Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq ölkəmizdə çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayenin inkişafının sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan yeni sənaye müəssisələrinin yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən 2014-cü ilin “Sənaye ili” elan olunması aparılan işləri daha da genişləndirib və sənayeləşməni sürətləndirib. Artıq Azərbaycanda müasir standartlara cavab verən, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən, qabaqcıl texnologiyalara əsaslanan çoxsaylı sənaye müəssisələri fəaliyyət göstərir.
Sənaye sahəsindən və ümumilikdə, ölkənin sənaye potensialının daha da yüksəldilməsindən bəhs edərkən elektroenergetika sənayesi xüsusi qeyd olunmalıdır. Bu məsələyə bir neçə rakursdan baxmaq lazımdır. Birincisi, Azərbaycanın elektrik energetikası tarixinin təxminən əsrdən də artıq bir dövrü əhatə etməsi, ikincisi, bütün sənaye sahələrinin fəaliyyətinin bilavasitə elektrik enerjisi ilə bağlı olması göz önünə alınmalıdır.
Əvvəlcə tarixə ekskurs edək. Təsadüfi deyil ki, “Bakının işıqları” təsadüfən və ya keçmiş SSRİ məkanında deyildiyi kimi, “İliç lampası”nın mövcud olması ilə yaranmayıb. Bunun daha qədim tarixi var. Hətta Avropanın bugünkü, ən inkişaf etmiş şəhərlərindən daha öncə Bakıda elektrik enerjisi istehsal və istehlak olunub.
Hazırda Bakı şəhərinin və ümumilikdə, Abşeron yarımadasının elektrik enerjisi ilə təchiz olunması fəaliyyətini həyata keçirən “Bakıelektrikşəbəkə” ASC-nin tarixi eyni zamanda Bakıda elektrik enerjisinin tarixi ilə birgə formalaşıb. Əldə olan sənədlərə əsasən Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şosesi üzərindəki “Bakinski dok”da quraşdırılıb. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədlərinə görə, cərəyan alman istehsalı olan “Algemayne” sisteminin dinamo-maşınından verilirdi. 1903-cü ildə elektrik stansiyalarının sayı artıq 70-ə çatmışdır. Hələ 1880-ci ildə Volqa çayında və Xəzər dənizində gəmiçiliklə məşğul olan “Qafqaz” və “Merkuri” gəmiçilik şirkətləri Bakıda sərnişin limanında yeni elektrik fənərləri quraşdırmışdı. Fənərlər axşamdan sübhə qədər üzgün, tutqun rəngli işıqla yanırdı ki, bu da şəhər əhalisində və bura gələn qonaqlarda xüsusi bir heyranlıq hissi doğururdu. Bu şirkətlərin reyslərinə sərnişin sayı çoxalmış, liman isə şəhər sakinlərinin ən sevimli gəzinti yeri olmuşdu.
Azərbaycanda neft sənayesinin inkişafı elektroenergetikaya daha böyük stimul vermişdir. Bu zaman Bakı neft sənayesinin məşhur sahibkarlarından biri olan Şəmsi Əsədullayev də limanın elektrikləşdirilməsinə biganə qalmayıb. O, şəxsi elektrik stansiyasına sahib olub və ona xidmət üçün xaricdən mütəxəssislər dəvət edib. Elektrik stansiyası sahibkarın Bakının mərkəzində yerləşən çoxmərtəbəli evinin işıqlandırılması üçün də xidmət göstərirdi.
Beləliklə, bir sıra kiçik stansiyalar meydana çıxdı. 42 kV gücündə 3 buxar maşınından ibarət olan bu stansiyalardan biri 1882-ci ildə “Nobel Qardaşları Birliyi” tərəfindən neftayırma zavodunda sexlərin və ərazinin işıqlandırılması üçün qurulmuşdu. Daha sonra 1897-ci ildə elektrik stansiyasının gücünün 550 kilovolta qədər yüksəldilməsi qərara alınmışdı.
1906-cı ilin mart ayında Rusiyanın tabeliyində olan ölkələr arasında ilk dəfə olaraq Ağ şəhərdəki elektrik stansiyasından Balaxanı neft sahəsinə 8,1 kilometr uzunluğunda 20 kilovolt gərginlikli iki elektrik hava xətti çəkildi.
1916-cı ildə Abşeron mədənlərində fəaliyyətdə olan 3750 neft quyusundan 1638-i elektrikləşdirilmişdi ki, bu da təxminən 50 faizi təşkil edirdi. ABŞ-da isə o vaxt bütün neft yataqları üzrə bu göstərici 20 faizdən çox deyildi.
1920-ci ildən sonrakı dövrdə SSRİ məkanında olan elmi-texniki inkişaf fonunda bu sahədə də bir sıra işlər görüldü. Lakin görülmüş işlərin dönüş mərhələsi - iritutumlu yarımstansiyaların, ötürücü xətlərin, istehsal obyektlərinin tikintisi ötən əsrin 70-ci illərindən etibarən geniş vüsət aldı. Həmin dövrdə görülən bu işlərin təşəbbüskarı respublikaya yeni rəhbər təyin edilmiş ümummilli lider Heydər Əliyev idi.
Ulu öndərin başladığı işləri uğurla davam etdirən Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyev bu sahəyə diqqəti daha da artırdı. Dövlət başçısının təşəbbüsü ilə qəbul edilmiş dövlət proqramları və meqalayihələr əsasında bütün ölkə üzrə olduğu kimi, Bakı şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar olaraq istehlakçıların elektrik enerjisi təchizatının yüksək səviyyədə təmin edilməsi üçün “Bakıelektrikşəbəkə” ASC tərəfindən irimiqyaslı tədbirlər həyata keçirilir, paytaxtın elektrik şəbəkələri dünya standartlarına uyğun müasir texnologiyalar tətbiq olunmaqla yenidən qurulur. Bu məqsədlə elektrik şəbəkələrində geniş əhatəli yenidənqurma işləri aparılmaqla yeni güc mərkəzləri yaradılır, elektrik enerjisi itkilərinin azaldılması, enerji haqlarının vaxtında və tam şəkildə yığılması üçün təşkilati və texniki islahatlar həyata keçirilir.
“Bakıelektrikşəbəkə” ASC üzrə təsdiq edilmiş investisiya proqramlarına əsasən 2006-cı ildən bu günədək dövlət büdcəsi və daxili imkanlar hesabına görülmüş yenidənqurma işləri tamamilə özünü doğruldub və ötən dövr çoxşaxəli fəaliyyətlərlə yadda qalıb. Bunlara nümunə kimi hazırda şəbəkənin aktivində olan 110 kilovoltluq yarımstansiyalardan 23 ədədinin, 35 kV-luqlardan isə 62 ədədinin tikilməsi, yenidən qurulması və rekonstruksiyası göstərilə bilər. Görülən işlərin nəticəsi son 8 il ərzində şəbəkənin güc toplama və paylama qabiliyyətinin 3048 MVA-dan 5980 MVA-ya çatdırılaraq 89,6 faiz artmasında, texniki itkilərin səviyyəsinin 16,98 faizdən 8,9 faizə qədər azaldılmasında da büruzə verib. Paralel olaraq şəbəkənin ifrat yüklənməsi halları aradan tam qaldırılıb, 2006-2014-cü illər ərzində 2000-dən çox transformator məntəqəsi və komplekt transformator məntəqələri tikilib və ya əsaslı təmir olunub. Müxtəlif güclərdə (110, 35, 10 kV-luq) çəkilmiş elektrik veriliş xətlərinin ümumi uzunluğu isə təxminən 10 min kilometrdir. Şəhərətrafı kənd və qəsəbələrin şəbəkələrinə xüsusi diqqət yetirilib. Konkret desək, mövcud olan 12 100 kilometrdən çox 0,4 kV-luq hava xətləri müasir tipli özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) yenidən qurulub. Mühüm amillərdən biri isə istehlak olunan elektrik enerjisi haqları üzrə illik yığımın səviyyəsinin 98 faizə çatdırılmasıdır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsini ölkədə sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması təşkil edir. “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 mart 2014-cü il tarixli, 119 saylı fərmanı bu konsepsiyanın mühüm tərkib hissəsi olub sahibkarlıq fəaliyyətinin dövlət tənzimləməsinin daha da təkmilləşdirilməsində və əlverişli biznes mühitinin formalaşdırılmasında çox böyük əhəmiyyətə malikdir. Fərmanda aidiyyəti nazirliklərə və dövlət orqanlarına elektrik təchizatı şəbəkəsinə qoşulma ilə əlaqədar sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azadılması üçün qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi tapşırılmışdır ki, bu məqsədlə “Bakıelektrikşəbəkə”ASC tərəfindən təxirəsalınmaz təşkilati-texniki tədbirlər görülüb və qanunların qəbulu zamanı nəzərə alınması üçün konkret təkliflər verilib. Belə ki, elektrik enerjisinə görə yaranmış borcun araşdırılması, istehlakçılara məxsus elektrik avadanlıqlarının elektrik şəbəkəsinə qoşulmasına dair texniki şərtlərin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu, elektrik enerjisi haqqının internet vasitəsilə ödənilməsi, aşkar edilmiş qüsurlarla əlaqədar olaraq sayğacın dəyişdirilməsi üçün müraciətin qəbulu, borcun olmamasına dair arayışın verilməsi və elektrik enerjisi istehlakçısının dəyişdirilməsi online qaydada, 7 may 2014-cü il tarixdən isə “ASAN Xidmət” vasitəsi ilə həyata keçirilir.
Qeyd etmək lazımdır ki, abunəçilərin istehlak etdikləri enerji haqlarının ödənilməsi üçün “Bakıelektrikşəbəkə” ASC-də bir çox ödəniş sistemlərindən istifadə olunur. Hazırda abonentlər enerji haqları üzrə ödənişləri internet resurslarından istifadə etməklə, bank və poçt vasitəsilə, həmçinin “APUS”, “Paypoint” və digər ödəniş növlərinin köməyi ilə həyata keçirir. Bununla yanaşı, müasir metodlarla elektrik enerjisi borcları haqqında abunəçilərə məlumatların çatdırılması üçün müəyyən layihələr işlənib hazırlanıb və həyata keçirilib. Telefonla xəbərdarlıq və kommersiya abonentləri üçün “SMS” ilə xəbərdarlıq sistemləri qurulub. “Bakıelektrikşəbəkə” ASC-nin bütün strukturlarının vahid bir sistemlə idarə edilməsini təmin etmək məqsədilə dünyada və enerji sahəsində ən müasir sistem sayılan “SAP” informasiya sistemi tətbiq olunur.
Həyata keçirilən islahatlar çərçivəsində “Bakıelektrikşəbəkə” ASC-nin Tədris Mərkəzi yaradılıb. Mərkəz MDB məkanında və yaxın xarici ölkələrdə analoqu olmayan, dünyanın elektroenergetika sahəsində inkişaf etmiş qabaqcıl şirkətlərinin istehsal etdikləri avadanlıq və müasir cihazlarla təchiz olunub. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən 2012-ci ildə Tədris Mərkəzinin yeni inşa edilmiş I inzibati korpusunun, 31 yanvar 2013-cü il tarixdə isə II korpusunun açılışı olub. Tədris Mərkəzində elektroenergetika sahəsi üçün mütəxəssislər hazırlanır və səhmdar cəmiyyətdə çalışan əməkdaşların peşə hazırlığı artırılır. Burada xarici ölkələrdən dəvət olunmuş, habelə yerli mütəxəssislərin iştirakı ilə beynəlxalq standartlara uyğun seminarlar və dərslər təşkil edilir.
2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunları, habelə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı bir sıra həllivacib işlərin yerinə yetirilməsi də nəzərdə tutulub.
I Avropa Oyunları ilə bağlı “Su oyunları” idman kompleksi,"Crystall Hall", “Əl oyunları” və Yeni Bulvar ərazisinin etibarlı və fasiləsiz elektrik təchizatı üçün xeyli işlərin görülməsi planlaşdırılıb. Görüləcək işlərə nümunə olaraq sisteməhəmiyyətli “Müşfiq”, “Badamdar” və “Bayıl” yarımstansiyaları arasında 110 kV-luq “Şıx”, 108 saylı, 108 və 109 saylı yarımstansiyalar arasında 35 kV-luq, “Ulubəy” və 109 saylı yarımstansiyalar arasında 35 kV-luq ikidövrəli kabel xəttinin çəkilməsi göstərilə bilər.
Olimpiya stadionu, Olimpiya kəndi, Böyükşor gölünün təmizlənməsi ilə əlaqədar elektrik təchizatı üçün də tədbirlər icra ediləcək. Bu məqsədlə 220/110/35 kV-luq “Zabrat” yarımstansiyası ilə 35/6 kV-luq, 19 saylı yarımstansiya ilə 35 saylı yarımstansiya, 35 saylı yarımstansiya ilə Olimpiya stadionu və “Koroğlu” yarımstansiyası ilə Olimpiya stadionu arasında 35 kV-luq ikidövrəli kabel xətlərinin çəkilməsi reallaşdırılacaq. 35/6 kV-luq 19 saylı, 35 saylı, 208 saylı yarımstansiya ilə 35/6 kV-luq “Koroğlu” yarımstansiyası arasında 35 kV-luq kabel xətti çəkiləcək.
“Stend Atıcılığı Kompleksi” nin elektrik təchizatı üçün 35/6 kV-luq 80 saylı yarımstansiyasının tikintisi, 88 saylı 35/6 kV-luq yarımstansiyadan 511 və 424, 511 - 424 və 88-470 saylı TM-lər arasında 6 kV-luq kabel xətlərinin çəkilməsi və quraşdırılması işləri aparılacaq. Eyni zamanda, layihə çərçivəsində “Dərnəgül-2" yarımstansiyası ilə 88 saylı yarımstansiya arasında 35 kV-luq ikidövrəli kabel xəttinin çəkilməsi işləri reallaşdırılacaq.
Yeni Bulvar ərazisində tikilməkdə olan otel komplekslərinin (Ağ Şəhərin qarşısı) və s. obyektlərin elektrik təchizatının təmin edilməsi ilə əlaqədar olaraq görüləcək işlərin də həcmi böyükdür. Burada 110/35/10 kV-luq Ağ şəhər yarımstansiyasının tikintisi, “Liman” yarımstansiyasında yeni yuvaların və mühafizə sistemlərinin quraşdırılması, “Liman” yarımstansiyası ilə Ağ Şəhər yarımstansiyası arasında 110 kV-luq ikidövrəli kabel xətlərinin çəkilməsi görüləcək işlərdəndir.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində reallaşdırılacaq tədbirlər də çoxşaxəlidir. Bura müxtəlif güclərdə yeni yarımstansiyaların, hava xətlərinin tikintisi, yenidənqurulması və kompleks trtansformator məntəqələrinin (KTM) quraşdırılması daxildir.
Əvvəldə qeyd etdiyimiz kimi, 2014-cü ilin “Sənaye ili” elan olunması ilə bağlı “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyətində də xeyli canlanma müşahidə edilməkdədir. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, son illərdə Azərbaycanda sənayeləşmə siyasəti də geniş miqyasda həyata keçirilib və yüzlərlə sənaye müəssisəsi inşa edilərək bu sahədə güclü potensial yaradılıb.
Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Bütün bunlar isə mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zərurəti yaranıb.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2014-cü ilin “Sənaye ili” elan olunması ilə əlaqədar olaraq “Bakıelektrikşəbəkə” ASC tərəfindən neft-qaz, maşınqayırma, metallurgiya və digər sənaye sahələrinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə təmin olunması istiqamətində irimiqyaslı tədbirlər həyata keçirilir. Belə ki, neft-qaz sənayesinin inkişafı ilə əlaqədar olaraq bir sıra konkret tədbirlər həyata keçirilib. Nizami rayonunda yerləşən və Heydər Əliyev adına neft emalı zavodunu elektrik enerjisi ilə təmin edən 110/35/6 kV-luq 80 (2x40) MVA gücündə 204 saylı yarımstansiya yenidən qurularaq istifadəyə verilib. Bundan başqa, Qaradağ rayonunda yerləşən və Əmirov adına NQÇİ-nin mədənlərini elektrik enerjisi ilə təmin edən 35/6 kV-luq 509 və 516 saylı yarımstansiyalar yenidən qurulur. “Səngəçal” yarımstansiyasında 35 kV-luq paylayıcı qurğu inşa edilib və 2 ədəd 35/6 kV-luq transformator quraşdırılıb.
Səbail rayonunda yerləşən və “Bibiheybət” NQÇİ-nin mədənlərini elektrik enerjisi ilə təmin edən 109 saylı yarımstansiya yenidən qurularaq istifadəyə verilib. Binəqədi rayonundakı “Binəqədi OYL” şirkətinin mədənlərinin elektrik enerjisi təchizatını həyata keçirən 35/6 kV-luq 92 və 94 saylı yarımstansiyalar isə yenidən qurulmaqdadır.
Qeyd olunanlarla yanaşı, Sabunçu rayonunda “Balaxanıneft” NQÇİ-nin mədənlərini elektrik enerjisi ilə təmin edən 35/6 kV-luq 35 saylı yarımstansiyanın yenidən qurulması davam etdirilir, Pirallahı qəsəbəsində NQÇİ-yə məxsus 6/0,4 kV-luq paylayıcı qurğunun və 6 kV-luq qidalandırıcı xətlərin yenidən qurulması işlərinə başlanılması nəzərdə tutulur.
Maşınqayırma sənayesi obyektlərinin enerji təchizatının yaxşılaşdırılması məqsədi ilə Sabunçu rayonu ərazisində yerləşən, Bakı maşınqayırma və oksigen zavodlarını elektrik enerjisi ilə təmin edən 35/6 kV-luq 190 saylı yarımstansiya yenidən qurulur. Bakı Metropoliteni stansiyalarının kefiyyətli və fasiləsiz enerji təchizatını təmin etmək üçün Xətai rayonunda yerləşən “Həzi Aslanov” və Binəqədi rayonu ərazisində olan 80 saylı yarımstansiyalar yenidən qurulur, Xətai rayonu ərazisində 110/35/10 kV-luq 210 saylı “Ağ Şəhər” yarımstansiyası inşa edilir.
Su və kanalizasiya sistemlərinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə Xətai rayonu ərazisindəki 201 saylı yarımstansiyasının yenidən qurulması işləri başa çatdırılaraq istifadəyə verilib və Binəqədi rayonu ərazisində yerləşən 35/6 kV-luq 80 saylı yarımstansiyada yenidənqurma işləri davam etdirilir.
Daş karxanalarının elektrik təchizatının yaxşılaşdırılması üçün Qaradağ rayonu ərazisində şəbəkənin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə 35 kilometr məsafədə 35 kV-luq kabel xətləri çəkilib, 12 kilometr 35 kV-luq hava xətləri isə yenidən qurulub. Hazırda yeni 35 və 6 kV-luq elektrik şəbəkələrinin yaradılması üçün zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.
Qeyd olunan sənaye obyektlərinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə “Bakıelektrikşəbəkə” ASC tərəfindən 2014-cü ildə həyata keçirilən layihələrin icrası zamanı, bir qayda olaraq, yerli istehsal məhsullarından istifadə edilir. Belə ki, tikinti quraşdırma işlərində istifadə olunan güc transformatorları, elektrik avadanlıqları, kabel məhsulları , naqillər, transformator yağı, tikinti materiallları çoxsaylı yerli müəssisələrin istehsal etdiyi məhsullardır.
Bu günlər bütün ölkə ərazisində fəaliyyət göstərən şərəfli peşə sahibləri — energetiklər bayram əhval-ruhiyyəsindədirlər. Onlar öz peşə bayramlarını — Energetiklər gününü qeyd etməyə hazırlaşırlar.
Məlum olduğu kimi, ümummilli liderimiz Heydər Əliyevin 20 oktyabr 2000-ci ildə 1 nömrəli Bakı İstilik Elektrik Mərkəzinin birinci növbəsini açdığı gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Energetiklər Günü peşə bayramı kimi təsis edilib.
Ulu öndər 1 nömrəli Bakı İstilik Elektrik Mərkəzinin birinci növbəsi istifadəyə verilərkən açılış mərasimindəki çıxışında demişdir: “Bizim bugünkü toplantımız və bu nəhəng istilik elektrik mərkəzinin açılışı tarixi bir hadisədir. Burada, həmin bu yerdə əsrin əvvəlində — 1902-ci ildə bax, orada gördüyünüz, artıq köhnəlmiş, çürümüş, qaralmış istilik elektrik mərkəzi tikilmişdir. Təbiidir ki, o zaman üçün bu, böyük hadisə idi. O vaxt Azərbaycanda neft sənayesi xarici şirkətlərin iştirakı ilə güclü inkişaf edirdi, neftayırma zavodları yaranmışdı, burada həm elektrik enerjisinə, həm də buxara ehtiyac var idi. Təbiidir ki, o vaxta görə onun, həmin stansiyanın öz dəyəri vardı. Ancaq o vaxtdan 100 il keçibdir.Ona görə də mən deyirəm ki, bu, bizim həyatımızda tarixi hadisədir. 100 ildən sonra biz belə bir yeni elektrik stansiyası yaratdıq. Demək, XXI əsrə biz, bax belə gözəl, müasir texnologiyalı müəssisələrlə gedirik. Onlardan biri də budur.”
Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə iqtisadiyatının bütün sahələrinə olduğu kimi, elektroenergetika sahəsinə də, o cümlədən paytaxtın elektrik şəbəkəsinə daim diqqət və qayğı göstərir. Məhz elə bunun nəticəsidir ki, hazırda tələbatçılara ötürülən elektrik enerjisinin fasiləsizliyi ilə yanaşı, keyfiyyət dəyişikliyi də açıq şəkildə hiss olunmaqdadır. Bu da özünü, heç şübhəsiz ki, paytaxt sakinlərinin gündəlik məişətlərində, xüsusən də qaranlıq gecələrin nura bürünməsində daha aydın şəkildə göstərir. Bütün ölkə energetiklərini peşə bayramları münasibətilə təbrik edir və şərəfli işlərində onlara uğurlar diləyirik.
Baba RZAYEV,
“Bakıelektrikşəbəkə” ASC İdarə Heyətinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.