Azərbaycan biznesə başlama meyarı göstəricisinin sadəliyinə görə dünyanın ilk 10 ölkəsi sırasında yer alır

Vergilər nazirinin birinci müavini Natiq Əmirov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) Bakıda təşkil etdiyi aylıq işgüzar naharında iştirak edib.

Vergilər Nazirliyindən AzərTAc-a bildiriblər ki, tədbirin açılış mərasimində “AmCham”ın icraçı direktoru vəzifəsini icra edən Fərid İsmayılzadə qurumlar arasındakı normal əməkdaşlıq şəraitinin mövcudluğunu diqqətə çatdırıb.

Natiq Əmirov  öz çıxışında bildirib ki, Azərbaycanın müasir milli iqtisadi inkişaf modelinin memarı və qurucusu olan ulu öndərimiz Heydər Əliyevin ideyalarının Prezident İlham Əliyevin rəhbərliyi altında reallığa çevrilməsi ölkənin keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxmasına, biznes fəaliyyətinin daha da genişlənməsinə və ümumi iqtisadi tərəqqidə özəl sektorun rolunun artmasına əlverişli şərait yaradıb. Qeyd edilib ki, 280-dən çox şirkəti öz sıralarında cəmləyən “AmCham”la qurulmuş səmərəli münasibətlər biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük fayda verir.

Son illər vergi xidmətində aparılan islahatlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verən nazir müavini qarşıya qoyulmuş hədəflərin biznes üçün sadə və əlverişli, dövlət üçün rəqabətli və səmərəli, vergi xidməti üçün inzibatçılıq baxımından asan idarə edilən vergi sistemi formalaşdırılmasından ibarət olduğunu vurğulayıb. Bildirilib ki, Vergilər Nazirliyi vergi ödəyiciləri ilə əlaqələrində tərəfdaşlıq münasibətlərinə böyük önəm verir. Ötən ildən vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin yeni bir formatda - partnyorluq sazişləri əsasında qurulmasına başlanılıb. İndiyədək vergi orqanlarına partnyorluq sazişinin bağlanması ilə əlaqədar 3 mindən çox müraciət daxil olub.

Azərbaycanın vergi sisteminin rəqabətqabiliyyətliliyini artırmaq məqsədilə milli qanunvericilikdə ünvanlı güzəştlər müəyyən edilib. Bu, ilk növbədə, dövlətimizin siyasətinin əsas və prioritet istiqaməti olan qeyri-neft sektorunun inkişafının dəstəklənməsi ilə bağlıdır. Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, texnoparkların inkişafının stimullaşdırılması üçün sənaye və texnologiyalar parklarının rezidenti olan fərdi sahibkarlara və hüquqi şəxslərə gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulub.

 “Asan imza”nın ölkəmizin rəqabətqabiliyyətli və ixrac yönümlü İKT məhsulu olduğunu deyən N.Əmirov qeyd edib ki, hazırda bir sıra ölkələr bu layihə ilə yaxından maraqlanırlar. Bu gün “Asan imza” layihəsi təkcə vergi xidmətinin deyil, ümumiyyətlə, xalqa xidmət sahəsində Azərbaycan brendinə çevrilib. Ondan  daha səmərəli istifadəni təmin etmək məqsədilə Vergilər Nazirliyinin elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzi yaradılıb. Mərkəz vasitəsilə indiyədək 55 mindən çox “Asan imza” sertifikatı təqdim edilib, 3,5 milyona yaxın əməliyyat həyata keçirilib.

Artıq bir neçə ildir ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business” və “Paying Taxes” hesabatlarında Azərbaycanın biznes mühiti üzrə əhəmiyyətli islahatlar aparılan ölkələr sırasında yer aldığını vurğulayan nazir müavini, ölkəmizin biznesə başlama meyarı göstəricisinin sadəliyinə görə dünyanın ilk 10 dövləti sırasında olduğunu qeyd edib.

 “AmCham”ın prezidenti İlqar Vəliyev nazirliyin rəhbərliyinə davamlı əməkdaşlığa görə təşəkkürünü bildirib, gələcəkdə birgə işlərin və layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında