Ermənistanın iqtisadi-maliyyə göstəriciləri gündən-günə pisləşməkdə davam edir. Yerevanda çıxan “Aykakan Jamanak” qəzetində bu barədə geniş məqalə dərc olunub. Materialda qeyd olunub ki, Ermənistanda daşınmaz əmlak bazarında passivliyin hökm sürməsi, xarici sərmayələrin həcminin azalması, sənaye, kənd təsərrüfatı göstəricilərinin kəskin aşağı düşməsi düşmən ölkənin iqtisadi böhran məngənəsindən çıxa bilməməsinin bariz ifadəsidir. Mütəxəssislərin fikrincə, Ermənistanın Rusiyadan iqtisadi asılılığı, sonuncunun isə Qərbin sərt iqtisadi sanksiyaları altına düşməsi vəziyyəti daha da ağırlaşdıra bilər.
Parisdə erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalında isə müstəqil erməni jurnalisti Arevik Saakyanın “Ermənistanda kənd məktəbləri qürub edir” sərlövhəli məqaləsi isə işğalçı ölkənin orta məktəblərində təhsilin vəziyyəti haqqında aydın təsəvvür yaradır. Məqalədə tədris müəssisələrindən söhbət açan jurnalist bu sahədə acınacaqlı şəraitin davam etdiyini diqqətə çatdırıb.
Müəllif yazıb ki, Ermənistanın elm və təhsil nazirinin yerli kütləvi informasiya vasitələrinə verdiyi müsahibə qeyri-realdır. Nazir ölkədə təhsil sahəsində problemlərin həll olunduğunu bildirsə də, son dörd ildə onlarla kənd məktəbinin bağlanması deyilənləri şübhə altına alır.
Ermənistanın kənd yerlərində orta məktəblərin bağlanmasının əsas səbəbini işləmək üçün ölkəni tərk edənlərin hesabına kəndlərin sürətlə boşalmasında görən müəllif respublikanın Dövlət Miqrasiya Xidmətinin məlumatına istinad etməklə hazırda 1 milyon erməninin xarici dövlətlərə köçdüyünü, onların əksəriyyətinin getdikləri ölkələrdə həmişəlik məskunlaşdıqlarını xüsusi vurğulayıb.
İqtisadiyyatı sürətlə tənəzzülə uğrayan, işsizliyin tüğyan etdiyi və məmurları bir nəfər kimi korrupsiyaya qurşanan Ermənistanda 2008-2013-cü illərdə 212 min əmək qabiliyyətli insanın ölkədən çıxdığı və əhalisi üç milyona çatan bir respublika üçün bunun dəhşətli bir vəziyyət olduğu xatırladılan məqalədə belə şəraitin orta məktəblərin fəaliyyətinə ciddi təsir göstərdiyini xüsusi vurğulanıb.
Məqalədə əksər yaşayış məntəqələrində orta məktəblərin bağlanması səbəbindən kənddə qalan və məktəb yaşı çatan bir neçə uşağın qonşu kənddəki məktəbə getməyə məcbur olması da qeyd edilib.
Müəllif misal olaraq, sovet dövründə 330 şagirdin təhsil aldığı Tavuş rayonunun Barekamavan kənd orta məktəbində 25 uşağın, həmin vaxt 1200 şagirdin oxuduğu Movses kənd məktəbində isə 100-dən az uşağın qaldığını vurğulayıb.
Nazirliyin ümumi təhsil şöbəsinin müdiri uşaq doğumunun azalmasını kənd yerlərində məktəblərin bağlanmasına əsas səbəb kimi göstərsə də, məqalədə bunun bəhanə olduğu bildirilib. Qeyd edilib ki, erməni məmurlarının bu cür bəhanə gətirmələri əslində riyakarlıq olmaqla yanaşı, ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil.
Ermənistan parlamentinin deputatı, müxalifətdəki Erməni Milli Konqresinin üzvü Aram Manukyan da ölkəni tərk edənlərin sayının artmasından narahatlığını diqqətə çatdırıb. Ermənistanın müxalifət mətbuatı yazır ki, parlamentin brifinq zalında jurnalistlərin suallarına cavab verən A. Manukyan hər il ölkəni 110-120 min insanın tərk etdiyini və buna görə Sarkisyan hakimiyyətinin günahkar olduğunu deyib. Bildirib ki, Ermənistan ciddi təhlükə ilə — mühacirətlə üzləşib. Bu ilin 9 ayında ölkəni 113 min insan tərk edib. Deputatın fikrincə, onların 60 mini daimi əsasda ölkədən gedənlərdir. Erməni Milli Konqresinin üzvü sadə xalqın Sarkisyan hakimiyyətinin dəyişməsini arzuladığını vurğulayıb.
Xatırladaq ki, BMT-nin son hesabatında 3 milyon əhalisi olan Ermənistan yüksək mühacirət, aşağı doğum faizi, bu səbəblərdən isə əhali tərkibinin sürətlə qocaldığı ölkələr sırasındadır.
Bu gün Ermənistan əhalisinin 42 faizi yoxsulluğun astanasında yaşayır. “ARKA” agentliyinin məlumatına görə, bu faktı “Sosiometr” mərkəzinin direktoru Aqaron Adibekyan keçirilən sosioloji sorğunu təqdim edərkən bildirib. O, mətbuat konfransında qeyd edib ki, gün ərzində iki dollardan az vəsait hesabına yaşayanlar yoxsul hesab olunur. Bu, BMT-nin müəyyən etdiyi yoxsulluq meyarıdır. Müvafiq olaraq, gündə bir dollardan az vəsaitlə yaşayanlar isə olduqca yoxsul hesab olunurlar.
A. Adibekyanın qiymətləndirməsinə görə, Ermənistanın yoxsul əhalisinin 10 faizi olduqca yoxsul hesab olunur. Bununla yanaşı, erməni sosioloq qeyd edib ki, Ermənistan cəmiyyətinin əsas problemi daha çox məhz orta sinifin nümayəndələrinin mühacirət etməsidir. Bu, həm də Ermənistan cəmiyyətinin qütbləşməsindən, başqa sözlə, zənginlərə və yoxsullara bölünməsindən xəbər verir. A. Adibekyanın sözlərinə görə, erməni ailələrin 17 faizdən çoxunun əməkhaqqı deyil, transfertlər hesabına yaşaması da dəhşətli hal sayılmalıdır. Sosioloq hesab edir ki, bu gün Ermənistanda 300 min uşaq atasız yaşayır. Çünki həmin sayda kişi xaricdə pul qazanır. Bunun isə gələcəkdə ən mənfi təsirlərə gətirib çıxaracağı şübhəsizdir.
Onu da xatırlatmaq yerinə düşər ki, Ermənistan Maliyyə Nazirliyinin son məlumatlarına görə, hazırda ölkədə yoxsulluğun səviyyəsi 32,1 faiz, olduqca yoxsulların səviyyəsi isə əhalinin ümumi sayının 2,7 faizini təşkil edir.
Ermənistanda sosial-iqtisadi şərait bu ölkədə narkoman qadınların sayının artmasına da təsirsiz ötüşmür. Yerevan Baş Polis İdarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin rəis müavini Vardan Baqdadsyan mətbuat konfransında məlumat verərək deyib ki, Ermənistanda qeydiyyatda olan 5271 narkomanın 21-i qadın, 3-ü yetkinlik yaşına çatmayanlardır. Onun sözlərinə görə, 2013-cü illə müqayisədə bu ilin ötən aylarında narkomanların sayı 49 nəfər artıb.
Ermənistanın sosial-iqtisadi vəziyyətinin getdikcə pisləşməsinə təsir göstərən amillərdən biri də onun xarici borcunun kritik həddə çatmasıdır. Burada bir məqam da diqqət çəkir. Bir müddət əvvəl Ermənistanın baş naziri Ovik Abramyanın başçılıq etdiyi nümayəndə heyətinin ABŞ-da Beynəlxalq Bankın və Beynəlxalq Valyuta Fondunun illik tədbirində iştirakı zamanı 711 milyon dollarlıq kredit paketi haqda anlaşma əldə edilib. Bununla da işğalçı ölkənin xarici borcu 5 milyard dollara yaxınlaşıb. Bu, Ermənistanın illik büdcəsindən artıqdır.
Göründüyü kimi, Ermənistanda sosial-iqtisadi durumun hədsiz ağırlaşması əhalini vəziyyətdən çıxış yolu axtarmağa vadar edir. Bu ölkədə insanlar hazırda hakimiyyət dəyişikliyini yaranmış böhranın aradan qaldırılmasında mühüm vasitə sayırlar. Məhz elə buna görə də bir neçə gün əvvəl on minlərlə müxalifətçi erməni birlik nümayiş etdirərək, Ermənistan prezidenti Serj Sarkisyana hakimiyyət dəyişikliyi ilə bağlı xəbərdarlıq etmişdi. Bu aksiya müxaliflərin Qarabağ klanına qarşı birləşməsi kimi qələmə verildi. Serj Sarkisyanın komandası Yerevanda ölkənin üç əsas müxalifət partiyasının 40 minlik aksiyasının hələ də şokunu yaşayır. Xatırladaq ki, mitinqə çıxanlar yoxsulluqdan əziyyət çəkdiklərini, mövcud hakimiyyətin dəyişdirlməsini, həyat şəraitinin yaxşılaşdırılmasını tələb etmişlər.
“Sarkisyan, çıx get!” tipli şüarlar səsləndirən etirazçılar erməni oliqarx Qaqik Tsarukyanı prezident gömək istəyirlər. Ermənistanın ən varlı adamının həm pulu, həm də əsas müxalifət partiyalarından aldığı dəstəklə hakimiyyətə gətiriləcəyi gözlənilir. Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan da deyib ki, hakimiyyəti dəyişmək üçün heç vaxt belə şans olmayıb.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.