyyətliliyinin üstünlüyünün qiymətləndirilməsi modeli yaradılmışdır. Model üzrə aparılmış hesablamalar göstərir ki, respublikamızın həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının əksəriyyəti beynəlxalq rəqabət üstünlüyünə malikdir. Bu rəqabətqabiliyyətliliyi reallaşdırmaq məqsədilə ölkədə müxtəlif  aqro-xidmətlərin səviyyəsinin yüksəldilməsi, dövlətin subsidiya, kredit, maliyyə və digər dəstəklərindən səmərəli istifadə, istehsal, bazar və sosial infrastruktur sahələrinin inkişafı, müasir yemçilik müəssisələrinin yaradılması, maarifləndirmə, elmi və kadr təminatının yaxşılaşdırılması üzrə təklif və tövsiyələr hazırlanmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı zəncirində kompleksliliyin təmin olunması maya dəyərinin azaldılması, əlavə dəyərin artırılması, sosial rifahın yüksəldilməsi və nəticədə rəqabətqabiliyyətliliyin artırılması baxımından çox vacibdir.

Azərbaycan Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” da qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Adı çəkilən Dövlət proqramının icrası mühüm nəticələr əldə edilməsinə səbəb olmuşdur. Həmin  proqramda əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunması, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının inkişaf etdirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və uğurla həyata keçirilməsi ölkədə ərzaq məhsullarının istehsalında artıma və hər bir ölkə vətəndaşının keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə şərait yaratmışdır.

Nəticələr sevindiricidir. Dövlət Statistika Komitəsinin məlumatına görə,  bu ilin yanvar-sentyabr aylarında tarlalardan 2338,3 min ton taxıl (qarğıdalı daxil olmaqla), 808,9 min ton kartof, 1125 min ton tərəvəz, 532,4 min ton meyvə və giləmeyvə, 439,9 min ton bostan məhsulları, 106,1 min ton üzüm, 20,4 min ton pambıq, 404,2 ton yaşıl çay yarpağı, 2,2 min ton tütün, 29,1 min ton şəkər çuğunduru, 19,8 min ton dən üçün günəbaxan toplanmışdır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dən üçün günəbaxan istehsalı 11,8 faiz, bostan məhsulları istehsalı 2,9 faiz, üzüm istehsalı 1,7 faiz, meyvə və giləmeyvə istehsalı 0,4 faiz artmışdır.

İri malın  sayı 2721,4 min başa, qoyun və keçilərin sayı isə 8767,5 min başa çatmışdır. Bu dövrdə 324,9 min ton diri çəkidə ət, 1416,3 min ton süd, 1164,2 milyon ədəd yumurta, 16,3 min ton yun istehsal edilmişdir. 2013-cü ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 1,5 faiz, süd istehsalı 3,6 faiz, yumurta istehsalı 11,6 faiz, yun istehsalı 1,5 faiz artmışdır.

Azərbaycanda gələn ilin məhsulu üçün 449,1 min hektar sahənin torpağı şumlanmış, 31,9 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilmişdir.

Lakin etiraf edək ki, aqrar sahədə çətinliklər də az deyil. Ona görə də mövcud maneələrin aradan qaldırılması, ərzaq bazarında süni qiymət artımının qarşısının alınması, kənd təsərrüfatı və ərzaq məhsullarının qəbulu üzrə ixtisaslaşmış terminalların və onların saxlanılması üçün anbarların yaradılması, həmin məhsulların daşınmasına xidmət edən nəqliyyat infrastrukturunun təşkili, xüsusi ərzaq mağazaları şəbəkəsinin genişləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac vardır.

Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin 16 yanvar 2014-cü il tarixli  “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası sahəsində əlavə tədbirlərin görülməsi  məqsədilə  imzaladığı sərəncam mühüm əhəmiyyətə malikdir. Sərəncamda aqrar siyasətin əsas prinsiplərinin reallaşdırılması məsələləri, o cümlədən yerli icra hakimiyyəti orqanları ilə birlikdə paytaxtda keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi məsələləri öz aydın ifadəsini tapmışdır.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları növbəti illərdə də Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında