Azərbaycanın bölgədə siyasi sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin edilməsi üçün təşəbbüskarlığı və xarici siyasətdə açıq və çevik fəaliyyəti digər ölkələrlə ikitərəfli münasibətlərin güclənməsinə müsbət təsir göstərir. Prezident İlham Əliyevin bu barədə mövqeyi aydın və qətidir: “Azərbaycanın yolu birmənalıdır. Biz bütün ölkələrlə ikitərəfli formatda qarşılıqlı maraq, qarşılıqlı hörmət, bir-birimizin işinə qarışmamaq prinsiplərini üstün tuturuq və görürük ki, hətta bəzi hallarda bir-birilə o qədər də yaxın münasibəti olmayan ölkələrlə də Azərbaycanın münasibətləri yaxşıdır”.
Respublikamızın xarici dövlətlərlə ikitərəfli münasibətlərin inkişafında idxal-ixrac əməliyyatları mühüm rol oynayır. Bu, ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin genişlənməsində mühüm amillərdəndir. Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyevlə dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.
Hazırda Avropa İttifaqı ölkələri Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşıdır. Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa İttifaqı ölkələrinin xüsusi çəkisi 50 faizə yaxındır.
Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Son 10 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə 1000-dən çox Avropa şirkəti Azərbaycanda qeydiyyatdan keçmişdir. Avropa İttifaqının bir çox ölkələri ilə ikiqat vergitutmanın aradan qaldırılması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanmış, 10-dan çox ölkə ilə hökumətlərarası komissiya yaradılmışdır.
Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Ölkədə inkişafın davamlılığının təmin edilməsi məqsədilə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və özəl sektorun inkişafı, sosial siyasət əsas prioritetlərdir. Azərbaycan bundan sonra da Avropa ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək, qabaqcıl Avropa təcrübəsini tətbiq etmək, birgə ikitərəfli və regional layihələr həyata keçirmək niyyətindədir.
Respublikamızda makroiqtisadi sabitlik mövcuddur, ölkə qanunvericiliyi Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılır, inzibati prosedurlar sadələşdirilir, şəffaf mexanizmlər tətbiq olunur, “elektron hökumət”in tətbiqi üçün zəruri tədbirlər görülür. Ölkəmiz, eyni zamanda, əlverişli coğrafi-iqtisadi mövqeyə, tranzit imkanlarına malikdir və genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır.
2020-ci ilə qədər Azərbaycan qeyri-neft sektorunun ÜDM-dəki payını 80 faizədək artırmaq niyyətindədir. Ölkəmizdə investisiya qoyuluşu üçün prioritet sahələr qeyri-neft sənayesi, kənd təsərrüfatı, İKT və turizmdir. Bu məqsədilə şübhəsiz ki, xarici investiyalardan da istifadə olunacaq.
Azərbaycanın qeyri-neft sektoruna xarici sərmayə qoyan ölkələr arasında Avropa Birliyi dövlətlərinin payı isə 40 faizə yaxınlaşmışdır. Bunlar əsasən, Böyük Britaniya, Niderland, Almaniya, Fransa və İtaliyadır.
Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrində diqqətçəkən mühüm məqamlardan biri də ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisinin artması ilə bağlıdır. Məlumat üçün bildirək ki, son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu sahədə rəqabətqabiliyyətli məhsulların istehsalı xeyli artmışdır. Hazırda həmin məhsullara dünya bazarlarında maraq getdikcə güclənir. Təsadüfi deyil ki, bu vacib məqama toxunan Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “Bir neçə il bundan qabaq mən qarşıya vəzifə qoymuşdum ki, biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Bu istiqamətdə böyük işlər görülmüşdür. Bizim indi satış məntəqələrimizdə satılan məhsulların, yəni, ərzaq məhsullarının böyük əksəriyyəti, mütləq əksəriyyəti Azərbaycanda istehsal olunan məhsullardır. Əgər biz keçmişi yada salsaq görərik ki, o vaxt yerli məhsulları heç tapmaq mümkün deyildi. İndi bizim yerli məhsullarımız heç bir xarici məhsuldan geri qalmır-həm keyfiyyəti, həm onların müasir qablaşdırılması, xarici görünüşü, dadı baxımından... Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir”.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edir.
Son illər ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. xarici ticarət əlaqələrin həcminin və coğrafiyasının daha da genişlənməsinə müsbət təsir göstərmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, bu ilin yanvar-iyul aylarında 137 xarici ölkə ilə 18,1 milyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirilmişdir. Ticarət əlaqələrinin 9,2 faizi, yaxud 1,7 milyard dollarlığı MDB üzvü dövlətləri ilə, 90,8 faizi və ya 16,4 milyard dollarlığı digər ölkələrlə aparılmışdır.
Yeddi ay ərzində 13,2 milyard dollarlıq məhsul ixrac olunmuş, onun 498,3 milyon dollarlığı MDB üzvü dövlətlərinə göndərilmiş, 96,2 faizi və ya 12,7 milyard dollarlığı isə digər xarici ölkələrin alıcılarının payına düşmüşdür.
Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 4,9 milyard dollar təşkil etmişdir. Digər xarici dövlətlərdən idxal olunmuş malların dəyəri 3,7 milyard dollar, MDB üzvü ölkələrindən isə 1,2 milyard dollar olmuşdur. Xarici ticarət dövriyyəsinin 46 faizi Avropa İttifaqına daxil olan ölkələrlə, 9,2 faizi MDB-yə üzv dövlətlərlə, 44,8 faizi digər ölkələrlə aparılmışdır.
Beləliklə, bu ilin yeddi ayı ərzində ölkəmizdən ixrac olunmuş malların həcmi ölkəyə gətirilmiş malların dəyərindən 2,7 dəfə çox olmuş və 8,3 milyard dollar müsbət saldo yaranmışdır. Yanvar-iyul aylarında ölkəyə 37,1 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
Xam neft və qaz ixracı barədə ABƏŞ və Dövlət Neft Şirkəti tərəfindən təqdim olunmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 24,2 milyard dollar, o cümlədən ixrac 19,3 milyard dollar təşkil etmiş, 14,4 milyard dollar həcmində müsbət saldo yaranmışdır.
Ölkəmizin ikitərəfli əməkdaşlıqda qonşu dövlətlərlə əlaqələri də mühüm əhəmiyyət daşıyır. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən rəsmi Bakı bu məqama xüsusi diqqət yetirmiş, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi naminə səyini əsirgəməmişdir. Bu fikri Rusiya Federasiyasının timsalında nəzərdən keçirək. Adıçəkilən ölkə ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş sovetlər birliyi dövründən mövcud olan çoxşaxəli əlaqələri hazırkı geosiyasi gerçəkliklərə uyğun inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində mühüm yer tutur. Son 10 ildə bu əlaqələr bütün sahələrdə bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında qurulmuş, qarşılıqlı maraqlar çərçivəsində yüksələn xətlə inkişaf etmişdir. Strateji tərəfdaşlıq münasibətlərinin pozitiv tərəfləri özünü həm də Rusiya və Azərbaycan regionları arasında iqtisadi-ticari əlaqələrin genişlənməsində göstərir. Xatırladaq ki, son illər Rusiya-Azərbaycan münasibətləri tamamilə yeni müstəviyə qədəm qoymuş, iqtisadi-siyasi, humanitar və enerji təhlükəsizliyi sahələrində əməkdaşlıq üçün real imkanlar açılmışdır. Azərbaycanla Rusiya arasında 100-dən çox müqavilə imzalanmışdır. Bunların 70-i dövlətlərarası və hökumətlərarası müqavilələrdir. Onu da deyək ki, ötən 10 il ərzində hər iki dövlət rəhbərinin rəsmi və işgüzar səfəri zamanı ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsini, qarşılıqlı informasiya mübadiləsini, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan mühüm sazişlər imzalanmışdır. Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının intensiv fəaliyyətinin nəticəsi olaraq ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək dinamizmlə inkişaf edir. İdxal-ixrac əməliyyatlarının səviyyəsinə görə Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biri olaraq qalır. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin ildən-ilə artması da qarşılıqlı faydalı əməkdaşlıq üçün mövcud olan zəngin potensialdan xəbər verir. Azərbaycan Rusiyadan əsasən buğda, qənd, şəkər çuğunduru, siqaret, sement qlingeri, meşə materialları, metal boru, ehtiyat hissələri, avtomobil idxal edir. Respublikamızdan Rusiyaya kartof, tomat, qoz, meyvə, çay, yağ, bitki yağı, piy, şirə, pambıq lifi, elektrik enerjisi, neft, qaz və neft-kimya məhsulları ixrac olunur. Hazırda Azərbaycanda 500-dən artıq Rusiya şirkəti fəaliyyət göstərir və onların böyük qismi Rusiya kapitalına məxsusdur. Rusiya şirkətləri Azərbaycanın neft-qaz layihələrində iştirak etməklə bir neçə beynəlxalq konsorsiumda paya malikdirlər. Rusiya Federasiyasının ayrı-ayrı vilayətləri, quberniyaları, muxtar respublikaları da respublikamızla iqtisadi əlaqələri gücləndirməkdə maraqlıdırlar. Son bir neçə ildə Rusiya regionları ilə Azərbaycan arasında 40-a yaxın bu cür əməkdaşlıq sazişi imzalanmışdır. Bu baxımdan Moskva, Həştərxan, Dağıstan, Kurqan, Sankt-Peterburq, Stavropol, Sverdlovsk, Yekaterinburq, Kalmıkiya və Tatarıstan respublikaları, Saratov vilayət və şəhərləri ilə qurulan iqtisadi əlaqələri xüsusilə qeyd etmək olar. Azərbaycanda Dağıstan və Tatarıstanın, habelə Ural iqtisadi regionunun nümayəndəlikləri fəaliyyət göstərir. Dövət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə ticarət dövriyyəsinin həcmi 922,75 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 588,67 milyon ABŞ dolları, ixracın həcmi isə 334,08 milyon ABŞ dolları təşkil etmişdir.
Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, ölkəmizdə baş verən dinamik sosial-iqtisadi inkişaf əksər dünya dövlətlərinin, həmçinin beynəlxalq nüfuzlu təşkilatların diqqətini getdikcə daha çox cəlb edir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan Respublikasının adı müxtəlif reytinq sıralamalarında, bir qayda olaraq, öncül yerlərdə göstərilir. Bu da təsadüfi deyil. Çünki beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edən Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır, ölkənin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Ölkəmizdə mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, ən başlıcası isə respublikamızın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası da getdikcə artır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.