Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar ölkəmizin nüfuzunu daha da artırır

Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan rəqabətədavamlılıq indeksinə görə MDB ölkələri arasında 1-ci yeri tutur
Qlobal maliyyə böhranının yaratdığı çətinliklərdən şərəflə, üzüağ çıxmış Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı öz axarı ilə davam edir, həyatın bütün sahələrində yüksək tərəqqi, sürətli inkişaf nəzərə çarpır. Bu da təsadüfi deyil. Çünki özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan ölkəmiz artıq 17 ildir ki, müstəqil iqtisadi siyasət yürüdür, qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi regionda və dünyada mühüm tərəfdaşa, başlıca nüfuz sahibinə çevrilir. Əlverişli geosiyasi mövqeyə malik olması, mühüm enerji layihələrinin mərkəzinə çevrilməsi ölkəmizin iqtisadi qüdrətinin ilbəil artmasına, ümumi inkişaf tendensiyasına görə liderlik mövqeyinin qorunub saxlanmasına imkan yaradır. Elə 2004 - 2009-cu illərdə iqtisadiyyatımızın 2,8 dəfə artması da bir daha sübut edir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi, iqtisadi və sosial islahatlar öz müsbət nəticələrini verməkdədir.
Son yeddi ildə iqtisadiyyatımızın 2,8 dəfə artması ölkəmizdə aparılan düzgün və məqsədyönlü siyasətin nəticəsidir. İki il əvvəl dünyanı ağuşuna almış qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanda yüksək inkişaf və tərəqqi davam etmiş, bütün sahələrdə uğurlu göstəricilər əldə olunmuşdur. Təkcə onu demək kifayətdir ki, dünya tarixində böhran ili kimi qalmış 2009-cu ildə Azərbaycan iqtisadiyyatı təqribən 10 faiz artmışdır. Bu da bir daha onu sübut edir ki, Azərbaycanda aparılan siyasi, iqtisadi və sosial islahatlar qlobal maliyyə böhranının ölkəmizə təsirini minimuma endirməyə imkan yaratmışdır.
Son zamanlar əksər beynəlxalq təşkilatlar da Azərbaycanın maliyyə böhranından üzüağ, şərəflə çıxdığını birmənalı olaraq təsdiqləyir və bu amili olduqca yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, ABŞ-ın Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun 2010-cu il iyunun 16-da "Qlobal maliyyə böhranının Mərkəzi Asiya və Qafqaz dövlətlərinə təsiri" mövzusunda keçirdiyi konfransda Azərbaycanın qlobal iqtisadi böhrandan ən az zərər çəkən ölkə olması bir daha təsdiqlənmişdir. Daha bir maraq doğuran cəhətlərdən biri də Azərbaycanda son illər müşahidə edilən yüksək inkişafın heç də neft amilindən asılı olmamasının mötəbər beynəlxalq tədbirlərdə bir daha təsdiq edilməsi ilə bağlıdır. Elə dövlətimizin başçısı İlham Əliyev də dəfələrlə bəyan etmişdir ki, Azərbaycan iqtisadiyyatı neftdən tam asılı deyil və bizdə artıq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox ciddi işlər görülür, qeyri-neft sektoru sürətlə inkişaf edir. Təsadüfi deyil ki, dövlətimizin başçısı İlham Əliyev bu barədə demişdir: "Azərbaycan qarşıda duran əsas vəzifələrdən biri olan iqtisadiyyatın şaxələndirilməsi məsələlərini uğurla icra edir. Əgər iqtisadiyyatımız artıq şaxələndirilmiş iqtisadiyyat olmasaydı, Azərbaycan rəqabət qabiliyyətliyinə görə mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən MDB məkanında birinci yeri tutmazdı. Məhz ona görə birinci yeri tutmuşuq ki, iqtisadiyyatımız çoxşaxəlidir, bir sektordan asılı deyildir. Neft-qaz sənayesi, güclü neft-qaz potensialımız, o sektora cəlb edilən investisiyalar, onlardan düzgün istifadə edilməsi bizə imkan yaratdı ki, iqtisadiyyatımızı şaxələndirək".
Sevindirici haldır ki, 2010-cu ilin ötən dövrü ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan MDB-də ən rəqabətədavamlı ölkələr siyahısında lider mövqeyini qoruyub saxlamağa müvəffəq olmuşdur. Bunu Ümumdünya İqtisadi Forumu tərəfindən hazırlanmış ən son hesabat da təsdiq edir. Belə ki, adı çəkilən qurumun ön dörd minə yaxın iş adamının iştirakı ilə hazırladığı hesabatda Azərbaycan infrastruktur, səhiyyə və təhsilin keyfiyyəti, makroiqtisadi vəziyyət və maliyyə bazarının inkişafına görə MDB ölkələri arasında birinci yerdə qərarlaşmışdır.
Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan rəqabətədavamlı ölkə kimi isə üçüncü yerdə göstərilmişdir. Xatırladaq ki, məlumatda keçmiş SSRİ dövlətləri arasında birinci yerdə Estoniya, ikinci yerdə isə Litvadır. Dünya dövlətləri üzrə siyahıda həmin ölkələr müvafiq olaraq 33-cü və 47-ci, Azərbaycan isə 57-ci sırada qərarlaşıblar. Daha bir maraqlı məqam ondan ibarətdir ki, siyahıda keçmiş SSRİ respublikaları arasında ölkəmizdən sonra gələn Rusiya 63-cü yerdədir. Sonrakı yerləri Latviya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Moldova tutur.
Ümumdünya İqtisadi Forumunun dünya ölkələri üzrə açıqladığı siyahıda ilk üçlüyü isə İsveçrə, Sinqapur və ABŞ tamamlayır. Çin, Hindistan və Braziliya kimi iri ölkələr reytinq sıralamasında 27-ci, 51-ci və 58-ci yerlərdə qərarlaşmışlar. Yeri gəlmişkən, son illər heç bir iqtisadi müstəqilliyi olmayan və dünya dövlətlərindən topladığı ianələr hesabına yaşayan və həyat səviyyəsi günbəgün pisləşən Ermənistanın adına isə bu siyahıda, ümumiyyətlə, rast gəlinmir.
Xatırladaq ki, Ümumdünya İqtisadi Forumunun yeni reytinq siyahısı tərtib edilərkən, ölkələrdəki infrastruktur, əmtəə və əmtəə bazarlarının səmərəliliyi, səhiyyə və təhsilin keyfiyyəti, makroiqtisadi vəziyyət, innovasiya, maliyyə bazarının inkişafı kimi mühüm amillər əsas götürülmüşdür.
Azərbaycanın iqtisadi inkişafının ilbəil sürətlənməsi büdcə gəlirlərinin, ölkənin valyuta ehtiyatlarının artmasına səbəb olur. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycanın strateji valyuta ehtiyatları təqribən 26 milyard dollara çatmışdır ki, bu da qarşıya qoyulan istənilən məsələni həll etməyə, qəbul olunmuş proqramları uğurla reallaşdırmağa imkan yaradır. Bu müsbət tendensiyasını yüksək dəyərləndirən Prezident İlham Əliyev demişdir: "... Azərbaycanın həm ərazisi, həm əhalisi o qədər də böyük deyil və ölkə iqtisadiyyatına qoyulan sərmayələr də yüksək səviyyədədir, əlbəttə ki, biz gələcəkdə də valyuta ehtiyatlarımızın artımını görəcəyik. Çünki, əvvəlki illərdə görülən işlər, xüsusilə neft-qaz siyasətimiz imkan verir ki, biz çox böyük məbləğdə valyuta ehtiyatlarımızı yığaq ki, öz növbəsində həm iqtisadi, həm infrastruktur, həm də sosial məsələlərin həlli üçün onlardan istifadə edək və güclü bir maliyyə resursları əldə edək".
Sevindirici haldır ki, Azərbaycan artıq öz maliyyə imkanları ilə dünyanın investisiya qoyan ölkəsinə çevrilməkdədir. Təsadüfi deyil ki, indi Azərbaycan Dövlət Neft Fondu başqa ölkələrdə müştərək şəkildə investisiyaların qoyulmasında iştirak edir. Bu da ölkəmizin beynəlxalq qurumlar tərəfindən artıq bərabərhüquqlu tərəfdaş kimi tanınmasına, uğurlu əməkdaşlığa dəlalət edir.
Yeri gəlmişkən, ölkənin maliyyə imkanlarının ilbəil artması büdcə xərclərini tam təmin etməyə imkan verir. Məhz bunun nəticəsdir ki, hazırda Azərbaycanda Dövlət İnvestisiya Proqramı icra edilir. Məlum olduğu ki, son illər ölkəmizdə mühüm infrastruktur obyektləri tikilir, yeni-yeni iş yerləri açılır. Azərbaycanda investisiya layihələrinin uğurla icra olunur. Son illər ərzində sərf olunan on milyardlarla dollar investisiyanın böyük hissəsini daxili investisiyalar təşkil edir. Ölkənin tələbatını ödəmək üçün investisiya şəklində yönəldilən vəsait hesabına həm sənaye istehsalının artırılması, həm də yeni iş yerlərinin açılması mümkün olmuşdur. "Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı"na əsasən bölgələrin sənaye potensialının hərəkətə gətirilməsi, emal sahələrinin inkişafı nəzərdə tutulur ki, bu da ölkəmizdə sənayeləşmə siyasətinin uğurla reallaşdırılmasına təkan verəcəkdir.
Qeyri-neft sektorunun inkişaf etdirilməsini özünün iqtisadi siyasətinin əsas prioritetlərindən sayan Azərbaycan Respublikası bu sahədəki nəticələrini ilbəil yaxşılaşdırır. Bu tendensiya cari ilin birinci yarısı ərzində də davam etmiş, ölkəmizin qeyri-neft sektorunda 15 faizdən çox artım qeydə alınmışdır. Bununla belə, ölkəmizin davamlı inkişafının başlıca katalizatoru sayılan neft-qaz sektorunda da bir sıra yeni layihələr reallaşdırılır. 2010-cu ilin birinci rübündə Azərbaycanın neft-qaz sənayesi üçün böyük əhəmiyyət kəsb edən "Çıraq - 2" layihəsinə start verilmişdir. Məlum olduğu kimi, layihə çərçivəsində nəzərdə tutulan işlərin reallaşdırılmasına 6 milyard dollar əlavə investisiya yönəldiləcək, minlərlə yeni iş yeri yaradılacaq.
Ölkədə davam edən dinamik inkişaf sosial obyektlərin tikintisini də xeyli sürətləndirmişdir. Son illər bölgələrdə ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş müasir xəstəxanaların, müalicə-diaqnostika mərkəzlərinin və məktəblərin tikilib istifadəyə verilməsinə baxmayaraq, dövlət başçısı bu vacib məsələni daim diqqət mərkəzində saxlayır.
İlin sonuna qədər ölkəmizdə bir sıra əsas investisiya və infrastruktur layihələrinin başa çatdırılması nəzərdə tutulur. Həmin layihələrə isə Bakı - Gürcüstan, Bakı - Rusiya sərhədi, Bakı - Şamaxı və Şamaxı - Qəbələ yolu kimi mühüm əhəmiyyət kəsb edən dövlət əhəmiyyətli magistral yolları, habelə Oğuz - Qəbələ - Bakı su kəməri daxildir. Bundan əlavə, ilin sonunadək sosial infrastrukturun yeniləşməsi, olimpiya kompleksləri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqlarının da inşasının vaxtında başa çatdırılması planlaşdırılır.
Qeyd etdiyimiz kimi, Ümumdünya İqtisadi Forumunun reytinq siyahısının tərtibi zamanı mühüm amillərdən biri kimi ölkələrdəki mövcud makroiqtisadi vəziyyət əsas götürülmüşdür. Son illər Azərbaycanda həyata keçirilən məqsədyönlü islahatar, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər bu sahədə əsaslı yüksəlişə səbəb olmuşdur. Elə son ayların statistik göstəriciləri də sübut edir ki, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı davamlı və qarşısıalınmaz bir prosesə çevrilmişdir. Dövlət Statistika Komitəsinin cari ilin yanvar-iyul ayları ərzində ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı hesabatı da bunu təsdiqləyir. Belə ki, ilin ötən yeddi ayında Azərbaycanda sosial-iqtisadi inkişafın indikatoru sayılan ümumi daxili məhsul istehsalı 3,5 faiz artaraq 23,2 milyard manata çatmışdır. Ümumi məhsulun 66,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 55,5 faizi sənayedə, 6,9 faizi inşaat kompleksində, 4,3 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 27,1 faiz təşkil etmişdir ki, bunun da 6,6 faizi nəqliyyatda, 8,5 faizi ticarət və iaşədə, 1,8 faizi rabitədə, 10,6 faizi isə sosial və qeyri-formal xidmətlərin payına düşmüşdür. Bütün bu göstəricilər əvvəlki ilin müvafiq dövründəkindən çox olmuşdur. Bununla yanaşı, hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyalar, əhaliyə göstərilən pullu xidmətlər, xarici ticarət dövriyyəsi və digər makroiqtisadi göstəricilər də uğurlu olmuşdur.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında