Dəniz neftçilərinin bayram sovqatı 20 sentyabr ölkə neftçilərinin peşə bayramı günüdür

Azərbaycanın neft və qaz sənayesinin inkişafında Azərbaycan xalqının dəyərli insanları – böyük alimləri, mühəndisləri, geoloqları, neftçiləri və başqa mütəxəssisləri zəngin neft və qaz sərvətlərinin Vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar.

Heydər ƏLİYEV

Ümummilli lider

 Azərbaycanın yeni neft strategiyasının müəllifi, xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neftçilər Günü” peşə bayramının təsis edilməsi haqqında 2001-ci il avqust ayının 16-da imzaladığı tarixi fərman, ötən illər ərzində neft sənayesindəki fədakar əməklərinə görə fərqlənənlərin  orden, medal və fəxri adlarla təltif olunması bu şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının parlaq təzahürüdür.

Artıq ölkə neftçiləri peşə bayramlarını on dördüncü dəfədir ki, qeyd edirlər. Hazırda əsl ümumxalq bayramına çevrilmiş “Neftçilər Günü”  ölkəmizdə neftçi peşəsinə hörmət və ehtiramı bir qədər də artırmışdır. Əslində isə gecəni gündüzə qatıb yorulmaq bilmədən çalışan bu qəhrəman insanlar hər cür ehtirama layiqdirlər. Elə yüksək dövlət qayğısına əməli işlə cavab verən şərəfli peşə sahibləri də, əvvəlki illərdə olduğu kimi, builki bayramı da uğurlu nəticələrlə, yüksək iqtisadi göstəricilərlə qarşılayırlar.

“Azneft” İstehsalat Birliyinin qabaqcıl neftçıxarma müəssisələrindən sayılan “Neft Daşları” Neft və Qazçıxarma İdarəsində bayram əhval-ruhiyyəsi olduqca yüksəkdir. Elə idarənin 2014-ci ilin yanvar-avqust aylarındakı fəaliyyəti  də bu qənaətə gəlməyə əsas verir. Hesabat dövründə 625 min 880 ton “qara qızıl” hasil edən neftçilər proqnoz tapşırığını 100 faiz yerinə yetirmişlər. Xatırladaq ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 min 583 ton artıqdır. Bundan əlavə, “möcüzələr adası”nın sakinləri neftin təhvili planına da artıqlaması ilə əməl etməyə müvəffəq olmuşlar. Belə ki, cari ilin səkkiz ayında idarə üzrə 620 min 125  tondan artıq “qara qızıl” təhvil verilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 min 524 min ton çoxdur.

“Neft Daşları” NQÇİ-nin kollektivi qaz hasilatı üzrə də qənaətbəxş nəticəyə imza atmışdır. Belə ki, neftçilər yanvar-avqust aylarında 44 milyon 280 min kubmetr qaz hasil edərək tapşırığa 100 faiz əməl etmişlər. Bununla yanaşı, hesabat dövründə idarə üzrə 475 milyon kubmetrdən artıq  əmtəəlik qaz istehsal olunmuşdur. Bu isə nəzərdə tutulduğundan təqribən 10 milyon kubmetr, əvvəlki ilin eyni dövründəkindən isə 120 milyon kubmetr çoxdur.

Məlumat üçün bildiririk ki, bu il “Neft Daşları” yatağının istismara daxil edilməsinin 65-ci ildönümüdür. Azərbaycanın dəniz yataqları sırasında öz zənginliyi ilə seçilən bu yataqda çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur. Məhz buna görədir ki, ölkə Prezidenti İlham Əliyev “Neft Daşları” yatağında illik hasilatın bir milyon tona çatdırılmasını neftçilərin qarşısında mühüm vəzifə kimi qoymuşdur. Elə ada sakinləri olan qəhrəman neftçilər də çətin dəniz şəraitinə baxmayaraq, dövlət başçısının qarşıya qoyduğu vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Hazırda idarənin  istismar fondunda 448 quyu vardır. Həmin quyulardan 449-u işlək quyulardır. Son illər fəaliyyətsiz quyuların yenidən işlək fonda qaytarılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin yanvar-avqust aylarında fəaliyyətsiz fonddan 9 quyu yenidən istismara daxil edilmişdir ki, bu da nəzərdə tutulduğundan bir quyu çoxdur. Bu, həm də yüksək iqtisadi səmərə ilə müşayiət olunmuşdur. Belə ki, fəaliyyətsiz fonddan istismara qaytarılan həmin quyulardan əvvəlcədən proqnozlaşdırılmış 4162 ton əvəzinə 6429 ton əlavə neft alınmışdır. Hazırda isə daha bir quyu mənimsəmədədir. Bundan əlavə, “Neft Daşları” NQÇİ üzrə hasilatın artırılması üçün qazma işlərinə də xüsusi diqqət yetirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən ilin səkkiz ayında qazmadan 7 quyu alınmışdırsa, cari ilin müvafiq dövründə onların sayı iki dəfə artmışdır. Qazmadan alınmış yeni quyulardan 27 min 667 ton neft hasil olunması isə “Neft Daşları” yatağının ehtiyatlarla zənginliyini bir daha təsdiqləyir.

Quyularda hasilatın sabit saxlanması məqsədilə geoloji və texniki tədbirlərə diqqət getdikcə artırılır. Cari ilin səkkiz ayında idarə üzrə nəzərdə tutulmuş 80 əvəzinə 93 geoloji tədbir həyata keçirilmişdir. Nəticədə əvvəlcədən proqnozlaşdırılmış 39 min 626 ton əvəzinə 40 min 900 ton əlavə neft çıxarılmışdır. Bu da həyata keçirilmiş geoloji tədbirlərin yüksək iqtisadi səmərə ilə müşayiət olunmasını sübut edir. Ötən səkkiz ayda quyularda 216 əvəzinə 272 texniki tədbir həyata keçirilmişdir ki, bu da 8973 ton əlavə neft hasilatına imkan yaratmışdır. İdarənin istismar etdiyi yataqlarda quyuların sabit rejimdə işləməsini təmin etmək məqsədilə əsaslı və yeraltı təmirlərə də xüsusi diqqət yetirilir. 2014-cü ilin yanvar-avqust aylarında 160 quyuda əsaslı təmir işləri aparılmış və bunun da hesabına yüksək səmərə əldə olunmuş, 64 min 933 ton  əlavə neft hasil olunmuşdur. Bununla yanaşı, ötən səkkiz ayda quyularda 421 yeraltı təmir işi həyata keçirilmişdir.

Hazırda Dövlət Neft Şirkəti üzrə yeni texnika və texnologiyaların istehsalata tətbiqinə xüsusi diqqət yetirilir. Bu da neft və qaz hasilatında yüksək iqtisadi səmərənin əldə olunmasına səbəb olur. Bu baxımdan dünya üzrə ilk dəfə olaraq açıq dənizdə neftçıxarmaya başlanılmış “Neft Daşları” NQÇİ-də də mühüm tədbirlər həyata keçirilir. Bundan əlavə, çətin dəniz şəraitində yüksək fədakarlıq nümunəsi göstərərək gecə-gündüz yorulmadan çalışan neftçilərin fərdi mühafizə vasitələri ilə təminatına xüsusi diqqət göstərilir, işçilərin əmək və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər görülür. İdarənin rəisi Qoçalı Mahmudov  dedi:

 - Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyası uzun illərdir ki, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına, xalqımızın rifah halının getdikcə yaxşılaşdırılmasına xidmət edir. Hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan neft strategiyası biz neftçilərin üzərinə mühüm vəzifələr qoyur. Ölkəmizdə neft sənayesinə, neftçilərə göstərilən dövlət qayğısının ilbəil gücləndirilməsi neft və qaz hasilatının artırılması kimi çətin və şərəfli vəzifənin öhdəsindən gəlməyə imkan yaradır. Yeri gəlmişkən, Dövlət Neft Şirkəti, eləcə də “Azneft” İstehsalat Birliyi rəhbərliklərinin neftçilərin sosial qayğıları ilə maraqlanmaları, onların əmək şəraitlərinin daha da yaxşılaşdırılması üçün həyata keçirdikləri tədbirlər kollektivimizi yeni-yeni nailiyyətlərə ruhlandırır. 20 Sentyabr-“Neftçilər Günü”nü və “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünü yüksək nailiyyətlərlə  qeyd edən neftçilərimiz 2014-cü ili də uğurlu göstəricilərlə başa vurmaq əzmindədirlər...

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında