Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün infrastruktur sahələrinin inkişafı ilə bağlı dövlət siyasəti həyata keçirilir. Bu baxımdan sosial infrastrukturun yenidən qurulması, ölkə əhalisinin içməli su təminatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər diqqəti cəlb edir.
2014-cü ilin doqquz ayında da bu sahədə mühüm işlər görülüb. Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatında müstəsna əhəmiyyət daşıyacaq Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun inşası ilə bağlı işlərin böyük əksəriyyəti yerinə yetirilib. Xatırladaq ki, 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş bu layihəyə uyğun olaraq ultrasüzgəc binası, binanın daxili texnoloji xətləri, subölüşdürücü kamera, xam su anbarı, nasos stansiyasının, sərfölçən qurğuların, Ceyranbatan gölündən xam su anbarına suyu ötürəcək mikrotunel tipli xətti, sugötürücü qurğu tikilərək istismara tam hazır vəziyyətə gətirilib. Təsdiq olunmuş layihəyə əsasən qurğuda ən son texnologiyaya əsaslanan 5 minə yaxın membran süzgəc quraşdırılacaq ki, onların da ümumi məhsuldarlığı saniyədə 6 kubmetr və ya sutkada 520 min kubmetr təşkil edəcək. Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğuda aparılan işlərlə yanaşı, emal olunacaq suyun istehlakçılara çatdırlması məqsədilə magistral kəmərlərin və anbarların inşasında da böyük uğurlar əldə olunub. Belə ki, Ceyranbatan-Balaxanı-Ramana-Qala magistral xətti və Qala anbarının inşası 2013-cü ildə, anbardan Zirə qəsəbəsinə qədər olan kəmərin inşası isə bi il başa çatdırılıb. Magistral kəmər boyu Balaxanı və Zirə anbarlarının tikintisi də sona çatmaq üzrədir. Eyni zamanda, Hökməli qəsəbəsi ərazisində 20 min kubmetr tutumu olan iki anbarın (“+118 Abşeron”), ultrasüzgəcli qurğudan anbarlara qədər 11,2 kilometr uzunluğunda magistral xəttin inşası da yekunlaşıb. Qeyd edək ki, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğu, magistral kəmər, anbar və infrastrukturun digər obyektləri istismara buraxılandan sonra Abşeron yarımadasında 1 milyon nəfərdən artıq əhali fasiləsiz və keyfiyyətli içməli su ilə təmin ediləcəkdir. Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş layihələrə uyğun olaraq içməli su və kanalizasiya şəbəkələrinin yaradılması və yenidən qurulması, mövcud şəbəkələrdə sağlamlaşdırma tədbirləri də davam etdirilib. Bununla yanaşı, hesabat dövründə Abşeron yarımadasında yaranan çirkab suların operativ idarə edilməsi üçün xüsusi əhəmiyyət daşıyan və yeni texnologiyaya əsaslanan kanalizasiya kollektorlarının (Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan, Dərnəgül-Qaraçuxur və Pirşagı kanalizasiya tunelləri) inşası sahəsində xeyli iş görülmüş, Lökbatan qəsəbəsi yaxınlığındakı çirkab sutəmizləyici qurğuda işlər sürtətləndirilib.
Hazırda “Azərsu” ASC-nin sifarişi ilə 24, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə 8, Ərazilərin Bərpası və Yenidənqurulması Agentliyinin sifarişi ilə 6 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Bu layihələrin 21-i beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər, 17-si isə dövlət büdcəsi vəsaiti hesabına reallaşdırılır. Həmin layihələrin icrası magistral kəmərlərin keçdiyi ərazilərdə və rayon mərkəzlərinin yaxınlığında yerləşən kəndlərin də su probleminin həllinə imkan yaradacaqdır. Layihələrin icrasını daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bəzi şəhərlərdə keçirilmiş təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak etməsi işlərin gedişini xeyli sürətləndirib. İçməli su çatışmazlığının müşahidə olunduğu Kürətrafı rayonlarda su probleminin həll edilməsi məqsədilə Talış-Sabirabad-Saatlı magistral su kəmərinin tikintisi uğurla başa çatdırılmışdır. Azərbaycan hökuməti ilə Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilən bu layihə Aran bölgəsində 2 şəhərin və 44 kəndin 143 min nəfər sakinini keyfiyyətli içməli su ilə təmin etməyə imkan verəcəkdir. Mənbəyini Hacıqabul rayonunun Talış kəndi yaxınlığında yerləşən Kür sutəmizləyici qurğular kompleksindən götürən Talış-Sabirabad-Saatlı su kəməri 61,5 kilometr layihələndirilmişdir. Bundan əlavə, layihə çərçivəsində Sabirabad və Saatlı şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturları da yenidən qurulur. Gəncə şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması layihəsi üzrə də mühüm işlər görülmüşdür. Artıq Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərində həyata keçirilən içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin birinci mərhələsi yekunlaşmış, ötən ayın 23-də Almaniya Bundestaqı üzvlərinin iştirakı ilə Göygöl mənbəyindən şəhərə suyun verilməsinin rəsmi açılışı keşirilmişdir. Cari ilin ötən dövründə Xanbulançay su anbarının sahilində Lənkəran və Astara şəhərlərinin, həmçinin ətraf kəndlərin keyfiyyətli içməli su təchizatı üçün nəzərdə tutulmuş və sutkalıq məhsuldarlığı 30 min kubmter təşkil edən sutəmizləyici qurğunun inşası başa çatdırılmışdır. Bu ilin iyun ayında Ermənistan qoşunlarının təmas xəttində yerləşən Tovuz rayonunun Əlibəyli kəndinə suyun verilməsi xüsusi qeyd edilməlidir. Düşmənlə bir neçə yüz metr məsafədə yerləşən və daim atəş altında olan kənddə subartezian quyusunun qazılması, anbarların, xətlətin tikintisi qısa müddətdə başa çatdırılmışdır. Eyni zamanda, Yardımlı, Masallı, Tərtər, Ağcabədi, Ağdam, Salyan və digər rayonların sudan əziyyət çəkən kəndlərinin də içməli su problemi həll olunmuşdur. Bütövlükdə isə 2014-ci ilin ötən dövründə “Azərsu” ASC tərəfindən su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, ilin doqquz ayı ərzində ölkə üzrə 126,5 kilometr magistral su xətti çəkilmişdir ki, bunun da 84 kilometri regionların payına düşür. Bundan əlavə, yeni mənbələrdən verilən içməli suyun istehlakçılara çatdırılmasını təmin etmək məqsədilə şəbəkə su xətlərinin tikintisi sahəsində də işlər getdikcə intensivləşdirilir. Cari ilin doqquz ayında bu məqsədlə 547 kilometri regionlarda olmaqla 716 kilometr uzunluğunda şəbəkə su xətləri çəkilmişdir. Yeri gəlmişkən, regionların içməli su təchizatının yaxşılaşdırılmasına diqqətin daha bir bariz nümunəsi ölkənin digər şəhər və rayonlarda çoxsaylı su anbarlarının tikintisi ilə bağlıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin doqquz ayında inşa olunmuş 14 su anbarının hamısı məhz regionların payına düşür. Eyni zamanda, yeni su mənbələrindən və magistral xətlərdən uzaqda yerləşən yaşayış məskənlərinin içməli su təchizatının yaxılaşdırılması məqsədilə ilin ötən dövründə regionlarda 12 ədəd artezian və subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. “Azərsu” ASC-nin reallaşdırdığı layihələr sırasında kanalizasiya kollektorları və çirkab su xətlərinin tikintisi də mühüm yer tutur. Onu da qeyd edək ki, işlərin əksəriyyəti uzun illər bu sahədə böyük problemlərin müşahidə olunduğu regionlarda həyata keçirilir. Belə ki, ilin ötən doqquz ayında ölkə üzrə tikilmiş 256 kilometrlik kanalizasiya kollektorları və xətlərinin 225 kilometri məhz regionların payına düşmüşdür. Bununla yanaşı, yağış sularının axıdılması məqsədilə tikilmiş 11 kilometrlik ümumi xəttin də 10 kilometri regionlarda reallaşdırılmışdır. Son zamanlar “Azərsu” ASC tərəfindən sayğaclaşdırma işləri xeyli intensivləşdirilib. Təkcə bu ilin doqquz ayında ölkə üzrə 119 min ədəd “smart-kart” tipli sayğac quraşdırılıb ki, bunun da 45 mini regionların payına düşür. İlkin olaraq bu tip sayğacların quraşdırılması qeyri-əhali qrupu üzrə həyata keçirilirdisə, artıq bir neçə ildir ki, əhali qrupunun da bu prosesə cəlb olunması həyata keçirilir. Bütövlükdə isə “Azərsu” ASC tərəfindən istər paytaxtda, istərsə də regionlarda “smart-kart” tipli sayğacların quraşdırılmasından əsas məqsəd istehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması, itkilərin və sudan qanunsuz istifadə hallarının qarşısını almaqdan ibarətdir. Yeri gəlmişkən, son zamanlar su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericiliyin pozulması halları ilə mübarizə tədbirləri xeyli sərtləşdirilib. Belə ki, Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanununun 72-ci maddəsinə əsasən, bu qanun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Eyni zamanda, su təchizatı və kanalizasiya müəssisələri də sözügedən qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən müəyyənləşdirilmişdir. Belə ki, sözügedən məcəllənin 189-cu maddəsinin birinci bəndinə əsasən, təbii qazdan, sudan, elektrik və ya istilik enerjisindən qeyri-qanuni istifadə talançılıq kimi qiymətləndirilir və min manatdan üç min manatadək cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda ziyan vurulmaqla törədildikdə isə üç min manatdan beş min manatadək cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Onu da deyək ki, 2014-cü il iyun ayının 17-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Sudan istifadə Qaydaları” təsdiq edilmişdir. Məlum olduğu kimi, regionların inkişafını, əhalinin həyat səviyəsinin yüksəldilməsini və insanların sağlamlığını prioritet elan etmiş Prezident İlham Əliyev ölkənin şəhər və rayonlarının, eləcə də Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı mühüm tapşırıqlar vermişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində bu ilin doqquz ayında 100 min nəfəri regionlarda olmaqla ölkə üzrə 175 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmış, 117 min nəfər isə fasiləsiz içməli su ilə təmin edilmişdir ki, bunun da 78,5 min nəfəri regionlarda yaşayır. Eyni zamanda, yanvar-sentyabr aylarında ölkə üzrə 69 min nəfəri regionlarda olmaqla 106 min nəfər ilk dəfə içməli su ilə təmin edilmişdir. Bununla da, “Azərsu” ASC üzrə abunəçilərin sayı 1 milyon 308 min nəfərə çatdırılmışdır. Müqayisə üçün deyək ki, 2014-cü il yanvarın 1-nə abunəçilərin sayı 1 milyon 218 min nəfər təşkil etmişdir.
Bu ilin ötən dövründə ölkəmizdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı daha iki beynəlxalq layihə həyata vəsiqə almışdır. Belə ki, Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə İnkişaf Fondu arasında “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə 35 milyon dollarlıq, Koreya Respublikasının İxrac-idxal Bankı ilə isə “Pirşağı çirkab sutəmizləyici qurğusunun tikintisi” layihəsi üzrə 44 milyon dollarlıq kredit sazişləri imzalanmışdır.
Su təchizatı sahəsində aparılan işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqinin də daim nəzarətdə saxlanılması zərurətini yaradır. Təsadüfi deyil ki, bu vacib məsələyə toxunan Prezident İlham Əliyev demişdir: “Su sağlamlıq deməkdir. Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. Elə etməliyik ki, dünyada mövcud olan ən qabaqcıl meyarlar Azərbaycanda bütün sahələrdə, o cümlədən insanın sağlamlığı üçün əsas olan içməli su məsələlərində tətbiq edilsin”. Heç şübhəsiz, Prezident İlham Əliyevin söylədiyi bu fikirlər Azərbaycanda insan amilinə verilən önəmin təcəssümüdür. Bu baxımdan “Azərsu” ASC-nin mərkəzi laboratoriyasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Açılışında Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirak etdiyi laboratoriyada quraşdırılmış müasir avadanlıqların köməyilə içməli suyun 84, tullantı sularının isə 54 olmaqla 138 parametrini təyin etmək mümkündür. Artıq laboratoriyanın beynəlxalq akkreditasiyadan keçirilməsi istiqamətində işlərə başlanılmışdır.
İlin ötən dövründə əldə olunmuş uğurlara baxmayaraq, Azərbaycanın su təchizatı sektorunda görüləsi işlər hələ çoxdur. “Mən istəyirəm ki, hər bir şəhərə, hər bir kəndə 24 saat keyfiyyətli su verilsin”— deyən Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq qarşıdakı aylarda Gədəbəy, Astara, Daşkəsən, Tərtər, Qobustan şəhərlərində də işlərə başlanılması nəzərdə tutulmuşdur.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.