Müstəqil Azərbaycan əsas sərvəti neftin əsl sahibidir “Əsrin müqaviləsi” – 20

Bu il sentyabr ayının 20-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü, təşkilatçılığı və iradəsi ilə bağlanmış və “Əsrin neft müqaviləsi” adlandırılmış “Hasilatın pay bölgüsü sazişi”nin 20 illiyi tamam oldu. Bu sazişin Azərbaycanın həyatının bütün sahələrinin inkişafında, dünyaya inteqrasiyasında müstəsna əhəmiyyəti oldu və şübhə yoxdur ki, gələcək inkişafında da mühüm rol oynayacaqdır.

Neft Azərbaycanın zəngin təbii sərvətləri içərisində müstəsna yer tutur. O, respublikanın bütün təbii sərvətlərinin tacı, xalqın tarixi taleyinə təsir göstərə bilən qüdrətli vasitədir. Ulu öndər Heydər Əliyev bu gerçəyi nəzərdə tutaraq demişdir: “Azərbaycan xalqının böyük neft-qaz ehtiyatlarına malik olması bizim xalqımızın xoşbəxtliyidir və təkcə bu gün deyil, həm də gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün əsas amildir”. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu sərvətin ölkəmizdə sənaye üsulu ilə 160 ildən çox hasilatı dövründə zəngin neft-qaz ehtiyatları heç də həmişə Azərbaycan xalqının xoşbəxtlik rəmzinə çevrilməmiş, onun milli mənafeyinə kifayət qədər xidmət etməmişdir.

Neft sənayesinin ölkənin ümumi inkişafı və xalqın rifahı ilə əlaqələndirilməsi baxımından Azərbaycanda neft strategiyası, ən azı, 3 dəfə əsaslı dəyişiklikliyə uğramışdır: 1847-1920-ci illər; 1920-1991-ci illər; 1991-ci ildən sonrakı dövr və ya müstəqillik illəri.

Birinci mərhələdə Azərbaycanda neft hasilatı və emalı öz dövrünə görə sürətlə inkişaf etmişdir. 1901-ci ildə dünyada hasil olunmuş 22,5 milyon ton neftin 10980 min tonu və ya 48,57%-i Azərbaycanın payına düşürdü. Bu dövrdə əsas strateji xətt Abşeronun zəngin neft-qaz ehtiyatlarını intensiv istismar etmək hesabına neft hasilatını artırmaq, xarici bazarlarda satmaqla yüksək mənfəət götürməkdən ibarət olmuş, Azərbaycan iqtisadiyyatının digər sahələrinin inkişafı və əhalinin rifahının yaxşılaşdırılması ilə əlaqələndirilməmişdi. Neft Azərbaycanın digər regionlarının həyatından və iqtisadiyyatından ayrı düşmüşdü.

Doğrudur, milli sahibkarlar neft və emal edilmiş neft məhsullarının satışından əldə etdikləri gəlir hesabına Bakı şəhərində mədəniyyətin, təhsilin, səhiyyənin, tikintinin inkişafı, kadr hazırlığı ilə bağlı təşəbbüslər göstərmiş və əhəmiyyətli dərəcədə buna nail olmuşdular. Lakin görülmüş işlərin əhəmiyyətini azaltmadan, qeyd etmək lazımdır ki, görülmüş işlər mümkün və vacib olan işlərin yalnız bir hissəsini təşkil edirdi. Neft sənayesilə ölkənin ümumi sosial-iqtisadi inkişafını əlaqələndirmək işi dövlət siyasəti səviyyəsinə qaldırılmamışdı, yalnız sahibkarların öz təşəbbüsü və vəsaitilə aparılırdı və Abşerondan kənara çıxmırdı.

İkinci mərhələ Azərbaycanda Sovet hakimiyyəti illərini əhatə edir. Bu mərhələni 1920-1942, 1942-1969 və 1970-1991-ci illərdən ibarət olmaqla 3 yarımmərhələyə ayırmaq olar. 1970-ci ilə qədər olan dövrün (iki yarım mərhələnin) əsas xüsusiyyəti ondan ibarətdir ki, neft sənayesi müəssisələri ittifaq tabeliyində idi. Digər tərəfdən, ittifaqın başqa regionlarda kifayət qədər neft-qaz ehtiyatı aşkara çıxarılıb istifadə olunmaq üçün hazırlanmamışdı. Azərbaycanda isə neft hasilatı və emalı sahəsində böyük təcrübə toplanmış, ixtisaslı kadr yetişmişdi. İttifaqın neftə və neft məhsullarına olan tələbatını ödəmək üçün Abşeron rayonu əlverişli idi. Belə ki, bu rayonun nefti keyfiyyətli idi, hasilatı və emalı daha ucuz başa gəlirdi. Odur ki, Abşeronun neft ehtiyatlarını maksimum istismar etmək və bu hesaba ittifaqın tələbatını ödəmək neft sənayesinin inkişafının əsas strateji xətti idi.

Neftdən əldə olunan gəlirin əsas hissəsi isə mənfəət vergisi formasında ittifaq büdcəsinə daxil olurdu, müəssisələrin sərəncamında yalnız öz daxili tələbatını ödəyə biləcək səviyyədə qalırdı. Eyni zamanda, Azərbaycan sənayesinə ümumi kapital qoyuluşunun yarıdan çoxu neft sənayesinə yönəldilirdi. Belə şəraitdə neft sənayesi nəinki qeyri-neft sektorunun inkişafına şərait yaradırdı, əksinə, bir sıra hallarda iqtisadiyyatın digər sahələrində maliyyə çatışmazlıqları yaradır, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatı və onun xammalını emal edən sahələrin, yüngül və yeyinti sənayesinin, xidmət sahələrinin inkişafını ləngidirdi.

Diqqəti cəlb edən başqa bir mənfi meyl ondan ibarət idi ki, ittifaqın başqa rayonlarında neft ehtiyatları istismara verildikdən və bu səbəbdən Azərbaycan neftinə tələbatı nisbətən azalandan sonra respublikanın təkcə neft sənayesinə deyil, həm də iqtisadiyyatın digər sahələrinin inkişafına diqqət, qayğı və tələbkarlıq aşağı düşdü. Bu sahələr də neft sənayesi kimi iqtisadi və texniki baxımdan müxtəlif çətinliklərlə üzləşdi və tədricən inkişaf sürəti aşağı düşdü. Azərbaycan iqtisadiyyatın inkişaf səviyyəsi, sürəti və səmərəliliyi göstəriciləri üzrə müttəfiq respublikalar arasında sonuncu yerlərdən birini tuturdu.

 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra respublika iqtisadiyyatının vəziyyəti ətraflı təhlil edildi, geriliyin səbəbləri aşkara çıxarıldı və onları aradan qaldırmaq yolları müəyyənləşdirildi. Neft strategiyası da o zaman mövcud olan müstəqilliyin imkan verdiyi dərəcədə dəyişdirildi, təkmilləşdirildi, respublika iqtisadiyyatının səmərəli inkişafı və əhalinin rifahının yüksəldilməsi mənafeyinə tabe edildi.

 Bu cəhətləri əldə rəhbər tutaraq Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişaf proqramları hazırlandı. Bu proqramlarda respublikamızda mövcud olan istehsal potensialını tamamilə hərəkətə gətirmək və ondan səmərəli istifadə etməklə iqtisadiyyatın inkişafında uzun müddət davam etmiş geriliyə son qoymaq, onun bütün sahələrini kompleks inkişaf etdirmək və mövcud emal güclərindən daha dolğun istifadə etmək vəzifəsi qarşıya qoyulmuşdur. Azərbaycan hökuməti Heydər Əliyevin rəhbərliyi altında bu proqramların yerinə yetirilməsi üçün misilsiz təşəbbüskarlıq və yorulmadan fəaliyyət göstərirdi.

 Bu proqramların yerinə yetirilməsinə etibarlı təşkilati və maliyyə təminatı yaratmaq üçün Azərbaycan hökuməti SSRİ hökuməti qarşısında dəfələrlə təşəbbüs və təkliflərlə çıxış etmişdi. Azərbaycanın yeni rəhbərinin təkidi və təşəbbüsü ilə respublika iqtisadiyyatının bütövlükdə və onun ayrı-ayrı sahələrinin inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul edilmişdi (sənaye, kənd təsərrüfatı, tikinti, xidmət sahələri). Bunların içərisində neft sənayesi xüsusi yer tuturdu.

Materialların təhlili və ümumiləşdirilməsi həmin dövrdə neft sənayesinin vəziyyətinin ətraflı təhlil edildiyini və onun inkişafı qarşısında aşağıdakı strateji vəzifələrin qoyulduğunu aşkarlamağa əsas verir:

1. Neft hasilatının texniki bazasını təkmilləşdirmək, hasilatın azalmasının qarşısını almaq və sabitləşdirmək xətti irəli sürüldü.

2. 70-ci illərin başlanğıcında neft emalının texniki bazası 30-40-cı illərdən qalmışdı, Azərbaycanın keyfiyyətli nefti kifayət qədər dərin emal olunmurdu, alınan məhsulların sayı nisbətən az, keyfiyyəti aşağı idi. Ona görə də 70-80-ci illərdə neft emalının texniki bazasını tamamilə yenidən qurmaq və yeni texniki baza üzərinə keçirmək, texnologiyasını müasirləşdirmək, yeni neft məhsulları almaq və neft məhsullarının keyfiyyətini və istehsalın səmərəliliyini, əmək məhsuldarlığını yüksəltmək strategiyası müəyyənləşdirildi. Bu tələbi nəzərə alaraq neft maşınqayırmasını yenidən qurmaq, məhsulun çeşidini artırmaq və keyfiyyətini yüksəltmək də qarşıya ciddi vəzifə kimi qoyuldu.

Sənayedə struktur dəyişiklikləri etmək, neft sənayesində geniş miqyaslı yenidənqurma işləri aparmaq böyük kapital qoyuluşu tələb edirdi. Odur ki, neft sənayesinə kapital qoyuluşunu azaltmadan ümumi kapital qoyuluşunun artmasına nail olmaq, bu yolla qeyri-neft sektoruna kapital qoyuluşunu artırmaq və onun sürətli inkişafı və strukturunun mütərəqqi istiqamətdə təkmilləşməsi üçün maliyyə təminatı yaratmaq mühüm vəzifə kimi müəyyənləşdirildi. Bu məqsəd üçün Heydər Əliyevin təşəbbüsü və böyük məqsədyönlü fəaliyyəti nəticəsində Sov. İKP MK-ya təkliflər verilmişdi. Sov. İKP MK verilmiş təklifləri nəzərdən keçirmiş və “1976-1980-cı illərdə və sonrakı dövrdə respublikada sənayenin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi nəticəsi barəsində” qərar qəbul etmişdi.

 Qərara əsasən, Azərbaycan sənayesinin inkişafı üçün ayrılan əsaslı vəsait qoyuluşu və maddi-texniki təchizatın miqdarı onuncu beşillikdə planda nəzərdə tutulduğuna nisbətən böyük məbləğdə artırılmışdı. Həm də ilk dəfə olaraq neftlə əlaqədar sahələrə qoyulması nəzərdə tutulan vəsait qərarda ayrıca göstərilmişdi. Məsələn, neft avadanlıqları istehsalına əsaslı vəsait qoyuluşu əlavə olaraq 83 milyon rubl artırıldı. Ümumiyyətlə, 1976-1980-ci illərdə 36 milyon rubl, sonrakı beşillikdə 121 milyon rubl dəyərində olan qurğuların işə salınması nəzərdə tutulurdu. Neftayırma sənayesinin inkişafı üçün əvvəl nəzərdə tutulmuş 162,3 milyon rubla əlavə olaraq 85 milyon rubl vəsait ayrılmışdı və i.a. Ümumiyyətlə, neft sənayesinə ayrılan əsaslı vəsait 2,0 milyard rubla çatdırılmışdı.

Azərbaycan iqtisadiyyatının inkişafı tarixində ilk dəfə olaraq neft sənayesinin qeyri-neft sektorunun inikşafı ilə qarşılıqlı əlaqəsinin genişlənməsi, neft emalı və neft maşınqayırma sənayesinin qeyri-neft sektorunun tələbatının ödənməsinə daha çox xidmət göstərməsi, qeyri-neft sektorunun tələbatını ödəyən məhsullar istehsal etməsi xətti həyata keçirilirdi.

Göründüyü kimi, Heydər Əliyevin 70-80-ci illərdəki neft strategiyası əvvəlki illərdəki neft strategiyasından əsaslı surətdə fərqlənirdi və bütövlükdə respublika iqtisadiyyatının səmərəli inkişafını təmin etməyə yönəlmişdi. Bununla belə həmin dövrdə Azərbaycanın müstəqil dövlət olmaması bu siyasətin bütün istiqamətlərdə və tamamilə Azərbaycan xalqının mənafeyinə xidmət etməsi imkanını məhdudlaşdırırdı. Məlumdur ki, 80-ci illərin ikinci yarısında və 90-cı illərin əvvəllərində Azərbaycan iqtisadiyyatı dərin böhrana düşdü. Azərbaycanın istehsal etdiyi məhsulun 87-90%-i SSRİ bazarlarında istehlak olunurdu. SSRİ dağılan kimi respublikamızın müttəfiq respublikalarla, xarici ölkələrlə əlaqələri tamamilə məhdudlaşdırıldı. İqtisadiyyat dərin böhrana düşdüyündən onun investisiya imkanları tamamilə tükəndi. Belə şəraitdə iqtisadiyyatda qabaqcıl həlqəni tapmaq və ondan istifadə edərək onun bütün sahələrini bərpa və inkişaf etdirmək, investisiya çatışmazlığını aradan qaldırmaq ümdə vəzifə kimi qarşıya çıxırdı. Azərbaycanda belə bir sahə ancaq neft sənayesi ola bilərdi. Bu təsadüfi olmayıb, aşağıdakılarla əlaqədardır:

1. Neft sənayesi iqtisadiyyatın başqa sahələrinə nisbətən az dağıntıya məruz qalmışdı. Doğrudur, neft hasilatı 1990-cı ildəki 12,5 milyon tondan 1992-ci ildə 9,3 milyon tona düşmüşdü. Beləliklə, bu iqtisadiyyatın başqa sahələrilə müqayisədə o qədər də yüksək deyildi. Deməli, onun bərpası da verə biləcəyi fayda ilə müqayisədə nisbətən az vəsait və vaxt tələb edə bilərdi.

2. Azərbaycanda neft hasilatı və emalı sahəsində, habelə dənizdən neft çıxarmaq sahəsində zəngin təcrübə toplanmışdır. Təsadüfi deyil ki, Azərbaycan Sovet İttifaqı kimi nəhəng bir dövlətin Neft Akademiyası hesab olunurdu. Bu böyük təcrübəni, kadrları qoruyub saxlamaq və istifadə etmək lazım idi.

3. Azərbaycan nefti və mövcud kadrlar hələ Sovetlər İttifaqı dövründə dünya miqyasında kifayət qədər, başqa sahələrə nisbətən çox tanınmışdı və bu sahəyə investisiya cəlb olunması o biri sahələr qədər çətinlik törətmirdi. Belə ki, hələ 1958-1964-cü illərdə Günəşli yatağı kəşf olunmuş, 1980-ci ilin aprel ayında ilk quyu qazılmışdı. 80-ci illərin ikinci yarısında isə “Çıraq”, “Azəri” neft yataqları kəşf olunmuş, ehtiyat istifadə üçün müəyyən dərəcədə əsaslandırılmışdı.

4. Dünya ölkələrinin neftə və neft məhsullarına olan tələbatı getdikcə artırdı. Bu mənada Azərbaycan neftinə də böyük maraq olacağı şübhəsiz idi.

5. Neft iqtisadiyyatın qeyri- neft sektorunun dirçəlməsi və inkişafına şərait yaratmaqla sonrakı illərdə bu sahələrin xarici sərmayədarları özünə cəlb etməsinə kömək edə bilərdi.

Bütün bunları nəzərə alaraq müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev özünün neft strategiyasını hazırladı, respublikanın zəngin neft- qaz ehtiyatlarından xalqın mənafeyi naminə düzgün və səmərəli istifadəni iqtisadiyyatın bütün sahələrini böhrandan çıxarıb gələcək inkişafına şərait yarada bilən başlıca qarant kimi müəyyənləşdirdi. Lakin Azərbaycan öz imkanları hesabına bu ehtiyatları hasil etməyə qadir deyildi.

Neft hasilatı çoxlu investisiya tələb edirdi, bu investisiya imkanı Azərbaycanda yox idi; Azərbaycan dənizin dərinliyi 40 metrdən artıq olan sahələrdə uğurla qazma işlərini aparmaq üçün lazımı hidrotexniki qurğulara, müasir texnika və texnologiyaya malik deyildi.

İqtisadiyyatın qeyri-neft sektoru daha çox dağıntıya məruz qalmışdı, onların bərpası əlavə vəsait tələb edirdi. Eyni zamanda, qeyri-neft sektoruna aid olan sahələr əsasən Abşerondan kənar rayonlarda yerləşmişdi. Bu rayonlara xarici investorlar vəsait qoymaq istəmirdilər. Beləliklə, iqtisadiyyatın başqa sahələrinə, Abşerondan kənar rayonlara vəsait cəlb etmək ya çətin idi, ya da heç mümkün deyildi. Bunlarla yanaşı, neft sənayesində əməkdaşlıq Azərbaycana həm də siyasi baxımdan vacib idi. Neft həm miqdarına, həm də əhəmiyyətinə görə Azərbaycanın dünya bazarına çıxara biləcəyi başlıca resurs idi.

Neft dünyanın qabaqcıl dövlətlərinin Azərbaycanda maraqlarını təmin etmək üçün, ölkənin müstəqilliyini təmin etməyin qarantı, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın dəstəklənməsi üçün yardımçı vasitə kimi də çıxış edə bilərdi. Bütün bu səbəblərdən Azərbaycan düşdüyü ağır vəziyyətdən çıxmaq üçün əsas diqqəti ölkəyə xarici sərmayələrin cəlb edilməsinə, dünya iqtisadi sisteminə inteqrasiyaya yönəltdi. 1994-cü ildə ölkənin müstəqil inkişafının başlıca vasitəsi kimi ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Azərbaycan özünün yeni neft strategiyasını işləyib hazırladı.

Bu strategiyanın əsas müddəaları bundan ibarət idi ki, Azərbaycanın zəngin neft-qaz ehtiyatlarının qabaqcıl texnikanın və texnologiyanın köməyilə hasilatı, xarici bazarlara ixrac olunması və satışı və bu sahədən əldə olunan gəlirlər onun demək olar ki, bütün problemlərini həll etməsi üçün əsas ola bilər. Lakin Azərbaycan öz məhdud maliyyə və texniki imkanları ilə Xəzər dənizinin zəngin karbohidrogen yataqlarını işlətməyə, kifayət qədər neft və qaz hasil etməyə qadir deyildi. Demək, burada dünya təcrübəsinə müraciət etmək, dünyanın böyük imkanlara – maliyyə vəsaitinə, müasir texnikaya, texnologiyaya malik olan ölkələrlə, şirkətlərlə əlaqə qurmaq, onların bu sahəyə sərmayə yatırmasına şərait yaratmaq lazım idi.

Bunun nəticəsində Azərbaycan neft sənayesinə çox böyük məbləğdə xarici sərmayə cəlb edər, neft və qaz hasilatını dəfələrlə artıra bilərdi. 2020-ci ilə qədər bunların mənfəəti hesabına Azərbaycan Respublikası Neft Fonduna 100 milyard dollardan çox vəsait toplamaqla, ölkədə, xüsusilə, Abşerondan kənar iqtisadi rayonlarda sosial sferanın – təhsilin, səhiyyənin, elmin inkişafına, əmək haqqının, pensiya və sosial ayırmaların artmasına, real sektorun inkişafı üçün büdcədən ayrılan vəsaitin artırılmasına nail ola bilərdi.

Gənc Azərbaycan dövlətinin başçısı Heydər Əliyevin qətiyyəti, inandırıcı addımları sayəsində 1994-cü il sentyabr ayının 20-də Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə xarici dövlətlərin neft şirkətlər qrupu (cəmi 8 dövlətin 12 şirkəti) (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti— ABƏŞ) arasında “Əsrin müqaviləsi” adını almış Hasilatın Pay Bölgüsü Sazişi imzalandı. Bununla da Azərbaycan dövlətinin yeni neft strategiyası rəsmiləşdirilirdi.

Əsrin müqaviləsi sazişi Milli Məclisdə ratifikasiya olunduqdan sonra 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. 1995-ci ilin oktyabr ayında ilkin neft layihəsinə sanksiya verildi. Sonrakı illərdə Heydər Əliyevin yeni neft strategiyasına qoşulan dövlətlərin və neft şirkətlərinin sayı xeyli artdı. Artıq 2004-cü ildə 15 ölkədən olan 33 neft şirkətilə 22 müqavilə imzalanmışdı. İndi əsas məsələ neft hasilatını müqavilədə nəzərdə tutulan miqdarda artırmaq, neftin satışını təşkil etmək və satışdan ölkəyə daxil olan gəlirləri xüsusi fondda cəmləşdirmək və ondan səmərəli istifadə etmək idi.

Hasilatın pay bölgüsü sazişinin yerinə yetirilməsindən gələn gəlirləri xarici ölkələrdə bu sahədə toplanmış təcrübəni nəzərə almaqla xüsusi fondda cəmləşdirmək və ondan gələcək nəsillərin mənafeyini də nəzərə almaqla səmərəli istifadə etmək məsələsi ümummilli liderimiz Heydər Əliyevin 29 dekabr 1999-cu ildə 240 №-li fərmanı ilə Neft Fondunun təsis edilməsində öz ifadəsini tapdı. Fondun fəaliyyət xüsusiyyətləri, məqsəd və vəzifələri Heydər Əliyevin 29 dekabr 2000-ci ildə 434№-li fərmanı ilə təsdiq edilmişdir.

Heydər Əliyev demişdir ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəsilə deyil, həm də gələcək nəsillərə mənsubdur. Məhz Neft Fondunun onun tərəfindən müəyyən edilmiş əsas fəlsəfəsini də neft sərvətinin nəsillər arasında ədalətlə bölüşdürülməsinin təmin edilməsi təşkil edir.

Neft Fondunun əsasnaməsində göstərilir: Neft Fondu neft-qaz ehtiyatları və hasilatına dair sazişlərin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasında əldə edilmiş gəlirlərin toplanması, səmərəli istifadə edilməsi və gələcək nəsillər üçün saxlanmasını təmin edən sənəddir. Neft Fondunun büdcəsi Dövlətin icmal büdcəsinin bir hissəsidir. Neft Fondunun vəsaitlərinin əsasını Hasilatın pay bölgüsü sazişinə uyğun olaraq respublikanın payına düşən neftin və qazın satışından əldə edilmiş gəlirlər təşkil edir. Bu vəsait ölkənin tərəqqisi naminə ən mühüm milli problemlərin həllinə yönəldilir. Bununla yanaşı, dövlət büdcəsinə transferlər edir.

İndiyə qədər Neft Fondunun vəsaiti Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin çəkilməsinə, qaçqın və məcburi köçkünlərin mənzil-məişət məsələlərinin həllinə, Qəbələ-Bakı su kəmərinin çəkilməsinə, Samur-Abşeron su kəmərinin yenidən qurulmasına, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsinə və s. xərclənir. Neft Fondunun bu növ sahələrə yönələn vəsaiti sürətlə artır.

Prezident İlham Əliyevin rəhbərliyi altında Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac-boru kəmərinin 2006-cı ilin may ayında istifadəyə verilməsi neftin xarici bazarlara ixrac edilməsi və satışı problemi, daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsilə qazın ixracı problemi də həll edildi. Beləliklə, Heydər Əliyevin yeni neft strategiyası nəzərdə tutulan bütün istiqamətlərdə həyata keçirilərək özünün bəhrələrini verməyə, bu strategiyanın doğruluğu sübut olunmağa başladı.

Müstəqillik illərində, xüsusilə, son 10 ildə Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf, dünya iqtisadiyyatına hərtərəfli inteqrasiya, ərzaq təhlükəsi, işsizlik, yoxsulluq və digər problemlərin həlli sahəsində böyük uğurlar qazandığı yaxşı məlumdur. Son 10 ildə həmçinin Azərbaycan sürətlə inkişaf edən ölkə kimi beynəlxalq miqyasda daha çox tanınır və nüfuzu artmışdır. Heç də təsadüfi deyil ki, Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyəti səviyyəsinə görə dünyada 39-cu, MDB-də birinci yeri tutur, Qafqaz ölkələri arasında investisiya reytinqinə malik yeganə ölkə kimi qəbul edilir.

 Ölkəmiz ilk dəfə dünyanın “yuxarı-orta gəlirli” və “yüksək insan inkişaflı” ölkələr qrupuna daxil olmuşdur. Bütün bunların əsasında ulu öndər Heydər Əliyevin uzaqgörən neft strategiyası, son 10 ildən artıq müddətdə isə Prezident İlham Əliyev tərəfindən bu strateji xəttin yaradıcılıqla davam və inkişaf etdirilməsi durur. Son illərdə Azərbaycanda yeni zəngin təbii qaz və kondensat yataqları (Şahdəniz, Ümid, Babək, Abşeron) aşkara çıxarılmışdır. Respublikada qaz hasilatı və satışı da sürətlə artmaqdadır. Azərbaycan qazının Avropaya bir neçə istiqamət üzrə nəqlini nəzərdə tutan Trans Anadolu Qaz-Boru kəməri (TANAP) layihəsinin reallaşması haqqında Azərbaycan ilə Türkiyə arasında saziş imzalanmışdır.

Bütün bunlar və həyata keçirilən digər tədbirlər Azərbaycanın təməlində ümummilli lider Heydər Əliyevin neft strategiyası duran yanacaq-enerji siyasətinin yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir və onun yaxın gələcəkdə daha böyük uğurlar qazanacağına inam yaradır.

 

Əli NURİYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru,

AMEA-nın müxbir üzvü

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında