Azərbaycan sənayesi yeni inkişaf mərhələsində

Biz öz gələcəyimizi yalnız neft sənayesi ilə bağlamamalıyıq, bu sahədə işlər müvəffəqiyyətlə irəliləyir və Azərbaycana böyük valyuta ehtiyatları gətirir. Biz öz siyasətimizi elə aparmalıyıq ki, iqtisadiyyatın bütün sahələri, ilk   növbədə qeyri-neft  sənayesi  inkişaf etsin.Yalnız bu yolla biz Azərbaycanı hərtərəfli inkişaf etmiş ölkəyə çevirə bilərik.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə neft maşınqayırma kompleksi, dərin özüllər, məişət kondisionerləri, elektron hesablama maşınları zavodları istifadəyə verilmişdir. Sənaye sahələrinin şaxələnməsi həyata keçirilərək neft maşınqayırması ilə yanaşı, dəzgahqayırma, elektrotexnika və elektronika, cihazqayırma, yol-inşaat maşınları və digər sahələr inkişaf etdirilmişdir. Regionların sənaye potensialının gücləndirilməsi kimi uzaqgörən siyasət reallaşdırılaraq Gəncə, Sumqayıt, Daşkəsən, Şirvan, Ağdam, Xaçmaz və digər şəhərlərdə sənaye kompleksləri yaradılmışdır.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə sənayenin inkişafına mühüm önəm verməsi təsadüfi deyildi. Çünki ümummilli lider yaxşı bilirdi ki, respublikanın sosial-iqtisadi cəhətdən gücləndirilməsi, ilk növbədə, bu sahənin potensialının yaradılmasından asılıdır. Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyasında sənayenin inkişafı ilə bağlı nəzərdə tutulan əsas hədəflər də məhz  Heydər Əliyev ideyalarına əsaslanılaraq hazırlanmışdır. Ulu öndərin dövlət başçısı İlham Əliyev tərəfindən müasir reallıqlara söykənməklə daha da zənginləşdirilən sənaye strategiyası artıq reallığa çevrilmiş, möhtəşəm uğurlar əldə edilmişdir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən dövr ərzində  respublikada müvafiq institusional qurumlar, hüquqi baza və infrastrukturlar yaradılmışdır. İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici investorlara bərabər şəraitin təşkili üçün “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunlar qəbul olunmuş, qeyri-neft sektorunun inkişafına xidmət göstərən Azərbaycan İnvestisiya Şirkəti, Azərbaycanda İnvestisiyaların Təşviqi  və İxracat Agentliyi, Sahibkarlığa Kömək Milli Fondu təsis edilmişdir. Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün Azərbaycan Prezidenti tərəfindən “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” sərəncam imzalanmışdır. Təbii ki, bütün bunlar sənayenin inkişafına, bu sektorda müsbət göstəricilər əldə edilməsinə, yerli sahibkarlığın tərəqqisinə güclü təsir göstərmiş, xarici və müştərək müəssisələrinin sayının artmasına, minlərlə yeni iş yeri açılmasına şərait yaratmışdır.

Hazırda Azərbaycanda ən müasir texnologiyalara malik güclü sənaye potensialı mövcuddur, geniş çeşidli sənaye məhsullarının istehsalı mənimsənilmişdir. Bu isə əvvəllər xarici ölkələrdən idxal olunan bir sıra malların xeyli qisminin artıq respublikamızda buraxılması nəticəsində daxili bazarın zənginləşməsi, idxaldan asılılığın, demək olar ki, aradan qalxması deməkdir.

Sənayeyə  göstərilən diqqətin nəticəsidir ki, sözügedən sahədə  bu ilin doqquz ayı ərzində müsbət göstəricilər əldə edilmişdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 25,2 milyard manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Ümumi daxili məhsulun 44,3 faizi sənayedə istehsal olunmuşur.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 22,3 faizini təşkil etmiş, qida, tütün məmulatları, geyim, kimya, tikinti materialları, hazır metal məmulatları, elektrik avadanlıqları və s. istehsalında artım qeydə alınmışdır. İstehsal olunmuş sənaye məhsulunun 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşmüşdür. Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-sentyabr aylarının səviyyəsini 6 faiz üstələmişdir. Ümumi sənaye istehsalının 93,2 faizi malların (əmtəələrin), 6,8 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 80,7 faizi özəl bölmədə istehsal olunmuşdur.

Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi də  bu sahəyə ölkə rəhbərinin mühüm önəm verməsinin bariz ifadəsidir. Bu, eyni zamanda, keyfiyyətcə yeni mərhələdə Azərbaycanın inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətin məntiqi davamıdır. Başlıca məqsəd isə ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə idxalı azaltmaq, buraxılan məhsulların rəqabətə davamlılığını artırmaq və ixracatı çoxaltmaqdan ibarətdir.

Ölkə Prezidenti cənab İlham Əliyev “Sənaye ili”ndə qarşıda duran vəzifələrdən danışarkən demişdir: “Azərbaycanın gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət yetirmək ən ümdə vəzifələrdən biridir. Texnoparklar, yeni sənaye müəssisələri, ixracyönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir”.

Prezident İlham Əliyev ölkəmizdə sənaye məhəllələrinin yaradılmasının vacibliyinə də diqqət çəkərək bildirmişdir ki,  bu, dünyada uğur gətirən bir təcrübədir. İnkişaf etmiş ölkələrdə sənaye məhəllələri vardır. Azərbaycanda da son illər belə məhəllələrin yaradılması ən çox müzakirə olunan məsələlərdən biridir. Yəni ölkə sənayesində sənaye məhəllələrinin formalaşdırılması və inkişafına xüsusi önəm verilir. Sənaye məhəllələri həm onu əhatə edən sahələrin bir-biri ilə əlaqələrini möhkəmləndirir, həm də həmin sahələrin inkişafına təkan verir. İnkişaf etmiş ölkələrinin təcrübəsi də göstərir ki, sənayenin inkişafında sənaye məhəllələri mühüm rol rol oynayır. Ümumiyyətlə, sənaye məhəllələri müəyyən bir coğrafi ərazidə yerləşən, tamamlayıcı, ortaq xüsusiyyətlərə malik müəssisələrin və əlaqəli institutların toplusudur. Daha dəqiq desək, son məhsul istehsal edən müəssisələr, təchizatçı firmalar, əlaqədar xidmət sahələri, elmi-tədqiqat institutları və digər qurumlar adətən sənaye məhəllələrini təşkil edən əsas subyektlər hesab olunur.

Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev sənayenin Azərbaycanın gələcək inkişafında prioritet istiqamətlərdən olduğunu vurğulayaraq, sənaye məhəllələrinin yaradılması prosesinin davam etdirilməsini mühüm vəzifə kimi qarşıya qoymuşdur. Möhtərəm dövlət başçımızın bu il oktyabrın 8-də imzaladığı  “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” fərmanı da məhz bunun bariz ifadəsidir. Adıçəkilən sənəddə qeyd olunur ki, Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, minlərlə yeni iş yeri yaradılmışdır. Ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalını daha da artırmaq məqsədilə bu gün sənaye parklarının yaradılması istiqamətində geniş həcmdə iş aparılır.

Hazırda İqtisadiyyat və Sənaye Nazirliyində sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili istiqamətində ciddi tədbirlər reallaşdırılır. Qısa müddətdə sənaye məhəllələrinin təşkili üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi öyrənilmişdir. “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin layihəsi hazırlanaraq aidiyyəti üzrə dövlət qurumlarına təqdim olunmuşdur. Adı çəkilən  nazirliyin əməkdaşları tərəfindən  bu gün respublikanın müxtəlif bölgələrində sənaye məhəlləsinin yaradılması imkanları araşdırılır.

Sənayenin inkişafından danışarkən, bir məqamı da xatırlatmaq yerinə düşər. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda sənayenin inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsi, o cümlədən bölgələrdə sənaye texnoparklarının yaradılmasının stimullaşdırılması nəzərdə tutulur. Məsələn, Gəncədə hazırda metal (alüminium) məmulatların istehsalı üzrə sənaye şəhərcikləri və digər texnoparkların təşkili istiqamətində iş aparılır. Çünki Gəncə-Daşkəsən zonasında xammal bazasının mövcud olması yeni sənaye müəssisələrinin yaradılmasına əlverişli şərait yaradır. Mingəçevirdə isə müasir tipli sənaye kompleksinin yaradılması planlaşdırılır. Ümumiyyətlə, yerli xammala əsaslanan yüngül və yeyinti sənayesi obyektlərinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması, həmçinin  yeni müəssisələrin təşkili istiqamətində ölkənin bütün bölgələrində tədbirlər həyata keçirilməsi qarşıda mühüm vəzifə kimi durur.

Regional inkişaf proqramlarından söhbət açarkən, dövlət başçısının sənaye ilə bağlı bir fikrini də xatırlatmaq yerinə düşərdi. Cənab İlham Əliyev demişdir: “...2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən iki Dövlət proqramı, bu proqramlara əlavə olaraq 250 sənədin imzalanması və həyata keçirilməsi regionların inkişafında dönüş nöqtəsi olmuş və bölgələrimizin sosial-iqtisadi mənzərəsini dəyişmiş, sənayenin inkişafına müsbət təsir göstərmişdir. Nəticədə son 10 ildə regionlarda məhsul buraxılışı 3,2 dəfə, sənaye istehsalı isə 3,1 dəfə artmışdır...”.

Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayenin inkişafının sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan yeni sənaye müəssisələrinin yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən 2014-cü ilin “Sənaye ili” elan olunması aparılan işlərin həcmini daha da genişləndirmiş və sənayeləşməni sürətləndirmişdir. Azərbaycanda müasir standartlara cavab verən, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən çoxsaylı sənaye müəssisələrinin uğurlu  fəaliyyəti bunun əyani nümunəsidir.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında