Son illər Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlar öz müsbət nəticəsini verməkdədir. Ölkə iqtisadiyyatı sürətli inkişafını davam etdirir, sosial-iqtisadi sahədə böyük uğurlar əldə olunur. Bütün bunlar mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir və təqdir olunur.
“Dünya Rəqabətlilik Hesabatı”nda hazırda Azərbaycan inflyasiya dərəcəsinin aşağı səviyyəsinə görə 148 ölkə arasında 1-ci, makroiqtisadi mühit göstəricisinə görə 8-ci, ümumi yığımın ÜDM-dəki payına görə 10-cu, dövlət borcunun ÜDM-dəki xüsusi çəkisinə görə 13-cü, əmək bazarının səmərəliliyi göstəricisinə görə 30-cu və iqtisadiyyatın rəqabət qabiliyyətinə görə 38-ci yerlərdə qərarlaşıb. BMT İnkişaf Proqramının son “İnsan İnkişafı Hesabatı”nda isə ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında ilk yerə layiq görülüb. Əldə olunmuş uğurları qiymətləndirərkən ölkə Prezidenti İlham Əliyev demişdir: “Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuşdur”.
Respublika Dövlət Statistika Komitəsinin bu ilin 8 ayının yekunlarına həsr olunmuş hesabatı da göstərir ki, Azərbaycanda iqtisadiyyatın hərtərəfli inkişafı davamlı xarakter almışdır. Ötən müddət ərzində ölkədə Ümumi Daxili Məhsul istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artmış və 39,2 milyard manat olmuşdur. Əlavə dəyərin 45 faizi sənaye sahələrində, 11,8 faizi tikinti kompleksində, 9,9 faizi ticarət və pullu xidmət sahələrində, 4,9 faizi nəqliyyatda, 1,7 faizi informasiya və rabitə müəssisələrində, 5,1 faizi aqrar bölmədə, 21,6 faizi digər sahələrdə yaradılmışdır. Əhalinin hər nəfərinə orta hesabla 4170,3 manat məbləğində (5317,3 ABŞ dolları) məhsul istehsal olunmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artmışdır.
Əlavə dəyərin 57,3 faizi qeyri-neft sektorunda istehsal edilmiş və əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 6,3 faiz artım əldə olunmuşdur. Neft-qaz sektorunda isə 2,6 faiz azalma qeydə alınmışdır.
2014-cü ilin səkkiz ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 22,6 milyard manatlıq məhsul istehsal olunmuşdur. Məhsulun 16,3 milyard manatı və ya 72,1 faizi mədənçıxarma bölməsində istehsal edilmiş, 28,6 milyon ton neft və 12,3 milyard kubmetr əmtəəlik qaz hasil olunmuşdur.
Sənayenin emal bölməsində qida məhsulları istehsalı 2,4 faiz, tütün məmulatları istehsalı 75 faiz, geyim istehsalı 45,7 faiz, hazır metal məmulatların istehsalı 12,5 faiz, tikinti materiallarının istehsalı 18,9 faiz, elektrik avadanlıqlarının istehsalı 20,8 faiz, avtomobil və qoşquların istehsalı 91,1 faiz, sair nəqliyyat vasitələri istehsalı 3,5 dəfə, mebel istehsalı 11,5 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 78,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 60,2 faiz artmışdır.
Qeyri-neft emal sənayesində 3,3 milyard manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 6 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində artım 5,3 faiz olmuş, 14,5 milyard kVt.saat elektrik enerjisi istehsal edilmişdir. Bu da əvvəlki ilin səkkiz ayındakı göstəricidən 5,8 faiz çoxdur. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 2,9 faiz artmışdır.
Aqrar bölmədə sentyabrın 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 96,7 faizi, yaxud 967,2 min hektarı biçilmiş və həmin sahələrdən 2238,3 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan 23,1 sentner məhsul əldə edilmiş, o cümlədən 13,3 min hektar qarğıdalı sahəsindən 61,3 min ton məhsul götürülmüşdür. Yığım başlanandan bəri sahələrdən 651,9 min ton kartof, 980,6 min ton tərəvəz, 410,4 min ton (ötən ilin 8 ayı ilə müqayisədə 12,3 min ton çox) bostan məhsulları, 343,5 min ton (3,1 min ton çox) meyvə və giləmeyvə, 37,1 min ton (5,2 min ton çox) üzüm, 316,7 ton (82,6 ton az) yaşıl çay yarpağı, 17 min ton (1,2 min ton çox) günəbaxan, 1852,4 ton (317 ton az) tütün toplanmışdır.
Cari ilin 8 ayında 294,9 min ton, yaxud ötən ilin yanvar-avqust aylarına nisbətən 1,5 faiz çox diri çəkidə ət, 1249 min ton (3,2 faiz çox) süd, 1017,9 milyon ədəd (11,3 faiz çox) yumurta, 15,7 min ton (2,2 faiz çox) yun istehsal olunmuşdur. Beləliklə, keçən illə müqayisədə ümumi heyvandarlıq məhsulları istehsalı 2,8 faiz artmışdır.
Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10445,3 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 0,5 faiz çox vəsait yönəldilmişdir. Bu vəsaitin 7635,5 milyon manatından tikinti-quraşdırma işlərində istifadə edilmiş və ötən ilin 8 ayı ilə müqayisədə artım 11,1 faiz olmuşdur. Əsaslı vəsaitin 67,5 faizi və ya 7045,5 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf edilmişdir. Əsas kapitala yönəldilən vəsaitin 7,3 milyard manatını və ya 70,4 faizini daxili investisiyalar təşkil etmişdir.
Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işləri aparılmaqla yanaşı, bir sıra istehsal və qeyri-istehsal sahələri istifadəyə verilmişdir. Səkkiz ay ərzində 1145,5 min kvadratmetr sahəsi olan yaşayış evləri, 5680 şagird yerlik ümumtəhsil məktəbləri, 892 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, növbədə 90 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma, Təzyiqlə emal və boyama zavodları, Şirvan şəhərində Kür çayı üzərində körpü, Ağdaş rayonunda Yem və Meyvə emalı zavodları, “Ağdaş” Elektrik yarımstansiyası, Beyləqan rayonunda Şahmat məktəbi, Şəhər stadionu, Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərarası avtomobil yolu, Füzuli rayonunda Tikiş fabriki, Əhmədalılar - Mollaməhərrəmli - Arayatlı - Babı kəndlərarası avtomobil yolu, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, İmişli rayonunda Hacıqabul - Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Lənkəran rayonunda Çörək istehsalı zavodu, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli və s. obyektlər istifadəyə verilmişdir. Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 5463,7 milyon manat vəsaitin 3544,6 milyon manatından istifadə olunmuşdur.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-avqust aylarında 147,7 milyon ton, yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz çox yük, 1169,1 milyon nəfər və ya 5 faiz çox sərnişin daşınmışdır. Yüklərin 9,5 faizi dəmir yolu nəqliyyatı, 58 faizi avtomobil nəqliyyatı, 4,4 faizi dəniz nəqliyyatı, 28,1 faizi boru kəmərləri ilə, sərnişinlərin 87,9 faizi avtomobil, 11,9 faizi metropolitenlə daşınmışdır.
İlin əvvəlindən bəri informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 988,9 milyon manatlıq xidmət göstərmişlər. Ötən ilin 8 ayına nisbətən informasiya və rabitə xidmətlərinin həcmi 10,5 faiz artmış, xidmətlərin 72,6 faizi əhaliyə göstərilmiş və əldə edilmiş gəlirin 78,6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən yanvar-iyul aylarında 137 xarici ölkə ilə 18,1 milyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirilmişdir. Ticarət əlaqələrinin 9,2 faizi, yaxud 1,7 milyard dollarlığı MDB üzvü dövlətləri ilə, 90,8 faizi və ya 16,4 milyard dollarlığı digər ölkələrlə aparılmışdır.
Yeddi ay ərzində 13,2 milyard dollarlıq məhsul ixrac olunmuş, onun 498,3 milyon dollarlığı MDB üzvü dövlətlərinə göndərilmiş, 96,2 faizi və ya 12,7 milyard dollarlığı isə digər xarici ölkələrin alıcılarının payına düşmüşdür.
Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 4,9 milyard dollar təşkil etmişdir. Digər xarici dövlətlərdən idxal olunmuş malların dəyəri 3,7 milyard dollar, MDB üzvü ölkələrindən isə 1,2 milyard dollar olmuşdur.
Xarici ticarət dövriyyəsinin 46 faizi Avropa İttifaqına daxil olan ölkələrlə, 9,2 faizi MDB-yə üzv dövlətlərlə, 44,8 faizi digər ölkələrlə aparılmışdır. Beləliklə, yeddi ay ərzində ölkəmizdən ixrac olunmuş malların həcmi ölkəyə gətirilmiş malların dəyərindən 2,7 dəfə çox olmuş və 8,3 milyard dollar müsbət saldo yaranmışdır.
Yanvar-iyul aylarında ölkəyə 37,1 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
Xam neft və qaz ixracı barədə ABƏŞ və Dövlət Neft Şirkəti tərəfindən təqdim olunmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 24,2 milyard dollar, o cümlədən ixrac 19,3 milyard dollar təşkil etmiş, 14,4 milyard dollar həcmində müsbət saldo yaranmışdır.
2014-cü ilin yanvar-avqust aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 5,1 faiz artaraq 24 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 3,8 faiz artaraq 2559,9 manata (orta hesabla ayda 320 manata) çatmışdır. Gəlirlərin 70,2 faizi son istehlaka, 9,1 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Cari ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 440,8 manat təşkil etmişdir. Sənaye, tikinti, nəqliyyat və digər sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuşdur. Yanvar-iyul ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 704,1 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 625,1 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 545 manat, informasiya və rabitə sektorunda isə 725,9 manat təşkil etmişdir. Əmək haqqı neft sektorunda 1756 manat, qeyri-neft sektorunda 407,5 manat, dövlət bölməsində 356,2 manat, özəl bölmədə 565,7 manat təşkil etmişdir.
Səkkiz ay ərzində əhali istehlak bazarından 13,6 milyard manatlıq istehlak malları almış və göstərilmiş xidmətlərin müqabilində 4,1 milyard manat ödəmişdir. 2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə əmtəə dövriyyəsi 9,3 faiz, o cümlədən ərzaq məhsullarının satışı 3,5 faiz, qeyri-ərzaq mallarının satışı 15,4 faiz, pullu xidmətlərin həcmi 6,3 faiz artmışdır. Elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 1514 min manatlıq qeyri-ərzaq malları və 188,5 min manatlıq ərzaq məhsulları satılmışdır.
Avqust ayında iyul ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri dəyişməmiş, ərzaq məhsullarının qiymətləri isə 0,1 faiz ucuzlaşmışdır. 2013-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-avqust aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,6 faiz, xidmət tarifləri 0,4 faiz bahalaşmışdır.
Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 11087,2 milyon manat, xərcləri 10313,2 milyon manat təşkil etmiş, büdcənin profisiti 774 milyon manat və ya ümumi daxili məhsulun 2,3 faizi səviyyəsində olmuşdur. Büdcə gəlirlərinin 14,2 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 16 faizi əlavə dəyər vergisindən, 5 faizi fiziki şəxslərin gəlir vergisindən, 4,2 faizi aksiz vergisindən, 3,9 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən, 2,6 faizi digər vergilərdən daxil olmuş, 54,1 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilmişdir.
Büdcə vəsaitlərinin 4,6 milyard manatı (45 faizi) iqtisadiyyatın inkişaf etdirilməsinə, 1,1 milyard manatı (10,8 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına, 1,2 milyard manatı (11,5 faizi) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə xərclənmişdir.
Avqust ayının 1-nə olan məlumata görə ölkə iqtisadiyyatında istifadə edilən kreditlərin həcmi 17 milyard manat olmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 20 faiz artmışdır. Kredit qoyuluşunun 34,7 faizi dövlət, 62,4 faizi özəl banklar, 2,9 faizi isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilmişdir. Verilmiş kreditlərin 79,1 faizini uzunmüddətli kreditlər təşkil etmiş, 5,3 faizinin ödənilmə vaxtı keçmişdir.
Əhalinin banklardakı əmanətlərinin həcmi də artmışdır. Avqust ayının1-nə qədər banklardakı əmanətlərin qalığı 6,9 milyard manat olmuş və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artmışdır. Əmanətlərin 4,4 milyard manatı və ya 63,5 faizi milli, 2,5 milyard manatlıq ekvivalenti xarici valyuta şəklində qoyulmuş və əvvəlki ilə nisbətən müvafiq olaraq 22 faiz və 5,3 faiz artmışdır.
Ölkədə siyasi və sosial-iqtisadi vəziyyətin yaxşılaşması əhalinin demoqrafiq durumuna da öz müsbət təsirini göstərmişdir. Səkkiz ay ərzində Azərbaycanda 95,4 min körpə doğulmuş, onların 53, 6 faizi oğlan, 46, 4 faizi isə qız olmuşdur. Ümumiyyətlə, ilin əvvəlindən bəri ölkədə əhalinin sayı 63,3 min nəfər (0,7 faiz) artaraq 9540,4 min nəfərə çatmışdır.
Əlipənah BAYRAMOV, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.