İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olub. Nümayəndə heyətinə İqtisadiyyat və Sənaye, Xarici İşlər, Fövqəladə Hallar, Energetika, Nəqliyyat nazirliklərinin, ARDNŞ-in, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərenerji” ASC-nin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yüksək vəzifəli nümayəndələri daxil idi.
İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a bildiriblər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Dövlət Komissiyasının İran tərəfindən həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, habelə İranın Enerji, Neft, Maliyyə və İqtisadiyyat, Nəqliyyat və Şəhərsalma, Kənd Təsərrüfatı, Sənaye, Mədən və Ticarət nazirliklərinin rəhbərləri ilə görüşüb.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan nümayəndə heyətini qəbul edərək ölkələrimiz arasında tarixi dostluq münasibətlərindən danışıb. Azərbaycan Respublikasının Prezidenti ilə Davosda və Tehranda keçirdiyi görüşləri yüksək qiymətləndirən H.Ruhani siyasi, iqtisadi və mədəni əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, ikitərəfli və regional əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensialın olduğunu qeyd edib.
İran Prezidenti regionda uzun illərdir ki, sabitliyin pozulduğunu və terrorizmin bölgə üçün ciddi təhlükəyə çevrildiyini bildirib, terrorçuluğa qarşı birgə mübarizənin vacibliyini, İran ərazisindən Azərbaycan əleyhinə istifadə olunmasına və kənar qüvvələrin ölkələrimiz arasında əlaqələrin inkişafına müdaxiləsinə yol verməyəcəklərini vurğulayıb.
Nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev səmimi qəbula görə təşəkkür edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını İran Prezidentinə çatdırıb. Dövlət başçılarının Davos və Tehrandakı görüşlərindən sonra qısa zaman ərzində Bakıda müştərək komissiyanın iclasının və Azərbaycan-İran biznes forumunun keçirildiyini vurğulayan Şahin Mustafayev ölkələrimiz arasında iqtisadi əlaqələrin, ticarət, investisiya, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.
Regiondakı mövcud problemlərə toxunan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Ermənistanın işğalçı siyasətinin regionun potensialının tam reallaşdırılmasına ən ciddi maneə və təhdid olduğunu, beynəlxalq hüquq və normalara, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və digər mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq, Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında saxlandığını diqqətə çatdırıb.
Görüşdə Şahin Mustafayev Azərbaycan ilə İran arasında dostluq və qonşuluq münasibətlərini qeyd edib, Azərbaycanın öz ərazisindən İrana qarşı istifadə olunmasına imkan verilməyəcəyi ilə bağlı ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, dövlətlərarası müştərək komissiyasının həmsədri Mahmud Vaezi ilə keçirilmiş görüşdə Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyi, iqtisadi əlaqələrin daha da genişlənməsi üçün böyük potensialın olduğu, Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb, Komissiyanın bu ilin avqust ayında Bakıda keçirilmiş 9-cu iclasının yekunlarına dair imzalanmış protokoldan irəli gələn məsələlərin icrası müzakirə edilib. Görüşdə Azərbaycan ilə İranın müvafiq dövlət qurumları və sahibkar birlikləri arasında əməkdaşlıq sənədlərinin hazırlanması qərara alınıb, həmçinin Azərbaycan, İran və Türkiyənin iqtisadi qurumları rəhbərlərinin birgə görüşünün və üçtərəfli biznes forumun keçirilməsi barədə razılığa gəlinib.
Azərbaycan nümayəndə heyətinin İranın enerji naziri Hamid Çitçian ilə görüşündə Şahin Mustafayev ölkəmizdə həyata keçirilən və Azərbaycanın iştirakçısı olduğu enerji layihələri barədə məlumat verib, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. Görüşdə Azərbaycan ilə İran arasında uzunmüddətli enerji təchizatına dair sazişin hazırlanması, “Ordubad və Marazad Su Elektrik Stansiyalarının Tikintisi və İstismarı haqqında Saziş”in İran tərəfindən ratifikasiyasının sürətləndirilməsi, “Xudafərin” və “Qız Qalası” hidroqovşaq və su elektrik stansiyalarının tikintisinin davamı, istismarı, istifadəsi üzrə Saziş"in yekunlaşdırılması, eləcə də alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığa dair razılıq əldə olunub.
İranın neft naziri Bijan Namdar Zəngənə ilə keçirilmiş görüşdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan dünya əhəmiyyətli iri neft-qaz layihələri barədə geniş məlumat verib, bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşdə, həmçinin təbii qaz mübadiləsi və qaz anbarlarından istifadə imkanları, neft-qaz sahəsində elmi-tədqiqat əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İranın maliyyə və iqtisadiyyat naziri Əli Tayebnia ilə də görüşüb. Görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinin və investisiya əməkdaşlığının daha da genişləndirilməsi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və İran İnvestisiya, İqtisadi və Texniki Dəstək Təşkilatı tərəfindən hər iki ölkədə potensial investisiya imkanlarının araşdırılması məqsədilə İşçi Qrupunun yaradılması barədə razılığa gəlinib. Görüşdə, həmçinin Azərbaycan ilə İran arasında özəl sektorda müştərək müəssisələrin yaradılması, məhsulların üçüncü ölkələrə ixracı, habelə ixracqabiliyyətli mallar haqqında mütəmadi məlumat mübadiləsinin aparılması üçün Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası və İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası arasında əməkdaşlıq sənədinin hazırlanması və müvafiq İşçi Qrupunun yaradılması məqsədəuyğun hesab olunub.
İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti ilə keçirilmiş görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlığın inkişaf etdiyi qeyd olunub, bu sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Görüşdə baytarlıq və bitki mühafizəsi sahələrində əməkdaşlıq sənədlərinin müzakirəsinin qısa müddətdə başa çatdırılması, balıqçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi, hər iki ölkədə ixracqabiliyyətli kənd təsərrüfatı məhsulları üzrə məlumat mübadiləsi və kənd təsərrüfatı sahəsində birgə müəssisələrin təşviq edilməsi məqsədilə İşçi Qrupunun yaradılması məsələləri müzakirə olunub.
İranın nəqliyyat və şəhərsalma naziri Abbas Əhməd Axondi ilə keçirilmiş görüşdə Azərbaycan nümayəndə heyətinin başçısı Şahin Mustafayev ölkəmizdə beynəlxalq səviyyəli nəqliyyat infrastrukturunun yaradılması sahəsində əldə edilmiş uğurlardan danışıb, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin imkanları barədə məlumat verib. Görüşdə “Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar işlərin sürətləndirilməsi, hər iki ölkənin tranzit imkanlarına dair məlumat mübadiləsinin həyata keçirilməsi, gəmiçilik və limanlardan istifadə sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Azərbaycan nümayəndə heyətinin İranın Sənaye, Mədən və Ticarət Nazirliyində keçirilmiş görüşündə ölkəmizin zəngin sənaye potensialı, sənaye parkları, o cümlədən Sumqayıt Kimya Sənaye Parkı (SKSP) barədə məlumat verilib, hər iki ölkədə yaradılmış sənaye parkları və sənaye müəssisələri arasında əlaqələrin qurulması məsələləri müzakirə edilib, İran şirkətləri SKSP-lə əməkdaşlığa dəvət olunub.
Səfər çərçivəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İran Xodro maşınqayırma kompleksi, Daro-Paxş əczaçılıq, Mapna Qrup enerji istehsalı və alternativ enerji istehsalı müəssisələrində istehsal prosesi və məhsullarla tanış olub.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.