Astarada 9 ayın yekunları uğurlu olub

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev doqquz aylığın yekunlarına həsr olunmuş şura iclasında məruzə ilə çıxış edərək dedi ki, oktyabrın 8-də möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası  ölkənin  tərəqqisinin dinamik xarakter daşıdığını bir daha təsdiqləyib. Dövlətimizin başçısı ilin əvvəlindən ölkənin iqtisadi göstəricilərinin artmasını  həyata keçirilən uğurlu islahatların, reallaşdırılan mühüm layihələrin nəticəsi kimi dəyərləndirib. 

 Astarada da xeyli iş görülüb, uğurlu nəticələr qazanılıb. Son illərdə rayonda 6476 iş yeri açılıb, bunun da çox böyük əksəriyyəti daimidir. Bu ilin doqquz ayında isə 603 yeni iş yeri yaradılıb. Ümumi məhsul buraxılışı 111,3 milyon manatlıq olub. Bunun dörddə-üçü kənd təsərrüfatı, ticarət və pullu xidmət sahələrində, 18,3 faizi tikintidə olub. Abadlıq və quruculuq sahəsində də xeyli iş görülüb. Prezident sərəncamı ilə lazımi vəsait ayrılmış Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi başa çatdırılıb. Həmin yol 12 min əhalinin yaşadığı 21 kəndi əhatə edir. 

Rayon ərazisindəki digər magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması sahəsində də müəyyən işlər görülüb. Ələt-Astara magistral yolunun rayon ərazisindəki hissəsi, yerli əhəmiyyətli Pensər-Qamışlı, Pensər-Şahağacı yolları asfalt-betonla təmir edilib. Siyaku - Şağlazüzə, Siyaku - Marzəsəy avtomobil yollarında 4 körpü tikilib.

Şəhərin küçələrində tikinti-abadlıq işləri davam etdirilir. Maliyyə idarəsi üçün yeni ikimərtəbəli inzibati bina tikilərək istifadəyə verilib. Xəzərin sahili boyunca 8 hektar sahədə park-bulvar inşa olunur. 600 metr məsafədə sahil mühafizə bəndi, gəzinti yeri, İstirahət meydanı olacaq. Həmin yer dəmir-beton konstruksiyalarla bərkidilib. Fontanlar  qurulur. Bulvar ərazisində əyləncə mərkəzi, çay evi və kafe, atraksionlar sakinlərə xidmət göstərəcək. Mini-futbol və voleybol meydançaları yaradılacaq.

Telman kəndində yeni çay emalı fabrikinin, Züngüləş kəndi ərazisində  “Astara-1” kiçik su elektrik stansiyasının tikintisi davam etdirilir. Əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə tədbirlər görülür. Ötən müddətdə rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 14 min 636-ya çatdırılıb. Satılan qaza görə ödəniş faizi 100-ü ötüb. Elektrik Şəbəkəsi tərəfindən Səncərədi, Alaşa, Şiyəkəran, Siyaku, Ojakəran kəndlərində 11,5 kilometr məsafədə 10 kv-luq hava xətti təmir olunub. Şəhərdə və    kənd  yaşayış məntəqələrində müxtəlif gücdə 9 yeni transformator quraşdırılıb, 4-ü isə  əsaslı təmir olunub. Yeni abonentlər üçün 150 sayğac quraşdırılıb, sıradan çıxmış 400 ədəd sayğac yenisi ilə əvəz edilib. Deqədi-Pəlikəş yolunda hava xətlərində təmir işlərinə başlanıb.

Rayonun Şuvi və Ojakəran kəndləri ərazisində çayçılıq təsərrüfatları yaradılıb və 1 milyondan çox çay dibçəyi yetişdirilib. Bu dibçəklər 30 hektarlıq yeni çay plantasiyaların yaradılmasına və quraqlıq səbəbindən yanmış kolların bərpasına sərf olunacaq. Çəltikçiliyin inkişafı üçün Türkiyədən yeni texnika və avadanlıq gətirilib. Xeyli buğda, arpa, çəltik, paxlalı bitkilər, qarğıdalı əkilib. Sahələrdən bol məhsul yığılıb. Kartof, tərəvəz, bostan bitkilərinin əkini artırılıb. Heyvandarlar diri çəkidə 2584 ton ət, 15 min ton süd, 2 milyon 956 min ədəd yumurta istehsal ediblər.

Ötən müddət rayonun təhsil işçiləri üçün də uğurlu olub. 164 məzun müxtəlif ali məktəblərə qəbul edilib. Onlardan 14 nəfəri isə 500-dən yuxarı, 5 nəfəri 600-dən yuxarı bal toplayıb. Kijəbə qəsəbə tam orta məktəbin məzunu Fuad Quliyev 681 balla Azərbaycan Tibb Universitetinə daxil olub, Prezident təqaüdünə layiq görülüb.  Kijəbədən müəllim Teymur Fətullayev isə “Tərəqqi” medalı ilə təltif olunub. 

Ümumtəhsil məktəblərinin maddi-texniki bazası ilbəil möhkəmləndirilir. Yerli büdcə hesabına Sipiyəpard kənd tam orta məktəbi təmir edilib, Suparibağ kənd tam orta məktəbi üçün 220 şagird yerlik, Əzərud və Anboba kənd ibtidai məktəbləri üçün 80 şagird yerlik yeni məktəb binaları tikilərək istifadəyə verilib. Sım və Artupa tam orta məktəbləri üçün yeni binaların tikintisindən ötrü hazırlıq işlərinə başlanıb.

Rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra mərkəzləşdirilmiş qaydada istilik sistemi ilə təmin edilib. Kijəbə qəsəbə xəstəxanası, Artupa həkim məntəqəsində təmir işləri aparılıb, istilik sistemi qurulub.

Rayon mədəniyyət evinin “Sevinc” mahnı və rəqs ansamblı, uşaqlardan ibarət “Coşqun” rəqs kollektivi hərbi hissələrdə, yaşayış məntəqələrində çıxışlar edib, “Əvəsor” xalq kollektivi Bakıda Novruz şənliyində və Masallı şəhərində Beynəlxalq Folklor festivalında uğurla iştirak edib. Sım kənd mədəniyyət evinin “Şindan” aşıqlar ansamblı respublika müsabiqəsinin qalibi olub.

Astaralı gənclər ənənəvi “Şahin”, “Cəsurlar” hərbi idman oyunları və “Vətən sərhəddən başlayır” mövzusunda tədbirlərdə fəallıq göstəriblər. İdmançılar respublika və beynəlxalq miqyaslı yarışlarda 159 medal qazanıblar.

Vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılmasının daha da yaxşılaşdırılması üçün xeyli iş görülüb. Müraciətlərdə qaldırılan məsələlərin vaxtında və obyektiv həlli təmin edilib. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticələr verir.  

Tədbirdə dönə-dönə vurğulandı ki,  astaralılar bundan sonra da  Prezident İlham Əliyevin  qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə edəcəklər. Əhalinin maddi rifah halının, məişət şəraitinin daha da yaxşılaşdırılmasına nail olunacaq, rayonun abadlaşdırılmasına bütün qüvvələr səfərbər ediləcək. Qışa hazırlıqla əlaqədar vacib işlərin hamısı görüləcək.

 

Ə.ƏLİYEV,“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında