Şair Sabir Sarvanı çoxdan tanıyıram. Tədbirlərdə, məclislərdə, səfərlərdə dəfələrlə birlikdə olmuşuq. Həmişə də söhbətimiz ya ədəbiyyat, poeziya üstündə qurulub, ya da təbiət mövzusunda. Mən poeziya barədə danışanda o, mənimlə həmişə mübahisə edib, o, təbiətdən söz açanda isə mən boynuma alıram, susmuşam. Çünki Sabir Ağsunun təbiətindən elə danışır ki, elə bil, rəssamdır, əlindəki lövhəni tamamlayır. İnsafən, o, doğrudan da rəssamdır. Amma, rənglərlə deyil, sözlərlə işləyən rəssam. Ağsu aşırımlarına həsr olunmuş ən gözəl şeirin müəllifi də elə Sabir Sarvandır. Bir də ki, Ağsunun təbiəti adamı şair də edə bilər, rəssam da, lap elə Səməndər Rzayev, Rasim Balayev və Mikayıl Mirzə kimi aktyor da. Nə isə, bu barədə bir az sonra söz açacağıq.
...Bu dəfə Ağsuya səfərimdə rayon mərkəzində görməli olduğum işləri yekunlaşdırmalı idim. “Görməli olduğum işlər” isə sadəcə - görülmüş işlərlə tanış olmaqdan ibarət idi. Ona görə də ilk öncə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə məsləhətləşməyi, nədən başlamalı olduğumu dəqiqləşdirməyi üstün tutdum. Ənvər müəllim həmişəki kimi, yenə də görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə heç nə danışmaq istəmədi və məsləhət oldu ki, rayon mərkəzində həyata keçirilmiş tikinti-quruculuq və abadlıq işlərinin bir neçəsi ilə bilavasitə yerində tanış olaq. Birlikdə Ağsunun yeni növrağının seyrinə çıxdıq. Yol boyu sıralanan, çoxu bu ilin geridə qalan aylarında reallaşdırılmış yenilikləri görəndə isə nəinki təkcə rayon rəhbəri, lap elə mən də bu tərəqqidən ürək dolusu söz açdım və... təsadüfən rayon mərkəzində Vəzir müəllimlə görüşdük.
Vəzir müəllim salam - kəlamdan, hal - əhvaldan sonra hər ikimizi böyük qardaş ərki ilə Qaraağaclıya — evinə dəvət etdi: - Nə olar, bir bizə gəlin, qonağımız olun.
Qocaman müəllim bu dəvətini əsaslandırmağa da çalışdı: - Ənvər müəllim, siz bizim rayonun çox əziyyətini çəkmisiniz. İndi artıq nəinki Ağsu şəhərində, hətta, kəndlərdə də ölkəmizin adına layiq inkişaf prosesi gedir. Bu tərəqqinin müəllifi dövlət başçımız olsa da, icraçısı sizsiniz. Sizinlə birlikdə çay içmək bizə də məmnunluq gətirər. Birlikdə çay içsək, yer də, göy də şad olar. Bir də ki, Qaraağaclıya getmək artıq problem deyil. İndi kəndə çəkilmiş yeni asfalt yol düz bizim qapımızın yanından keçir.
Ənvər müəllim Qaraağaclıya çəkilmiş yolun haradan keçdiyi barədə deyilənləri eşidəndə ötəri gülümsəsə də, “o yolu biz çəkmişik və hayana, haraya qədər çəkildiyini də bilirik” – demədi. Üstəlik, Vəzir müəllimə dedi ki, ağsaqqal, mütləq Qaraağaclıya gələcəyik, özü də qonaqla birlikdə.
Rayon rəhbəri yol boyu reallaşdırılan quruculuq-abadlıq işlərindən, həyata keçirilmiş müxtəlif məzmunlu tədbirlərdən danışsa da, ən çox sosialyönümlü layihələrin icrasına üstünlük verdiklərini vurğuladı:
- Cənab dövlət başçımız dönə-dönə xatırladıb ki, bizim əsas məqsədlərimizdən biri məhz insanlara xidmət etməkdən ibarətdir. Ona görə də siyasətimiz də, dövlət büdcəmiz də sosialyönümlüdür. Məsələn, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Ağsu rayonuna aid olan bəndlərinin icrası, hər il olduğu kimi, bu il də uğurla davam etdirilir. Bu müddətdə yeni iş yerlərinin açılması, tikinti, quruculuq və abadlıq işləri diqqət mərkəzində saxlanılıb, sosial problemlərin həllinə qayğı göstərilir. Yollar, küçə və meydanlar asfaltlaşdırılır və abadlaşdırılır.
Xidmət sahələrinin fəaliyyətindən söz açan rayon rəhbəri qeyd etdi ki, əhalinin və rayon iqtisadiyyatının bütün sahələrinin elektrik enerjisi və təbii qaz təminatının yaxşılaşdırılması, nəqliyyat infrastrukturunun tikintisi və əsaslı təmiri istiqamətində bir sıra işlər görülüb, bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir. Rayon əhalisinin, sahibkarlıq obyektlərinin, idarə, müəssisə və təşkilatların təbii qaz təmınatının bərpası və yenidən qurulması istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Qaz infrastrukturunun yenidən qurulması tədbirləri barəsində danışan Ənvər müəllim qeyd etdi ki, kənd yaşayış məntəqələrinin, eləcə də yeni tikilmiş mənzillərin qazlaşdırılması məqsədilə rayon üzrə ümumilikdə 570 min metr qaz kəməri əsaslı surətdə yenidən qurulub və qazlaşdırılan yaşayış məntəqələrinin sayı 6-dan 36-ya, təbii qazdan istifadə edən əhalinin sayı 23 min 561-dən 44 min 841-ə çatdırılıb. Rayonun yaşayış məntəqələrinin qaz təminatının bərpası və yenidən qurulması, qaz almayan kənd yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə tikinti-quraşdırma işləri davam etdirilir. 146 fərdi mənzili əhatə edən Çaparlı və 75 fərdi mənzildən ibarət Qiyaslı kəndlərində 4200 metrdən artıq daşıyıcı, 18 min metrə yaxın yerüstü paylayıcı qaz kəmərinin çəkilişi başa çatdırılıb, qazlaşdırılan bütün mənzillərə itron tipli qaz sayğacları quraşdırılıb və təbii qazın verilişi təmin edilib. Bundan başqa, Ərəbmehdibəy, Xəlilli, Mustafalı, Dədəli və Qasımbəyli kəndlərində qazlaşdırma işləri başa çatdırılıb, qazlaşdırılan evlərə itron tipli qaz sayğacları quraşdırılıb və qazın açılışı üçün tam hazır vəziyyətə gətirilib.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, Ağsuda tikinti-quruculuq işləri xüsusilə böyük vüsət alıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi və Dövlət Miqrasiya Xidmətinin regional idarəsi üçün inzibati bina, Ağsu şəhərində, eləcə də kəndlərdə onlarca ticarət, iaşə, məişət və müxtəlif xidmət, plastik qapı-pəncərə hazırlayan sexlər, həmçinin digər xidmət və istehsal obyektləri tikilib istifadəyə verilib. Şəhərin mərkəzi küçələrinin tamamilə yenidən qurulması istiqamətində işlər davam etdirilir. Vətəndaşlara məxsus fərdi evlərin, yardımçı tikililərin, ticarət, iaşə, məişət və digər xidmət obyektlərinin, ictimai və inzibati binaların görkəmi yaxşılaşdırılır, piyada səkiləri, yaşıllıqlar salınır, həyətyanı sahələrin küçələrə yaxın hissəsinə mişar daşı ilə hasar çəkilir, mövcud hasarlar yeni görkəm alır.
Həmsöhbətim qeyd etdi ki, bütün bunlarla yanaşı, rayonda aqrar sahənin fəaliyyəti də daim diqqət mərkəzindədir. Məsələn, yeni yaradılan toxumçuluq təsərrüfatları fermerləri daha yüksək keyfiyyətli toxumla təmin edirlər. Bağçılığın, xüsusən, üzümçülüyün və narçılığın inkişafı istiqamətində müvafiq tədbirlər görülür. Rayon ərazisində meyvə bağlarının bərpası və yenilərinin salınması, ixracının təşviq edilməsi nəzarətdə saxlanılır. İstehsalçılar tərəfindən təkcə bu il 11 hektar sahədə yeni üzümlüklər, 13 hektar sahədə yeni meyvə bağları salınıb, fərdi təsərrüfatlarda isə 11 hektarı bərpa edilib. Eyni zamanda, istehsal olunmuş məhsuldan səmərəli şəkildə istifadə olunması məsələsi də rayon rəhbərliyinin daimi nəzarət etdiyi sahələrdəndir. Rayonda fəaliyyət göstərən emal müəssisələrinin istehsal prosesi, xammal tədarükü, istehsalı, eləcə də istehsal olunan malların çeşidini artırmaq, daxili və xarici bazarlara keyfiyyətli məhsul çıxarmaq üçün yeni texnologiyaların tətbiqi istiqamətində də işlər davam etdirilir.
Tikintisi davam etdirilən obyektlərdən söz açan icra hakimiyyətinin başçısı xatırlatdı ki, rayonun Pirhəsənli kəndində 500 ton kənd təsərrüfatı məhsulları saxlanılması üçün soyuducu anbarın, 100 yerlik uşaq bağçası üçün yeni binanın, baytarlıq idarəsinin və diaqnostik kabinet, aqrar sənaye kombinatı, YAP Ağsu rayon təşkilatı üçün inzibati binanın, idman kompleksinin, onlarca ticarət, iaşə, məişət və servis xidməti obyektlərinin tikintisi, eləcə də rayon mərkəzində və kəndlərdə abadlıq, quruculuq, tikinti, sosial obyektlərin təmiri və bərpası istiqamətində əsaslı işlər davam etdirilir. Yeni fəaliyyətə başlayan və bərpa edilmiş müəssisələrdə, aparılan abadlıq - quruculuq işlərində və digər işlərdə 390 nəfər işlə təmin olunub ki, onlardan 324 nəfəri daimidir.
Elə buradaca Ağsuya daim diqqət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun adını çəkməmək, ən azı, insafsızlıq olardı. Bu rayonda doğulub, boya-başa çatan Səlim müəllim, demək olar ki, hər həftə rayona gəlir, müxtəlif insanlarla görüşür, onların problemləri, qayğıları ilə maraqlanır, kömək edir. Bu gün Ağsunun küçə və yollarının belə gözoxşayan olmasında onun böyük köməyi var. Xatırladaq ki, respublikanın hər yerində olduğu kimi Ağsuda da içməli su probleminin həlli daim gündəlikdədir. “Azərbaycan Respublikasi regionlarinin 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqrami”na əsasən Dünya Bankı və Azərbaycan hökuməti ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində işlərin icrası çərçivəsində Ağsu rayonunda 130,4 kilometr su, 115,1 kilometr kanalizasiya şəbəkəsi tikilib. 25 kilometr uzunluğunda olan magistral su xəttinin 23,8 kilometrlik hissəsi, 5,4 kilometrlik magistral kanalizasiya xəttinin 5 kilometri tikilib, 1500 kubmetrlik su anbarında tikinti işləri başa çatdırılıb.
Rayonda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri davam etdirilir, yerli büdcə vəsaiti hesabına Qaravəlli kənd ümumi orta məktəbində əsaslı, Hacıuşağı və Gəgəli kənd ümumi orta məktəblərində isə cari təmir işləri həyata keçrilib. Şəhərin 3 və 4 saylı tam orta məktəblərində qışa hazırlıqla bağlı müvafiq işlər görülüb. Bundan başqa, hər biri 80 şagird yerlik Keşdiməz kənd ümumi orta, Dilman və Muradlı kənd tam orta məktəb binalarının tikintisi başa çatdırılaraq tədris ilinin əvvəlində istifadəyə verilib.
Səhiyyə müəssisələri də daim yenilənir və müasirləşdirilir. Qəşəd kənd həkim məntəqəsində əsaslı, Kalva kənd sahə xəstəxanasında cari təmir işləri aparılıb, rayonun səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilib, özülü dövlət başçısı tərəfindən qoyulan 145 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının yeni binasının tikintisində işlər davam etdirilib.
Rayon rəhbəri görüləcək işlər barədə də qətiyyət və məsuliyyətlə söz açdı. Dedi ki, ilin sonunadək rayon iqtisadiyyatının daha da yüksəldilməsi, əhalinin sosial problemlərinin həlli, özəl sektorun inkişafına köməklik göstərilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, abadlıq-quruculuq işlərinin aparılması, sənaye, tikinti, nəqliyyat və rabitə müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.
...Hə, yuxarıda qeyd etmişdim ki, Sabir Sarvanın Ağsuda axırıncı dəfə nə zaman olduğunu bilməsəm də, onu bilirəm ki, Sabirin rayonda olmadığı müddətdə Ağsu kifayət qədər dəyişib, yeniləşib. Çünki bu rayon ildən-ilə deyil, aydan -aya dəyişir, müasirləşir. Sabir isə rayona ən tezi ildə üç-dörd dəfə gələr. Gələndə də görəcək ki, neçə-neçə nəzmə çəkilməli, tərənnüm edilməli məqamlar var. Bildiyim başqa bir fakt isə ondan ibarətdir ki, bu yaxınlarda Ağsuda Sabir Sarvanın yubileyi keçiriləcək. İnanıram ki, şair dostumuz həmin tədbirdə Ağsunun bugünkü cah-cəlalını tərənnüm edən yeni şeirlərini də oxuyacaq. O məqamlar nəzmə, tərənnümə sığsa...
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.