Yardımlı: doqquz aylıq yekunlar nikbinliyi artırır

Dağlar qoynunda qərar tutmuş Yardımlıda doqquz aylıq  yekunlara həsr olunmuş  müşavirədə uğurlar qeyd edilməklə bərabər, ili layiqincə sona çatdırmaq üçün konkret vəzifələr diqqətə çatdırılıb. 

Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov  hesabat məruzəsində vurğulayıb ki, respublikamızın hər yerində olduğu kimi, Yardımlıda da  bu il sosial-iqtisadi inkişaf naminə ardıcıl tədbirlər həyata keçirilmiş, bir sıra infrastruktur layihələr icra edilmişdir.     

Şəhərdə abadlıq işləri durmadan davam edir. Hazırda Heydər Əliyev küçəsinin 3,3 kilometr hissəsində, yolun alt tərəfində istinad divarları hörülür, ağ üzlüklə bəzədilir, piyada səkisi salınır. 20 Yanvar, M.Ə.Rəsulzadə, H.Z.Tağıyev küçələrində, Osnakəran kəndində Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun kənarında  istinad divarları hörülmüşdür.   

Mədəni-kütləvi tədbirlər keçirməkdən ötrü Gənclər parkında “Açıq  Hava Teatrı” tikilmiş və istifadəyə verilmişdir. Rayonun “Biləzəmi” adlanan ərazisində Heydər Əliyev Fondu hesabına müasir tələblərə tam cavab verən 55 yerlik körpələr evi-uşaq bağçası inşa olunmuşdur. Şəhərdə icra hakimiyyəti üçün müasir memarlıq üslubunda üçmərtəbəli inzibati bina inşa olunur. “Əlyar” bulağı kompleks kimi tamamilə yenidən, müasir zövqə uyğun  şəkildə tikilmişdir. Rayondakı qəzalı vəziyyətdə olan tikililər sökülərək  yenisi ilə əvəz olunur. Şəhər əhalisinin xahişi nəzərə alınmaqla Nizami küçəsində yerləşən mərasim evi də yenidən inşa olunmuş, müasir istilik sistemi ilə təchiz edilmişdir. Rayon polis şöbəsinin yeni inzibatı binası da tikilərək bu  ilin aprelində istifadəyə  verilmişdir. 

Məruzədə qeyd olunub ki, Yardımlı gəncləri də Azərbaycan idmanına sanballı töhfələr verməyə başlamışlar. Bu ilin may ayında İstanbulda keçirilən Avropa birinciliyində kontakt-karateçi  Valeh Sahratlı 1-ci yerin qalibi olmuşdur. Prezident sərəncamı ilə rayonunda müasir idman kompleksinin tikintisinə başlanıb və  gələn il istifadəyə verilməsi planlaşdırılır. Kompleksdə açıq şəraitdə mini futbol, voleybol və tennis  meydançaları,  daxildə güləş, boks və trenajor zalı, bütün növ tədbirlərin təşkili üçün 300 yerlik idman zalı olacaq. İki mərtəbədən ibarət 62 yerlik otel binası da tikiləcək. Bundan əlavə, rayonun ayrı-ayrı ərazilərində idman qurğularının tikintisi üçün də işlər aparılır.  

Ötən dövrdə yolların Viləş çayı üzərindən keçən hissəsində 3 avtomobil körpüsü inşa olunmuş və  istifadəyə verilmişdir. Həmin körpülərdən ümumilkdə 18  yaşayış məntəqəsində yaşayan 20 minə yaxın əhali istifadə edir. Ümumilikdə son iki ildə tikilən avtomobil körpülərinin sayı 6-ya çatmışdır.

Kəndlərarası yollar qaydaya salınır. Prezidentin sərəncamları ilə, həmçinin daxili imkanlar və digər mənbələr hesabına son iki ildə 185,5 kilometr yol təmir olunmuşdur. Bunun üçdə birinə asfalt döşənmiş, təxminən bir o qədərinə çınqıl səpilmiş, qalan hissəsi isə ağır texnika ilə 6 metr enində genişləndirilərək avtomobillərin normal hərəkəti təmin olunmuşdu.

S.Hətəmov minnətdarlıqla qeyd etdi ki, ölkə Prezidentinin növbəti sərəncamları ilə Yardımlı-Deman-Arvana avtomobil yolunun qalan 18 kilometrlik hissəsi də əsaslı şəkildə tikilərək  ulu öndərin anadan olmasının 91-ci    ildönümü  münasibətilə istifadəyə verilmişdir. Bundan başqa, 12 yaşayış məntəqəsini birləşdirən 15 kilometrlik Yardımlı-Hamarkənd-Abasabad yolunun tikintisi məqsədilə Prezidentinin ehtiyat fondundan ayrılan vəsait hesabına orada da işlər qısa müddətdə başa çatdırılmışdır. Həmin yol iyul ayında istifadəyə verilmişdir. Bu günlərdə Pirembel avtomobil yolunun açılışı olmuşdur.  Yaxın vaxtlarda uzunluğu 15 kilometr olan yerli əhəmiyyətli Yardımlı-Bozayran-Osnağaran-Bürzümbül-Vərgədüz-Sırıq avtomobil yolunun tikintisi də reallaşacaq.

Dağlıq bölgədə aqrar sahədə müəyyən işlər həyata keçirilmişdir. “Sənaye ili” ilə əlaqədar   mədəni, cır meyvələrin tədarükü və emalı ilə məşğul olan yeni “Limonad, su, kompot və mürəbbə sexi” tikilərək istifadəyə verilmişdir. Müəssisədə 30 sakin işlə təmin olunmuşdur. Hökumətin “Sənaye məhəlləsi” layihəsi əsasında Çayüzü kəndi ərazisində ayrılan yerdə çeşidli sənaye sahələri, avtomobil təmiri sexləri yaradılacaq.

Rayonda əhalinin içməli suya, təbii qaz və işığa olan tələbatının ödənilməsi üçün məqsədyönlü tədbirlər görülür. Qışa hazırlıq tədbirləri həyata keçirilir.

Ötən dərs ili ərzində altı  kənddə  yeni məktəblər istifadəyə verilmişdir. Hazırda beş məktəb tikilir. Ostayır kənd məktəbinin müəllimi Mehdi Həsənov “Tərəqqi” medalı ilə təltif edilmişdir. Qəbul imtahanlarında Yardımlı rayonundan 11 məzun 500-dən, 5 məzunsa 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmışdır. Çayüzü kənd tam orta məktəbinin məzunu Elnur Əlizadə məktəbi qızıl medalla bitirmiş, 695 balla  Diplomatiya Akademiyasına qəbul olunmuş və Prezident təqaüdünə layiq görülmüşdür.

 Məruzədə səhiyyə, mədəniyyət, gənclər və idman sahələrinin də fəaliyyəti təhlil olunmuş, uğurlar göstərilməklə bərabər, həlli vacib məsələlər qabardılmışdır.

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında