Azərbaycanda poçt rabitəsi sürətlə inkişaf edir

Bu sətirləri qələmə alarkən iki məqama görə fəxr və iftixar hissi keçirirəm.  Birinci məqam ondan ibarətdir ki, biz –  indiki rabitəçilər Azərbaycan Respublikasında rabitə və informasiya şəbəkəsinin ən yüksək səviyyədə inkişaf etdiyi günlərdə bu sahədə çalışırıq.

Ölkəmizin kosmosa öz rabitə peykini çıxartdığı bir zamanda bu sahədə çalışmaq, sözün həqiqi mənasında, xoşbəxtlikdir. İkinci məqam isə ondan ibarətdir ki, Azərbaycanda ilk poçtlardan biri məhz bizim çalışdığımız rayonda — Şamaxıda yaradılmışdır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin internet səhifəsində göstərilir ki,  respublikamızın ərazisində ilk poçt rabitəsi  1818-ci il iyun ayının 1-də Gəncədə yaradılsa da, 1830-cu ildə Rusiya ilə Zaqafqaziyanın ticarət əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan ərazisində – Şuşada, Şamaxıda, Bakıda və Naxçıvanda 1-ci dərəcəli, Gəncə və Qubada isə 2-ci dərəcəli poçt kontorları açılmışdır.

Ancaq  respublikamızda rabitə sisteminin əsas inkişaf dövrü ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Həmin illərdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır. 1970-ci il iyun ayının 24-də Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə “Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” məsələ Mərkəzi Komitənin bürosuna çıxarılmış və tarixi qərar qəbul edilmişdir. 1970-80-ci illərdə rabitənin inkişafı təkcə Bakı şəhəri ilə məhdudlaşmamış, respublikanın digər bölgələrini də əhatə etmişdir. Bu illərdə Gəncədə beşmərtəbəli xüsusi rabitə binası istifadəyə verilmiş, orada 8 min nömrəlik ATS, şəhərlərarası ATS, teleqraf və radio avadanlıqları quraşdırılmış, Sumqayıtda 9 min nömrəlik ATS, Naxçıvanda 5 min nömrəlik ATS inşa edilməklə yanaşı, digər şəhər və rayonlarda, kənd və qəsəbələrdə də ATS tikintisi aparılmışdır.

 Müstəqilliyin ilk illərində ölkə həyatının digər sahələri kimi  poçt rabitəsi  də özünün ən çətin dövrlərindən birini yaşamışdır. Lakin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin uzaqgörənliyi nəticəsində  digər sahələrlə bərabər, poçt rabitəsi də inkişaf yoluna düşmüşdür. 1997-ci ilin  yanvar ayından etibarən poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə bu sahə  özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən məqsədyönlü tədbirlər və uğurlu kadr islahatları nəticəsində poçt rabitəsinin inkişafına start verilmiş, həmin  ilin mart ayında poçt rabitəsinin qısamüddətli “Dirçəliş və inkişaf proqramı” qəbul olunmuş, dekabr ayında isə “1998-2003-cü illər üçün poçt rabitəsinin İnkişaf Konsepsiyası” təsdiq edilmişdir. Bütün bunların nəticəsi olaraq, 2000-ci ildən etibarən poçt rabitəsi yenidən rentabelli fəaliyyət göstərməyə başladı.  Bu tendensiya 2003-cü ilin payızından sonra daha sürətlə davam etdirilmişdir.  2004-cü ilin fevralında ölkənin Rabitə Nazirliyi rəhbərliyində aparılan kadr dəyişikliyi,  iyun ayında isə müstəqillik tariximizdə  ilk dəfə “Poçt rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi respublikamızda bu sahənin inkişafını daha da sürətləndirdi. Xatırladaq ki, sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda Prezident İlham Əliyevin 2004-cü il fevralın 20-də imzaladığı fərmanla Rabitə Nazirliyi ləğv edilmiş, onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır. 2012-cildə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu formalaşdırılmış,  2014-cü il martın 7-də Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı imzalanmışdır. Həmin gün  imzalanan Prezident sərəncamı ilə Əli Məmməd oğlu Abbasovun Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi milli rabitə şəbəkəmizin sürətli inkişafına yeni stimul vermişdir. Yəni, Azərbaycan dövləti cəmiyyət həyatının digər sahələri kimi, poçt rabitəsinin inkişaf etdirilməsi məqsədilə  də lazım olan bütün addımları atır. Təki ölkə əhalisinə nümunəvi rabitə xidməti göstərilsin.

Biz şadıq ki, Azərbaycanın milli poçt operatoru olan “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti Qəmbər Bəybalayevin rəhbərliyi ilə hazırda ölkə ərazisinin  hər yerində geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir. Bir də ona görə məmnunuq ki, “Azərpoçt”un  uğurlarının artmasında Şamaxı regional poçt filialının da xidmətləri vardır.

Hazırda filialımızda 62 nəfər işçi çalışır. Şamaxı şəhəri üzrə bir müştəri xidmətləri şöbəsi, 1 və 2 saylı poçt şöbələri fəaliyyət göstərir. Bu üç şöbə şəhər əhalisinin poçt rabitəsinə olan  tələbatını ödəyir. Bundan başqa, rayonun 19 kəndində poçt şöbələri var. Poçt şöbələrinin böyük əksəriyyəti yeni binalarda yerləşir. Demək olar ki, bütün poçt şöbələrində kompyuter quraşdırılmışdır. Təəssüf ki, bütün bunlara baxmayaraq, təxminən bir il əvvələ qədər Şamaxı Regional Poçt Filialı dotasiya  hesabına, yəni zərərlə fəaliyyət göstərmişdir. Hazırda isə idarənin maliyyə vəziyyəti düzəlmiş, 8 aylığın göstəriciləri mənfəətlə yekunlaşmışdır.Belə ki, filialımız ilin 8 ayında plandan əlavə 46 min 208 manat gəlir əldə etmişdir.Bu isə işçilərin əmək haqqının vaxtı-vaxtında ödənilməsinə imkan yaradır. Üstəlik, son bir ildə filialın binası daxili imkanlar hesabına, demək olar ki, əsaslı təmir edilmişdir.

Ötən ilin noyabrında Şamaxı şəhərində vətəndaşları qəbul edən nazir Əli Abbasov sakinlərin bütün arzu və istəklərini maraqla dinləmişdi. Görüşdə səsləndirilən təkliflərdən biri də rayonun Məlikçobanlı kəndində poçt şöbəsinin yaradılması barədə idi. Nazirin tapşırığı əsasında qısa müddətdə həmin kənddə poçt şöbəsi açılmışdır, amma, müvəqqəti binada. Sonradan nazirin əmri ilə Məlikçobanlıda yeni poçt binası tikilmişdir. İndi şöbənin həmin binaya köçürülməsinə hazırlıq gedir. Bununla yanaşı, rayonun bir neçə kəndində və Şamaxının özündə hələ yeni poçt binalarının tikintisinə ehtiyac var.

Nazirlik səviyyəsində aparılan islahatlar və tətbiq olunan yeniliklər hesabına bizim filialımızın da maliyyə imkanlarının çoxalmasına şərait yaranır. Məsələn, filialımızda tamamilə yeni xidmət olan sürətli pul köçürmələri və  valyuta mübadiləsi hesabına 8 ay ərzində 29 min 679 manat gəlir əldə edilmişdir. İndi həmin xidmətlərin daha da genişləndirilməsinə çalışırıq. Təbii ki,  filialımızın mənfəətlə işləməsinə nazirliyimizin və “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti rəhbərliyinin tövsiyə və göstərişləri də kömək edir. Ona görə də çalışırıq ki, 2014-cü ilin proqnozlarını 9 ayda yerinə yetirək. Bunun üçün imkanlarımız var. Bu isə bizim noyabrda keçiriləcək Ümumdünya Poçt İttifaqı bayramına hədiyyəmiz olacaq. 

Filialımızın kollektivi rayon əhalisini əmin edir ki, nazirliyimizin və  “Azərpoçt”rəhbərliyinin daimi köməyi və dəstəyi ilə Şamaxı sakinlərinə göstərilən poçt rabitəsinin səviyyəsi gündən-günə yaxşılaşacaq. Biz abonentlərimizə və şöbələrimizə müraciət edən hər kəsə daim inkişafda olan Azərbaycan dövlətinin adına layiq xidmət göstərməyi özümüzə borc bilirik.

 

Tağı HƏSƏNOV,

Şamaxı regional poçt filialının rəisi

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında