Müstəqilliyinin 23 ilini geridə qoyan Azərbaycan bu müddət ərzində sadəcə regionun deyil, dünyanın iqtisadi cəhətdən uğurla inkişaf edən ölkəsi kimi qəbul edilir. Hələ də dünyada səngiməyən iqtisadi böhran dövründə Azərbaycanın ən nüfuzlu beynəlxalq reytinqlərdə dayanıqlıq mövqelərini artırması ötən illərin inkişafının əyani göstəricisidir. Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də artaraq, qiymətləndirmə ilə əhatə olunan 144 ölkə arasında 38-ci yerə yüksəlib.
Təbii ki, bütün bunlar düşünülmüş və davamlı iqtisadi siyasətin nəticəsidir.
İqtisadi cəhətdən rentabelli olmasa da, şəhər ictimai nəqliyyatının aparıcı sahəsi kimi, Bakı metropoliteninin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi dövlətin sosial məqsədli layihələrinə ən bariz nümunələrdən biridir.
Yarandığı gündən paytaxtın rəmzinə çevrilmiş Bakı metrosuna ayrılan bu diqqət təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ənənələrin davamıdır. Bütün sahələrdə bugünkü iqtisadi və siyasi uğurlarımızın memarı olan ulu öndərin metropolitenin inkişafında misilsiz xidmətləri olub. Təsadüfi deyil ki, Bakıda metro tikintisi ideyası ötən əsrin 40-cı illərində ortaya çıxsa da, bu iş yalnız 60-cı illərdə reallaşıb, amma bununla belə yeraltı ictimai nəqliyyatın əsas inkişaf mərhələsi 70-80-ci illərdə - Azərbaycana Heydər Əliyev kimi uzaqgörən liderin rəhbərlik etdiyi dövrdə baş verib. Təkcə bir faktı xatırlatmaq yetər: bu gün Bakı metropoliteninin fəaliyyətdə olan 23 stansiyasından 14-ü, ümumi uzunluğu 35,6 kilometr olan metro xətlərinin 22,3 kilometri məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə istifadəyə verilib.
2002-ci ildə Bakı metropoliteninin 35 illik yubileyində ümummilli lider perspektivlərdən söz açarkən, gələcək nəsillərə müdrik nəsihətini vermişdi: “Biz metro inşaatını davam etdirməliyik....Məndə hələ o illərdən metronun tikintisinin birinci, ikinci, üçünçü növbələrinin cədvəli var. Onu o vaxtdan saxlamışam. İndi onları təzələyəcəyik. İnşaallah, qarşıdan gələn 3-4 ildə Azərbaycanın gəlirləri xeyli artacaqdır. Mən sizə bildirmək istəyirəm ki, bu gəlirlərdən Bakı metrosunun inşasının davam etdirilməsi üçün mütləq istifadə etmək lazımdır. Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər”.
Heydər Əliyevin bu sözləri söylədiyi vaxtdan 12 il keçir. Həqiqətən də, cəmi 4 il sonra Azərbaycanın gəlirləri də artdı, metro tikintisinin vüsəti də. 2006-2009-cu illərdə dövlət büdcəsindən ayrılmış 600 milyon manata yaxın vəsait hesabına böyük tikinti erası və metropoliten xətlərinin inkişaf etdirilməsi başlandı və bir-birinin ardınca “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül” stansiyaları, “28 May” stansiyasının ikinci çıxışı sərnişinlərin istifadəsinə verildi.
Yeni əsrin ilk onilliyində metropolitenin vaqon parkının genişləndirilməsi daha da gücləndi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə daha 116 yeni vaqon alındı. Bu da öz növbəsində, metropolitendə qatarların hərəkət intervalını azaltmağa, sərnişinlərə xidmət səviyyəsini yüksəltməyə imkan verdi. Son illərdə isə vaqonların əsaslı təmir edilərək, tamamilə yeniləşmiş görkəmlə xəttə buraxılmasına başlanılıb.
İntervalın bu gün üçün mümkün ən optimal həddə çatdırılmasında hələ sovet dövründə alınmış qatarlarda tam fərqli şəkildə olan və əsasən, praktik əhəmiyyəti olmayan sürətin avtomatik tənzimlənməsinin müasirliklə səsləşən modelinin tətbiqi xüsusi rol oynadı. Nəticədə interval 120 saniyəyə qədər azaldıldı.
Hərəkətin təşkilində cədvəl sisteminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir və bu, metrpolitendə bütün fəaliyyəti tənzimləyən əsas işçi sənədidir. Uzun və ağır zəhmətin bəhrəsi olan bu cədvəl 2011-ci ildən avtomatlaşdırılmış qaydada hazırlanır və maşinist kabinəsində quraşdırılmış xüsusi planşetlərdə əks olunur.
Əlbəttə, metrpolitendə tətbiq edilən yeniliklərə nəzər salanda əminliklə söyləmək olar ki, ulu öndərin uzaqgörənliklə vəd etdiyi gələcək, onun tapşırıqları artıq reallığa çevrilir.
Azərbaycanda sosial-iqtisadi inkişafın bariz nümunələrindən biri kimi Bakı metropoliteni indi vüsətlə genişlənmə dövrünə qədəm qoyub. Əlbəttə, metronun inkişafı, ilk növbədə, onun böyüyüb genişlənməsindən asılıdır. 2008-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla bu istiqamətdə planlaşdırma işlərinə başlanıldı, tender keçirildi və metro tikintisi sahəsində böyük təcrübəyə malik Fransanın “SYSTRA”, İngiltərənin “Mott McDonald” və Koreya Respublikasının “Saman” şirkətlərinin iştirakı ilə beynəlxalq konsorsium yaradıldı. Qurum yeni sxemin hazırlanması məqsədilə müfəssəl sosial-iqtisadi təhlillər apardı, ictimai nəqliyyat üzrə sərnişinlər arasında sorğu keçirdi və ictimai nəqliyyata tələbatı, eləcə də gediş-gəlişin orta məsafəsi, sərnişin axınının istiqamətləri, səbəbləri, sıxlığı və tezliyi müəyyən edildi.
Metropolitenin perspektiv inkişaf planı 2010-cu il noyabrın 4-də Azərbaycan Prezidenti yanında keçirilən müşavirədə müzakirə edildi. 20 illik inkişaf planına əsasən, yeraltı dəmiryol şəbəkəsi ümumi uzunluğu 119 kilometrə çatan 2 mövcud və 3 əlavə yeni xətdən ibarət olmaqla, stansiyaların sayı 76-ya çatdırılmalıdır. Deməli, 53 yeni stansiyanın və 84,3 kilometr uzunluğunda metro xətlərinin inşası nəzərdə tutulur.
2011-ci il martın 18-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə metropoliten xətlərinin konseptual inkişaf sxemi təsdiq olunmaqla, perspektiv planın “2011-2015-ci illər üçün Dövlət Proqramı” təsdiq edildi və müvafiq işlərə başlanıldı.
“Bu gün yeni texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda, Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki təcrübə çox qiymətlidir. Ancaq bugünkü təcrübə, əlbəttə ki, həm işlərin daha da böyük səmərə ilə görülməsinə xidmət göstərəcək, həm də maksimum keyfiyyət təmin olunacaqdır” deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri metro tikintisində həm də istismar zamanı ən müasir və qabaqcıl texnologiyaların tətbiqidir.
İlk proqramın icra dövründə yeni bənövşəyi xəttin ilk 5 stansiyası təhvil verilməlidir. Əvvəlcə, yeni - bənövşəyi xəttin ilk iki stansiyası - “Avtovağzal” və şərti adı “Memar Əcəmi-2” olan stansiyaları, sonrakı dövrdə isə digər 3 stansiyası istismara veriləcək. Xəttin inşası zamanı metropolitendə ilk dəfə müasir tunelqazma qurğuları tətbiq edildi və hərəsi bir tunel üçün nəzərdə tutulmaqla, iki müasir qazma maşını “Avtovağzal” stansiyasından işə başladı. Bu avadanlıqlar əvvəlki mexaniki üsuldan ən azı 8-10 dəfə məhsuldar olmaqla qarşıya qoyulan vəzifənin sürətlə yerinə yetirilməsinə xüsusi təkan verdi. Tunellərin uzunmüddətli istismarını təmin etmək məqsədilə onların xarici diametri 6 metr müəyyən olunub.
Stansiya tikintisində də yeni metod və üsullar tətbiq edilir. Şərti adı “Memar Əcəmi-2” olan stansiyadan başlayaraq tətbiq edilən “Qruntda divar” üsulu iqtisadi səmərəsi ilə seçilir, ən əsası, şəhərin sıx məskunlaşmış hissələrində məhdud çərçivədə iş görməyə imkan verir və ətraf mühitin mühafizəsi tələblərini nəzərə alır.
Dövlət Proqramına uyğun olaraq mövcud xətlərin inkişafı da unudulmayıb. Proqramın icra olunacağı müddətdə yaşıl xəttin daha 3 stansiyasının inşası da planlaşdırılıb.
Sərnişin üçün metro stansiyadan başlayırsa, yeraltı polad magistralın fəaliyyətinin təminatı depolardan asılıdır. Buna görə də metropolitenin fəaliyyətində elektrik depolarının danılmaz rolu var. Hazırda metropolitenin cəmi bir deposu var. Lakin dövlət proqramında daha dörd elektrik deposunun inşası nəzərdə tutulub. Onlardan ikisinin - “Dərnəgül” və “Xocasən” elektrik deposunun inşasına artıq başlanılıb.
Perspektiv plan metropolitenin mövcud problemlərinin aradan qaldırılması istiqamətində əsaslı layihələrin həyata keçirilməsini də nəzərdə tutur. Bu mənada dərin özüllü stansiyaların ikinci giriş-çıxışlarının istifadəyə verilməsi xüsusi əhəmiyyətə malikdir. 2009-cu il dekabrın 30-da ölkə başçısının iştirakı ilə “28 May” stansiyasının ikinci giriş-çıxışı istifadəyə verildi.
Dövlət Proqramında tikinti ilə yanaşı, istismarda olan metro şəbəkəsinin maddi-texniki bazasının gücləndirilməsi, yenidənqurma və bərpa işlərinin aparılması, təhlükəsizliyin artırılması istiqamətində tədbirlər də xüsusi yer alır. 2008-ci ildə “İçərişəhər” stansiyasının tam yenidən qurulması ilə metropolitendə daha bir istiqamətdə yeniləşmə dövrü başlandı. Bunun ardınca, 2011-ci ildə “Məşədi Əzizbəyov” stansiyası yenidən qurularaq, “Koroğlu” adı ilə yenidən sərnişinlərin istifadəsinə verildi. Bu stansiyalarda, eləcə də yeni inşa olunmuş “Azadlıq prospekti” və “Dərnəgül” stansiyalarında Almaniya istehsalı olan müasir, daha təhlükəsiz və asanlıqla xidmət göstərilən eskalatorlar quraşdırılıb. Bütün işarəvermə vasitələri müasir mikroprosessor sistemləri ilə əvəzlənib, rabitə və elektrik təchizatında müasir texnologiyalardan istifadə olunub.
Metropolitenin şəhər üçün əhəmiyyətini nəzərə alaraq onun qayğılarına diqqətlə yanaşan Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə metropolitenin mövcud maddi-texniki bazasında əhəmiyyətli yeniliklər edilib.
Təhlükəsizlik metropoliten üçün bir nömrəli məsələdir. Bu işlər sırasında Bakı metropoliteni obyektlərində videomüşahidə şəbəkəsinin yaradılması xüsusi qeyd olunmalıdır. Bu işlər hələ 90-cı illərin sonunda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və 2000-ci ildə həyata keçirilmişdir. Metropolitenin ən çox ictimai nəqliyyat vasitəsi olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüsü nəzərə alaraq, videomüşahidə sisteminin müasir texnologiyalar əsasında yenidən qurulması, eləcə də mərkəzləşdirilmiş videomüşahidə şəbəkəsinin qurulması 2011-ci ildə uğurla başa çatdırıldı. Artıq təkcə stansiyalarda deyil, hər vaqonda 4 kamera olmaqla, qatarlarda da onun tətbiqinə başlanıldı. Hazırda metropolitendə 4 minə yaxın kamera fəaliyyət göstərir və onlar əvvəlki illərdən fərqli olaraq təsvirin daha səlisliyi ilə yanaşı, girişdən çıxışa qədər izləməni təmin edir. Ona unikal yenilik edilərək, sərnişinsayma və üzdəntanıma kimi sistemlər də əlavə olunub. Bununla da metropolitendə sərnişin axınının təhlili ilə yanaşı, təhlükəsizliyin təminatında təkcə metropolitenin deyil, həm də şəhər hüquq-mühafizə orqanlarına kömək göstərilməsi də nəzərə alınıb.
Təhlükəsizlik tədbirləri sırasında SOS qurğularının özünəməxsus yeri var. Hər bir stansiyada quraşdırılan bu avadanlıqlar xüsusi hallarda sərnişinlə dispetçer arasında birbaşa ünsiyyət, əlaqə imkanı yaratmaqla bir çox funksional üstünlükləri ilə seçilir.
Mədəni xidmətin təşkili baxımından sərnişin informasiya sorğu köşkləri də qeyd oluna bilər. Metropolitendən istifadə edənlər, xüsusən şəhərə nabələd olanlardan ötrü üç dildə fəaliyyət göstərən bu sistemlərin köməyi ilə stansiyaların yerləşdiyi ərazilər, mənzil başına çatacaqları müddət barədə məlumat verilir.
2006-cı il martın 1-dən sonra yeganə ödəmə vasitəsi olan RFİD (plastik) kartların tətbiqi sərnişinlərin metrodan istifadəsini xeyli asanlaşdırmaqla yanaşı, xidmət səviyyəsinin keyfiyyətcə yeni mərhələsi oldu. 2010-cu ildə quraşdırılmış iki yeni server sayəsində funksionallığı, operativ yaddaşının həcmi və tezliyi ilə seçilən sistemin işi təmin edilib və bu da kartlarla bağlı problemləri əsaslı şəkildə həll edib. Artıq ANM məntəqəsindəki turniketlərin sayı, kartı verən şəxs, yükləmə vaxtı və s. kimi yeniliklər səlis şəkildə aparılır. Bu, həmçinin ölkə daxilində fəaliyyət göstərən mobil rabitə operatorlarının da gediş haqqının ödənilməsi sisteminə qoşulması üçün ən münbit şəraiti yaradıb. 2010-cu ildən ilk belə pilot layihənin həyata keçirilməsinə başlanılıb.
Təhlükəsizliyin və sərnişinə mədəni xidmətin səviyyəsindən söz düşəndə, yol təsərrüfatı da diqqəti çəkir. 2006-cı ildə metropolitendə relslərin qaynaq edilməsi sayəsində uzun ölçülü relslərin tətbiqinə nail olunub və bununla da rels qovşaqlarının, calaqların, birləşdirici vasitələrin sayı, həmçinin qatarların yaratdığı səs-küy xeyli azalıb, ən əsası, yolların təhlükəsizliyi, yol avadanlıqlarına qulluq, işçi əməyinin mühafizəsi və yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirə çevrilib.
Ən əhəmiyyətli yeniliklər sırasında Bakı metropolitenində ilk dəfə qatarların təkər cütlərinin tərtib olunması sexinin formalaşdırılmasına başlanılması xüsusi yer tutur. Alınan xammal əsasında metropolitenin kadr potensialının bilik və təcrübəsi əsasında tərtib olunan yeni təkərlər metropolitenə iqtisadi səmərə verməklə yanaşı, həm də kadr potensialının elmi marağının, bilik səviyyəsinin artmasına kömək göstərəcək.
Əlbəttə, tək sərnişindaşıma deyil, eyni zaimanda, elektrik təchizatı, elektromexanika sistemləri, xüsusən də ventilyasiya və sanitar xidmətin təşkili baxımından tətbiq edilən bir çox yeniliklər, tunel qurğularının mühafizəsi ilə bağlı istər səmərələşdirici, istərsə də texnoloji qərarlar bu gün həm sərnişinə xidmət səviyyəsinin yaxşılaşdırılması, həm də metropoliten obyektlərinin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi baxımından əhəmiyyətli rol oynayır.
Metropoliten həm də ənənələri ilə seçilən müəssisədir. Kadrların hazırlanması, işçilərin peşəkarlığının artırılması baxımından müasir texnologiyalardan istifadə olunması da uğurla həyata keçirilir. 2010-cu ildə kompüter texnologiyaları ilə real məkan anlayışı əsasında quraşdırılmış qatar maşinisti trenajorunun tətbiqi metropolitendə ən əhəmiyyətli peşələrdən biri üzrə əməyin, o cümlədən onun psixoloji aspektdən qiymətdəndiriliməsi, tədris-hazırlıq prosesinin təşkilinin əhəmiyyətli vasitəsidir.
Dövlət proqramına uyğun surətdə, bu istiqamətdə ötən il daha bir əhəmiyyətli addım atılaraq, yolun vəziyyətinə nəzarət və defektoskopiyasında xüsusi trenajor tətbiq edilir. Nəticədə sahə üzrə mütəxəssislərin təcrübə toplaması və təhsil alması üçün Rusiyaya göndərilməsinə ehtiyac qalmayaraq, bütün texniki şərait, laboratoriya imkanları, tədris avadanlıqları və sistemlərinin tətbiqi sayəsində kadrların Bakı Metropolitenində daha geniş şəkildə hazırlığına, əməyin və biliklərin qiymətləndirilməsinə başlanılıb.
Müasir Azərbaycan iqtisadiyyatının sürətli yüksəlişi onun sosial mahiyyətini əməli şəkildə qabardır. Azərbaycan Prezidentinin bu istiqamətdə tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı metropolitenində də işçilərin rifahının, sosial-mədəni həyatının təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Metropolitençilərin Bilgəh qəsəbəsində yerləşən sanatroiya-profilaktoriya və istirahət zonası ildən-ilə simasını dəyişir, müalicəvi və tibbi avadanlıqlar yenilənir, müxtəlif tibbi metodların tətbiqi üçün şərait yaradılır. İstirahət mərkəzinin kottecləri ardıcıl qaydada, əsaslı təmir olunaraq yenidən qurulur və bütün şəraiti ilə işçilərin ixtiyarına verilir. Çirkab sularının təkrar emalı üçün sanatoriya ərazisində quraşdırlmış qurğu sayəsində ilkin məqsədyönlü tədbir həyata keçirildi, içməli su mənbəyindən çəkilən xətt sayəsində sanatoriyanın su problemi tam həllini tapdı, elektrik təchizatında əsaslı dəyişikliklərə başlanıldı.
Ölkə başçısının əhali arasında sağlam həyat tərzinin təbliği ilə bağlı tapşırıqlarına uyğun olaraq, fəal müəssisələr sırasında metropolitenin də öz yeri var. İşçilərin mədəni istirahətinin təşkili forması kimi, bu istiqamətdə atılan addımlardan biri 2008-ci ildə “Nərimanov” elektrik deposu ərazisində idman-sağlamlıq kompleksinin istifadəyə verilməsi oldu. Burada işçilər müxtəlif idman qurğularından, trenajorlardan istifadə edə, fin və rus hamamlarında su hovuzundan faydalanaraq həm iş vaxtından sonra fiziki bərpa keçirlər, həm də sağlamlıqlarını qorumaq imkanı əldə edirlər. 2010-cu il depo ərazisində müasir standartlara cavab verən süni örtüklü mini-futbol və tennis-voleybol meydançalarının istifadəyə verilməsi ilə əlamətdar olub. İdmanın metropolitençilər arasında geniş yayılması, il ərzində iki dəfə keçirilən spartakiadalara maraq və həvəsdə də əyani müşahidə olunur. Qeyd etmək yerinə düşər ki, yerli yarışlar əsasında formalaşmış komandalar paytaxt, respublika xaraketrli müxtəlif yarışlarda və MDB metropolitenlərinin spartakiadalarında iştirak edir və komandaların uğurları da az deyil. Hətta bir neçə gün bundan əvvəl Bakı metropolitençiləri XVII respublika spartakiadasında mini futbol üzrə qalib oldular.
Bu illər ərzində metropolitençilərin sosial rifahının yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlarda da əksini tapıb. 10 il əvvəl Bakı metropoliteni işçisinin əmək haqqı 108 manat təşkil edirdisə, 2013-cü ilin yekunlarına görə, bu rəqəm 519 manata bərabər olub. Metropolitençilərin əməyi, xidmətləri və səmərəli fəaliyyətləri də dövlət tərəfindən xüsusi qiymətləndirilir. Metropolitençilərin əməyini yüksək qiymətləndirən Heydər Əliyevin qoyduğu ənənəyə sadiqliyini nümayiş etdirən onun layiqli davamçısı İlham Əliyev metropolitençilərin əməyini “Şöhrət” ordeninə, “Tərəqqi” medalına, Prezidentin xüsusi diplomlarına və digər mükafatlara layiq görüb.
Xidmət sektorunda ənənələri ilə seçilən metropolitençilər üçün ölkə başçısının: “Bu, ən kütləvi nəqliyyat vasitəsidir. Növbəti illərdə yeni stansiyaların tikintisi hesabına biz bütün şəhərimizin infrastrukturunu müasirləşdirəcəyik və insanların rahatlığı üçün çox böyük işlər görüləcəkdir” – çağırışı hər zaman əsas qanun kimi səslənir və onun qarşıya qoyduğu vəzifələr metropolitençilər üçün hər zaman yüksək ruh və etibarın rəmzidir.
“Bakı Metropoliteni” QSC-nin “Metro” qəzeti redaksiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.