Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunmuşdur.
Toplantını giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, 9 ay ərzində ölkəmiz dinamik inkişaf etmiş, ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru 6 faiz, əhalinin pul gəlirləri 5,4 faiz artmış, inflyasiya cəmi 1,5 faiz olmuşdur. İlin əvvəlindən ölkəmizin maliyyə resursları 3,6 milyard dollar artaraq 53 milyarda çatmışdır ki, bu da ölkə başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Hesabat dövründə Səbail rayonunun sosial- iqtisadi uğurlarını şərh edən natiq bildirmişdir ki, iri sənaye müəssisələrində 16 milyard 931,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Nəqliyyat müəssisələri 350,5 milyon manatlıq xidmətlər göstərmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1,4 faiz çoxdur. Rabitə müəssisələrinin göstərdiyi xidmətlər isə 156,1 milyon manatlıq və ya keçən ilin müvaifq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
Pərakəndə ticarət şəbəkəsində əhaliyə 220,6 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 20,2 faiz çox istehlak malları satılmışdır. 294,5 milyon manatlıq pullu xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin 9 ayındakından 2,7 faiz çoxdur. İaşə xidmətləri isə 78,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 28,6 faiz artıqdır. Səbail rayonunda çalışan işçilərin sayı 113001 nəfər, orta aylıq əmək haqqının məbləği isə 967,3 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 0,9 faiz çoxdur. 9 ay ərzində Səbail rayonu ərazisində 1383 yeni iş yeri açılmışdır. Bunların hamısı daimdir.
Bütün maliyyə mənbələri hesabına rayonda əsas kapitala investisiya 2 milyard 939,7 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 faiz təşkil edir. Tikinti- quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1 milyard 627 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti-quraşdırma işləri 55,3 faiz çoxdur .
Hesabat dövrü ərzində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binası istifadəyə verilmiş, 2 saylı şəhər poliklinikasında, “Turac” uşaq bağçasında, Bibiheybət qəsəbə mədəniyyət evində və kitabxanası da aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmışdır. 20-ci sahə ərazisində 109 saylı 35 kilovoltluq yeni yarımstansiya şəbəkəyə qoşulmuşdur. Badamdar qəəsəbəsində isə yeni idman kompleksinin və 3 yeni su anbarının tikintisi davam etdirilir.
Hazırda rayon ərazisində Su idmanı sarayının, “Alov qüllələri” kompleksinin, “Xəzər Waterfront” istirahət-əyləncə-alış-veriş mərkəzinin, Oksford məktəbi üçün yeni tədris korpusunun, “İnterkontinental” mehmanxanasının, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin, 20-ci sahədə Səbail Rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar Məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, kütləvi informasiya vasitələri işçiləri üçün daha bir binanın tikintisi davam etdirilir. Bayıl dairəsində genişmiqyaslı abadlıq və yeraltı keçidin tikintisi, Əl oyunları sarayının və İncəsənət muzeyinin əsaslı təmiri, dövlət başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması işləri sürətlə aparılır.
Heydər Əliyev Fondunun nəcib təşəbbüsü ilə Badamdar qəsəbəsindəki “Könül” körpələr evi-uşaq bağçasında əsaslı təmir-yenidənqurma işləri aparılmış, sentyabrın 15-də Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyeva burada yaradılan şəraitlə tanış olmuşdur.
Şəhərin mərkəzi və Bayıl yaşayış ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri işləri çərçivəsində Qurban Abbasov küçəsindəki 35, 76 və 78 saylı, Fikrət Əmirov küçəsindəki 1 və 2, Neftçilər prospektindəki 111, 121, 131 saylı binaların üzlənməsi başa çatdırılmışdır. Üzeyir Hacıbəyli küçəsi 18 və 23, Adil İsgəndərov küçəsi 1 və 3/5, Neftçilər prospekti 129, Bülbül prospekti 3 ünvanlarında yerləşən binaların, Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi davam etdirilir.
Daha sonra bildirilmişdir ki, hesabat dövründə təsərrüfat xidmətləri də bir sıra işlər həyata keçirmişdir. Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi bir sıra binalara gedən istilik xətlərində, dam örtüklərində təmir işləri aparmış, su və kanalizasiya xətlərini dəyişdirmişdir. Mərkəzdəki bir sıra binaların fasadı rənglənmiş və ərazidə abadlıq-təmizlik işləri görülmüşdür. Sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirillmiş, narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.
Badamdar qəsəbəsində hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilmişdir.
Səbail Rayon İcra Hakimiyyətində tarixi günlərdə və bayramlarda bir sıra şənliklər, kütləvi tədbirlər keçirilmişdir. 9 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 12767 olmuşdur.
Səbail RİH-in şöbə müdiri Qabil Vahidov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova və başqaları çıxış edərək ayrı- ayrı sahələrdəki uğurlardan, qarşıda duran məsələlərdən danışmışlar. Müzakirələrdə əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən tədbirlər də diqqət mərkəzində olmuşdur.
İclasın sonunda dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar təltif olunmuş rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayevə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, bu yaxınlarda “Əməkdar müəllim” fəxri adı almış və “Tərəqqi” medalı ilə təltif olunmuş müəllimlərə RİH-in qiymətli hədiyyələri təqdim olunmuşdur.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.