Azərbaycanın neft sənayesinin, ölkənin qaz təsərrüfatının bugünkü uğurlu inkişafında inşaatçılar da böyük pay sahibidirlər. Son illər ölkədə neft və qaz hasilatının artırılması üçün yaradılan və hər cür imkanlara cavab verən ən müasir infrastruktur obyektləri məhz bu fədakar insanların gərgin əməyinin nəticəsidir.
Dövlət Neft Şirkəti “Neftqaztikinti” Trestinin ayrı-ayrı əmək kollektivləri kimi 2 saylı tikinti quraşdırma idarəsinin inşaatçıları da ölkənin neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verirlər. Təsadüfi deyil ki, son illər uğurlu fəaliyyəti, dövlət sifarişlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi sahəsindəki misilsiz nailiyyətləri ilə seçilən kollektivə həmişə yüksək etimad göstərilir, dənizdə və quruda bir sıra vacib tikinti-quraşdırma işlərinin, neft-qaz sənayesi üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən layihələrin icrası məhz bu idarəyə həvalə olunur. Bu etimadı layiqincə doğruldan, adı həmişə qabaqcıllar sırasında çəkilən 2 saylı tikinti-quraşdırma idarəsinin kollektivi “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünü və “Neftçilər Günü”nü də yüksək nailiyyətlərlə, əsl bayram ovqatı ilə qeyd edirlər.
Qaz təsərrüfatının infrastruktur imkanlarının genişləndirilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin reallaşdırılmasında mühüm rol oynayan 2 saylı tikinti-quraşdırma idarəsinin kollektivi magistral qaz kəmərlərinin, qaz anbarlarının, kompressor stansiyalarının və digər obyektlərin tikintisi ilə bağlı dövlət sifarişlərini vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün bütün imkanları səfərbər etmişlər. Bu baxımdan 2014-cü ilin ötən dövrünü də kollektiv üçün uğurlu hesab etmək olar. Belə ki, cari ilin səkkiz ayında ölkənin neft-qaz sənayesində, sözün əsl mənasında, xariqələr yaradan inşaatçılar bir sıra dövlət əhəmiyyətli obyektlərin tikintisini müvəffəqiyyətlə davam etdirərək tapşırılan işləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirməyə müvəffəq olmuşlar. Əvvəlki dövrlərdə olduğu kimi, cari ilin səkkiz ayında da ölkənin qaz təsərrüfatının infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər görən inşaatçılar əhalinin və iqtisadiyyatın “mavi yanacağa” olan tələbatının ödənilməsini təmin etmək məqsədilə qəbul olunmuş xüsusi proqramın icrasına mühüm töhfələr vermişlər. Məhz bunun nəticəsidir ki, ölkənin qaz təsərrüfatının yaxın illər üçün əsas prioritetlərini müəyyənləşdirən həmin proqram çərçivəsində nəzərdə tutulmuş mühüm tədbirlərin xeyli hissəsi artıq reallığa çevrilmişdir.
Hazırda Dövlət Neft Şirkəti tərəfindən ölkə regionlarının qazlaşdırılmasını nəzərdə tutan tədbirlərin reallaşdırılması sahəsində işlər sürətlə davam etdirilir. Bu baxımdan “Qazıməmməd-Qazax magistral qaz kəmərinin yenidən qurulması” layihəsini xüsusi qeyd etmək olar. Xatırladaq ki, sözügedən kəmərin 210 kilometrlik hissəsinin 1020 millimetrlik borularla dəyişdirilib yenidən qurulması işləri “Neftqaztikinti” Tresti tərəfindən məhz 2 saylı tikinti-quraşdırma idarəsinə həvalə olunmuşdur. Onu da qeyd edək ki, bu, adıçəkilən idarənin hazırda quruda həyata keçirdiyi ən iri layihədir. Layihənin məqsədi isə magistral qaz kəməri vasitəsilə Şirvan düzünün yamaclarından başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub yamaclarına qədər yerləşən ərazilərdə qazın itkisiz və fasiləsiz ötürülməsini təmin etməkdən ibarətdir. Layihənin icrasına 2013-cü ilin noyabr ayında başlanmışdır. Boruların qaynaq olunmasında “Neftqaztikinti” Tresti tərəfindən alınmış müasir avtomat və yarımavtomat qaynaq aparatlarından istifadə olunur. Bu da iş vaxtına qənaət olunmasına, layihənin icrasının sürətləndirilməsinə və qaynaq işlərinin keyfiyyətlə aparılmasına imkan yaradır.
Ötən müddətdə bu sahədə xeyli iş görən inşaatçılar kəmərin Göyçay rayonunun ərazisindən keçən 24 kilometrlik hissəsinin yenidən qurulmasını uğurla tamamlamışlar. Tikintinin birinci mərhələsinə daxil olan 114-138 kilometrlik yenidən qurulmuş hissə layihənin parametrlərinə uyğun olaraq möhkəmliyə və kipliyə görə sınaqdan keçirilmişdir.
Son illər istehlakçıların payız-qış mövsümündə “mavi yanacaq”la fasiləsiz təminatına nail olunması ölkənin qaz təsərrüfatının qarşısında duran mühüm vəzifələrdəndir. Bu məqsədlə yeraltı qaz anbarları genişləndirilir, infrastruktur əsaslı şəkildə yeniləşdirilir. 2 saylı tikinti-quraşdırma idarəsinin kollektivi bu sahədə də yaxından iştirak edir. Hazırda inşaatçılar “Qaradağ yeraltı qaz anbarında qazpaylama məntəqəsinin genişləndirilməsi” layihəsinin icrasını həyata keçirirlər. Xatırladaq ki, bu obyekt Bakı-Ələt magistral avtomobil yolundan 250 metr cənubda, dənizin 400-500 metr yaxınlığında yerləşir. Genişləndirilməsi nəzərdə tutulan sahədə qazsaxlama anbarları, müxtəlif diametrli borular və s. mövcuddur. Layihənin texnoloji hissəsinə əsasən, layihə tapşırığı ilə nəzərdə tutulan texnoloji kompleksə daxil olan obyektlər, onların təyinatı və qarşılıqlı yerləşmə mövqeyi müəyyənləşdirilmişdir. Artıq layihə çərçivəsində nəzərdə tutulmuş işlərin əksəriyyəti uğurla yerinə yetirilmişdir. Obyektin ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur.
Azərbaycanda qaz tədarükünün artırılmasına mühüm töhfələr verəcək “Ümid” yatağının neft və qaz hasilatının nəqli sisteminin layihələndirilməsi obyekti də 2 saylı tikinti-quraşdırma idarəsinə həvalə olunub. Xatırladaq ki, bu, adıçəkilən idarənin son illərdə dəniz akvatoriyasında həyata keçirdiyi ən iri layihədir. Bu layihə “Ümid” yatağından hasil olunan qazın və mayenin Nəriman Nərimanov adına NQÇİ-nin istismar etdiyi 82 saylı stasionar dəniz özülünə fasiləsiz nəql olunmasını təmin etmək məqsədi daşıyır. Layihəyə əsasən, “Ümid-1” platformasından 82 saylı özülədək 16 düyməlik qaz və 12 düyməlik maye kəmərlərinin çəkilməsi nəzərdə tutulur. Ümumi dəyəri 45 milyon manat təşkil edən layihə çərçivəsində nəzərdə tutulmuş boru kəmərlərinin çəkilişi artıq yekunlaşmaq üzrədir. Obyektin bu ayın sonlarında təhvil verilməsi planlaşdırılır.
2 saylı tikinti-quraşdırma idarəsinin kollektivi ilin ötən dövründə iri layihələrin icrası ilə yanaşı, bir sıra obyektlərin təmiri ilə bağlı sifarişləri də vaxtında və keyfiyyətlə yerinə yetirməyə müvəffəq olmuşdur. Bütövlükdə isə cari ilin yanvar-avqust aylarında kollektivin gücü ilə 41,5 milyon manatlıq tikinti-quraşdırma və təmir işləri həyata keçirilmişdir. İdarənin rəisi Elxan Salmanov dedi:— Son illər Dövlət Neft Şirkətinin, eləcə də “Neftqaztikinti”Trestinin rəhbərlikləri tərəfindən kollektivimizə yüksək etimad göstərilir, bir sıra iri layihələrin icrası bizə həvalə olunur. Bu etimadı doğrultmaq isə idarəmizin bütün işçilərindən xüsusi məsuliyyət tələb edir. Bundan əlavə, həyata keçirdiyimiz tikinti-quraşdırma işlərinə rəhbərlik tərəfindən göstərilən diqqət, eləcə də dövlət qayğısı kollektivin məsuliyyətini birə- beş artırır. Yeri gəlmişkən, onu da deyim ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davam edən sürətli inkişaf və tərəqqi bizi yeni-yeni nailiyyətlərə ruhlandırır...
Səhifəni hazırladı:
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.