Naxçıvanda kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları keçirilir

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın uğurlu icrası daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına, eləcə də istehsal olunan məhsulların satışına hərtərəfli şərait yaradıb. Son illərdə kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi də bu məqsədə xidmət edir.

Sentyabrın 27-də Naxçıvan şəhərindəki Mərkəzi bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yarmarkaya gəlib, alıcılar və məhsul istehsalçıları üçün yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, yarmarkaya muxtar respublikanın özəl müəssisələrində istehsal olunmuş ərzaq malları və ayrı-ayrı rayonlardan gətirilmiş kənd təsərrüfatı məhsulları çıxarılıb. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində muxtar respublikada meyvə və tərəvəz məhsullarının istehsalı xeyli artıb.

Yarmarkada yerli meyvə və tərəvəz məhsulları bolluq təşkil edirdi. Həmçinin burada alıcılara muxtar respublikada istehsal edilən keyfiyyətli şirniyyatlar, müxtəlif meyvə quruları, balıq, ət və süd məhsulları da təklif olunurdu.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında meyvə-tərəvəz məhsullarının uzun müddət saxlanılmasına imkan verən soyuducu anbarların yaradılması mühüm əhəmiyyət daşıyır. Hazırda muxtar respublikada ümumi tutumu 12 min 150 ton olan 19 soyuducu anbar fəaliyyət göstərir.

Baxış zamanı qeyd olunub ki, torpaq mülkiyyətçilərinin tələbatdan artıq istehsal etdikləri kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara qəbulu ilin bütün fəsillərində daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına şərait yaradır.

Muxtar respublikada yerli resurs və xammallarla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sənaye müəssisələrinin yaradılmasına diqqət artırılıb. Artıq muxtar respublikanın ərzaq təhlükəsizliyinin təminatında qida sənayesinin xüsusi payı vardır. Yarmarkada sənaye məhsulları üçün ayrıca satış yeri ayrılmışdı.

Ali Məclisin sədri öz məhsullarını bazara çıxaran torpaq mülkiyyətçiləri ilə görüşüb, muxtar respublikada əkinçiliyin inkişafı üçün yaradılan şəraitdən səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb.

Torpaq mülkiyyətçiləri kənd təsərrüfatı məhsullarının istehsalı və satışı üçün yaradılan şəraitə, göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Yarmarkaya muxtar respublika üzrə ümumilikdə 265 təsərrüfat subyekti tərəfindən 146 adda, 240 çeşiddə məhsul çıxarılıb və bazar qiymətlərindən 15-20 faiz ucuz satılıb. Məhsullar satışa çıxarılmazdan əvvəl sanitar-gigiyena nəzarətindən keçirilir, ət və süd məhsullarında baytarlıq müayinəsi aparılır. Həmçinin burada Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən səyyar laboratoriya xidməti göstərilir.

Ali Məclisin sədri yarmarkaların davam etdirilməsi, daxili bazarın qorunması, tələbatdan artıq istehsal olunan məhsulların soyuducu anbarlara təhvil verilməsi, kənd təsərrüfatı və sənaye məhsullarının keyfiyyətinin daim nəzarətdə saxlanılması barədə tapşırıqlar verib.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında