Lerik: il sona yaxınlaşdıqca nailiyyətlərin sayı da artır

Uca dağlar qoynunda qərar tutmuş Lerik rayonunun sosial-iqtisadi inkişaf dinamikası fərəh doğurur. Bu barədə doqquz ayda görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclasında ətraflı danışılıb.

İcra hakimiyyətinin başçısı Rövşən Bağırov hesabat məruzəsində bildirdi ki, rayonun bütün ərazisində tikinti, abadlıq-quruculuq işləri və yol çəkilişi böyük vüsət alıb. Rayonun inkişafına dövlətimizin başçısı İlham Əliyev tərəfindən daimi qayğı göstərilir.

Prezidentin sərəncamı ilə 26 kilometrlik Lerik-Qosmalian-Kəlvəz avtomobil yolu inşa edilib, çox keçmədən daha bir sərəncamla 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanəgah yolunun tikintisinə başlanıb. Ərazidə yaşayan əhaliyə sözün əsl mənasında əfsanə kimi görünən yolun tam yarısı asfaltlaşdırılıb, qalan   hissəsində isə tikinti işləri sürətlə davam etdirilir.

Lerik şəhərinin İ.Yaqubov, E.Qarayev, H.Aslanov küçələrində yeni istinad divarları, səkilər inşa edilib, işıqlandırma sistemi yenilənib, ərazidə yol genişləndirilib, yeni hörülmüş divarlar ağlay daşlarla üzlənib, park və xiyabanlarda bəzək ağacları, gül kolları əkilib. Daxili imkanlar hesabına XV-XVI əsrlərə aid “Xəlifə Zəkəriyyə” türbəsinin, Lerik və Noda kənd qəbristanlıqlarının ətrafı abadlaşdırılıb, ərazilər milli ornamentli hasarla əhatələnib. Lerik şəhərində “Azercell Ekspress” ofisi inşa edilib. Rayon büdcəsinin vəsaiti hesabına şəhərin bütün küçələri, Noda, Piran, Günəşli, Cəngəmiran, Blaband, Qosmalian, Osnağakücə, Monidigah, Xəlifəkücə, Əliabad kəndlərinin daxili yollarının 10 kilometrdən çox hissəsi asfaltlaşdırılıb.

Rayon icra hakimiyyətinin daxili imkanları və iş adamlarının, kənd sakinlərinin köməyi ilə vaxtaşırı olaraq kəndlərarası yollarda təmir-bərpa işləri aparılır. Milli Məclisin deputatı İqbal Məmmədovun köməyi ilə Almu kəndinə gedən yolun üzərində yeni körpü inşa edilib, Veri və Tikəband ərazilərində yaşayan sakinlərin təklifləri nəzərə alınaraq Davradibi çayı üzərində körpünün tikintisinə başlanıb. Əhalinin müraciətləri əsasında   24 kilometrlik Piran-Hamarat-Vijaker avtomobil yolunda əsaslı təmir işləri aparılıb. Yeni Dövlət Proqramında yolun tikilməsi nəzərdə tutulub. Tülüconu kənd inzibati ərazi dairəsinin Kaqoy kənd sakinlərinin xahişi ilə oraya gedən yolun əsaslı təmiri üçün rayon icra hakimiyyəti tərəfindən maliyyə köməyi göstərilib.

Vətəndaşların müraciətləri nəzərə alınaraq rayon icra hakimiyyətinin daxili imkanları hesabına Vistən, Vizəzəmin və Orand kəndlərində tibb məntəqələrinin tikintisinə başlanıb. Lerik şəhər uşaq bağçası əsaslı təmir edilib. İş adamları tərəfindən Lerik şəhərində şadlıq sarayı, Lənkəran-Lerik yolu boyunca və rayonun digər ərazilərində turizm-istirahət mərkəzləri, onlarca ticarət və iaşə obyekti inşa edilib. Piran kəndində fəaliyyətə başlayan broyler fabrikində “Lebro” əmtəə nişanlı məhsullar buraxılır.

İş cəbhələrinin yaradılması hesabına doqquz ayda rayon sakinlərindən 476 nəfəri tikinti-quruculuq tədbirlərinə cəlb olunub. Onlardan 266 nəfəri daimi iş yeri qazanıb. 

Cari il kənd əməkçiləri üçün uğurlu olub. Havaların quraqlıq keçməsinə baxmayaraq, sahələrdə bol məhsul yetişdirilib, heyvandarlıq məhsulları əvvəlki illərə nisbətən artıb. Payızlıq əkinlər üçün herik şumu qaldırılıb, taxıl səpininə başlanıb.  

Rayon üzrə bütün ATS-lər elektronlaşdırılıb. Yeni nəsil ATS-lər rayon əhalisinin sürətli internet xidmətindən istifadəsini asanlaşdırıb.

Yeni tədris ilində təzəcə inşa edilmiş Nücü, Vizəzəmin və əsaslı təmir edilmiş Mastail kənd tam orta məktəbləri müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Hazırda 180 şagird yerlik Pirasora, Boykəndil, Ambu kənd tam orta, 80 şagird yerlik Əvilə kənd ümumi orta məktəblərinin tikintisi aparılır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun vəsaiti hesabına Lerik şəhərində 100 yerlik uşaq bağçasının tikintisində işlər sürətlə davam etdirilir, şəhər 3 saylı tam orta məktəbinin dam örtüyü əsaslı təmir edilir.

Ötən tədris ili rayon məktəblərinin məzunları üçün uğurlu sayıla bilər.  Belə ki, 151 nəfər məzun, o cümlədən builki məzunlardan 114 nəfəri ali məktəblərə qəbul olunub, onların 38-i qızlardır. 234 məzun, o cümlədən builki məzunlardan 192 nəfəri orta ixtisas məktəblərinə qəbul olunub, onların da 83-nü qızlar təşkil edir.

Leriklilərin Vətən qarşısında xidmətləri daim yüksək qiymətləndirilir. Azərbaycan  Prezidentinin müvafiq sərəncamları ilə rayon polis şöbəsinin rəisi Hüseynəli Məlikov “Vətən uğrunda” medalı ilə, Pirasora kənd ərazi icra nümayəndəsi Əligüşat Xalıqov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, Vizəzəmin kənd tam orta məktəbinin riyaziyyat müəllimi Nüşabə Əmirova “Tərəqqi” medalı ilə təltif olunublar.

Daha sonra icra hakimiyyətinin başçısı regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında hər bir rayon üzrə konkret vəzifələrin, tapşırıqların olduğunu və bir çox sosial-iqtisadi məsələlərin növbəti beş il ərzində həlli üçün böyük imkanlar yaradılacağını qeyd etdi.

Rayon üzrə maliyyə idarəsinin rəisi Elman Abbasov, meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru Eyvaz Babayev, gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmov məruzə ətrafında çıxış etdilər.

Sonda  rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rayona göstərdiyi qayğı və diqqətə görə əhali adından minnətdarlıq duyğularını ifadə etdi, qarşıya qoyulan vəzifələrin bundan sonra da uğurla yerinə yetiriləcəyini söylədi.  

Şura iclasında müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul edildi.

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında