ZƏRDAB: insanın zəhməti – torpağın bərəkəti

Builki istilər dağların yaşıl örpəyini də ütüb xəzana döndərdi. Avqustun qorabişirəni aran rayonlarında dibindən su əskik olan bitkiləri, yaşıllığı yandırıb tələf elədi. Həmin günlərdə Zərdabda olduq, torpaq sahiblərinin göydən yağan od-alovla mübarizəsini yaxından müşahidə etdik. Başını kölgədən çıxartmağın təhlükəli olduğu saatlarda, günlərdə kənd adamları əsl fədakarlıqla əkin-biçinlərini təbiətin yanğınından qorudular.

Görünməmiş istilər ötüşdü, ilin bar-bərəkəti isə, sözün həqiqi mənasında, xilas edildi. Zərdablılar əsl yanğınsöndürənlər sayağı yeri-göyü bürüyən od- alovu ram etməyi bacardılar. Bunu Zərdaba bu günlərdəki səfərimizdə bir daha yəqin etdik. Yol boyunca susuz qalmış yerlərin otu- yovşanı, ağacı- yulğunu oda düşübmüş kimi qarsalanıb. Əkin sahələri – yoncalıqlar, pambıq tarlaları, bağ-bağçalar, bostan-dirriklər isə “son bahar” dediyimiz payıza ilk bahar libasında qədəm basıb. Özü də daha bol bar- bəhərlə.

 Zərdablı dostlarla ilk hal- əhvalımız da elə bu barədə oldu. Onlar cari ili ən yüksək məhsul ilinə çevirməyi qərara aıdıqlarına görə hər cəfaya dözməyi də ikiqat iradə və dözümlə bacardılar. Kənd təsərrüfatında ilin ilk yekunları, həqiqətən, sevindiricidir: məhsulu yığılmış sahələrdə rekord göstəricilər əldə olunmuşdur!

Tanış olduğumuz hesabatlar, fakt və rəqəmlər  bir daha göstərir ki, Zərdabda son illərdə tikinti, quruculuq, insanların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, aqrar sahənin inkişafına da diqqət xeyli artırılmışdır. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"na uyğun olaraq ötən müddətdə rayonda məqsədyönlü işlər görülmüşdür. Nəticədə, bütün kənd təsərrüfatı məhsulları istehsalında əsaslı artıma nail olunmuş, Dövlət Proqramında nəzərdə tutulan proznoz tapşırıqlar vaxtından əvvəl gerçəkləşdirilmişdir.

 Aqrar sahədə qazanılmış bu ciddi uğurdan söz açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev dedi:

– Ölkədə ərzaq məhsulları istehsalını artırmaqla bağlı dövlət proqramının fəaliyyətdə olduğu son 7 il rayonumuzun kənd əməkçiləri üçün əsl sınaq və hünər dövrü olmuşdur. Əvvəlki daşqınlara və bu ilin görünməmiş quraqlığına baxmayaraq onlar dövlətin müəyyən etdiyi və stimullaşdırdığı hədəflərə çatmağa nail olmuşlar. Rayonun 87670 hektar ümumi ərazisinin 56328 hektarı kənd təsərrüfatına yararlı, 35 min hektara qədəri suvarılan torpaqlardır. Son illərdə dövlət və bələdiyyə mülkiyyətində olan 7807 hektar istifadəsiz torpaqlar yararlı hala salınaraq əkin dövriyyəsinə daxil edilmişdir.

Ölkə Prezidenti İlham Əliyevin rayonumuza göstərdiyi müstəsna diqqət və qayğı, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi istehsalçıların maddi marağını artırmış, məhsul istehsalının yüksəlməsinə stimul yaratmışdır. Taxıl istehsalçılarına subsidiya ayrılması, əkinçilərə yanacaq, mühərrik yağı və gübrə almaqda yardım göstərilməsi əkin sahələrini artırmağa, məhsuldarlığı yüksəltməyə ciddi kömək olmuşdur.

Bu il taxıl istehsalı 2008-ci ildəki 40127 tondan 49732 tona, o cümlədən buğda istehsalı 33147 tona, arpa istehsalı 16585 tona çatdırılmışdır. Göründüyü kimi, taxıl istehsalı 10 min tona qədər artmış, təxminən, rayon üzrə adambaşına 1 ton məhsul istehsal edilmişdir. Məhsuldarlıq hər hektardan 27,6 sentner olmuşdur. Məlikli, Körpükənd, Pərvanlı, Əlibəyli, Çallı, Dəli Quşçu, Dəkkəoba, Qaravəlli, Sarıqaya və digər inzibati ərazilərdə taxıl istehsalı daha çox olmuşdur. Rayon üzrə 4 toxumçuluq təsərrüfatında 246 hektar sahənin hər hektarından 28,8 sentner olmaqla, 708 ton toxumluq taxıl istehsal edilmişdir. 2014-cü ildə “Aqrolizinq” ASC-nin Zərdab Aqroservis filialına 9 ədəd xarici ölkələrin istehsalı olan  kombayn verilməsi isə taxıl biçini zamanı əvvəlki illərdə yaranan çətinliklərə birdəfəlik son qoymuşdur.

Bu il fermerlər bitkiçiliyin digər sahələrində də yüksək göstəricilər qazanırlar. Yığım mövsümü uğurla davam edir. İndiyədək 2485 ton kartof, 2237 ton tərəvəz, 10415 ton bostan məhsulları istehsal olunmuşdur ki, bu göstəricilər də əvvəlki illərdən xeyli çoxdur.

Ötən illərdə rayonda heyvandarlığın inkişafına da xüsusi fikir verilmişdir. 2008-ci ildən iri malın  sayı 2179 baş artaraq 52124-ə çatdırılmışdır. Davarın sayı isə 7725 baş artaraq 112291 olmuşdur. Ət istehsalı 25098 sentnerə, süd 147318 sentnerə, yumurta 5 milyon 319 min ədədə, yun 1600 sentnerə çatdırılmışdır. Bu dövrdə quşların sayı 175618-dən 187748 başa çatdırılmışdır. Əhalinin quş ətinə və yumurtaya olan tələbatını ödəmək məqsədilə “Turac-208” MMC-də  təkcə bu ilin 6 ayında 11650 baş cücə inkubasiya edilərək əhaliyə satılmışdır. Heyvandarlığın inkişafı üçün möhkəm yem bazası yaradılmış, yonca əkini sahəsi genişləndirilmiş, təkcə 2014-cü ildə 114355 ton ot istehsal edilmişdir. Bunlar Dövlət Proqramında nəzərdə tutulan proqnoz tapşırıqlardan xeyli çoxdur.

Bol məhsul istehsalı üçün suvarma suyu ilə təminat vacib şərtdir. Ölkə üzrə builki quraqlıq şəraitində suvarmada rayonumuzda da müəyyən çətinliklər yaranmışdı. Buna baxmayaraq, müxtəlif alternativ vasitələrlə ağır vəziyyət aradan qaldırılmış, kənd təsərrüfatı məhsulları istehsalçıları sudan korluq çəkməmişlər. Bu, suvarma sistemlərinin işinin düzgün qurulması nəticəsində mümkün olmuşdur. 2008-ci ilə nisbətən nasos stansiyaların sayı xeyli artırılmış və hazırda fermerlərə 67 nasos stansiya, 117 aqreqat vasitəsilə xidmət göstərilir.

Nasos stansiyalarının və nasosların əsaslı və cari təmiri məsələsi də daim diqqət mərkəzində saxlanılır. Bu mövsümdə 13 ədəd nasos, 8 elektrik mühərriki, 1 ədəd dizel mühərriki əsaslı təmir olunmuşdur. Məlikumudlu, Təzəkənd, Körpükənd, Şahhüseynli, Məmmədqasımlı, Pərvanlı, Çallı və digər kəndlərdə suvarma kanalları lildən təmizlənmişdir. 42 ədəd hidrotexniki qurğu, 2 ədəd mülki istehsal binası, 4 ədəd hidropost cari təmir edilmişdir. Respublika üzrə ilk dəfə Zərdab rayonunun Gəlmə kəndində 1000 metr uzunluğunda şüşə lifli asma kanal tikilmişdir.

Başçının bu ilkin və yığcam məlumatının arxasında  kənd əməkçilərinin son illərdəki gərgin əməyi, ölkədə ərzaq bolluğu yaradılması ilə bağlı dövlətin müəyyən etdiyi hədəflərin gerçəkləşdirilməsinə verdikləri sanballı töhfə dayanır. Bu öyünclü nəticə torpaq adamlarını arxayınlaşdırmır. Məhsul yığımı ilə yanaşı, rayonda növbəti təsərrüfat ilinə də zəruri hazırlıq görülür. Taxıl əkini üçün artıq 7000 hektara qədər şum aparılmışdır.

Zərdablılar  bugünlərdə hasilə gətirdikləri bol məhsulun yerdə qalan hissəsini də itkisiz toplamaq, ölkənin ərzaq ehtiyatına töhfələrini artırmaq əzmi ilə çalışırlar.

 

 Ziyəddin SULTANOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında