Sənaye klasterlərinin yaradılması dünyada uğur gətirən bir təcrübədir

Sənayeləşmə iqtisadiyyatda bu aparıcı sahənin  xüsusi çəkisinin artırılması yolu ilə yeni mərhələyə sürətli sosial-iqtisadi keçid prosesidir. Bu proses xüsusilə metallurgiya, maşınqayırma, cihazqayırma, energetika kimi sənaye sahələrində yeni texnologiyaların inkişafı ilə əlaqədardır. Sənayeləşmə prosesi investisiyaları və iqtisadi inkişafı stimullaşdıraraq cəmiyyətin dünyaya baxışını dəyişdirir. Bunu dünyada sənaye inqilabının baş verdiyi ilk ölkə olan İngiltərənin timsalında da aydın görmək olar.

Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə neft maşınqayırma kompleksi, dərin özüllər, məişət kondisionerləri, elektron hesablama maşınları zavodları istifadəyə verildi. Sənaye sahələrinin şaxələnməsi həyata keçirilərək neft maşınqayırması ilə yanaşı, dəzgahqayırma, elektrotexnika və elektronika, cihazqayırma, yol-inşaat maşınları və digər sahələr inkişaf etdirildi. Regionların sənaye potensialının yüksəldilməsi kimi uzaqgörən siyasət həyata keçirilərək Gəncə, Sumqayıt, Daşkəsən, Şirvan, Ağdam, Xaçmaz və digər şəhərlərdə sənaye kompleksləri yaradıldı.

1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyası irəli sürüldü və 14 ölkənin 30 iri neft şirkəti ilə ümumi dəyəri 60 milyard dollara yaxın olan 25-dən artıq beynəlxalq saziş imzalandı. Məhz bu dövrdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində müstəqil Azərbaycan iqtisadiyyatının dinamik inkişafının əsası qoyuldu və ölkəmizin  müasir infrastrukturu formalaşmağa başladı.

Son  illərdə bir sıra iri sənaye müəssisələri-Gəmiqayırma zavodu, Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan avtomobil zavodu, bərk məişət tullantılarının yandırılması zavodu, Qaradağ metal konstruksiyalar zavodu, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqlar zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, “Azbentonit” müəssisəsi, Qəbələ piano, “M-Line”, AZMDF, EMBAWOOD mebel fabrikləri və digər müəssisələr istifadəyə verilmişdir. Gəmiqayırma zavodunun və Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ölkənin sənaye potensialının daha da artırılmasına böyük töhfə olmaqla yanaşı, müasir texnologiyaların cəlb edilməsinə, idxaldan asılılığın azalmasına, qeyri-neft sənayesi sahələrinin inkişafına ciddi təkan verəcəkdir.

Sənayenin inkişafında mühüm məqamlardan biri də ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılmasıdır. Ötən illər ərzində Azərbaycanda 7 aeroport tikilmiş və yenidən qurulmuş, 10 min kilometrə yaxın avtomobil yolu inşa olunmuşdur. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri dəniz limanının inşası layihələri xüsusi əhəmiyyət kəsb edir. Dünyanın nəhəng enerji layihələrindən olan “Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılması uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının, xüsusilə, sənayenin inkişafına öz töhfəsini verəcəkdir.

Yaxın gələcəkdə sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərcikləri yaradılacaqdır. İqtisadi rayonlar üzrə sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması qeyri-neft emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı dövlət investisiya siyasətində əsas istiqamət olacaqdır. Bu baxımdan, hər bir iqtisadi rayonun potensialı nəzərə alınmaqla xüsusi iqtisadi zonalarının yaradılması və sənaye şəhərciklərinin (o cümlədən,  Sumqayıtda neft-kimya məhsullarının emalı, Balaxanıda məişət tullantılarının emalı və Gəncədə metal məmulatların istehsalı üzrə sənaye şəhərcikləri) qurulması mühüm addımlardır.

Qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi və ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyətli yeni istehsal sahələrinin yaradılması da dəstəklənəcəkdir. Ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədi ilə stimullaşdırıcı mexanizmlər tətbiq ediləcək, ixrac yönümlü qeyri-neft sektorunun inkişafı məqsədilə dövlət və özəl sektorun investisiya əməkdaşlığı inkişaf etdiriləcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yuxarıda qeyd edilən məsələlərlə bağlı geniş danışılmışdır. Prezident İlham Əliyevin demişdir: “Bu il “Sənaye ili”dir və əlbəttə ki, sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilmişdir. Bir çox zavodlar, fabriklər, istehsalat sahələri açılmışdır. Çünki Azərbaycanda kifayət qədər xammal və sənaye potensialı  var. Həm özümüzü maksimum dərəcədə təmin etməliyik, həm də ixrac etməliyik. Burada alüminium, poladtökmə, metallurgiya sənayesinin inkişafı nəzərdə tutulur və inkişaf etdirilir”.

Sənaye sahəsində qazanılan uğurlar təsadüfi deyil. Belə ki, ölkə iqtisadiyyatında əldə olunmuş makroiqtisadi sabitlik, dinamik iqtisadi artım, yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yüksəldilməsi sahəsində qazanılan uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sistemli və ardıcıl fəaliyyətin nəticəsidir. Dövlətimizin başçısının 2014-cü ili “Sənaye ili” elan etməsi keyfiyyətcə yeni mərhələdə Azərbaysanın inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətin məntiqi davamıdır.

Xatırladaq ki,  ölkə  Prezidentinin  2014-cü il 12 mart tarixli sərəncamı ilə Azərbaycan Respublikasında bu ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir. Həmin planda  sənaye potensialının artırılması, təşkilati tədbirlər, sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi, normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi, təbliğat və təşviqat işlərilə bağlı tədbirlər öz ifadəsini tapmışdır.

“Sənaye ili”nin  başlıca məqsədi ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə idxalı azaltmaq, istehsal etdiyimiz məhsulların rəqabətə davamlılığını artırmaq və ixracatı çoxaltmaqdan ibarətdir. Eyni zamanda, xammal və yarımfabrikat ixracatı mümkün qədər azaldılmalı, hazır məhsul istehsalına üstünlük verilməlidir. Məlumdur ki, adətən sənayesi zəif olan ölkələr xammal ixracatına üstünlük verirlər.

Dövlət başçısı cənab İlham Əliyev iclasda  sənaye klasterlərinin yaradılması məsələsinə də münasibət bildirmişdir: “Bu da dünyada uğur gətirən bir təcrübədir. İnkişaf etmiş ölkələrdə bu, vardır. Bütün məhsulun tsikli bir yerdə cəmləşməlidir - xüsusilə bu layihənin icrası nəticəsində poladtökmə, metallurgiya kombinatının, alüminium sənayesinin inkişafı sahəsində biz bütün bu zənciri - istehsal, emal, kiçik və orta sahibkarlığın inkişafını təmin etməliyik ki, Azərbaycanda son məhsul buraxılsın. Hesab edirəm ki, bu istiqamətdə əlavə tədbirlər də görülməlidir”.

Göründüyü kimi, Azərbaycanda sənayeləşdirmə siyasətinin uğurla həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. İqtisadiyyatın dinamik inkişafını asanlaşdırmaq və rəqabətliliyi artırmaq üçün qabaqcıl elmi və texnoloji nailiyyətlərə əsaslanan sənaye sahələrini inkişaf etdirmək, bu sferaya yerli və xarici sərmayələri cəlb etmək, ixtisaslı mütəxəssis bazası yaratmaq istiqamətində  xüsusi addımlar atılır. Bütün bunlar isə yaxın gələcəkdə Azərbaycanın dünyada həm də inkişqaf etmiş sənaye ölkəsi kimi tanınmasına əminlik yaradır.

 

Soltan İSMAYILOV,

texnika üzrə elmlər doktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında