Azərbaycanla Tacikistan arasında Hökumətlərarası Komissiyanın Düşənbədə keçirilən 3-cü iclası və biznes forumu iki ölkənin işgüzar xarakter alan əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərdi.
Azərbaycandan Tacikistana bir sıra məhsullar ixrac olunur. Meyvə və tərəvəz şirələri, şirniyyat məmulatları bu gün Tacikistan bazarında əhəmiyyətli yer tutur. Kənd təsərrüfatı üzrə müvafiq institutlar arasında əlaqələr inkişaf etdirilib. Meliorasiya sahəsində informasiya və təcrübə mübadiləsi aparılır, energetika və nəqliyyat sahələrində əməkdaşlıq genişləndirilir. İndiyədək iki ölkə arasında iqtisadi sahələr də daxil olmaqla, əməkdaşlığın hüquqi əsaslarını formalaşdıran 35 sənəd imzalanıb.
Bu məlumatlar Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Düşənbədə keçirilən 3-cü iclasında səsləndirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a verilən məlumata görə, həmsədrlər Hökumətlərarası Komissiyanın 2-ci iclasından ötən dövr ərzində görülmüş işlərdən bəhs ediblər.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin Azərbaycan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini vurğulayıb, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Ş.Mustafayev qeyd edib ki, bitki mühafizəsi, mülki müdafiə, fövqəladə hallar, səhiyyə, elm sahəsində saziş layihələri üzrə işlər başa çatdırılıb və bu sənədlər razılaşdırılıb. “Azərbaycan Respublikası hökuməti və Tacikistan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Proqramın həyata keçirilməsinə dair Tədbirlər Planı”nda nəzərdə tutulan məsələlər hərtərəfli müzakirə olunub.
Azərbaycanın etibarlı tərəfdaş, iri regional layihələrin təşəbbüskarı, Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu vurğulayan nazir regional əməkdaşlığa ciddi təhdid və maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini də diqqətə çatdırıb.
Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şərif Rahimzoda ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində komissiyanın səmərəli fəaliyyət göstərdiyini bildirib. Tacikistan və Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu deyən nazir Azərbaycan iş adamlarını Tacikistanda həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib.
Komissiyanın iclasında Azərbaycandan Tacikistana ixrac olunan məhsulların diversifikasiyasına, qarşılıqlı investisiya qoyuluşu üçün investisiya layihələrinə dair məlumat mübadiləsinə, birgə müəssisələrin yaradılması imkanlarına, hər iki ölkədə iş adamlarının iştirakı ilə birgə sərgi, forum, konfrans və digər tədbirlərin keçirilməsinə dair müzakirələr aparılıb.
Sonda Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 3-cü iclasının yekunlarına dair protokol imzalanıb. Sənəddə müqavilə-hüquqi bazanın genişləndirilməsi, ticarət, iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, bank, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, energetika və su ehtiyatları, səhiyyə, təhsil və elm, mədəniyyət və turizm, miqrasiya və məşğulluq, ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin inkişafı nəzərdə tutulur.
İclas çərçivəsində həmçinin, “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Proqramın həyata keçirilməsinə dair Tədbirlər Planı” və “Azərbaycan Dəmir Yolları” QSC ilə Tacikistanın müvafiq qurumu arasında əməkdaşlığa dair protokol imzalanıb.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti Düşənbədə keçirilən İqtisadiyyat və İnvestisiya Forumunda da iştirak edib.
Tacikistana investisiya qoyuluşu imkanlarının təqdimatı məqsədi ilə təşkil olunmuş forumda Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon çıxış edib, forum çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşu imkanlarına dair plenar iclaslar keçirilib. Forum Azərbaycan sahibkarlarına Tacikistanın biznes və investisiya mühitinə dair ətraflı məlumat əldə etmək, yeni biznes tərəfdaşları tapmaq və işgüzar əlaqələri daha da genişləndirmək imkanı yaradıb.
Səfər çərçivəsində Tacikistan-Azərbaycan biznes forumu da keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, energetika, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes və investisiya, eləcə də ixrac imkanları barədə məlumat verib, Tacikistanın iş adamlarını Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət nazirinin müavini Saidrahmon Nazriyev də öz növbəsində ölkəsinin investisiya imkanlarından və həyata keçirilən layihələrdən danışıb, forumun iqtisadi əməkdaşlığın inkişafına, eləcə də iş adamları arasında yeni əlaqələrin qurulmasına töhfə verəcəyinə əminliyini bildirib.
Biznes forumda Azərbaycan sahibkarları təmsil etdikləri şirkətlər barədə təqdimatlarla çıxış edərək, Tacikistan bazarına məhsul ixracı ilə bağlı maraqlarını diqqətə çatdırıblar.
Tədbir iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam etdirilib.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.