Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya arasında "AGRİ" layihəsinin dəstəklənməsi üzrə nazirlərin görüşü keçirilmişdir

Sentyabrın 13-də Bakıda Azərbaycan, Gürcüstan və Rumıniyanın energetika nazirlərinin AGRİ (Azerbaijan-Georgia-Romania İnterconnector) layihəsi üzrə görüşü keçirilmişdir.
Görüşdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, habelə Macarıstanın nümayəndələri iştirak etmişlər.
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirmişdir ki, artıq bir neçə aydır tərəflərin layihə ilə bağlı təklifləri öyrənilir. Sentyabrın 14-də isə Azərbaycan, Gürcüstan və Rumıniya arasında layihənin həyata keçirilməsi ilə bağlı birgə bəyannamə imzalanacaqdır. Layihə çərçivəsində birgə üçtərəfli şirkət yaradılacaqdır. Şirkət ilk növbədə layihə üçün maliyyə mənbələrinin axtarışı ilə məşğul olacaqdır.
Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton demişdir ki, AGRİ layihəsi həyata keçirildikdən sonra Azərbaycanın maye qazının Gürcüstan və Qara dəniz vasitəsi ilə Rumıniyaya nəqli enerji mənbələrinin şaxələndirilməsinə şərait yaratmaqla yanaşı, regionun enerji təhlükəsizliyinə də böyük töhfə verəcəkdir. Rumıniyalı nazir sentyabrın 14-də layihə ilə bağlı Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək zirvə görüşünü tarixi hadisə adlandırmışdır.
Gürcüstanın energetika naziri Aleksandr Xetaquri isə layihənin iki mərhələdən ibarət olacağını söyləmişdir. Bu, texniki iqtisadi əsaslandırma və maliyyə resurslarının axtarışı ilə bağlı mərhələlərdir.
Xatırladaq ki, sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya arasında "AGRİ" (Azerbaijan-Georgia-Romania İnterconnector) layihəsinin dəstəklənməsi üzrə zirvə görüşü keçiriləcəkdir. Görüşdə Bakı bəyannaməsinin imzalanması gözlənilir.
Rumıniya, Azərbaycan və Gürcüstan arasında "AGRİ" layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu cari il aprelin 13-də Buxarestdə imzalanmışdır.
"AGRİ" layihəsi çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, tankerlərlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Gələcəkdə Azərbaycan qazını Avropa İttifaqına üzv ölkələrə ixrac etmək üçün Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəməri çəkilməsi də nəzərdə tutulur.
Layihə çərçivəsində Konstansa (Rumıniya) və Kulevi (Gürcüstan) limanlarında maye qaz terminalları yaradılacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında