Doqquz ayın yekunları ürəkaçandır

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cari ilin 9 ayı ərzində ölkədə əmək bazarının tənzimlənməsi, məşğulluğun artırılması, əhalinin sosial təminatının gücləndirilməsi və tibbi-sosial ekspertiza xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin və nazirliyin fəaliyyət sahələrində aparılan islahatların yekunlarına, habelə qarşıda  duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilmişdir.

Nazir S.Müslümov ölkəmizin dinamik inkişafının ötən müddət ərzində uğurla davam etdiyini konkret göstəricilər əsasında diqqətə çatdırmış və Azərbaycan Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət və qayğının hesabat dövründə yeni uğurlu addımların atılmasına şərait yaratdığını vurğulamış, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olanlara Prezident təqaüdünün, əmək pensiyası almaq hüququ olmayan Qarabağ müharibəsi veteranlarına aylıq sosial müavinətin məbləğinin artdığını bildirmiş, ötən dövrdə sosial təminat sistemində iki yeni təqaüd, bir yeni sosial müavinət növünün tətbiqinə başlandığını qeyd etmişdir. Nazr demişdir: “Belə ki, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə sosial müavinət kimi aldıqları 67 manat məbləğində vəsaitə əlavə olaraq 60 manat məbləğində Prezident təqaüdü ödənilir. Həmçinin İkinci Dünya müharibəsində Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş, müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə ilin əvvəlindən Prezident təqaüdünün,  beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə ayda 30 manat müavinətin ödənilməsinə başlanılmışdır. Eyni zamanda, müharibə əlilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə qərar verilmişdir. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə gələn ilin əvvəlindən ayda 200 manat məbləğində Prezident təqaüdləri təyin olunacaq”.

Bildirilmişdir ki, 2014-cü ilin əvvəlinədək növbədə olan Qarabağ müharibəsi, 20 Yanvar, Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən ibarət 1453 nəfərə avtomobil verilmiş, bir sıra rayonlar üzrə 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilmiş, ilin sonuna kimi daha 198 nəfərə mənzil veriləcək. 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi də 2014-2018-ci illərdə mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək.

Natiq qeyd etmişdir ki, son 9 ayda qeyri-leqal əmək fəaliyyətinə cəlb olunduğu aşkar edilmiş 6420 nəfər işçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanmış, 418 207 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunmuşdur. “Əmək müqaviləsi bildirişi üzrə elektron  informasiya sistemi EİS yaradılması və tətbiqinə başlanması Azərbaycanın bir çox  ölkələr üçün nümunəyə çevrilən, beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilən uğurlu təcrübəsidir. Qısa müddət ərzində mükəmməl proqram təminatı əsasında formalaşdırılan və bu gün tam fəaliyyətdə olan bu sistemdə artıq 1 milyon 440 mindən artıq əmək müqaviləsi bildirişi qeydiyyatdan keçmişdir. EİS-ə daxil edilməli olan əmək müqaviləsi bildirişlərinin böyük əksəriyyətinin artıq sistemdə yerləşdirilməsi aparılan məqsədyönlü işlərin və işəgötürənlərin bu islahat tədbirində fəallığının uğurlu nəticəsi sayıla bilər”.

S. Müslümov əlilliyi olan şəxslərin tam reabilitasiyası göstəricisinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya göstəricisinin 0,8 faizdən 2,6 faizə yüksəldiyini, təkrar əlillik müəyyən olunan şəxslərin və sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayının ümumən 5 251 nəfər azaldığını, nazirliyin bərpa-müalicə müəssisələrində 5 882 nəfərə bərpa-müalicə xidməti göstərildiyini, əlilliyi olan şəxslərin 18044 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunduğunu bildirmişdir. O, əhalinin rifah halının yüksəldilməsi, yardımların təyinatında ünvanlılığın təminatı istiqamətində aparılan işlər nəticəsində ünvanlı yardım alan ailələrin sayının 17,1 faiz azaldığını diqqətə çatdırmışdır.

Hesabat dövründə daha 30 yeni peşə standartının layihəsinin hazırlandığı, məşğulluq orqanlarının 22 700 nəfəri  münasib işlərlə təmin etdiyi, 2982 nəfər işsiz və işaxtaran vətəndaşın peşə kurslarına cəlb olunduğu qeyd edilmiş, aparılan məqsədyönlü işlərin müsbət nəticəsi kimi xidmət sahələri üzrə nazirliyə və digər instansiyalara şikayət xarakterli müraciətlərin dəfələrlə azaldığı vurğulanmışdır.

Kollegiya iclasında nazirliyinin ayrı-ayrı struktur bölmələri tərəfindən hesabat məruzələri dinlənilmiş, görülən işlərin müsbət nəticələri qeyd olunmaqla, yol verilən  nöqsan və çatışmazlıqlar diqqətə çatdırılmışdır.

 

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında