Xətai rayonunun 2014-cü ilin üçüncü rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş iclasında icra hakimiyyətinin başçısı Razim Məmmədov geniş hesabat məruzəsi ilə çıxış etdi.
Natiq qeyd etdi ki, Azərbaycanda, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf xətti 2014-cü ilin üçüncü rübündə də davam etdirilərək, ölkənin sosial-iqtisadi tərəqqisi naminə bir çox uğurlar əldə olunmuşdur. Nazirlər Kabinetinin bu il oktyabrın 8-də keçirilən geniş iclasında Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, “ilin əvvəlindən bu günə qədər Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Çünki son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmişdir. Avropada iqtisadi maliyyə böhranı davam edir, ancaq Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunur və bu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artmışdır”. Ümumi daxili məhsulumuzun strukturu yaxşılaşmış, ölkədə iqtisadi inkişafı göstərən əsas göstərici - qeyri-neft sektorunda inkişaf yüksək templə davam edərək 6 faiz artmışdır.
Sonra Razim Məmmədov cari ilin üç rübündə rayonda görülən işləri geniş təhlil edərək bildirmişdir ki, Xətai rayonunun da iqtisadi göstəriciləri yüksək olmuşdur. Ötən 9 ayda rayonun iqtisadi və sosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər təhlil edilərkən müəyyən olunmuşdur ki, rayonda məhsul istehsalı və xidmət sahələrinin dinamik inkişafı təmin olunmuş, onlara mütənasib olaraq sosial məsələlər uğurla həll edilmişdir.
İlin əvvəlindən bu günə rayon iqtisadiyyatının əsasını təşkil edən sənaye dinamik inkişaf etmiş, 931 milyon 290,6 min manatlıq, yəni keçən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Rayonun tikinti kompleksində bütün maliyyə mənbələri hesabına istifadə olunmuş 162 milyon 378,5 min manatlıq investisiyadan 98 milyon 163,6 manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqyisədə 35,8 faiz çoxdur.
İstehlak və xidmət bazarlarında əhaliyə 1 milyard 56 milyon 725,5 min manatlıq və ya keçən ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 12,6 faiz, pullu xidmətlərin həcmi isə 11,3 faiz artmışdır. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artaraq 650,3 manata çatmışdır.
Respublikanın hər yerində olduğu kimi rayonda da Prezident cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsası kimi sahibkarlığın inkişaf etdirilməsi, ona dövlət dəstəyinin verilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Onlara yaradılmış şəraitin nəticəsində hesabat dövründə 3527 yeni iş yeri, 2003-cü ilin oktyabrından bu il oktyabrın 1- dək 36 min 773 yeni iş yeri yaradılmışdır ki, bunun da 36 min 567-si daimidir.
Hesabat dövründə aparılan abadlaşma və yenidənqurma işlərinin həcmi artmış, Bakı Ağ şəhər layihəsinin inşaasında, Yeni Ağ şəhər bulvar kompleksində işlər sürətləndirilmiş, Boks Federasiyasının İdman Kompleksinin tikintisi davam etdirilmiş, Fransız məktəbinin tikintisi başa çatdırılmış, Nobel prospektində yeraltı keçidin və Xəqani Rüstəmov küçəsinin Babək prospeki ilə birləşdirilməsi məqsədi ilə yeni yolun tikintisinə başlanmışdır. Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin, rayon Mühafizə İdarəsinin və 3 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin yeni inzibati binalarının tikintisi başa çatdırılmış, digər SİƏD üzrə nümayəndəliklərin və bir seçki dairəsinin inzibati binalarında isə son tamamlanma işləri aparılır.
Rayon ərazisindəki yaşayış binalarının fasadlarının əsaslı təmiri ilə əlaqədar yeni layihənin icrasına başlanmışdır. Bu layihənin həyata keçirilməsi nəticəsində 14 binanın fasadı tam yenilənəcəkdir.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq sosial obyektlərin, təhsil müəssisələrinin və bağçaların tikintisi diqqətdə olmuş və hesabat dövründə 194 nömrəli məktəbin yenidən inşası, 48 və 56 saylı orta məktəblərin əsaslı təmiri, 63 nömrəli məktəbin əlavə tədris korpusunun tikintisi, 171 saylı orta məktəbdə yeməkxana və akt zalının, 116 saylı orta məktəbdə isə istilik sisteminin təmiri işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
R.Məmmədov onu da vurğuladı ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda rayonumuzun 8 məktəbinin əsaslı təmiri, bunlardan bir neçəsində əlavə tədris korpusunun tikintisi, 64 saylı məktəbin cari təmiri, 8 məktəbin idman meydançalarının yenidən qurulması, 5 saylı Bakı peşə liseyinin, 3 saylı uşaq evinin və 3 uşaq bağçasının əsaslı təmiri, 1 uşaq bağçasının yenidən tikintisi nəzərdə tutulmuşdu.
Hesabat dövründə bu Dövlət Proqramına uyğun olaraq 5 saylı Bakı peşə liseyi, 64, 204, 245 və 257 saylı məktəblər əsaslı təmir olunaraq istifadəyə verilmiş, 3 saylı uşaq evində, 58 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri, 245 nömrəli tam orta məktəbin əlavə tədris korpusunun inşası isə hazırda davam etdirilir.
Cari ilin əvvəlindən həyata keçirilməyə başlanan 2-ci və 3-cü yaşıllaşdırma proqramlarına uyğun olaraq Azadlıq prospekti - Hava Limanı istiqamətində Nobel prospekti boyunca yolun hər iki istiqamətində yaşıllaşdırma işləri başa çatdırılmışdır.
İcra başçısı çıxışında ölkə rəhbərinin tapşırığı ilə bu ilin fevral - may aylarında əhalinin tibbi müayinədən keçirilməsi, təhsil ilinin sonunda əldə olunan nailiyyətlərdən, müntəzəm xarakter almış səyyar qəbulların keçirilməsindən, qarşıdan gələn qış mövsümü ilə bağlı əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində görülən hazırlıq işlərindən və həyata keçiriləcək tədbirlərdən də danışdı.
R.Məmmədov xüsusi qeyd etdi ki, bütün bu nailiyyətlərin əsasında Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi, ictimai-siyasi strategiya durur.
Yığıncaqda iştirak edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və çıxış edən digər natiqlər də bu ilin doqquz ayında rayonda görülən işlərə münasibət bildirərək, rayon icra hakimiyyəti başçısının hesabatını qənaətbəxş hesab etdilər. Natiqlər vurğuladılar ki, dünyada davam edən iqtisadi böhrana və gərgin siyasi qarşıdurmalara baxmayaraq, xalqımızın tam sabit şəraitdə yaşadığı Azərbaycanda sosial iqtisadi inkişaf yüksələn templə davam etmişdir.
Hesabat iclasına yekun vuran icra hakimiyyətinin başçısı R.Məmmədov bütün qüvvələri ili uğurla başa vurmağa səfərbər etmək üçün rayonun müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.
İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto), “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.