Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsinin təqdimatı keçirilmişdir. Vergilər naziri Fazil Məmmədov təqdimat mərasimini giriş sözü ilə açaraq, Tvinninq layihəsinin həyata keçirilməsinə yardımçı olan Avropa İttifaqına, onun Azərbaycandakı nümayəndəliyinə minnətdarlığını bildirmişdir.
Tədbirdə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə sürətlə inkişaf edən ölkə iqtisadiyyatına uyğun vergi inzibatçılığının formalaşdırılmasında bu sahədə çalışan insanların peşə hazırlığı səviyyəsinin daim yüksəldilməsinin vacibliyinə toxunaraq, Vergilər Nazirliyində son illər bir çox mütərəqqi layihələr, o cümlədən Avropa İttifaqının dəstəyi ilə elektron audit layihəsinin uğurla həyata keçirildiyini, bu gün də Avropa İttifaqı ilə yeni bir Tvinninq layihəsinə start verilməsini yüksək qiymətləndirmişdir.
Təqdimat mərasimində çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov qeyd etmişdir ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və daim bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübəni öyrənərək öz işini yüksək dünya və Avropa standartları səviyyəsində qurmağa çalışır. Son illər bu məqsədlə bir sıra iri layihələr reallaşdırılmışdır ki, bunlar da ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən modernləşdirmə siyasətinin göstəricisidir.
İnsan resurslarının idarə olunması həmişə prioritet məsələlərdən hesab edilir və Vergilər Nazirliyi insan resurslarından səmərəli istifadə olunmasını təmin etmək məqsədilə hələ 2004-cü ildə “Dövlət vergi orqanlarında insan resurslarının inkişafı strategiyasının Konsepsiyası”nı qəbul etmişdir. Konsepsiyada əksini tapmış hədəflərə çatmaq üçün həm daxili, həm də kənar mənbələr hesabına insan resurslarının sistemli şəkildə inkişafının uzunmüddətli strategiyasının hazırlanmasının vacibliyini vurğulayan nazir müavini bildirmişdir ki, işçilərin bilikləri mənimsəməsi, onların motivasiyasının stimullaşdırılması və peşəkar karyera yüksəlişinin təmin olunması üçün şəffaflıq və azad rəqabət prinsipləri əsasında formalaşan, müasir tələblərə və gələcəyə yönəlmiş tənzimləyici normativlər və qaydalar işlənib hazırlanmalıdır.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, səfir Malena Mard, Avropa İttifaqı tərəfindən layihə rəhbərləri - İspaniya Maliyyə Nazirliyi Vergi Araşdırmaları Mərkəzinin rəhbəri Qonzalo Qomez de Liano və Fransa Maliyyə Nazirliyi Şərq Regional Vergi İdarəsinin rəhbəri Noel Klaudon, layihənin rezident tvinnninq məsləhətçisi Pilar de Enterria, Vergilər Nazirliyi tərəfindən layihənin rəhbəri, vergilər nazirinin müşaviri Asəf Əsədov təqdimatlarla çıxış edərək layihə barədə ətraflı məlumat vermişlər. Tvinninq layihəsinin bu ilin sentyabr ayının 1-dən başlayaraq İspaniya və Fransanın Vergi administrasiyaları ilə birgə 2 il müddətində həyata keçirilməsi nəzərdə tutulur. Avropa Komissiyası ekspertlərinin rəylərinə əsasən, onun tətbiqi sayəsində üç əsas nəticə əldə olunacaqdır. Birincisi, insan resurslarının uzunmüddətli və çoxməqsədli inkişaf strategiyası və inkişaf planı hazırlanacaqdır. İkincisi, Vergilər Nazirliyinin insan resurslarının inkişafı və səmərəli idarəetməsinin təmin edilməsi üçün tənzimləyici rol oynayan ən müasir normativ qaydalar və metodoloji rəhbərliklər toplusu işlənilib tətbiq ediləcəkdir. Üçüncüsü isə insan resurslarının uzunmüddətli inkişaf strategiyası və tədbirlər planına uyğun olaraq, işçi heyətinin peşəkarlıq səviyyəsinin daim artırılmasını reallaşdırmaq üçün Aİ-nin ən müasir təcrübəsinə uyğun, eyni zamanda, müasir informasiya texnologiyalarına əsaslanan dayanıqlı təhsil və çoxpilləli treninq sistemi tətbiq ediləcəkdir.
Tədbirə yekun vuran vergilər naziri Fazil Məmmədov Tvinninq proqramlarının əhəmiyyətini qeyd edərək bildirmişdir ki, belə layihələr yalnız texniki yardımı ifadə etmir, eyni zamanda bu yardımı alan və yardım göstərən ölkələrin müvafiq qurumları arasında layihə başa çatdıqdan sonra da davam edən əməkdaşlığı nəzərdə tutur. Bu baxımdan layihə həm də Azərbaycanın vergi xidməti ilə Fransa və İspaniya vergi administrasiyaları arasında yeni əməkdaşlıqlar üçün imkanlar açacaqdır.
Tədbirdə Aİ, BMT, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndələri, Milli Məclisin deputatları, dövlət qurumları, qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.