Nizami rayonunda cari ilin doqquz ayına yekun vuruldu

Dünən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  hesabat yığıncağı keçirildi.

Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq Nazirlər Kabinetinin 2014-cü ilin yanvar-sentyabr aylarının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bəzi məqamlarına toxundu.

Rayon icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyev  2014-cü ilin ötən doqquz  ayında  rayonun sosial-iqtisadi  inkişafının  yekunları və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış etdi. Natiq bildirdi ki, oktyabr ayının 8-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında son illər ölkə iqtisadiyyatında müşahidə olunmuş iqtisadi artımın hazırda da davam etməsi müsbət hal kimi qiymətləndirilmişdir.

Ölkəmizin dinamik inkişafının təmin olunmasında  paytaxtın Nizami rayonunun da yaxından iştirak etdiyini vurğulayan məruzəçi bildirdi ki, cari ilin doqquz ayında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 347,4 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz çoxdur. İstehsal olunmuş məhsulun 38,9 faizi qeyri-dövlət sektoruna aid olmuş, sənayenin dövlət sektorunda isə 212,1 milyon manatlıq və ya ümumi istehsalın 61,1 faizi qədər məhsul istehsal edilmişdir. Qeyd olundu ki, rayon üzrə ötən ilin eyni dövrü ilə müqayisədə zeytun yağı istehsalı 55,3 faiz, kakao yağı istehsalı 9,1 faiz, günəbaxan yağı istehsalı 2 faiz, marqarin istehsalı 27,9 faiz, sousların istehsalı 33,6 faiz, süd məhsullarının istehsalı 2,7 dəfə, sair kimyəvi məhsullar 11,8 faiz, beton, gips və sement məmulatlarının   istehsalı 3,2 dəfə, plastik qutular və tikinti məmulatlarının istehsalı isə müvafiq olaraq 10,9 faiz və 77 faiz çox olmuşdur. Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində cari ilin yanvar-sentyabr aylarında istehlakçılara 353,3 milyon manatlıq məhsul göndərilmişdir.

Ölkə Prezidentinin 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan etdiyini xatırladan natiq ötən doqquz ayda Nizami rayonunun sənaye müəssisələrində bu istiqamətdə görülmüş işlərdən ətraflı bəhs etdi. İ.Mehdiyev həmçinin  bildirdi ki, hesabat dövründə daxili imkanlar hesabına yerinə yetirilən podrat işlərinin həcmi 295,6 milyon manat təşkil etmiş, rayon iqtisadiyyatının və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 183,4 milyon manatlıq investisiya yönəldilmişdir ki, bu da ötən ilin eyni dövründəkindən 24,3 faiz çoxdur. Hesabat dövründə bütün maliyyə mənbələri hesabına 23,7 milyon manatlıq əsas fondların istifadəyə verildiyini diqqətə çatdıran məruzəçi onu da bildirdi ki, ilin doqquz ayında istifadə edilmiş investisiyaların 124,4 milyon manatı və ya 67,8 faizi tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.

2014-cü ilin doqquz ayında  rayon üzrə pərakəndə ticarət  dövriyyəsinin həcmi 17,5 faiz artaraq 1367,6 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin real həcmi isə 1,8 faiz artaraq 245,6 milyon manat təşkil etmişdir.  Hesabat dövründə rayonun rabitə sahəsində 189,8 milyon manat dəyərində xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 14,9 faiz çoxdur. 2014-cü ilin ötən doqquz ayı ərzində nəqliyyat sahəsində 64,9 milyon manat dəyərində və ya ötən ilin eyni dövründəkindən 32,2 faiz çox xidmətlər göstərilmişdir.

Məşğulluq strategiyasının həllinə diqqətin getdikcə  artırıldığını bildirən məruzəçi dedi ki, hesabat dövründə rayonda 1003 yeni iş yeri yaradılmışdır. Bütövlükdə isə 2003-cü ildən indiyədək Nizami rayonunda 25857 yeni iş yeri açılmışdır. Cari ilin yanvar-sentyabr aylarında rayon üzrə orta aylıq əmək haqqının 491 manat təşkil etdiyini diqqətə çatdıran məruzəçi ayrı-ayrı sahələr üzrə artımın baş verdiyini bildirdi. Bununla yanaşı, natiq rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş  tədbirlərdən də geniş bəhs etdi.

2014-cü ilin ötən dövrü ərzində  rayonda elektrik enerjisi, istilik, qaz və içməli su təchizatı ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verən İ.Mehdiyev  abadlıq və quruculuq işlərinə də xüsusi diqqət yetirildiyini bildirdi. Natiq, həmçinin rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üçün də yüksək nailiyyətlərlə zəngin olduğunu qiqqətə çatdırdı.

Məruzə ətrafında çıxış edən digər natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm işlərdən, sosial və iqtisadi sahələrdə əldə olunmuş uğurlardan söhbət açdılar, rəhbərlik etdikləri sahələrin işi ilə bağlı hesabat verdilər.

Yığıncağın sonunda Prezident İlham Əliyevin məlum sərəncamı ilə bu yaxınlarda “Əməkdar müəllim” fəxri adına və “Tərəqqi” medalına layiq görülmüş rayonun qabaqcıl təhsil işçilərinə Nizami Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olundu.

 Rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov hesabat yığıncağına yekun vuraraq rayonda həllini gözləyən bir sıra məsələlərlə bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi.

Tədbirdə  Milli Məclisin deputatı Rasim Musabəyov  iştirak edirdi.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında