Azərbaycan dünyanın diqqət mərkəzində

Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi vəzifəsini irəli sürən birinci və ikinci  dövlət proqramları ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini-neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla Azərbaycanın  uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırmışdır.

Həmin regional  proqramlar Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır. Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş bu strategiyanın düzgünlüyü son illərdə öz bariz təsdiqini tapmış, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişmiş, əhalinin paytaxta axını səngiyərək əks proses başlanmış, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı isə artmışdır. Hazırda hər bir ailə, hər bir vətəndaş sözügedən dövlət proqramlarının real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.

Haqqında danışdığımız iki proqramın icrası nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, kənd təsərrüfatı istehsalı 3,3 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artmışdır. Bütün bunlarla yanaşı, ölkədə 1 milyon 240 min yeni iş yeri yaradılmışdır ki, bunun da 71 faizi, yəni 882 mini regionların payına düşür.

Həyata keçirilən aqrar siyasəti və ərzaq təhlükəsizliyi proqramı nəticəsində də hazırda regionlarda iri quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılmış, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmışdır.

Son illərdə regionlarda inşa edilmiş və ya əsaslı təmir olunmuş yüzlərlə su anbarı, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, subartezian quyuları aqrar sektorun, sahibkarlığın inkişafını sürətləndirmiş, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli su və enerji təchizatının daha da yaxşılaşdırılmasına imkan yaratmışdır.

Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası həm də əhalinin işgüzar fəallığının artmasına, yerlərdə sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuşdur. Əvvəlki dövlət proqramlarının məntiqi davamı olan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da ölkə iqtisadiyyatının, xüsusilə regionların inkişafında mühüm əhəmiyyətə malikdir. Bu proqramda müəyyənləşdirilmiş vəzifələr hazırda uğurla icra olunur.

Son dövrlər yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması qeyri-neft məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə də şərait yaratmışdır. Artıq bir neçə il əvvəl idxal olunan məhsulların əksəriyyəti indi yerli müəssisələr tərəfindən istehsal olunur. Məsələn, ölkədə son illər yerli xammal hesabına daxili tələbatı ödəyə biləcək bir sıra tikinti materialları, o cümlədən sement istehsal edən müəssisələr istifadəyə verilmişdir ki, bu da sözügedən sahədə idxalı xeyli azaltmışdır. Təkcə son 7 ayda ölkəmizdə tikinti materiallarının istehsalı 16,8, sement istehsalı 39 faiz artmışdır.

Bu gün regionlarda yol tikintisi də diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki,  hazırda ölkə əhəmiyyətli avtomobil yollarının yenidən qurulması, yerli əhəmiyyətli yolların tikintisi, əsaslı təmiri, yeni körpülərin inşası üzrə layihələr uğurla həyata keçirilir.

Prezident İlham Əliyev demişdir: “Dövlət İnvestisiya Proqramında magistral yolların çəkilişinin davamı və yeni yolların çəkilişinin başlanması mühüm yer tutur. Biz son illər ərzində bu sahədə də çox işlər görmüşük, magistral yollarımızı böyük dərəcədə bərpa edə bilmişik və yeni yollar salınıbdır. İndi bütün magistral  yollarda işlər gedir və bu işlər artıq tamamlanır. Bununla bərabər, şəhərlərarası yolların çəkilişi də gedir. Biz artıq bir neçə ildir ki, kənd yollarının çəkilişi ilə çox ciddi məşğul olmağa başlamışıq. Bütün rayonlarda bu layihələr icra edilir. Bu layihələrin icrası rayonlardan gəlmiş sifarişlər, əhalidən gələn müraciətlər əsasında təşkil edilir. İlk növbədə, biz çalışmışıq ki, əhalinin ən çox məskunlaşdığı kəndlərimizi yeni yollarla təmin edək. Kəndlərarası yolların çəkilişi geniş vüsət almışdır. Bu məqsədlər üçün həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan böyük həcmdə vəsait ayrılır. Çalışmalıyıq ki, yaxın illərdə bütün kənd yollarını tikək”.

Yol tikintisi respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.

Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərən bir məqama da diqqət yetirək. Tarixi İpək yolunun bərpası üzrə aparılan işlər respublikamızın dünya birliyi ölkələri ilə iqtisadi və kommunikasiya inteqrasiyasının inkişafında mühüm rol oynayır. Bunun nəticəsidir ki, İpək Yolunun bərpasından sonra Azərbaycandan tranzit yüklərin daşınması ilbəil artır. Təkcə cari ilin yanvar-iyun aylarında İpək Yolu nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 28,1 milyon ton yük, 149,4 milyon  sərnişin daşınmışdır. Yüklərin 14 milyon tonu və ya 49,7 faizi avtomobil, 9,5 milyon tonu və ya 33,9 faizi dəmir yolu, 4,6 milyon tonu və ya 16,4 faizi dəniz nəqliyyatları ilə həyata keçirilmişdir. Yük daşımaları fəaliyyətindən 242,5 milyon, sərnişin daşınmasından 52,3 milyon manat gəlir əldə edilmişdir ki, bu da ötən ilin müvafiq  dövründəkindən müvafiq olaraq 7,1 və 12,6 faiz çoxdur.

Rəqabətqabiliyyətli müəssisələrin yaradılması Azərbaycanın xarici iqtisadi əlaqələrinin daha da genişlənməsinə öz müsbət təsirini göstərmişdir. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ölkəmiz yanvar-iyul aylarında 137 xarici dövlətlə 18,1 milyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirmişdir. Ticarət əlaqələrinin 9,2 faizi MDB üzvü dövlətləri ilə, 90,8 faizi isə digər ölkələrlə aparılmışdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yeddi ay ərzində 13,2 milyard dollarlıq məhsul ixrac olunmuşdur. Bunun 498,3 milyon dollarlığı MDB dövlətlərinin, 96,2 faizi və ya 12,7 milyard dollarlığı isə digər xarici ölkələrin alıcılarının payına düşmüşdür.

Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 4,9 milyard dollar təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 46 faizi Avropa İttifaqına daxil olan ölkələrlə, 9,2 faizi MDB dövlətləri ilə, 44,8 faizi digər ölkələrlə aparılmışdır. Beləliklə, ixracın həcmi idxaldan 2,7 dəfə çox olmuş və 8,3 milyard dollar müsbət saldo yaranmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış”  İnkişaf Konsepsiyasında bildirilir ki, 2020-ci ildə ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sistemində nüfuzlu iştirakçı statusuna yüksəlməsi reallaşdırılacaqdır. Bu məqsədlə Azərbaycanın əlverişli coğrafi mövqeyi, geniş potensialı nəzərə alınaraq, respublikamızın regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması planlaşdırılır. Qarşıya qoyulan vəzifəni həyata keçirmək üçün regionların dinamik inkişafı, yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsipləri əsas tutulacaqdır.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında