Respublikamızın hər yerində olduğu kimi, Qəbələ rayonunda da 2014-cü ilin doqquz ayı ərzində sosial-iqtisadi inkişaf uğurla davam etdirilib. Rayonun ictimai həyatında da bir sıra əlamətdar hadisələr baş verib.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il yanvar ayının 3-də və sentyabr ayının 22-də Qəbələyə səfərləri zamanı ölkə başçısı bir çox mühüm sosial və iqtisadi xarakterli obyektlərin açılışında iştirak edib, tikintilərdə işlərin gedişi ilə maraqlanıb. Görülmüş işlər barədə fikirlərini bildirən ölkə başçısı rayon rəhbərliyinin qarşısında yeni-yeni vəzifələrin dayandığını söyləyib. Bundan başqa, rüb ərzində Qəbələdə VI Beynəlxalq musiqi festivalı, mürəbbə festivalı, Beynəlxalq Gənclər Forumu və digər yaddaqalan tədbirlər həyata keçirilib.
Rayonun sosial- iqtisadi həyatında qeydə alınan göstəricilər də kifayət qədər ürəkaçandır. Belə ki, ilin geridə qalan dövründə iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 216 milyon 550 min manatlıq məhsul istehsal edilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 3 milyon 815 min manat, yaxud 1,8 faiz çoxdur. Eləcə də keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 128 min manat, yaxud 0,9 faiz, kənd təsərrüfatında 1milyon 210 min manat, yaxud 2,5 faiz, tikintidə 1 milyon 101 min manat, yaxud 0,9 faiz, nəqliyyatda 149 min manat, yaxud 6,1 faiz, rabitədə 30 min manat, yaxud 4,8 faiz, ticarətdə 1 milyon 197 min manat, yaxud 5,3 faiz artıq olub. Sənaye mallarının istehsalında və xidmətlərin göstərilməsində qeyri-dövlət bölməsinin xüsusi çəkisi 60,7 faiz təşkil edib.
İlin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş ümumrayon yığıncağında hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qeyd etdi ki, hesabat dövründə əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılıb. 9 ay ərzində bütün növ istehlakçı qruplar tərəfindən 74 milyon 820,9 min kilovatsaat elektrik enerjisi istehlak edilib və enerji haqqının yığım planı 90,7 faiz yerinə yetirilib. Rayonun qaz istehlakçıları tərəfindən 27 milyon 474,8 min kubmetr təbii qaz istehlak edilib, istehlak edilmiş qaza görə toplanan ümumi yığım məbləği 101,5 faiz təşkil edib.
Azərbaycan hökuməti və Dünya Bankının maliyyə dəstəyi əsasında Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində birinci mərhələ üzrə işlər tamamlanıb, ikinci mərhələ üzrə isə tikinti işləri davam etdirilib. “Qaraçay”, “Duruca” su mənbələrində yerləşən anbarlar lil və qumdan təmizlənib, qurğularda cari təmir işləri görülüb. Şəhərin küçələrində aparılan abadlıq işləri ilə əlaqədar mövcud su təchizatı və kanalizasiya xətlərində müxtəlif diametrli borular dəyişdirilib, təmir-bərpa işləri aparılıb. Hərbi şəhərcikdə, qaçqın şəhərçiyində və beşmərtəbəli yaşayış binalarının qarşısındakı artezian quyularında nasoslar dəyişdirilib, Elçin Kərimov küçəsində yeni artezian quyusu qazılıb.
Hesabat dövründə Mirzəbəyli - Çuxur Qəbələ - Dizaxlı - Çarxana avtomobil yolunun tikintisi, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının “N” saylı alayının, Gilan-qida şəhərciyinin, kartof soyuducu anbarının, Çuxur Qəbələ kəndində Arxeleoji Araşdırmaların Tədqiqatı Mərkəzinin, Qafqaz-Yengicə Thermal Hotel və SPA kompleksinin, Yengicə kəndində 80 şagird yerlik və Zirik kəndində 220 şagird yerlik ümumi orta məktəb binalarının tikintiləri başa çatdırılıb, Böyük Pirəli kənd tam orta məktəbi isə əsaslı təmir olunub.
Hazırda Qəbələ Futbol Akademiyası və stadionlar kompleksində, Dəmiraparan çayı üzərindəki 10 aşırımlı 324 metrlik dəmir - beton körpüdə, “Aquapark” istirahət kompleksində, “Qolf-klub” kompleksində, “Tufandağ” dağ-xizək yay-qış istirahət kompleksində, hərbi xidmətə cağırış üzrə dövlət xidmətinin rayon şöbəsinin inzibati binasında, 3 ulduzlu otel binasında, rayon məhkəməsinin inzibati binasında, Savalan kəndindəki Raftinq Mərkəzində, Laza sərhəd zastavasında, Nohur gölü sahilindəki sanatoriya kompleksində, Gömrük Akademiyasında, “Asan” xidmətin Qəbələ rayon filialında, atıcılıq və atçılıq mərkəzlərində, YAP Qəbələ rayon təşkilatının və kənd təsərüfatı idarəsinin inzibati binalarında tikinti-quraşdırma işləri davam etdirilir. Eləcə də, yeni inşa olunmuş şəhər 5 saylı tam orta məktəbin binasında tamamlama işləri görülür.
Ölkənin əsas turizm mərkəzlərindən birinə çevrilən Qəbələdə 17 mehmanxana və mehmanxana tipli turizm-istirahət mərkəzləri fəaliyyət göstərir. Onların arasında 5 otel beşulduzlu, 1 otel isə dördulduzludur. Bir gündə 2000-dən artıq turisti qəbul etmək imkanı olan mərkəzlərə ilin 9 ayı ərzində 40 min nəfərdən artıq turist gəlmişdir.
Rayon rəhbəri qeyd etdi ki, əldə edilən uğurlar bizi qarşımızda duran məsuliyyətli vəzifələrin daha inamla həyata keçirilməsinə ruhlandırır. Əminliklə bildirmək istəyirəm ki, Qəbələ Rayon İcra Hakimiyyəti əlamətdar və tarixi hadisələrlə zəngin olan 2014-cü ili daha böyük nailiyyətlərlə başa çatdırmaq üçün fəaliyyətini genişləndirəcək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrini, eyni zamanda qanunvericiliklə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi ilə bağlı lazım gələn bütün tədbirləri həyata keçirəcəkdir.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.