Biləsuvar: inkişafın təməlində sosialyönümlü iqtisadiyyat dayanır

Son illərdə sürətlə tərəqqi edən rayonlarımızdan biri də Biləsuvardır. Rayon icra hakimiyyəti başçısı yanında keçirilmiş şura iclasında cari ilin doquz ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib.

Yığıncaq iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar.

Rayon icra hakimiyyətinin  başçısı Mahir Quliyev hesabat məruzəsində vurğulayıb ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Biləsuvarda da son illər, eləcə də 2014-cü ilin doqquz ayında əldə edilmiş iqtisadi nəticələr yüksək inkişafdan, uğurlardan xəbər verir.

Toplantıda bildirilib ki, hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi 198,3 milyon manata yüksəlib. Bu, 2013-cü ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur.  Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 90,6  milyon, tikintidə 58,1 milyon, ticarətdə  38,6 milyon, sənayedə 8,8 milyon, nəqliyyatda 1,9 milyon manat olub.

Əsas kapitala yönəldilən investisiyalar 58,7 milyon manat  təşkil edib. İstehsal  və emal müəsisələrinin artması, abadlıq-quruculuq işlərinin genişlənməsi nəticəsində rayonda 940 yeni iş yeri açılıb.  “Sənaye ili” ilə əlaqədar rayonda müasir sənaye məhəllələrinin yaradılması üçün 10 hektar ərazi ayrılıb. Özəl bölmənin inkişafına yardım  məqsədilə doqquz ayda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 81 sahibkarlıq subyektinə 906,5 min  manatlıq kredit verilib. Rayonda orta aylıq əməkhaqqı 274 manata çatıb. Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsidir ki, doqquz ay ərzində rayonda 103 fərdi ev tikilib.

İqtisadi inkişafın sosial və infrastruktur layihələrin icrasına müsbət təsiri nəticəsində tikinti işlərinin həcmi 58,1 milyon manata çatıb.İnşaatda sosial sahə üstünlük təşkil edib.

Bu dövrdə əsaslı təmir edilən 1176 şagird yerlik Ağalıkənd, müasir tələblər səviyyəsində inşa olunan 220 şagird yerlik Amankənd, 450 şagird yerlik Aşağı Cürəli və 640 şagird yerlik Xırmandalı kənd tam orta məktəblərinin binaları istifadəyə verilib. Ümumilikdə isə son illərdə Biləsuvarda 13 məktəb tikilib və 5 məktəb yüksək səviyyədə təmir edilib.

Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik uşaq bağçasında tamamlama işləri görülür. Eyni zamanda, 200 yerlik uşaq bağçasının, Dövlət Sosial Müdafiə Fondu və  Kənd Təsərrüfatı Nazirliyinin  rayon şöbələri üçün yeni inzibati binaların,   Səmədabad kəndində Heydər Əliyev parkının tikintisi davam etdirilir. Toxumçuluq idarəsinin inzibati binasının inşası başa çatdırılıb.

Bu dövrdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 120 çarpayılıq mərkəzi rayon xəstəxanasının əsaslı təmirinə başlanılıb, 6 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 16 kilometr olan Günəşli-Əliabad avtomobil yolu tikilərək istifadəyə verilib, uzunluğu 6 kilometr olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunda isə uzunluğu 81 metr olan körpüdə tikinti işləri davam etdirilib.

Hesabat dövründə Biləsuvar şəhəri  və  18 kənd qazlaşdırılıb,  şəhərin içməli su  sisteminin yenidən qurulması işi başa çatdırılıb.

Şəhərin Heydər Əliyev küçəsində 2013-cü ildə ğörülmüş işlərin davamı olaraq yolun genişləndirilməsi, yolkənarı hasarların tikintisi, kommersiya obyektlərinin müasir üslubda aqlay daşları ilə üzlənməsi, piyada səkilərinə üzlük plitələrin və yan daşlarının döşənməsi və müasir üslublu işıqlandırma sisteminin quraşdırılması sona yetməkdədir. Biləsuvar  şəhərinin içməli su  sisteminin  yenidən  qurulması istiqamətində işlər  başa çatdırılıb. Hazırda abonentlərə suyun verilməsi işləri görülür. Dövlət Proqramına uyğun olaraq Biləsuvar şəhərinin kanalizasiya sisteminin tikintisi ilə bağlı isə işlər davam etdirilir.

M.Quliyev bildirdi ki, Biləsuvar aqrar rayon olduğu üçün iqtisadiyyatın əsasını kənd  təsərrüfatı məhsulları istehsalından gələn gəlirlər təşkil edir və əhalinin məşğulluğu əsasən bu sahə ilə bağlıdır. Bu il biçin aparılmış 11050 hektar buğda sahəsindən 28646 ton buğda, 14647 hektar arpa sahəsindən 34966 ton arpa məhsulu istehsal olunub. Əkin sahələrindən xeyli tərəvəz, bostan bitkisi, pambıq, kartof, qarğıdalı, günəbaxan və paxlalı bitkilər əldə edilib. Aqrar sahədə artım 3,5 faiz təşkil edib.

Heyvandarlıq  sahəsində də irəliləyişlər əldə olunub. Belə ki, iri buynuzlu mal-qaranın sayı 40,2 min başa, xırda buynuzlu mal-qaranın sayı 137,3 min başa çatdırılıb. Bu dövrdə  ət istehsalı  4,9 min ton,  süd istehsalı 20,5 min ton, yumurta istehsalı 9,4 milyon ədəd  olub.

Bakı şəhərinin əhalisini ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədilə təşkil olunan yarmarkalarda Biləsuvar rayonunun fermerləri də yaxından iştirak ediblər. Hesabat dövründə yarmarkalara 700 tondan çox müxtəlif növ kənd təsərrüfatı  məhsulları göndərilib.

Hesabat dövründə rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı naminə uğurlu addımlar atılıb, gənclərlə işin yaxşılaşdırılması, onların fəallığının  və  təşəbbüskarlığının  artırılması  daim diqqət mərkəzində saxlanılıb.

Son illərdə rayonun 6  kəndində müasir tələblərə  cavab  verən  yeni səhiyyə ocaqlarının  tikilib  istifadəyə  verilməsi tibbi xidmətin  keyfiyyətinin yüksəlməsinə səbəb olub. Ölkə  Prezidenti  cənab İlham Əliyevin “Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı  tədbirlər  haqqında” sərəncamı  rayon əhalisi  və çoxsaylı  tibb işçiləri tərəfindən  dərin razılıq  hissi ilə qarşılanıb.  Hazırda mərkəzi xəstəxanada əsalı  təmir işləri davam etdirilir.

Toplantıda çıxış edənlər bu ilin doqquz ayında rayonda sosial-iqtisadi inkişafla bağlı görülən işlərdən söhbət açıblar.  Prezident İlham Əliyevin sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunmuş Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı  Mirzə Cəfərova “Tərəqqi” medalı rayon rəhbəri tərəfindən təqdim olunub.

Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında