Ağdaş rayonunda böyük işlər görülmüşdür. Rayonda sosial infrastrukturun yaradılması, məktəblərin inşası, qazlaşdırma və kənd yollarının tikintisi layihələri icra edilir. Yəni insanların normal yaşaması üçün bütün şərait yaradılır və Ağdaş şəhəri də gözəlləşir, abadlaşır. Ağdaşın yeni tikilən inzibati mərkəzində işlər böyük səliqə ilə, zövqlə görülüb, ağaclar əkilib, qazonlar salınıbdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının PrezidentiAğdaşın çoxdan tikilmiş, nisbətən darısqal, səs-küylü küçələrindən keçib “Yeni şəhər”ə gəlirik. Yenilik, müasirlik, gözəllik bizi ağuşuna alır. Gözümüz də dincəlir, könlümüz də. Özü də söhbət təkcə müxtəlif təyinatlı binaların, küçə və prospektlərin, park və meydanların milli elementlərlə yanaşı, müasir memarlıq nümunələri ilə zənginliyindən, təkrarsız gözəlliyindən getmir. Yüksək zövq və səliqə-sahman da adamı heyran edir.
Əbəs yerə ağdaşlılar bura “Yeni şəhər” demirlər. Məlum olduğu kimi, 2012-ci ilin dekabr ayında Ağdaş şəhəri ərazisinin genişləndirilməsi haqqında xüsusi sənəd qəbul olunmuşdur. Bu, heç də təsadüfi deyil. Məsələ burasındadır ki, şəhər, necə dəyərlər, öz məcrasına sığmırdı. Ona görə də sakinlər ölkə başçısının bu diqqət və qayğısını dərin minnətdarlıq hissi ilə qarşılamışlar.
1 may 2014-cü il. Bu tarix ağdaşlılar üçün olduqca əlamətdar və yaddaqalandır. Məhz həmin gün ölkə Prezidenti İlham Əliyev Ağdaş rayonuna tarixi səfər etmişdir. Səfər çərçivəsində dövlət başçısı, ən əvvəl, şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzinin, Ağdaş Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Ləki dəmir yolu vağzalının yeni binalarının, meyvə və Gilan yem emalı zavodlarının, Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun, 220 kilovotluq “Ağdaş” elektrik yarımstansiyasının açılışında iştirak etmişdir. Prezident Bayraq meydanında yaradılan şəraitlə, Heydər Parkında aparılan yenidənqurma işləri ilə tanış olmuş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Budur, “Yeni Ağdaşın” müasir, abad və yaraşıqlı küçələri ilə addımlayırıq... Ən əvvəl, diqqətimizi ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəz çəkdi. İkimərtəbəli binada uşaq və gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif yaradıcılıq dərnəkləri və kompyuter kursları, internet klub və informasiya texnologiyaları otaqları, rəqs, rəsm və heykəltaraşlıq studiyası, konfrans və kinosalonlar, sərgi salonu, xalq sənətkarlığı emalatxanası (xalçaçılıq və toxuculuq), elektron kitabxana fəaliyyət göstərir.
Ötən ildən başlayaraq ən müasir memarlıq üslubunda inşa olunan Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki imkanlar yaradılmışdır. Burada sakinlərə müraciət xidməti, video konfrans zalı, icra hakimiyyəti aparatının əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi və qəbula gələnlərin rahatlığı üçün hər cür şərait vardır.
Müstəqilliyimizin möhkəmləndirilməsində Yeni Azərbaycan Partiyasının tarixi xidmətləri danılmazdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə təkrar qayıdışından sonra YAP-ın nüfuzu getdikcə möhkəmlənmiş və o dünyada tanınan partiyalardan birinə çevrilmişdir. Bu siyasi qurumun gücünü göstərən amillərdən biri də onun sıralarının getdikcə möhkəmlənməsidir. Məsələn, Ağdaş rayon təşkilatının sıralarında 16 min nəfər həmfikir birləşmişdir. Partiya qərargahının yeni istifadəyə verilən binasında üzvlərin fəallığının artırılması və aparatın səmərəli işi üçün ən müasir şərait yaradılmışdır.
2012-ci ildən başlayaraq rayonda sakinlərin mənalı istirahəti, ağsaqqalların, gənclərin və kiçik yaşlı uşaqların asudə vaxtının səmərəli təşkili üçün 7 hektar ərazini əhatə edən Heydər parkında ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılmaqdadır. Ötən dövr ərzində Heydər parkında aparılan yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılmışdır. Burada 2 süni göl, 11 fəvvarə, müasir işqılandırma sistemi, müxtəlif attraksionlar, karusellər, ana və uşaqlar üçün istirahət mərkəzi, gənclər kafesi, mini avtodrom, kiçik və böyük qatar attraksionları, 30 yerlik kinosalon, tir atıcılıq mərkəzi yaradılmış, müasir dizaynda oturacaqlar qoyulmuşdur. Parkın ərazisinin yaşıllaşdırılması məqsədilə ağac və dekorativ gül kolları əkilmiş, qazon salınmış, 2 yeni artezian quyusu qazılmışdır.
Son dövrdə 20 min nəfər əhalinin istifadə etdiyi, 11 yaşayış məntəqəsini birləşdirən 34 kilometr uzunluğunda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun əsaslı təmir olunması və yenidən qurulması, Ləki dəmir yol vağzalı üçün yeni binanın tikintisi yol- nəqliyyat layihələrinin Ağdaşda da vüsət aldığını nümayiş etdirir.
Hazırda ölkəmizin elektroenergetika sektoru üzrə təchizatın dayanıqlığı və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət proqramları həyata keçirilmişdir. Bu istiqamətdə Ağdaş rayonunun və bütövlükdə, respublikanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayan yeni stansiyalar fəaliyyətə başlamışdır. Ağdaş regional elektrik yarımstansiyasının istifadəyə verilməsi bu baxımdan vacib strateji əhəmiyyətli layihələrdəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar rayonda Almaniyanın “Siemens” şirkətinin texnologiyası əsasında qurulan Ağdaş yem emalı fabrikində il ərzində 150- 200 min ton toyuq və mal yemi istehsal olunması planlaşdırılmışdır. Layihənin tam icrası başa çatdıqdan sonra isə burada 100-dən çox yeni iş yeri yaradılması nəzərdə tutulmuşdur. Yeni istifadəyə verilən Ağdaş meyvə emalı zavodu isə ilkin mərhələdə il ərzində 200 tona yaxın quru meyvə emal edilməsinə imkan verəcəkdir. Layihə tam gücü ilə istifadəyə verildikdən sonra isə burada 50-yə yaxın yeni iş yeri yaradılacaq. Hər iki sənaye müəssisəsinin işə düşməsi rayonda əlavə kənd təsərrüfatı məhsulunun istehsalının, eləcə də meyvə və tərəvəzin artımını təmin edəcək, əhalinin məşğulluğunu artıracaq.
Növbəti yeni obyekt “Şirvan göl” istirahət mərkəzidir. Rayonda sahibkarlığa göstərilən dövlət qayğısı nəticəsində bu istirahət mərkəzinin tikintisi də başa çatmışdır. Hazırda sahibkarlar 1000 hektara yaxın sahədə biyan istehsalı və onun emalı müəssisəsinin, yeni bazar kompleksinin tikintisində işləri davam etdirirlər. Digər sosial obyektlərdə – Tofiqi və Aralbir kəndlərinin hər birində 220 şagird yerlik, Qarağan-Şıxlar və Qülbəndə kəndlərinin hər birində 180 şagird yerlik və Ərəbşəki kəndidnə 80 yerlik məktəb binalarının tikintisində işlər surətlə davam etdirilir.
Heyvandarlığın inkişaf etdirilməsi üçün yem bitkilərinin, xüsusilə yonca, qarğıdalı, arpa əkini sahələrinin genişləndirilməsi və naxırın cins tərkibinin yaxşılaşdırılması ön plana çəkilmişdir. Rayonda mal-qara arasında süni mayalandırma işinin təşkili və onun genişləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür.
Ağdaş ənənəvi kənd təsərrüfatı rayonudur. Ona görə sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır, bazar iqtisadiyyatının, azad sahibkarlığın sürətli inkişafı üçün hər cür şərait yaradılır. Bu isə təbiidir ki, kənd təsərrüfatı məhsulları istehsalının ildən-ilə artması ilə nəticələnir. Məsələn, cari ildə rayon üzrə 10090 hektarda taxıl, 2457 hektarda bol tərəvəz yetişdirilmiş, ötən illərlə müqayisədə ümumi məhsul istehsalı artırılmışdır.
Cari ilin ötən dövrü ərzində qara malın sayı 1792 baş, davarın sayı isə 1314 baş artaraq, müvafiq olaraq 79566 və 96214 olmuşdur. Ət istehsalı 172,1 ton, süd istehsalı 1484,6 ton, yun istehsalı 6,7 ton, yumurta istehsalı 189 min ədəd artmışdır. Bakı şəhərində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına 108 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.
Ümumiyyətlə, həyata keçirilmiş əsaslı tədbirlər nəticəsində keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul istehsalı 2,7 faiz və ya 3 milyon 500 min manat artaraq 134 milyon manat, sənaye məhsulu istehsalı 11 faiz və ya 406 min manat artaraq 4 milyon 112 min manat, tikinti-quraşdırma işlərinin həcmi 12,7 faiz və ya 4 milyon 760 min manat artaraq 39 milyon 133 min manat çatmışdır. 301-i daimi olmaqla 1381 yeni iş yeri yaradılmışdır.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala 41 milyon 89 min manat həcmində, keçən ilin eyni dövrünə nisbətən 30,3 faiz çox investisiya qoyulmuşdur. Ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində büdcə gəlirləri artmışdır. Bu da rayon büdcəsindən maliyyələşən tədbirlərə yönəldilmiş vəsaitin çoxalmasına səbəb olmuşdur. 2014-cü il üçün rayon büdcəsi 21 milyon 671 min manat – əvvəlki ildəkindən 1 milyon 519 min manat çox təsdiq edilmişdir.
Göründüyü kimi, son illər Ağdaşda iqtisadi, sosial və mədəni sahələrin inkişafına kompleks qaydada yanaşılır, inkişaf və yüksəliş bütün sahələri əhatə edir, sistemli xarater daşıyır. Bu isə onu göstərir ki, Ağdaş Rayon İcra Hakimiyyəti, onun yerli strukturları öz iş üslub və metodlarını daim təkmilləşdirir, müasir idarəetmə metodlarını cəsarətlə tətbiq edir, daha çox elmi münasibət əsas götürülür. Əlbəttə, rayonda nəzərdə tutulan bütün tədbirlərin, qarşıya qoyulmuş vəzifələrin tamamilə həyata keçirildiyini demək olmaz.
Ölkə Prezidenti İlham Əliyev Ağdaşa son səfərində görülüb- başa çatdırılmış genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinə yüksək qiymət verməklə yanaşı, diqqəti yeni hədəflərə də cəlb etmiş, məsləhət, tövsiyyə və göstərişlərini vermişdir. Hazırda rayonda bütün imkan və səylər həmin vəzifələrin yerinə yetirilməsinə yönəldilmiş, bütün sahələrdə intizam və tələbkarlıq daha da artırılmışdır. Yeri gəlmişkən, həmin vəzifələrin bəzilərini burada bir daha xatırlatmaq istəyirik.
Ağdaş şəhəri ərazisində çoxmənzilli yaşayış binalarının əsaslı təmir olunması, küçələrin asfaltlaşdırılmasının davam etdirilməsi, kəndlərarası yolların asfaltlaşdırılması, Ağdaş şəhərinin qaz istismar şəbəkəsinin yenidən qurulması, kənd yaşayış məntəqələrinin qazlaşdırılması, elektrik naqillərinin SİP kabellərlə əvəz olunması, əhalinin içməli suya tələbatının ödənilməsi məqsədilə qəsəbə və kəndlərdə artezian quyularının qazılması və içməli su mənbəyi kimi suvarma arxlarından istifadə olunan kəndlərdə sutəmizləyici qurğuların quraşdırılması, Ağdaş şəhərində aztəminatlı ailələr və əlillər üçün çoxmənzilli yaşayış binalarının tikintisi və s.
Bəli, Ağdaş uğurlu yol üstədir. Rayonda sağlam mənəvi-psixoloji mühit, yaradıcı və təşəbbüskar ab-hava mövcuddur. Sakinlər - ağsaqqallar, ziyalılar, gənclər aparılan genişmiqyaslı tikinti-abadlıq işlərindən dərin razılıqla danışır, bu bölgənin daha abad və xoşbəxt gələcəyindən böyük qürurla söhbət açır, sabaha dərin inam və ümidlə baxırlar. Bütün sahələrdə işin ahəngi bir an belə zəifləmir. Şəhər və kəndlər öz simasını, demək olar ki, hər gün dəyişir, yeni hədəflər, arzu və təşəbbüslər meydana çıxır. Ağdaşlılar haqlı olaraq bu inkişaf və yüksəliş, gündəlik diqqət üçün, ilk növbədə, Prezident İlham Əliyevə minnətdarlığını bildirir, bu böyük qayğıya əməli işlərlə cavab verəcəklərini bildirirlər.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.