Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü toplantısı keçirildi

Oktyabrın 24-də Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü Toplantısı keçirildi.

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye nazirlikləri,  Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və digər müvafiq dövlət qurumlarının dəstəyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təşkil edilmiş tədbir Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuşdu.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumunda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistandan olan ticarət-sənaye palatalarının, sahibkarlar birliklərinin rəhbərləri, 75 xarici şirkətin təmsilçisi və özəl sektorun nümayəndələri, eləcə də Azərbaycanın dövlət rəsmiləri və 120-dən çox yerli sahibkar iştirak edirdi.

Forumda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin iqtisadi məsələlər üzrə müşaviri Müslüm Cabbarzadə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun adından Türkdilli Dövlətlərin  Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumunun iştirakçılarını salamladı, tədbirin işinə uğurlar arzuladı. 

Müslüm Cabbarzadə bildirdi ki, türkdilli dövlətlərin müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində keçirilən görüşlər artıq ənənə halını alıb. Təqdirəlayiq haldır ki, bugünkü forum Naxçıvanda bu istiqamətdə keçirilən sayca üçüncü mühüm tədbirdir.

Xatırladıldı ki, 5 il əvvəl - 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısında qəbul edilən qərarlar üzv ölkələr arasında əməkdaşlığın güclənməsində mühüm rol oynayıb. Məhz həmin tarixi toplantı zamanı imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişi bu təşkilatın yaradılmasının əsasını qoyub. Ötən dövr ərzində təşkilat tərəfindən mədəniyyət, elm, texnika, təhsil, səhiyyə, turizm və iqtisadiyyat sahələrində qarşılıqlı etimada və dostluğa əsaslanan əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı üçün əhəmiyyətli addımlar atılıb.

M.Cabbarzadə qeyd etdi ki, 2012-ci il oktyabrın 5-də Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının ilk iclasının keçirilməsi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım olub.  Görüşün yekunu olaraq türkdilli dövlətlərin gömrük xidməti rəhbərləri tərəfindən “Naxçıvan Bəyannaməsi” qəbul edilib.

Bildirildi ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının biznes forumlarının təşkil edilməsi də üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi sahəsində qarşılıqlı fikir mübadiləsinin aparılması və əməli təkliflərin ərsəyə gəlməsi baxımından olduqca faydalı əməkdaşlıq formatıdır. İnanırıq ki, bu gün Naxçıvanda keçirilən növbəti biznes forum və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü toplantısı öz nəticələri ilə əməkdaşlıq əlaqələrinin inkişafına yeni töhfələr verəcəkdir.

“Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibətilə 2014-cü il muxtar respublikada ”Muxtariyyət ili" elan olunub. Forumun keçirilməsi Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr edilir", - deyən M. Cabbarzadə əlavə etdi ki, uzun müddətdən bəri blokada vəziyyətində olmasına baxmayaraq, bu gün Naxçıvan Muxtar Respublikası Azərbaycanın sürətlə inkişaf edən regionudur. Aparılan islahatlar nəticəsində iqtisadiyyatın bütün sahələrində dinamik inkişafa nail olunub. Hazırda muxtar respublika iqtisadiyyatında sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət sahələri əsaslı yer tutur. Qazanılan uğurlar nəticəsində enerji və ərzaq təhlükəsizliyi təmin edilib. Xarici iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanlar, yerli və xarici iş adamlarına əlverişli biznes və investisiya mühiti yaranıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov forumun təşkilatçılığını yüksək qiymətləndirdi, 2009-cu ildə Naxçıvanda keçirilən türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını tarixi hadisə kimi qeyd etdi. R.Həsənov 150-dən çox sahibkarın iştirak etdiyi Forumun türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafına səbəb olacağını, ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da şaxələnməsinə rəvac verəcəyini vurğuladı.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov bildirdi ki, Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatlar  aparılıb, bazar iqtisadiyyatına əsaslanan özəl sektor yaradılıb. Ulu öndər Heydər Əliyev hələ ötən əsrin sonlarında Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında cəmiyyət həyatının bütün sahələrini əhatə edən inkişafın möhkəm əsaslarını yaradıb. Sonralar Azərbaycanın hər yerində, o cümlədən Naxçıvanda baş verən böyük yeniləşmə və inkişaf prosesləri həmin zəmin üzərində aparılıb.

“Bu gün Naxçıvan öz inkişaf tarixinin çiçəklənmə dövrünü yaşamaqdadır. Son 10 ildə inkişafın mühüm göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 8,4 dəfə artaraq 2 milyard 981 milyon ABŞ dollarına çatıb. SSRİ dönəmində  muxtar respublikada 40 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, bu gün həmin müəssisələrin sayı 438-ə çatıb. Bu müəssisələr hesabına muxtar respublikada 350 növdə məhsul istehsal olunur, 336 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir”, - deyən Famil Seyidov əlavə etdi ki, həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin nəticəsi olaraq dayanıqlı inkişafın təməlini təşkil edən infrastruktur tamamilə yenidən qurulub, təhsil, səhiyyə,  nəqliyyat, energetika və digər bu kimi sahələrin inkişafına yönəldilmiş investisiyaların həcmi ildən-ilə artaraq 2013-cü ildə 1 milyard 323 milyon ABŞ dolları təşkil edib. On mindən çox sosial-iqtisadi əhəmiyyət kəsb edən infrastruktur obyektləri istifadəyə verilib, muxtar respublikada təbii qaz təchizatı 100 faiz təmin edilib, elektrik enerjisinin ixracına nail olunub.

Bu gün ümumi daxili məhsul istehsalında özəl bölmənin payının 87 faiz təşkil etdiyini bildirən iqtisadiyyat və sənaye naziri onu da dedi ki, azad iqtisadi zonaların, sənaye parklarının yaradılmasını nəzərdə tutan xüsusi hüquqi sənədlərin qəbul edilməsi sahibkarlıq fəaliyyətində yeni mərhələnin başlanmasının bariz nümunəsidir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirdi ki, bu gün ölkələrimiz müstəqil dövlətlər kimi bütün sahələrdə, xüsusən də iqtisadiyyat sahəsində uğurlu əməkdaşlıq edirlər. Bu baxımdan regional əməkdaşlıq məsələləri xüsusi önəm kəsb edir. Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən digər qurumlar kimi, biznes dairələri arasında əməkdaşlıq platformasının yaradılmasına təkan verən Biznes Şurası da ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

S.Məmmədov qeyd etdi ki, ölkəmiz türkdilli dövlətlərlə siyasi, iqtisadi, mədəni əlaqələrin genişləndirilməsinə böyük önəm verir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təşkilatın sammitlərində bunu dəfələrlə bəyan edib. Dövlətimizin başçısının müəyyən etdiyi siyasətə uyğun olaraq, bu ölkələrlə ticarət, investisiya əməkdaşlığı, iş adamları arasında əlaqələrin inkişafı daim təşviq olunur. 2013-cü il avqustun 16-da Azərbaycanda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü zirvə toplantısı çərçivəsində qəbul edilmiş “Qəbələ Bəyannaməsi”ndə iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Biznes Şurasının işinin dəstəklənməsi xüsusilə qeyd edilib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyasının prezidenti Məmməd Musayev Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Türkdilli Dövlətlərin Biznes Şurasının bir araya gələrək forum keçirməsinin əlamətdar hadisə olduğunu vurğuladı.

Forumda Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti Rıfat Hisarcıklıoğlu, Qazaxıstan Beynəlxalq Ticarət  Palatası idarə heyəti sədrinin müavini Abdulla Kundakbayev, Qırğızıstan Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev, Qazaxıstan Respublikası Sahibkarlar Konfederasiyası idarə heyətinin sədri Kadır Baykenov çıxış edərək, Türkdilli Dövlətlər arasında iqtisadi əlaqələrin genişlənməsi istiqamətində görülən işlərdən, nəzərdə tutulan  tədbirlərdən danışdılar.

Tədbir çərçivəsində Türkiyə Qida Konfederasiyasının prezidenti Hakan Yüksəl “Regionda ərzaq təhlükəsizliyi çağırışları fövqündə regional aqrar inteqrasiya layihələri haqqında” təqdimatla çıxış etdi. Forum zamanı Azərbaycan (AZPROMO), Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəflərinin də təqdimatları oldu.

Daha sonra Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü toplantısı  keçirildi və iş adamları arasında ikitərəfli görüşlər təşkil olundu.

Tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasında bir sıra sənaye-istehsal müəssisələrinin – “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi”, “Dizayn Sənaye Kompleksi”,  “Gəmiqaya Mineral Sular” MMC-lərin,  “Cahan” AVM-in fəaliyyəti ilə tanış oldular.

 Qonaqlar Naxçıvan şəhərinin tarixi-memarlıq abidələrinə də baxdılar, Duzdağ Fizioterapiya Mərkəzini gəzdilər.

Tədbir Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyası kamera orkestrinin möhtəşəm  konsert proqramı ilə başa çatdı.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında