Regionların inkişafına dövlət qayğısı İsmayıllı rayonunda yüksək əhval-ruhiyyə yaradıb

“Son dövrdə İsmayıllıda görülən işlər, yerli rəhbərlik tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən də dəstəklənir. Mən də Prezident kimi daim İsmayıllının inkişafını diqqət mərkəzində saxlayacağam. Rayonun gələcək inkişafı ilə bağlı konkret proqramlar var”. İndi İsmayıllı sakinlərinin böyük əksəriyyəti, daha çox isə rayonun son illərdəki inkişafında xüsusi xidməti olmuş insanlar bu ifadələri cənab Prezidentin dilindən şəxsən eşitməyin məmnunluğunu yaşayırlar.

Amma gəlin etiraf edək ki, təkcə İsmayıllı sakinləri deyil, bu cənnətməkan torpağın təəssübünü çəkən hər kəs buradakı tərəqqiyə dövlət başçısı tərəfindən verilən yüksək qiymətdən məmnundur. Məsələn, biri elə bu sətirlərin müəllifi. Mən cənab Prezidentin həmin ifadələrini sentyabrın 22-də, bilavasitə İsmayıllıda eşidib dəftərçəmə qeyd etmişdim. Xatırladım ki, son illər İsmayıllıdan nə qədər, neçə dəfə yazmışamsa, hamısında yerli sakinlərin ürək sözlərindən istifadə etmişəm: “Allah Prezidentin canını sağ eləsin ki, Mirdaməd müəllimi bu rayona başçı göndərdi”.

İş elə gətirdi ki, Prezident İlham Əliyevin bölgəyə səfərindən üç gün sonra İsmayıllı şəhərində həmin səfərin yekunlarına həsr olunan fəallar yığıncağında da iştirak etməli oldum. Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, sahibkarların, əmək veteranları və gənclərin, ziyalıların iştirak etdiyi yığıncağı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov aparırdı. O, Prezidentin bölgəyə növbəti səfərinin böyük tarixi əhəmiyyətindən, insanlarda yaratdığı yüksək əhval-ruhiyyədən, onların çalışmaq, qurub-yaratmaq əzminin möhkəmlənməsinə göstərdiyi təsirdən danışdı. Amma, elə-belə danışmadı. Mən çoxdan tanıdığım Mirdaməd müəllimin gözəl nitqlərini kifayət qədər eşitmişdim. Beləsini isə ...eşitməmişdim, - desəm, inanın. Bu da təsadüfi deyildi. Həm Prezident İsmayıllıdakı inkişafdan razı qalmışdı, həm də rayon sakinləri bu səfərin təəssüratı ilə yaşayırdı.

Mirdaməd müəllim qeyd etdi ki, bu səfər qarşıdakı neçə-neçə illərin inkişafı üçün möhkəm təməl qoydu. Onun fikrincə, dövlətimizin başçısının səfər çərçivəsində rayon mərkəzi xəstəxanasında, icra hakimiyyətinin inzibati binasında, mədəniyyət sarayında aparılan əsaslı və yenidənqurma işləri ilə tanış olması, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən körpələr evi-uşaq bağçasının, YAP rayon təşkilatı üçün yeni tikilən inzibati binanın açılışında iştirak etməsi, ümumi sahəsi 2 hektar olan uşaq istirahət və əyləncə parkında yaradılan şəraitlə tanışlığı, ictimaiyyət nümayəndələri ilə səmimi söhbəti İsmayıllının sürətli inkişafına, rayon sakinlərinin daha firavan gələcəyinin yaradılmasına stimul olacaq.

 Rayon rəhbəri qeyd etdi ki, səfər zamanı xüsusi tapşırıqlar verən, yeni layihələrə dəstək olacağını bildirən dövlətimizin başçısının tükənməz qayğısı, ardıcıl diqqəti digər bölgələr kimi, İsmayıllının da bütün sahələrdə sürətli inkişafını təmin edib. Təsadüfi deyildir ki, dövlət başçısı səfərin ertəsi günü - sentyabrın 23-də İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan rayon icra hakimiyyətinə 2 milyon manat vəsaitin ayrılması barədə sərəncam imzalayıb. Bu sərəncam ismayıllılar tərəfindən minnətdarlıqla qarşılanıb.

 Yığıncaqda bir neçə nəfər Prezidentin İsmayıllıya səfərinin yekunları ilə əlaqədar qarşıda duran vəzifələrin müəyyənləşdiriməsi, bununla bağlı tədbirlər planının təsdiq olunması, tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilməsi ətrafında bir-birindən maraqlı təkliflərlə çıxış etdi. Mən isə dövlət başçımızın İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən söylədiyi bu fikirləri indicə eşidirmiş kimi xatırlayırdım: “Rayonun inkişafı sürətlə gedir. Mən keçən il İsmayıllı rayonuna gəlmişdim və indi gördüklərim məni çox sevindirir. Şəhərin abadlaşması, küçələrin salınması, binaların bərpası, yeni ictimai yerlərin yaradılması Azərbaycanda gedən ümumi siyasətimizin təzahürüdür. Çünki mən istəyirəm ki, hər bir şəhərdə, hər bir rayonda işlər yaxşı getsin”.

Düşünürdüm ki, Prezidentin həmin arzusunun , istəyinin İsmayıllıda hansı səviyyədə reallaşdırılmasının çoxsaylı şahidlərinin biri də mənəm. Bu qədər tikinti- quruculuq, abadlıq işlərinin hamısı məhz mənim gözlərimin qabağında baş verib. Dəfələrlə olub ki, Mirdaməd müəllim ya mənimlə, ya da bir neçə həmkarımızla tikinti və ya təmir işləri aparılan obyektlərə gedib. Hər yerdə də məni heyrətləndirən iki məqamın olduğunu qeyd etmişəm. Birinci məqam onun yorulmazlığı, təşəbbüskarlığı, ikinci məqam isə sadə insanların rayon rəhbərinə inamı, etimadı, onu öz doğmaları kimi qəbul etməsi olub. Bu barədə dəfələrlə söz açmışam.

Elə, 1978-ci ildə tikilən, indiyədək təmir olunmayan Mərkəzi Xəstəxanada həyata keçirilən təmir-bərpa işlərinin vəziyyəti ilə də dəfələrlə birlikdə tanış olmuşduq. Səhiyyə Nazirliyinin sifarişi əsasında aparılan təmir işlərinə 2012-ci ilin avqustunda başlanılmışdı. Əsaslı təmir işləri “İnam YR İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yüksək səviyyədə və zövqlə həyata keçirilirdi. Yazda Mirdaməd müəllim demişdi ki, yenidənqurma işləri çərçivəsində xəstəxananın ərazisi hasarlanacaq, yaşıllıq sahəsi salınacaq, bina su anbarı, elektrik yarımstansiyası və generatorla təchiz ediləcək. Payızda, sentyabrın 22-də isə xəstəxananın həkimi Gülər Babayeva Prezident İlham Əliyevə məlumat verərək deyirdi: “Artıq burada bizim hər bir şəraitimiz var ki, xəstələrimizə yardım göstərək. Həkimlərimiz dünyanın öndə gedən bir çox ölkələrində tibb müəssisələrində kurslarda olur, bilik və bacarıqlarını artırırlar. Biz söz veririk ki, belə bir gözəl şəraitdə daha da yaxşı işləyəcəyik, insanların sağlamlığının keşiyində əzmlə dayanacağıq, bizə göstərilən etimadı layiqincə doğruldacağıq”.

Həkimin “etimadı layiqincə doğruldacağıq” ifadəsi tamamilə yerinə düşürdü. Çünki həmin tezis son illərdə həqiqətən bütün ismayıllıların fəaliyyət prinsipinə çevrilib. Mirdaməd müəllim rayona rəhbər göndəriləndən sonra etimadı doğrultmaq məsələsi böyüklü-kiçiklı hamının bir nömrəli vəzifəsinə çevrilib. Özü də inzibati qaydada deyil, sadəcə şəxsi nümunələrlə.

Məhz həmin ənənələri əsas götürən Prezident İlham Əliyev İsmayıllıda olarkən həm rayon rəhbərinin, həm də hər bir sakinin qarşısında böyük vəzifələrin dayandığını söyləmişdi: “İsmayıllının çox gözəl turizm potensialı var. Ümumiyyətlə, hesab edirəm ki, bu zona turizm üçün ən cəlbedici zonadır. Şamaxıdan Balakənə qədər bu, böyük bir turizm zonasıdır ki, indi müasir otellər, əyləncə və istirahət yerləri tikilir. Bu bölgənin inkişafı üçün Qəbələdə bir neçə il bundan əvvəl beynəlxalq aeroport tikilmişdir. Digər qonşu rayonlarda işlər gedir. Gözəl otellər tikilir. İsmayıllının da çox gözəl turizm imkanları var. Əminəm ki, biz bu imkanlardan səmərəli şəkildə istifadə edəcəyik”.

Dövlət başçımız xatırlatdı ki, “Yaxın gələcəkdə buraya qoyulacaq investisiyaların həcmi daha da artmalıdır. Bu, Dövlət Proqramında nəzərdə tutulub. Artıq üçüncü regional inkişaf proqramı icra edilir. İki proqram artıq icra edilib. Üçüncü proqram başlamışdır və 2018-ci ilə qədər o da başa çatmalıdır. Ümid edirəm ki, o vaxta qədər rayonda bir dənə də olsun sosial infrastruktur problemi qalmayacaq. Hər halda bu, bizim istəyimizdir”.

 Prezidentin İsmayıllıya səfərindən yaranan təəssüratları rayon Mərkəzi Xəstəxanasının baş həkimi, tibb elmləri namizədi Avtandil Rəhimovla bölüşdük. Təkcə yaxşı həkim deyil, bacarıqlı səhiyyə təşkilatçısı, eyni zamanda gözəl insan olan Avtandil müəllim, həm də İsmayıllının ən böyük təəssübkeşlərindəndir. Elə bir ictimai məsələ ola bilməz ki, onun həllində Avtandil müəllim də iştirak etməsin. Xəstəxana təmir olunduğu dövrdə dəfələrlə görüşüb işlərin gedişi barədə söhbət etmişdik. O zaman çox narahat idi. İndi isə əhvalı elə özü istədiyi kimidir: “ Bu səfərin təəssüratları bizi hələ uzun müddət tərk etməyəcək. Prezidentin bir səfərində rayonda bir neçə mühüm obyektin açılışını etdik. Əslində, Dövlət başçımız haqqında danışarkən obyektlərin mühümlüyünü yada salmaq mümkün deyil. Çünki ölkədə cənab İlham Əliyev üçün mühüm olmayan nəinki hansısa obyekt, heç ayrılıqda bir insan da yoxdur. Yadınızdadırmı, məhz onun tapşırığına əsasən ilin əvvəlində Azərbaycanın bütün regionlarında olduğu kimi, İsmayıllıda da əhalimiz tibbi müayinələrdən keçirilib, bütün əhali qrupları müayinə olunub. Bu nə demək idi? O demək idi ki, Prezident ayrı-ayrılıqda hər bir insanın qayğısına qalır. O zaman müəyyən diaqnozlarla uzunmüddətli qeydiyyata götürülmüş sakinlərimiz indi bu müasir xəstəxanada müalicə və müayinələrini davam etdirəcəklər”.

Avtandil Rəhimov qeyd etdi ki, son illər səhiyyəmiz çox böyük inkişaf yolu keçib. Ölkəmizdə yüzlərlə xəstəxana, müalicə-diaqnostika mərkəzi açılıb. Biz çox məmnunuq ki, həmin inkişafın bütün uğurları İsmayıllı sakinləri üçün də əlçatan edilib. İndi bizim rayonun əhalisinin, demək olar ki, heç bir problemi yoxdur. Bütün bunlara görə cənab Prezidentimizə minnətdarıq.

Avtandil müəllimin bir fikri məni daha çox təsirləndirdi: “Ölkənin bütün uğurlarının hamı üçün əlçatan edilməsi”. Məsələn, Bakıda olan ən müasir səhiyyə ocağı hansısa əyalət sakini üçün əlçatan olmaya bilər. İndi həmin məhdudiyyətlər aradan qaldırılıb. Bütün bölgələrdə müalicə-diaqnostika mərkəzləri, müasir xəstəxanalar fəaliyyət göstərir. Bəs təkcə tibb sahəsində belədirmi? Əsla yox. Tikib-quran, yaradan insanların sayəsində ölkənin bütün şəhər və rayonlarında, istənilən sahədə yenilik, müasirləşdirmə prosesləri gedir.

İsmayıllıda gedən həmin proseslərin əsas iştirakçılarında biri də “İsmayıllı Tikinti-27” Açıq Səhmdar Cəmiyyətidir. Cəmiyyətin idarə heyətinin sədri , təcrübəli inşaatçı Azad Əliyevlə Prezidentin səfərindən sonra keçirilən ümumrayon toplantısında görüşdük. Azad müəllimin rəhbərlik etdiyi son inşaat işi Qarabucaq kəndində tikilən 360 şagird yerlik məktəb binasıdır. 2013-cü ilin sentyabrında inşasına başlanılan obyekt bu dərs ilinədək təhvil verilib. 18 sinif otağı, 3 laboratoriyası, 2 kompyuter otağı, müasir tipli idman zalı, kitabxanası, akt zalı, yeməkxanası, istilik sistemi, qazanxanası, 2 ədəd 100 kubmetrlik su anbarı, futbol meydançası olan bu təhsil ocağı rayonun ümumi inkişafına verilən töhfələrdən biridir. Kollektivin Şəbyan kəndində tikdiyi 80 şagird yerlik məktəbin isə 9 sinif otağı, 3 laboratoriya otağı, kitabxanası, müəllimlər otağı, yeməkxanası vardır. Yəni, tərəqqi artıq bu rayonun ən kiçik , ən ucqar kəndlərinə qədər gedib çıxır. Xüsusilə təqdir olunmalı məqam isə odur ki, bu proseslərdə rayonun bütün təşkilatları və əksər sakinləri də iştirak edirlər.

Payız torpağımızın çox dəyərli, barlı-bərəkətli qonağıdır. Elə İsmayıllının ən ali qonağı da bu diyara payızda – sentyabrın 22-də gəlmişdi. Əminik ki, hər iki gəliş İsmayıllının barını, bərəkətini, sevincli, firavan günlərini artıracaq. Deyəsən, Mirdaməd müəllimlə söhbətimizin son akkordlarının bu iki məqam üstündə olması kifayət qədər düşərli oldu. Çünki biz İsmayıllıdan ayrılıb Bakıya yola düşəndə ...toy karvanı ilə üzləşdik. Xoşbəxt olsunlar!

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında