Son illər dünyanın ən sabit və dinamik inkişaf etməkdə olan ölkələrindən birinə çevrilən Azərbaycan Respublikası hazırda müstəqil iqtisadi siyasət yeridir, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Özünün zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir.
Artıq dünyanın potensial qaz ixracatçısına çevrilmiş Azərbaycan Respublikası regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, XXI əsrin əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir. Belə ki, müstəqilliyinin ötən illərində həyata keçirdiyi uğurlu neft strategiyası sayəsində beynəlxalq aləmdə böyük nüfuz qazanmış Azərbaycan artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir. Təsadüfi deyil ki, son illər “mavi yanacağa” getdikcə artmaqda olan tələbatının ödənilməsinə çalışan Avropa və bir sıra dünya ölkələri əsas qaz təchizatçısı kimi məhz Azərbaycana ümid bəsləyirlər. Bu isə ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına imkan yaradır.
Hazırda beynəlxalq əməkdaşlıq məkanına çevrilmiş Xəzər hövzəsi malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı mərkəz kimi diqqət çəkir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı xüsusi əhəmiyyət kəsb edir. Artıq səkkiz ilə yaxındır ki, “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan və Türkiyəyə, oradan isə Yunanıstana ixrac olunur. Adıçəkilən yatağın qaz ehtiyatları ilə zəngin olması səbəbindən isə layihənin ikinci, tammiqyaslı işlənmə mərhələsinə zərurət yaranmışdı. Xatırladaq ki, ötən il dekabr ayının 17-də Bakıda layihə üzrə yekun investisiya qərarının imzalanması ilə “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi həlledici mərhələyə qədəm qoydu.
Bu il sentyabrın 20-də isə Bakıda “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünün qeyd olunduğu gündə Azərbaycanın iqtisadi həyatı, eləcə də Avropanın enerji bazarı üçün son dərəcə mühüm bir hadisə baş verdi. Bir sıra Qərb ölkələrinin dövlət və hökumət başçılarının, eləcə də energetika sahəsində məsul şəxslərin iştirakı ilə “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirildi. Bununla da, Azərbaycanın təşəbbüsü ilə həyata vəsiqə alan və Qərbin də yaxından dəstəklədiyi daha bir qlobal enerji layihəsinin icrasına başlanıldı. Əslində Avropanın enerji xəritəsini zənginləşdirəcək “Cənub” qaz dəhlizi layihəsinin təməli hələ 2007-ci ildə “Şahdəniz” qazının ixracını həyata keçirən Bakı-Ərzurum (Cənubi Qafqaz) boru kəmərinin istismara verilməsi ilə qoyulmuşdur. Çünki həmin hadisə ilə Azərbaycan dünyanın potensial qaz ixracatçısı kimi tanınmağa başlanmışdır. 2012-ci ilin yayında isə Azərbaycan qazının Türkiyənin qərb sərhədlərinə nəqlini nəzərdə tutan Trans-Anadolu (TANAP) boru kəmərinin tikintisi ilə bağlı Azərbaycan-Türkiyə hökumətlərarası saziş imzalanmışdır.
“Cənub” qaz dəhlizinin son ünvanı isə Qərbi Avropadır. Bu layihənin həyata vəsiqə alması heç də təsadüfi deyildi. Belə ki, Avropanın “mavi yanacağa” olan tələbatının artdığı bir şəraitdə Azərbaycanın potensial qaz tədarükçüsü kimi diqqəti getdikcə daha çox cəlb etməsi yeni layihələrə yol açırdı. Eyni zamanda, regionda siyasi sabitlik və əməkdaşlıq meydanına çevrilmiş Azərbaycan Respublikası enerji sahəsində Qərbin fəal əməkdaşlıq edə biləcəyi bir ölkə kimi də yüksək inam və etimad qazanmışdı. Həmin inamın nəticəsi idi ki, Qərb özünün təbii qaza olan tələbatının ödənilməsində əsas tədarükçü kimi məhz Azərbaycanı seçdi. Elə 2013-cü ildə Trans-Adriatik (TAP) boru kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də məhz bunun nəticəsi idi. Beləliklə də, XXI əsrdə Avropanın enerji xəritəsini zənginləşdirəcək yeni bir qaz dəhlizinin formalaşdırılmasına əsaslı zəmin yarandı. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlqoyma mərasiminə həsr olunmuş təntənəli mərasimdə demişdir: “Son illər Azərbaycan öz enerji siyasətini ardıcıl şəkildə irəliyə aparır. Yəni, bugünkü mərasim sadəcə olaraq görülən işlərin zirvəsidir. Əgər əvvəlki illərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün “Cənub” qaz dəhlizindən söhbət belə gedə bilməzdi”.
Bakıda keçirilən tədbirdə videomüraciəti səsləndirilən Avropa Komissiyasının sədri Manuel Barrozu “Cənub” qaz dəhlizinin təməlqoyma mərasiminin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər baxımından tarixi əhəmiyyət daşıdığını diqqətə çatdıraraq demişdir: “Üç il bundan əvvəl-2011-ci ilin yanvarında mən və Prezident İlham Əliyev Bakıda “Cənub” qaz dəhlizi ilə bağlı Birgə Bəyannamə imzaladıq. O gündən Avropa Komissiyası, tərəfdaş ölkələr və şirkətlər bu planları reallaşdırmaq üçün birgə çalışmışlar. Bütün kəmərlərin başa çatdırılması üçün əlavə beş il tələb olunacaq. Bu dəhliz başa çatdıqdan sonra Qafqazdan Türkiyəyə, Yunanıstan və Albaniya ərazilərindən keçərək 2 min kilometrlik məsafəni qət edəcək və Xəzər dənizini Avropa İttifaqının mərkəzi ilə birləşdirəcək. Lakin bu layihə yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Bu, sözün əsl mənasında, geostrateji bir layihə olacaq”.
Qardaş Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldızın fikirləri də bu baxımdan xüsusi maraq doğurur. O demişdir: “Bu gün təməlini qoyacağımız ”Cənub" qaz dəhlizi layihəsi yalnız bir enerji və ya nəqliyyat layihəsi deyildir. “Əsrin müqaviləsi”ndən bəri qardaş Azərbaycan ilə inkişaf etdirdiyimiz layihələr bütün ətraf ölkə və bölgələrə sülh gətirmək məqsədi daşıyan layihələrdir. Bakı-Tbilisi-Ceyhan layihəsi ilə Qafqazı Aralıq dənizinə bağladıq. Bakı-Tbilisi-Ərzurum layihəsi ilə Qafqazı Anadoluya bağladıq. “Cənub” qaz dəhlizi layihəsi və onun onurğa sütunu olan TANAP ilə Avropanı və Qafqazı bir-birinə bağlayır və sanki sülh dəhlizi açırıq”.
Son zamanlar dünyada və Avropada cərəyan edən bir sıra siyasi proseslər də Azərbaycan qazına marağın getdikcə artmasına səbəb olmuşdur. Elə bir sıra tanınmış ekspert və politoloqlar da bu qənaətdədirlər ki, “Şahdəniz-2”, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, eləcə də TANAP və TAP layihələrinin reallaşması nəticəsində Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsi sahəsində daha yaxından və fəal iştirak edəcək. Bu isə ölkəmizin etibarlı tərəfdaş kimi əhəmiyyətini bir qədər də artıracaq. Prezident İlham Əliyev “Cənub” qaz dəhlizinin imzalanması mərasimindəki çıxışı zamanı bu layihənin Azərbaycan və tərəfdaş ölkələr üçün çox faydalı olduğunu diqqətə çatdıraraq demişdir: “ Bu layihənin icrası nəticəsində uduzan tərəf olmayacaq. Hər bir tərəf fayda götürəcək. İstehlakçı ölkələr də qaz mənbələrinin şaxələndirilməsinə nail olacaqlar. Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir. Təsadüfi deyil ki, üç il bundan əvvəl Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənəd məhz bu amili diqqət mərkəzində qoyur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli rol oynayan bir ölkədir. Bu gündən sonra bu rol daha da artacaq”.
Məlum olduğu kimi, “Cənub” dəhlizinin əsas qaz mənbəyi Azərbaycanın “Şahdəniz” yatağıdır. Elə Azərbaycanın Avropaya qaz ixracı da “Şahdəniz” yatağının ikinci mərhələsi işə düşdükdən sonra mümkün olacaq. “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr proqnozlaşdırılır. Qeyd etdiyimiz kimi, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək.
Yeri gəlmişkən, “Şahdəniz-2" layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni ”Cənub" qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatının və enerji təhlükəsizliyinin artırılmasına mühüm töhfələr verəcək. Belə ki, 25 milyard dollar dəyərində olan bu layihə reallığa çevrildikdən sonra yatağın birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən illik 9 milyard kubmetr qazın həcmi xeyli artaraq 25 milyard kubmetrə çatdırılacaq. Bu isə “Şahdəniz”in hazırda dünyanın ən böyük qaz işlənməsi layihələrindən biri olduğunu sübut edir.
Xatırladaq ki, sahildən təxminən 70 kilometr məsafədə yerləşən Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz boru kəmərinin ixrac imkanlarının artırılması məqsədilə Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə ildə 16 milyard kubmetr əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir.
Sentyabrın 20-də Bakı yaxınlığındakı Səngəçal terminalında təməli qoyulan “Cənub” qaz dəhlizinin mühüm tərkib hissələrindən birini Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi təşkil edir. Xatırladaq ki, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi üzrə yekun investisiya qərarı 2013-cü il dekabrın 17-də “Şahdəniz-2" layihəsi üçün qərarın verilməsi ilə eyni zamanda qəbul edilmişdir. 2014-cü ilin ötən dövrü ərzində kəmərın genişləndirilməsi layihəsi üzrə podrat müqavilələri imzalanmışdır. Həmin müqavilələrə Cənubi Qafqaz boru kəməri layihəsi çərçivəsində Gürcüstandakı qurğuların tikintisi işləri və istismara verilməsi, layihənin Gürcüstandakı hissəsi üçün boru kəmərinin və qurğuların mühəndis layihələndirmə işləri və layihə idarəetmə xidmətləri, layihənin Azərbaycandakı hissəsi üçün beş çay keçidində üfüqi-maili qazma və boru kəmərinin quraşdırılması işləri, eləcə də layihənin iki çay keçidi (biri Azərbaycanda, digəri Gürcüstanda) üçün şaxta və tunelin tikintisi və boru kəmərinin quraşdırılması işləri daxildir. Bundan əlavə, ötən müddətdə boru kəməri üçün lazım olan boruların örtüklənməsi işləri üzrə müqavilə də imzalanmışdır. Dəyəri təxminən 70 milyon dollar təşkil edən bu müqavilə üzrə iş həcminə Cənubi Qafqaz boru kəmərinin tikintisi üçün istifadə ediləcək bütün boruların örtüklənməsi daxildir. Müqavilənin icra müddəti 18 aydır. Boruların ilk hissəsinin Azərbaycana bu ilin sonunda gətiriləcəyi planlaşdırılır.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bp (texniki operator - 28,8 faiz), ARDNŞ (16,7 faiz), Statoyl (15,5 faiz), Total (10 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz), TPAO (9 faiz) şirkətləridir. Bu faizlərə “Statoyl”dan müvafiq olaraq bp və ARDNŞ-in aldıqları iştirak payları daxildir. 2014-cü il üçün əməliyyat xərclərinin 50 milyon dollar olacağı gözlənilir. Əsaslı xərclər isə kəmərin genişləndirilməsi üzrə işlərin sürət götürməsi nəticəsində 1 milyard 250 milyon dollara qədər artacaq. Məlumat üçün bildiririk ki, boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində çıxarılan təbii qazı çatdırır. Bu ilin ötən dövrü ərzində Cənubi Qafqaz boru kəmərinin gündəlik orta ötürücülük gücü 18,14 milyon kubmetr qaz və ya gündə 110 min 430 barrel neft ekvivalenti olmuşdur. Cənubi Qafqaz boru kəmərinin iki operatoru var. bp şirkəti obyektlərin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə biznes icrası üzrə məsul kommersiya operatorudur.
“Cənub” qaz dəhlizi öz yoluna Türkiyə ərazisindən keçən Trans-Anadolu (TANAP) boru kəməri ilə davam edəcək. Xatırladaq ki, TANAP layihəsi Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 milyard ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr, 2023-cü ildə 23 milyard kubmetr, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində RDAİR 80 faiz, Türkiyənin BOTAŞ və NLAİ şirkətləri isə birlikdə 20 faiz paya malikdir. TANAP layihəsinin işə düşməsi “Şahdəniz-2" layihəsi üzrə qaz hasilatına başlanması ilə eyni vaxta təsadüf edəcək. TANAP layihəsinin reallığa çevrilməsi ilə, həm də ölkəmizin ixrac imkanları xeyli artacaq. Onu da qeyd edək ki, Azərbaycan və Türkiyənin siyasi iradə nümayiş etdirərək belə bir layihəyə imza atmaları Qərb ölkələrinin diqqətindən kənarda qala bilməzdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məhz TANAP layihəsinin reallaşdırılmasından sonra artıq “Cənub” qaz dəhlizinin konturları görünməyə başlanmışdır.
XXI əsrin layihəsi sayılan “Cənub” qaz dəhlizi Trans-Adriatik boru kəməri (TAP) ilə tamamlanır. Trans-Adriatik boru kəməri Azərbaycana məxsus “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium tərəfindən Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilmişdir. Seçim haqqında qərar konsorsium tərəfindən ötən ilin yayında elan edilmişdir.
TAP layihəsi Xəzər regionundan qazın Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, oradan isə Qərbi Avropaya nəqlini nəzərdə tutur. İlkin olaraq TAP boru kəmərinin gücü il ərzində 10 milyard kubmetr təşkil edir. Onu il ərzində 20 milyard kubmetrədək artırmaq imkanı mövcuddur. TAP layihəsinin səhmdarları İsveçrənin “AXPO” (42,5 faiz), Norveçin “Statoil” (42,5 faiz) və Almaniyanın “E.ON Ruhrgas” (15 faiz) şirkətləridir. TAP-ın tikintisinin 2015-ci ildə başlanacağı gözlənilir.
Yeri gəlmişkən, Avropanın enerji xəritəsinin zənginləşdirməsinə mühüm töhfələr verən “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır.
Artıq “Şahdəniz” qazının uzun məsafə qət edərək gələcəkdə Balkanlara, hətta Rumıniya, Macarıstan və Avstriyaya qədər gedib çıxması da gündəmdə olan məsələlərdəndir. Elə 2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu tərəfindən ildə 10 milyard kubmetrədək Azərbaycan qazının Yunanıstan, İtaliya və potensial olaraq Cənub-Şərqi Avropadakı müştərilərə çatdırılması üçün Trans-Adriatik boru kəmərinin seçilməsi və bununla bağlı müvafiq sənədlərin imzalanması da bu sahədə atılmış mühüm addım kimi diqqəti cəlb edir. Bundan əlavə, ötən il sentyabrın 19-da “Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən artıq hissəsinin İtaliyada, Yunanıstanda və Bolqarıstanda satışı üzrə doqquz şirkətlə 25 il müddətinə sazişlərin imzalanması da Azərbaycanın yeni əsrin mühüm “mavi yanacaq” ixracı marşrutu sayılan “Cənub” qaz dəhlizinin əsas təchizatçısı kimi əhəmiyyətini getdikcə artırır. Bütövlükdə isə “Şahdəniz-2" layihəsi çərçivəsində il ərzində hasil ediləcək 16 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzunan boru kəmərləri vasitəsilə çatdırılacaq.
Göründüyü kimi, hasil etdiyi təbii qaz həcmlərini Avropanın getdikcə artmaqda olan enerji tələbatının təminatına yönəldən Azərbaycan bu məqsədlə nəqliyyat marşrutlarının şaxələndirməsini də uğurla həyata keçirir. Bu isə Azərbaycanın regionda və Avropada etibarlı tərəfdaş kimi əhəmiyyətini qat-qat artırır.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.