Dövlət qayğısı yeni nailiyyətlərə ruhlandırır

 “Azneft” İstehsalat Birliyinin qabaqcıl neft-qazçıxarma müəssisələrindən olan Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin kollektivi də “Əsrin müqaviləsi”nin 20 illiyini və “Neftçilər Günü”nü yüksək iqtisadi göstəricilərlə, əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edir.

Azərbaycan neft sənayesinin  qocaman  neftçıxarma müəssisələrindən olan və ötən illər ərzində ölkəmizin neft sənayesinə mühüm töhfələr vermiş bu idarənin adı  həmişə qabaqcıllar sırasında çəkilib. Artıq idarənin istismar etdiyi yataqlar neftçıxarmanın son mərhələsini yaşamasına baxmayaraq, kollektiv  bu gün də neft və qaz hasilatına dair proqnoz tapşırıqlarını vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirir. Bu baxımdan ötən ili uğurla yola salan neftçilər həmin nailiyyətləri cari ildə də təkrarlamaq niyyətindədirlər. Elə müəssisənin bu ilin ötən dövründə əldə etdiyi yüksək iqtisadi göstəricilər də bunu deməyə əsas verir.

Son illər neft və qaz hasilatına dair proqnoz tapşırıqlarına artıqlaması  ilə əməl edən bu şərəfli peşə sahibləri ənənəyə sadiq qalaraq cari ilin ötən dövründə də yüksək nailiyyətlər qazanmışlar. Belə ki, idarənin “qara qızıl” ustaları yanvar-avqust aylarında 53 min 477 ton neft hasil etməyə müvəffəq olmuşlar ki, bu da nəzərdə tutulduğundan 2207 ton, keçən ilin eyni dövründəkindən isə 4976 ton çoxdur. Cari ilin ötən dövründə hasil olunmuş ümumi neftin 52 min 677 tonu keçici, 445 tonu isə fəaliyyətsiz fondun payına düşmüşdür. Bundan əlavə, qazmadan alınmış bir quyudan nəzərdə tutulmuş 765 ton əvəzinə 3557 ton neft çıxarılmışdır. Bütövlükdə isə idarənin kollektivi neft hasilatına dair səkkiz aylıq proqnoz tapşırığına 104,3 faiz əməl etmişlər. Bu, həm də “Əsrin müqaviləsi”nin 20-ci ildönümünə və “Neftçilər Günü”nə əsl bayram töhfəsi sayıla bilər.  Hesabat dövründə idarə üzrə neft hasilatı ilə yanaşı, neftin təhvili sahəsində də uğurlu nəticəyə nail olunmuş, 53 min 267 ton  “qara qızıl” təhvil verilmişdir. Bu isə nəzərdə tutulduğundan 2265 ton artıqdır.

İdarənin qaz hasilatı və təhvili üzrə əldə etdiyi göstəricilər isə daha uğurludur. Belə ki, 2014-cü  ilin səkkiz ayında mədənlərdən 25 milyon 825 min kubmetr qaz hasil edilərək proqnoz tapşırığına 104,4 faiz əməl olunmuşdur. Bu da nəzərdə tutulduğundan 1 milyon 85 min kubmetr, əvvəlki ilin eyni dövründəkindən isə 808 min kubmetr çoxdur. Bundan əlavə, hesabat dövründə idarə üzrə 21 milyon kubmetr əvəzinə 23 milyon 21 min kubmetr “mavi yanacaq” təhvil verilmişdir.

Hazırda Ə. Əmirov adına Neft və Qazçıxarma İdarəsi “Lökbatan-Puta-Quşxana”, “Şabandağ-Şubanı-Yasamal dərəsi-Atəşgah”, “Korgöz-Qızıltəpə-Şonqar”, “Qalmaz”, “Qaradağ” və “Bəndovan” yataqlarının istismarını həyata keçirir. “Lökbatan-Puta-Quşxana” yatağı isə məhsuldarlığı ilə seçilir. Təsadüfi deyil ki,  idarə üzrə hasil edilən ümumi neftin 75 faizini məhz bu yataq verir. Bütövlükdə isə idarənin istismar etdiyi yataqlardan uzun illər neft və qaz çıxarılmasına baxmayaraq, ehtiyatlar hələ tükənməyib. Mütəxəssislərin rəyinə görə, bu yataqlarda 13 milyon 261 ton qalıq ehtiyatları mövcuddur. Məhz buna görədir ki,  işlənmənin son mərhələsində olan yataqlarda hasilatın sabit saxlanması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

Hazırda idarənin istismar fondunda 432 quyu var ki, onların da  417-si fəaliyyətdə olan quyulardır. Həmin quyulardan 356-sı ştanqlı dərinlik nasosu, 32-si elektrik dalma nasosu, 13-ü isə fontan üsulu ilə istismar olunur. Son illər fəaliyyətsiz fond  quyularının yenidən istismara qaytarılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Hazırda həmin quyulardan ikisi istismara hazırlanır, daha 9 quyunun isə əsaslı təmiri nəzərdə tutulur. Mədənlərdə neft hasilatının səviyyəsini sabit saxlamaq məqsədilə geoloji və texniki tədbirlərin həyata keçirilməsinə də xüsusi diqqət yetirilir. Belə ki, cari  ilin səkkiz ayında idarə üzrə 151 texniki tədbir həyata keçirilmiş, bunun da nəticəsində əvvəlcədən proqnozlaşdırılmış 1224 ton əvəzinə 1658 ton neft hasil olunmuşdur. Bundan əlavə, hesabat dövründə mədənlərdə aparılmış 85 geoloji tədbir hesabına 5650 ton əvəzinə 6322 ton əlavə neft çıxarılmışdır. Bu isə həyata keçirilmiş texniki və geoloji tədbirlərin yüksək səmərə verdiyini sübut edir. Hasilatın səviyyəsini sabit saxlamağın əsas şərtlərindən biri də quyuların ahəngdar rejimdə işləməsini təmin edən yeraltı və əsaslı təmirlərin vaxtlı-vaxtında aparılması ilə bağlıdır. Neft təsərrüfatı üçün son dərəcə vacib olan bu sahədə çalışan təmir briqadaları  tapşırılan işin öhdəsindən layiqincə gəlirlər. Təkcə onu qeyd etmək kifayətdir ki, idarənin təmir briqadaları bu ilin səkkiz ayında  quyularda 111 əsaslı təmir işi həyata keçirmiş, bu da 6885 ton  əlavə neft hasilatına imkan yaratmışdır. Bununla yanaşı, hesabat dövründə idarə üzrə 2841 yeraltı  təmir işi aparılmışdır. Cari ilin əvvəlindən üç quyuda ikinci lülə üsulu ilə aparılmış qazma işləri 325 ton əlavə neft hasilatına imkan yaratmışdır. Ə. Əmirov adına NQÇİ-nin ümumi istismar fonduna daxil olan quyuların əksəriyyəti köhnə quyular olduğu üçün burada lay təzyiqinin sabit saxlanılması xüsusi diqqət tələb edir. İlin əvvəlindən başlayaraq idarə üzrə bu istiqamətdə zəruri tədbirlər həyata keçirilmiş, bir sıra quyularda 3-cü təsir üsulları tətbiq olunmuş, bu da həmin quyuların ahəngdar rejimdə işləməsini təmin etmişdir.

Ekoloji tarazlığın təmin edilməsi və itkilərin qarşısının alınması sahəsində görülmüş işlər də qənaətbəxşdir. Belə ki, ölkə Prezidenti İlham Əliyevin Bakı ətrafındakı süni göllərin qurudulması və abadlaşdırılması ilə bağlı müvafiq tapşırığından sonra Lökbatan ərazisindəki çirkab su sahələrinin qurudulması istiqamətində işlər xeyli intensivləşdirilib. Artıq 8 hektar ərazi qurudularaq abadlaşdırılıb. Bu istiqamətdə işlər hazırda da davam etdirilir. Bundan əlavə, idarənin yığım-nəql sisteminin təkmilləşdirilməsi sahəsində xeyli iş görülüb, 8 kilometr neft kollektoru və 12 kilometr kiçik diametrli neft xətləri dəyişdirilib. Bununla yanaşı, atmosferə atılan qazların yığılaraq emal prosesinə yönəldilməsi, eləcə də lay sularının təkrar laylara vurulmasını təmin etmək məqsədilə yeni xətlər çəkilib, mədəndaxili yollar təmir olunub.

İdarə üzrə sağlamlıq və əməyin təhlükəsizliyinin qorunması, həmçinin işçilərin əmək şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir. Bu ilin ötən dövründə idarənin 1,2,3 və 4 saylı neft qazçıxarma sexlərinin mərkəzi neftyığma məntəqələri əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. İdarənin 3 və 4 saylı neft-qazçıxarma sexləri üçün yeni inzibati binalar tikilib, quyuların əsaslı və yeraltı təmiri, istehsal proseslərinin avtomatlaşdırılması və neftölçmə cihazları, istismar avadanlıqlarının təmiri və qaz-kompressor, eləcə də elmi-tədqiqat və istehsalat işləri sexlərinin inzibati binaları isə yenidən qurularaq neftçilərin istifadəsinə verilib. Həmin binalar hər cür məişət cihazları və mebellə təchiz olunub. Bundan əlavə, işçilər normativə uyğun olaraq fərdi mühafizə vasitələri ilə tam təmin olunublar.

İdarənin rəisi Ramin Quliyev kollektivin əldə etdiyi uğurların başlıca səbəbini neft sənayesinə, bu şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısı ilə əlaqələndirdi.  Bildirdi ki, son illər ölkə Prezidenti İlham Əliyev Dövlət Neft Şirkətinin qarşısında neft və qaz hasilatının artırılması kimi mühüm vəzifə qoymuşdur. Bu vəzifənin yerinə yetirilməsi neftçilərin məsuliyyətini birə-beş artırır. Məhz bunun nəticəsində də idarə üzrə neft və qaz hasilatına dair tapşırıqları vaxtında və artıqlaması ilə yerinə yetirmək üçün bütün imkanlar səfərbər olunub. Bundan əlavə, Dövlət Neft Şirkəti və “Azneft” İstehsalat Birliyi rəhbərliklərinin yaxından köməyi də qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlməyə imkan verir...

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında