XVIII əsrin ikinci yarısından başlayan sənayeləşmə əl əməyindən maşına, manufakturadan fabrikə, üstün aqrar iqtisadiyyatdan sənaye istehsalına keçməklə bərabər, aqrar cəmiyyətin sənaye cəmiyyətinə transformasiyası ilə də tarixə yazıldı. Yəni sənayeləşmə təkcə maşınların kütləvi şəkildə iqtisadiyyata tətbiqi ilə istehsalın sürətli artımına səbəb olmadı, həm də cəmiyyətin bütün strukturunun dəyişməsinə gətirib çıxardı. Beləliklə, tarixi sənaye inqilabı hansısa 3-5 nəsil dönəmində dünyada aqrar cəmiyyətdən sənaye cəmiyyətinə keçidi təmin edə bildi.
O zamandan bugünümüzədək sənaye maşınlarının təkmilləşdirilməsi, nou-xauların bu sahəyə tətbiqi iqtisadiyyatda istehsal güclərinin artmasının, bununla paralel cəmiyyətin sosial rifahının yüksəlməsinin əsas meyarına çevrilmişdir.
Tarixin bütün bu mərhələlərini yaşayan Azərbaycan XX əsrin 90-cı illərinə qədər keçmiş SSRİ-nin normal inkişaf etmiş sənaye regionlarından biri sayılırdı. Lakin ötən əsrin 70-80-ci illərindən yüksək templə inkişaf etməyə başlayan Azərbaycan artıq müstəqilliyin ilk illərində iqtisadi iflasa doğru gedirdi. Bunun da əsas səbəbləri- mərkəzi hakimiyyətdən asılı olan yerli hakimiyyətin səriştəsiz idarəçiliyi, milli-azadlıq hərəkatı dalğasında hakimiyyətin naşı insanların əlinə keçməsi, Ermənistanın təcavüzünə qarşı aparılan müharibə və s. idi ki, nəticədə neft-kimya, metallurgiya, maşınqayırma, trikotaj, qida və ümumiyyətlə, bütün sənaye infrastrukturu çox sürətlə iflasa uğramağa başladı.
Azərbaycan dövlət müstəqilliyinin çox erkən dövründə həm siyasi, həm iqtisadi, həm də geostrateji baxımdan iflasa uğramağa başladığı çox ağır bir məqamda xalq heç bir amilə baxmayaraq, öz xilaskarını - ümummilli lider Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. 1993-cü il iyulun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vəziyyət büsbütün dəyişdi. Böyük uzaqgörənliklə neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkənin qazanacağı iqtisadi və siyasi dividendləri görən Heydər Əliyev səylə özünün uzun illərə hesablanmış neft strategiyasını həyata keçirməyə başladı. Dünyada söz sahibi olan dövlətlərin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar başlandı. İqtisadiyyat tam yeni, dünyada özünü doğrultmuş bir müstəviyə keçirilərək ən yaxın dövr üçün strateji vəzifələr müəyyənləşdirildi. Əzəli sahibkarlıq mexanizmi 70 illik fasilədən sonra yeni keyfiyyətdə sürət götürməyə başladı.
20 sentyabr 1994-cü ildə 8 dövlətin 13 nəhəng neft şirkəti rəhbərləri ilə danışıqların nəticəsi olaraq “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə təkcə Azərbaycanın neft sənayesini deyil, ölkədə yeni sənaye infrastrukturunun, əslində bütün iqtisadiyyatın inkişafı üçün start meydançasına çevrildi. Heydər Əliyev yaxşı bilirdi ki, neft sənayesinin, bütövlükdə ölkə sənayesinin Azərbaycanın hər bir vətəndaşının həyat səviyyəsinin yüksəlməsinə istiqamət götürməsi qəti şəkildə yeni milli sənaye sisteminin yaradılmasını tələb edir.
“Əsrin müqaviləsi”nin imzalanması ilə eyni vaxtda ölkə iqtisadiyyatında aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sisteminin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması artıq 1994-cü ildə iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı. Təbii ki, investisiyaların daha çox yönəldildiyi Azərbaycanın neft sənayesinin gəlirləri daha çox idi və bu da bütövlükdə iqtisadiyyatımıza birbaşa təsir edirdi. Əslində neftdən gələn gəlirlər təkcə bu sahəyə deyil, bütün sahələrə yeni həyat verən mənbəyə, obrazlı desək “dirilik suyuna” çevrilirdi.
Azərbaycanın insan resursları, təbii sərvətləri və xüsusilə karbohidrogen ehtiyatları XXI əsrin sivilizasiyasında öz yerini tutmaq üçün ona bütün imkanları vermişdi və ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin 10 illik bir zaman kəsiyində həm siyasi, həm iqtisadi, həm də mədəni cəhətdən böyük bir sıçrayışla beynəlxalq siyasətin tamhüquqlu üzvünə çevrilməsi bunlardan ləngimədən yararlanmağın məntiqi nəticəsi oldu.
Prezident İlham Əliyev hakimiyyətinin ilk günündən Heydər Əliyevin bu istiqamətdə strateji xəttini davam etdirərək demokratiyanı təkmilləşdirməklə Azərbaycan cəmiyyətinin və onun iqtisadi bazisinin modernləşdirilməsinin əsasına çevirməkdə israrlı oldu və bu gün də bu xətt davam etdirilir.
Əsas diqqət bütün ölkə boyu infrastrukturun müasir innovasiyalara uyğun olaraq genişləndirilməsinə yönəldi: yerli xammala əsaslanan yeni və müasir sənaye müəssisələrinin yaradılmasına və onların istehsal gücünün artırılmasına, yolların modernləşdirilməsinə, şəhər və qəsəbələrin elektrik güclərinin artırılmasına başlanıldı, rabitə və kommunikasiya sisteminin kəskin yüksəlişi baş verdi. Bir-birinin ardınca ölkənin sosial-iqtisadi inkişafının yeni hədəflərini müəyyənləşdirən dövlət proqramları işlənib hazırlandı və həyata keçirilməyə başlandı.
Prezident İlham Əliyevin iqtisadi strategiyasının təhlili göstərir ki, 2008-2013-cü illər ölkədə güclü sənaye istehsalının yaradılması və sənayenin şaxələndirilməsi dövrü kimi tarixə düşmüşdür. Bu illər ərzində sənayenin real həcmi üç dəfəyə yaxın artmış və burada maşınqayırma, metallurgiya, kimya kompleksi, mədənçıxarmanın payı daha yüksək olmuşdur. Əsas hədəflərindən biri alüminium, polad, maşınqayırma, yeyinti və yüngül sənaye obyektlərinin yaradılmasından ibarət olan “Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafının Dövlət Proqramı”nın reallaşması Azərbaycanın sənayesinə çox güclü təkan vermişdir. Gədəbəy, Naxçıvan, Daşkəsən, Gəncə və digər bölgələrdə qızıl və mədənçıxarma sənayesi inkişaf bumunu yaşamış və nəticədə Azərbaycan regionda nəhəng sənaye mərkəzinə çevrilmişdir. Təkcə 2012-ci ildə Gəncə alüminium zavodu, Sumqayıt Texnologiyalar Parkında dəqiq mexanika, texniki qazlar zavodları, Naxçıvan və Qaradağda sement zavodları, bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları da daxil olmaqla 60-dan çox sənaye müəssisəsi, 2013-cü ildə isə Bakının Qaradağ rayonunda Gəmiqayırma, Qazaxda sement, Sumqayıtda polad boru, Daşkəsəndə qızıl, Qəbələdə şərab zavodları, Sumqayıtda tekstil parkı, Hacıqabulda seramik plitələr, Abşeronda karton qablar istehsalı müəssisələri, Cənub Elektrik Stansiyası da daxil olmaqla 30-dan çox müasir sənaye müəssisəsi istifadəyə verilmişdir.
Ümumilikdə, Azərbaycan sənayenin inkişafının yeni mərhələyə qədəm qoyduğu 2003-2013-cü illər ərzində ölkə sənayesinə 40 milyard manatdan çox investisiya yatırılmış, sənayenin modernləşdirilməsi və müasir tələblərə cavab verən rəqabətqabiliyyətli sənayenin yaradılması tədbirləri real nəticələr vermişdir. Belə ki, bu müddətdə sənaye məhsulunun istehsalı 2,7 dəfə artmışdır. Həyata keçirilən layihələrdən miqyası və innovativliyi ilə daha çox diqqət çəkəni Sumqayıt Texnologiyalar Parkıdır. Parkdakı müəssisələrdən birinin açılışı zamanı Prezident İlham Əliyev demişdir: “ Sumqayıt şəhəri Azərbaycanın sənaye mərkəzidir. Bu şəhər Cənubi Qafqazda Bakıdan sonra ikinci nəhəng sənaye şəhəridir. Əsl həqiqətdə Sumqayıt sənaye şəhəri kimi yaradılmışdır. Hazırda Sumqayıt müasir sənaye şəhərinə çevrilir. Burada onlarla zavod, fabrik fəaliyyət göstərir. Artıq bir neçə ildir ki, Sumqayıt Texnologiyalar Parkı fəaliyyət göstərir. Texnologiya parkında 13 zavod fəaliyyət göstərir və 5-i də tikilir. Keçən il Sumqayıtda kimya sənayesi parkının təməli qoyulmuşdur. Yaxın illərdə iki yüz hektar ərazidə nəhəng sənaye şəhəri salınacaq...”
Yeni istifadəyə verilmiş müasir Gəmiqayırma zavoduna gəldikdə isə qeyd olunmalıdır ki, bu zavod ölkəmizin Xəzər regionundakı mövqelərinin güclənməsinə mühüm töhfələr verəcək. Zavodda həm Azərbaycan, həm də bölgədəki digər ölkələr üçün gəmi və müvafiq avadanlıqların istehsalı nəzərdə tutulmuşdur. Yaxın illərdə inşa ediləcək neft-qaz və neft-kimya komplekslərində isə müasir texnologiyalar əsasında istehsal olunacaq məhsulların xarici bazarlara çıxarılması gözlənilir. Aparılan ilkin hesablamalara əsasən, bu komplekslərə 14-15 milyard dollar həcmində sərmayə yatırılacaqdır. Dünyanın qabaqcıl sənaye ölkələrinin uğurlu təcrübəsinin əsas götürüldüyü bu layihələrin hazırlanmasında və həyata keçirilməsində böyük işlər görən İqtisadiyyat və Sənaye Nazirliyinin xidmətləri də xüsusi qeyd edilməlidir. Məhz onların hazırladığı bu layihələrdən biri də Azərbaycanda innovativ sənaye quruculuğunun irimiqyaslı layihəsi olan Sumqayıt Kimya Sənaye Parkıdır. Layihədə diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, investorlar üçün ən münasib işgüzar şərait və komfortlu biznes mühiti təklif edən parkın inkişaf planında sahibkarların səmərəli fəaliyyəti üçün bütün amillər nəzərə alınıb.
Ümumən görülən işlər gerçək rəqəmlərdə də öz təsdiqini tapır. Belə ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artmışdır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən iki Dövlət Proqramı çərçivəsində 17 elektrik stansiyası, min kilometrlərlə yol tikilmiş, ölkənin 90 faizi qazlaşdırılmışdır. Bu müddətdə cəlb edilmiş investisiyaların ümumi həcmi 160 milyard dollara çatmışdır.
2014-cü ildə Azərbaycanda sənayenin inkişafı tamamilə yeni bir mərhələyə qədəm qoydu. Prezident İlham Əliyevin 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edilməsi haqqında imzaladığı sərəncamda həyata keçirilən layihələrin ölkə iqtisadiyyatına verdiyi töhfələrdən çıxış edərək qeyd olunur ki, “son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.”
Eyni zamanda dövlət başçısı çıxışlarının birində demişdir: “ Bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişaf etdirilməsi, neft amilindən asılılığın azaldılması olmuşdur. Biz demək olar ki, buna nail ola bilmişik. İndi bizim ümumi iqtisadi potensialımızın 55 faizi qeyri-neft sektorunda formalaşır.” Qətiyyətlə demək olar ki, bu böyük nailiyyətin əldə edilməsində sənayenin xüsusi payı var və bu pay hər gün artmaqdadır.
Milli sənayenin inkişafına dövlət dəstəyinin bir nümunəsi də Prezident İlham Əliyevin bu il oktyabrın 8-də imzaladığı “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” fərmanıdır. Sənaye məhəllələrinin fəaliyyətinin təşkili, tənzimlənməsi və həyata keçirilməsi, məhəllələrin iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, habelə məsləhətçilərin cəlb edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etməli olacaq İqtisadiyyat və Sənaye Nazirliyi dövlət başçısının fərmanına əsasən artıq “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmişdir.
Ölkənin sənayeləşməsinin vacibliyi, sənayenin davamlı inkişafının təmin olunması “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının da əsas istiqamətlərindən birini təşkil edir. Konsepsiyada qarşıya qoyulan vəzifələr sırasında sahibkarlığın inkişaf etdirilməsi, sənaye parklarının yaradılması, yeni fəaliyyət sahələrinin və məhsulların təşviqi üçün əlverişli mühitin formalaşdırılması, ölkəyə qabaqcıl texnologiyaların gətirilməsi kimi məsələlər bu gün dövlətin müvafiq strukturlarının üzərinə böyük məsuliyyət qoyur.
Nazirlər Kabinetinin 9 ayın sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında qeyd olunduğu kimi ilin əvvəlindən ölkəyə 19 milyard dollar sərmayə qoyulmuş və heç şübhəsiz bunun çox əhəmiyyətli bir hissəsi sənayeyə yönəldilmişdir. Nəticədə qeyri-neft sektorumuz 6 faiz artmışdır. Qətiyyətlə demək olar ki, başa çatmasına iki ay qalmış “Sənaye ili”ndə də yeni sənaye müəssisələrinin tikintisinə, innovasiyalı texnologiyaların inkişafına yönəldilmiş milyardlarla manat investisiya milli sənaye sistemimizin daha böyük sürətlə inkişafına öz töhfələrini verməkdədir.
İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.