Azərbaycanın elektroenergetika sənayesinin inkişafında yeni mərhələ

Azərbaycanda enerji təhlükəsizliyi məsələləri uğurla icra edilir. Biz bütün vəzifələri ardıcıllıqla icra edirik. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, enerji təhlükəsizliyini özü 100 faiz təmin edir. Bu, təbii resursların işlənməsi sahəsində özünü büruzə verir, eyni zamanda, generasiya güclərinin yaradılması da bu istiqamətdə bizə kömək edir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanın mövcud milli elektroenergetika sisteminin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. XX əsrin 70-ci illərində ulu öndərin birbaşa təşəbbüsü və tapşırığı ilə Azərbaycanda iki böyük elektrik stansiyası inşa edilmişdir ki, həmin stansiyalar bu gün də ölkəmizin milli elektroenergetika sistemi üçün əvəzsiz rol oynayır.

1975-ci ildə inşasına başlanılmış Azərbaycan DRES və Şəmkir SES-in tikilməsi hesabına respublikanın enerji sisteminin gücü iki dəfədən çox artdı.

Həmin illərdə ümummilli lider Heydər Əliyevin göstərişi ilə bir neçə vacib qovşaq yarımstansiyaları istismara verildi. 70-ci illərin sonunda onun təşəbbüsü və rəhbərliyi ilə Kür çayının üstündə yeni bir obyektin-Yenikənd Su Elektrik Stansiyasının təməli qoyuldu. Onu da qeyd edək ki, ümummilli liderin rəhbərliyi altında 1970-ci ildə ümumi gücü 22 MVt olan Araz SES, 1976-cı ildə ümumi gücü 50 MVt olan Tərtər SES (bu su elektrik stansiyası erməni silahlı birləşmələrinin işğalı altındadır), 1982-ci ildə isə ümumi gücü 380 MVt olan Şəmkir SES inşa edildi.

Ulu öndər sonralar həmin hadisələri xatırlayaraq demişdir: “Mən xoşbəxtəm ki, bu işlərin həyata keçirilməsinin böyük bir hissəsində bilavasitə iştirak etmişəm və 1970-80-ci illərdə Azərbaycanın rəhbəri olduğum zaman ölkəmizdə müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam”. Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistematik inkişaf etdirilmiş və respublikamızın dayanıqlı enerji sistemi formalaşdırılmışdır.

Respublikamıza ikinci rəhbərliyi dövründə də Heydər Əliyev bir sıra strateji sahələrlə yanaşı, elektroenergetika sisteminə də öz qayğı və diqqətini əsirgəməmişdir. Məhz onun bu sahəyə olan diqqətinin nəticəsi kimi 1995-ci ilin dekabr ayında İngiltərəyə səfəri zamanı Yenikənd SES-in tikintisi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından 53 milyon ABŞ dolları həcmində kreditin ayrılmasına nail olundu və ümumi gücü 150 MVt olan Yenikənd SES inşa edildi.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində işğal altında qalan “Ağdam” yarımstansiyası və 330 kV-luq Azərbaycan İES-Ağdam-İmişli EVX (elektrik verici xətləri) əvəzinə 330 kV-luq Ağcabədi, 110 kV-luq Bərdə yarımstansiyalarının və 330 kV-luq Azərbaycan İES-Ağcabədi-İmişli EVX-nin inşası zərurəti yaranmışdı. Avropa Yenidənqurma və İnkişaf Bankından və İslam İnkişaf Bankından ayrılmış kredit hesabına Mingəçevir SES-in yenidən qurulması, bir çox yarımstansiyaların və EVX-lərin inşası həyata keçirildi. Ümumiyyətlə, ulu öndərin rəhbərliyi dövründə Azərbaycanda 3500 MVt-a yaxın generasiya gücü işə salınmışdır.

Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə ölkəmizin enerji sistemində qanunvericilik bazasının formalaşdırılması, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. “Energetika haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Elektrik və istilik stansiyaları haqqında” qanunların qəbulunun məhz bu dövrə təsadüf etməsi buna sübutdur.

Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi strateji xəttin həyata keçirilməsi və hazırda bu xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirmişdir. Ölkə iqtisadiyyatının inkişafında elektroenergetika kompleksinin vacibliyini nəzərə alan dövlətimizin başçısı “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) Dövlət Proqramı”nı təsdiq etmişdir. 2003-2013-cu illərdə həyata keçirilən tədbirlər nəticəsində respublikanın elektrik enerjisi sistemində 2000 MVt-dan artıq əlavə generasiya gücü işə salınmış və ölkənin bütün elektrik stansiyalarının ümumi gücü 7000 MVt-ı ötmüşdür.

Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “Bu gün biz nəinki özümüzü elektrik enerjisi ilə təmin edirik, böyük həcmdə ixrac da edirik. Azərbaycan bütün qonşu ölkələrə - Rusiyaya, İrana, Türkiyəyə, Gürcüstana elektrik enerjisi ixrac edir. Yəni belə imkanlar var və bu, onu göstərir ki, görülmüş işlər öz bəhrəsini verir. Azərbaycan neft-qaz və indi də elektrik enerjisinin ixracı ilə məşğuldur. Vaxt var idi bizim bölgələrimizə elektrik enerjisi fasilələrlə verilirdi. Artıq o dövr tarixdə qaldı. Biz yeni gücləri yaratdıq. Hazırda biz alternativ enerji mənbələrinin tikintisi ilə məşğuluq. Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə xüsusi diqqət altındadır və artıq ilkin işlər başlanmışdır”.

Son illərdə elektroenergetika sisteminin inkişafı ilə bağlı Azərbaycanda həyata keçirilmiş silsilə tədbirlər nəticəsində onun maddi-texniki bazası daha da möhkəmləndirilmiş, yeni müasir elektrik stansiyaları istifadəyə verilmişdir. Bununla da əhalinin elektrik enerjisi ilə təminatının gücləndirilməsi, ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması sahəsində ciddi nailiyyətlər qazanılmışdır.

Şirvan şəhərində 2013-cü ildə istismara buraxılmış gücü 780 MVt olan “Cənub” Elektrik Stansiyası böyük regional infrastruktur layihəsi olmaqla ölkəmizin enerji təhlükəsizliyinə mühüm töhfə vermişdir. Stansiyanın faydalı iş əmsalı 52 faiz, bir kilovat -saat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı isə 237 qramdır. Burada üç yanacaq növündən - qaz, mazut və dizel yanacağından istifadə etmək imkanı vardır. Stansiyanın fəaliyyəti yüksək keyfiyyətli olmaqla yanaşı, həm də qənaətcilliyi ilə seçilir.

İsmayıllı rayonunda tikintisinə 2011-ci ildə başlanılmış İsmayıllı Su Elektrik Stansiyası qısa müddətdə inşa edilərək 2013-cü ildə istismara buraxılmışdır. Stansiya ümumi layihə gücü 1600 kilovat olan üç hidroturbin və üç hidrogeneratordan ibarətdir. Layihəyə görə, təmizlənmiş su tikilməkdə olan su elektrik stansiyasına daxil olacaq və yekunda İsmayıllı Su Elektrik Stansiyası ümumi gücü 3200 kilovat olan kiçik su elektrik stansiyaları silsiləsini təşkil edəcəkdir. Bu layihə olduqca səmərəli və əhəmiyyətlidir. Derivasiya tipli su elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir.

Ötən il sentyabr ayında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda gücü 20,5 MVt olan Arpaçay Su Elektrik Stansiyası istismara buraxılmışdır. Bu stansiya Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “2009-2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində inşa olunmuşdur. Stansiya il ərzində 60 milyon kilovat- saat elektrik enerjisi istehsal edəcək və muxtar respublikanın enerjiyə olan tələbatının təxminən 15-17 faizini ödəyəcək.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsndə ötən il Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı və Taxtakörpü-Ceyranbatan su kanalı ilə yanaşı, 25 MVt-lıq Taxtakörpü Su Elektrik Stansiyası da fəaliyyətə başlamışdır.

Məlum olduğu kimi, elektrik enerjisinin ötürülməsi sisteminin müasirləşdirilməsi və yenidən qurulması da vacib məsələdir. İndiyədək ölkədə ümumi gücü 2000 meqavoltamperə yaxın 500-dən artıq yeni transformator quraşdırılmış və ümumi uzunluğu 30 min kilometrdən artıq elektrik verilişi xətləri istifadəyə verilmişdir. İqtisadiyyatı gündən-günə inkişaf edən və elektrik enerjisi sisteminin dayanıqlığı təmin olunan Azərbaycanda yeni generasiya güclərinin tikilib istifadəyə verilməsi nəticəsində respublikamız elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Hazırda Azərbaycan qonşu dövlətlərin elektrik enerjisi təhlükəsizliyində mühüm rol oynayır.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında “Rusiya Federasiyasının vahid enerji sistemi və Azərbaycan Respublikasının enerji sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında Saziş” imzalanmışdır. Bu mühüm sənəd üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Rusiya Vahid Enerji Sistemi ilə Azərbaycan enerji sisteminin paralel işinin texnoloji xüsusiyyətindən irəli gələn texniki məsələləri tənzimləməklə yanaşı, tərəflərə öz enerji sistemlərinin etibarlılığını və dayanıqlığını yüksəltməyə imkan verəcəkdir. Rusiya-Azərbaycan-İran arasında dövlətlərarası yeni ötürücü elektrik veriliş xətlərinin quraşdırılması hesabına Rusiya-Azərbaycan istiqamətində 350 MVt, İran-Azərbaycan istiqamətində isə 700 MVt gücü artırmağa imkan vermişdir.

Elektrik enerjisinin ixracı üzrə regionda həyata keçirilən ən əsas layihələrdən biri Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsidir. Bu layihə çərçivəsində 500 kV-luq “Samux-Qardabani” elektrik verilişi xəttinin tikintisi Azərbaycan tərəfindən 2013-cü ilin ortalarında başa çatdırılmışdır. Adıçəkilən layihənin tərkib hissəsi olan “Qara dəniz ötürmə şəbəkəsi layihəsi” çərçivəsində Gürcüstan tərəfindən 500/400/220 kV-luq yarımstansiya və Gürcüstanı Türkiyə ilə birləşdirən yüksək gərginlikli 400 kV-luq EVX-nin tikintisi başa çatdırılmış və keçən il istismara buraxılmışdır. Bu layihə Azərbaycanın Gürcüstan və Türkiyə, gələcəkdə isə Avropa elektrik enerjisi bazarına inteqrasiya olunmasını və bu istiqamətdə elektrik enerjisinin ixracını təmin edəcəkdir.

Yeni generasiya güclərinin yaradılması, sistem əhəmiyyətli elektrik verilişi xətlərinin və yarımstansiyaların quraşdırılması energetika sahəsində yeni mərhələnin başlanğıcını qoymaqla, sənaye mərkəzlərinin enerji təchizatında hökm sürən disproporsiyanı hiss ediləcək qədər aradan qaldırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hazırda elektroenergetika sahəsində sahibkarlar üçün yaratdığı əlverişli şərait dövlət və özəl elektrik stansiyalarının birgə və sərbəst fəaliyyətinə geniş imkan açır. Hazırda “Muğan”, “Şəki” SES-ləri və “Azərsun” İES müstəqil fəaliyyət göstərir. Alternativ enerji mənbələrindən istifadə üzrə yeni yaradılan müstəqil generasiya mənbələri də nəzərə alınarsa, mövcud şərait energetika sahəsində sərbəst rəqabət mühitinin formalaşdırılması və son nəticədə elektrik enerjisinin istehsalında xərclərin azaldılması və xidmət keyfiyyətinin yüksəldilməsi üçün islahatların aparılması üzrə yeni qanunların tətbiqini zəruri edir.

Məlum olduğu kimi, cənab İlham Əliyevin yeni iqtisadi strategiyasının ana xəttinin əsas prinsipi ondan ibarətdir ki, neftə məqsəd kimi yox, vasitə kimi baxmaq lazımdır. Çünki neft hasil edən, ancaq heç də hərtərəfli tərəqqiyə nail ola bilməyən ölkələrin iqtisadi vəziyyəti əsas götürülərək hərtərəfli təhlillər aparılmış, Azərbaycan iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi üçün qeyri-neft sektorunun sürətli inkişafı prioritet kimi müəyyənləşdirilmişdir. Elə bu məqsədlə də neftdən əldə edilən gəlirlər Azərbaycan iqtisadiyyatının digər sahələrinin inkişafına yönəldilməkdədir. Bu da ölkə iqtisadiyyatının şaxələndirilməsini sürətləndirən mühüm amil kimi qiymətləndirilir.

Qeyri-neft sektorunun aparıcı sahələrindən olan elektroenergetika sisteminin inkişafında əsas məqsəd ölkədə enerji potensialına tələbatın daim qabaqlanması və bunun üçün gələcəkdə elektrik stansiyalarının tikilməsi, elektrik təsərrüfatının yeniləşməsidir. Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılan möhkəm potensial əsasında Azərbaycanın müstəqil enerji sistemi formalaşmışdır. Bu strateji xətt indi də böyük uğurla davam etdirilir, Azərbaycanın elektrik enerjisi sistemində geniş miqyaslı quruculuq işləri həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir:" Azərbaycanın dünyadakı rolu artır və yeri möhkəmlənir. Bu, ölkəmizin gücünü artıracaqdır. Çünki biz enerji siyasətimizi uğurla aparırıq və bu siyasət bəhrəsini verməkdədir. Biz bu siyasətdən əldə edilmiş gəlirləri bütün başqa sahələrə yönəldirik".

Bütün bunlar onu ğöstərir ki, hazırda Azərbacan iqtisadiyyatı yeni neft strategiysı üzərində hərtərəfli və sürətli inkişafını davam etdirir. Ölkə iqtisadiyyatındakı dinamik proseslər daha böyük vüsət alır və güclü sənaye potensialı formalaşdırır. Öz milli sərvətlərinin sahibi olan Azərbaycan hazırda təkcə cənubi Qafqazda deyil, dünyada yüksək sürətlə inkişaf edən demokratik dövlət imici qazanmışdır.

 

Əlipənah BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında