"Azərbaycan Dəmir Yolları" QSC-nin 130 illik yubileyi və "Strateji Tərəfdaşlıq 1520: Qafqaz regionu" biznes forumu keçiriləcəkdir

12-13 oktyabr 2010-cu ildə Bakı şəhərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin 130 illik yubileyi və "1520: Strateji Tərəfdaşlıq" biznes forumu keçiriləcəkdir. Bununla əlaqədar cəmiyyətin sədri Arif Əsgərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, hazırlıq işlərinin vaxtında və yüksək səviyyədə təşkil olunması üçün təşkilat komissiyası yaradılıb.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovdan aldığımız məlumata görə, Azərbaycanda yük və sərnişin daşımalarını həyata keçirən dəmir yolu nəqliyyatının yaranma tarixi on doqquzuncu əsrin sonlarına təsadüf edir. 1847-ci ildə ilk mexaniki qazma quyusunun meydana gəlməsi, neftin qazma üsulu ilə çıxarılmasının inkişaf etdirilməsi, ümumiyyətlə neftçıxarmanın inkişafı neft daşınmasının təkmilləşdirilməsi zəruriyyətini yaratdı. Çünki əsas neftçıxarma rayonlarından olan Sabunçu, Suraxanı, Balaxanı nefti primitiv üsulla, 10 minədək ağac çənlərdə və tuluqlarda karvanlarla daşınırdı ki, bu da olduqca baha başa gəlirdi.
Neft sahibkarları mədənlərlə neftayırma zavodları arasında dəmir yolunun çəkilməsi haqqında dəfələrlə Nazirlər Komitəsinə müraciətlər etmişdilər. Nəhayət ki, onların təkidli tələbləri öz bəhrəsini verir. Nazirlər Komitəsinin çar II Aleksandrın iştirakı ilə 1878-ci il iyunun 16-da keçirilən iclasında neft sahəsində dəmir yolunun tikintisi layihəsi təsdiq olunur. 20 kilometr uzunluğunda olan dəmir yolunun çəkilməsi isə "Poti-Tiflis" dəmir yolu cəmiyyətinə həvalə edilir. Cəmiyyət 18 ay ərzində xətlərin inşa edilməsini üzərinə götürür. Dəmir yolunun inşası 1879-cu ildə başa çatır. 20 yanvar 1880-ci ildə dəmir yolunun rəsmi açılışı olur. Dünyada ilk dəfə olaraq neft məhz bu yolla sisternalarla daşınmağa başlanır. Məhz həmin gün tarixə Azərbaycanda dəmir yolunun yaranması günü kimi daxil oldu.
Aradan ötən 130 il ərzində Azərbaycan dəmir yolu bir sıra çətin dövrlər yaşayıb, yük və sərnişin daşımalarının həyata keçirilməsində mühüm rol oynayıb. Bütün çətinliklərə baxmayaraq, ölkə polad magistralı inkişaf edib və bugünkü səviyyəyə gəlib çatıb.
Bakı şəhərində "Strateji Tərəfdaşlıq 1520: Qafqaz regionu" biznes forumunun keçirilməsi də Azərbaycan dəmir yolunun 130 illik yubileyi ilə eyni vaxta təsadüf edir. Məlumat üçün bildirək ki, "1520 mm" dəmir yolu forumu 1997-ci ilin mayından fəaliyyət göstərir. Rusiyada, digər MDB və Baltikyanı dövlətlərində, eləcə də Finlandiyada və Monqolustanda enli, həmçinin, ensiz dəmir yolu xətləri üzrə diskussiyalar üçün nəzərdə tutulub. 1520 rəqəmi MDB, Monqolustan, eləcə də Finlandiya dəmir yolu xətlərinin izini (enini) göstərir.
Hazırda dünyada bu ölçülü dəmir yolu xətlərinin uzunluğu 226830 kilometrdən artıqdır. İlk dəfə bu ölçüdə dəmir yolu xətti ikiyollu Peterburq- Moskva xəttinin tikintisində (1524 mm olmaqla) tətbiq edilib və 1851-ci ildə istifadəyə verilib. Bu iz (ölçü) təsadüfən qəbul olunmayıb. Araşdırmalar nəticəsində müəyyən olunub ki, bu, yüksək ötürücülük qabiliyyətinə və sürətin getdikcə artırılmasına imkan verir. İyirminci əsrin 60-cı illərinin sonlarında hesablamanın rahatlığı üçün 1524 mm-dən 1520 mm-lik dəmir yolu izinə keçirilmişdir.
Forumun əsas məqsədi "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində işlərin sürətləndirilməsi, bu ölkələrdə dəmir yolu infrastrukturunun modernləşdirilməsi, yeni texniki vasitələrin alınması, vahid nəqliyyat siyasətinin formalaşdırılması perspektivləri məsələlərini müzakirə etməkdir.

{nl}

Qabil YUSİFOĞLU "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında