Göygöl Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon toplantısında Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn məsələlər diqqət mərkəzində olmuşdur.
Hesabat məruzəsi ilə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov bildirmişdir ki, bütün ölkədə olduğu kimi, ilin əvvəlindən Göygöl rayonunda da yeni obyektlərin tikintisi, abadlıq- quruculuq işləri uğurla davam etdirilmiş, sosial-iqtisadi həyatın dinamik inkişafı təmin olunmuşdur. Natiq bildirmişdir ki, bu ilin 9 ayı ərzində rayonda 593 yeni iş yeri açılmışdır ki, bunun da 460-ı daimidir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələrində məhsul və xidmətlərin ümumi həcmi 3 234 min manat artaraq 145 739,1 min manata çatmışdır. Bunun 109 445,6 min manatı (75,1 faiz) istehsal, 36 294,1 min manatı ( 24,9 faiz) xidmət sahələrinin payına düşür. Adambaşına 2 389,2 manatlıq, yaxud 17,2 faiz çox məhsul istehsal edilmişdir.
Başçı qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin əsaslı islahatlar xəttinə uyğun olaraq, aqrar sahənin inkişafına yönəldilmiş dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün Prezident İlham Əliyevin yaratdığı əlverişli şəraitin nəticəsində Göygöl rayonunda da son illərdə kənd təsərrüfatı məhsulları istehsalçılarının traktor, kombayn, digər maşın və avadanlıqlarla, toxum, gübrə və pestisidlərlə təminatı yaxşılaşdırılmışdır. Fəal dövlət himayəsinin nəticəsidir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 507,4 min manat çox olmaqla, 41 221,4 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir, bunun da 99,6 faizi özəl bölmənin payına düşür. 2015-ci ilin məhsulu üçün 194,5 hektar sahədə payızlıq səpin aparılmış və yerdə qalan işlər uğurla davam etdirilir.
Heyvandarlıq da inkişaf etmiş, iri mal 20 621 başa, davar isə 167 589 başa çatmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 207,6 ton, ət 90,3 ton, yun 3,1 ton, yumurta 18 min 100 ədəd artmışdır. Heyvanlarda aparılan baytarlıq- profilaktiki tədbirlər nəticəsində yoluxucu xəstəliklər baş verməmişdir.
23 sənaye müəssisəsində ilin əvvəlindən 8077,2 min manatlıq məhsul istehsal edilmişdir. Ümumi məhsulun həcmində qeyri- dövlət bölməsinin xüsusi çəkisi 28,3 faiz olmuşdur. Ticarətin bütün növləri üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 21 254,5 min manat artaraq 93 317,6 min manata çatmışdır. Poçt və rabitə müəssisələri 464,2 min manatlıq xidmət göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 66,9 min manat ( 16,8 faiz) çoxdur.
Rayon ərazisində 2014-cü ilin 9 ayında müxtəlif nazirliklər, komitələr, agentliklər və əhali 62 653,2 min manat əsas kapitala investisiya qoymuş, bunun da 60 147 min manatı tikinti- quraşdırma işlərinə yönəldilmişdir. Bu müddətdə rayon büdcəsinin gəlirləri (dotasiyasız) 2 milyon 931 min manat proqnoza qarşı 3 milyon 256 min manat və ya 111 faiz yerinə yetirilmişdir.
Rayonda sahibkarlığın inkişafından söz açan məruzəçi bildirmişdir ki, bu sahədə yaradılmış münbit şəraitin nəticəsi olaraq, hüquqi şəxslərin sayı 474-ə çatmışdır. Sahibkarlığa Kömək Milli Fondu 156 iş adamına 5 milyon 170,9 min manat dəyərində güzəştli kredit vermişdir.
Dövlət proqramının icrası ilə bağlı bu il 180 şagird yerlik Şəhriyar kənd tam orta, 80 şagird yerlik Bəhrəmbağ kənd ümumi orta məktəb binaları istitadəyə verilmişdir. Köşkü kənd tibb məntəqəsi üçün bina, Xaqani kənd uşaq bağçası, Qızılca və Çaykənd folklor evi, Qızılca kənd kitabxanası isə əsaslı təmir olunmuşdur. 80 şagird yerlik Üçbulaq kənd ümumi orta məktəbi və Zurnabad kənd tibb məntəqəsi, Göygöl şəhərində 100 yerlik, Yeni Qızılca kəndində 50 yerlik uşaq bağçaları üçün binaların tikintisi, 4 saylı “Sevinc” uşaq bağçasının əsaslı təmiri davam etdirilir.
Son illər aparılan əsaslı təmir-bərpa, quruculuq-abadlıq və tikinti işlərinin nəticəsi olaraq, rayona turizm axını güclənmiş, 9 ay ərzində 20 minə yaxın adam gəlmişdir, onlardan 500 nəfəri xaricilər olmuşlar.
Əhalinin sağlamlığının qorunub saxlanılması, onlara göstərilən tibbi xidmətin yaxşılaşdırması istiqamətində də ötən müddətdə müəyyən işlər görülmüşdür. 259,5 min manat dəyərində dərmanlar alınaraq əksər hissəsi imtiyazlı xəstələrə pulsuz paylanmış, yoluxucu xəstəliklərə qarşı 5424 nəfər peyvənd edilmişdir.
Məruzə ətrafında çıxış edən Maliyyə İdarəsinin rəisi Oqtay Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov və digər natiqlər məsul olduqları sahələrdəki durumdan, qarşıda duran vəzifələrdən danışmışlar. Toplantıda göygöllülərin ümumi məramı belə ifadə olunmuşdur: Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, quruculuq- abadlıq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğıya uyğun, rayonda problemlərin aradan qaldırılması, hərtərəfli inkişafın təmin edilməsi istiqamətində tədbirlər bundan sonra da ardıcıl və artan sürətlə davam etdiriləcəkdir.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.