Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsinə xidmət edir “Əsrin müqaviləsi-20”

 Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı,  işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanmasının 20-ci ildönümü tamam olur. Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın 7 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti arasında imzalanmış bu nəhəng neft sazişi gənc Azərbaycan dövlətinin tarixində yeni bir səhifə açdı. Sonradan beynəlxalq aləmdə haqlı olaraq “Əsrin müqaviləsi” adı ilə tanınan bu saziş, həm də ölkəmizin iqtisadi müstəqilliyinin əsasını qoydu.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının təməl daşını təşkil edən “Əsrin müqaviləsi” Azərbaycanın qapılarını xarici sərmayədarların üzünə açmaqla yanaşı, uzun illər sovet imperiyasının hərbi gücünün artırılmasına xidmət edən əvəzsiz təbii sərvətimiz olan nefti xalqımıza qaytardı. Məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, “Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edən ulu öndər Heydər Əliyev demişdir:  “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq”.

Beləliklə,  “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başlandı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi.

“Əsrin müqaviləsi”nin  mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin  nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. Məlum olduğu kimi, müqavilə imzalanarkən bu məsələ ətrafında gedən müzakirələr zamanı xam neftin ixracı üçün ilkin olaraq Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri marşrutları seçildi. Buna baxmayaraq, gələcəkdə neft hasilatının artması ilə əlaqədar əsas ixrac boru kəmərinə ehtiyac duyulurdu. Ümummilli liderimiz Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan boru kəməri ideyasını irəli sürdü. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, Heydər Əliyevin səyi və gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq bu layihə həyata vəsiqə aldı. Belə ki, ATƏT-in 1999-cu ilin noyabr ayının 18-də İstanbul şəhərində keçirilən sammiti zamanı Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Beləliklə də, “Üç dənizin əfsanəsi” adlandırılan və minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Daha sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparıldı.

 bp şirkəti layihənin operatoru seçildi. Kəmərin tikintisi və istismarı üçün isə BTC Ko. şirkəti yaradıldı. Onun səhmdarları  bp (30,1 faiz), ARDNŞ (25 faiz), Şevron (8,9 faiz), Statoyl (8,71 faiz), TPAO (6,53 faiz), ENİ (5 faiz), Total (5 faiz), İtoçu (3,4 faiz), İNPEX (2,5 faiz), KonokoFillips (2,5 faiz) və Amerada Hess (2,36 faiz) şirkətləri oldu. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində iştirak etmək məqsədilə AzBTC Co. törəmə şirkətini təsis etdi və bu qurum layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılmış BTC Company şirkətində 25 faizlik iştirak payı əldə etdi. AzBTC Co. şirkəti daxil olmaqla   bütün digər iştirakçılar layihənin dəyərinin 30 faizlik hissəsini öz vəsaitləri hesabına, qalan 70 faizlik hissəsini isə beynəlxalq maliyyə institutlarından, ixrac kredit agentliklərindən və kommersiya banklarından cəlb edilmiş kredit vəsaitləri hesabına maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etdilər.  Azərbaycan dövləti adından Azərbaycan BTC Co. şirkətindəki payının maliyyələşdirilməsi isə Dövlət Neft Fondu tərəfindən həyata keçirildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2002-ci il iyulun 30-da “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında” fərman imzaladı. Həmin fərmanda BTC layihəsində Azərbaycan Respublikasının iştirakının təmin edilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi, o cümlədən ölkənin iştirak payının maliyyələşdirilməsi ilə bağlı məsələlər öz əksini tapdı.

Nəhayət, 2002-ci il sentyabr ayının 18-də Bakıda-Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. Bununla da, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən olan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsinə başlanıldı. Kəmərin inşası üçün podratçı şirkətin müəyyən edilməsi məqsədilə beynəlxalq səviyyəli tender elan olundu. Tender prosesinin nəticəsi olaraq Yunanıstanın Konsolideytd Kontraktors Kompani (CCIC) şirkəti qalib elan edildi. 2003-cü ilin fevral ayında Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq kəmərin tikintisinə start verildi. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi Gürcüstan ərazisindən keçən hissəsi ilə birləşdirildi.

Yeri gəlmişkən, ulu öndər Heydər Əliyevin qalibiyyətli neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi sahəsində misilsiz xidmətlər göstərən Azərbaycan Prezidenti İlham Əliyev dövlət başısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişi ilə bağlı şəxsən maraqlanır, vaxtaşırı olaraq tikinti işləri ilə tanış olurdu. Nəhayət, 2005-ci ilin aprel ayında tikinti işləri yekunlaşdırıldı. Həmin il may ayının 25-də  Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirildi. Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları İlham Əliyev, Mixeil Saakaşvili və Əhməd Necdət Sezər terminalda quraşdırılmış xüsusi qurğudakı sürgünü açdıqdan sonra kəmərlə ilkin neft axmağa başladı.

2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyulun 4-də isə neftlə yüklənmiş ilk tanker buradan yola salındı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlverişli imkan yarandı, eyni zamanda ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. Kəmərin uzunluğu 1767 kilometrdir. Onun 443 kilometri Azərbaycanın, 248 kilometri Gürcüstanın, 1076 kilometri isə Türkiyənin ərazisindən keçir. Boru kəmərinin Azərbaycan və Gürcüstanda yerləşən hissələrinin operatoru BTC Ko-nun səhmdarları adından bp, Türkiyədə yerləşən hissəsinin operatoru isə BOTAŞ Interneşnl Limited şirkətləridir. Kəmərin diametri Azərbaycanda və Türkiyədə, əsasən 42 düyməlikdir. Gürcüstan ərazisində  kəmər 46 düyməlik borularla çəkilib. Türkiyədə Ceyhan dəniz terminalına enən axırıncı eniş boyu hissədə isə 34 düyməyədək azalır. Boru kəməri 1500-dən artıq çayla və 13 seysmik qırılma xətti ilə kəsişir. Kəmərin ən yüksək nöqtəsi 2800 metr olan dağlardan keçdiyi yerdir ki, bundan sonra o, Ceyhanda yenidən dəniz səviyyəsinə enir.Kəmərin istismar müddəti 40 il, orta ötürücülük qabiliyyəti isə sutkada 1,2 milyon barrel nəzərdə tutulmuşdur. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan kəmərin çəkilməsinə təxminən 4,5 milyard dollar vəsait xərclənmişdir. Hazırda kəmər vasitəsilə ildə 60 milyon ton neft nəql etmək mümkündür. Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi və siyasi baxımdan, eləcə də enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin də qarşısını almışdır.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri hazırda əsasən “Azəri-Çıraq Günəşli” yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı Azərbaycandan nəql edir. Bundan əlavə, hazırda Türkmənistan nefti də bu boru kəməri vasitəsilə nəql olunur. 2013-cü ilin oktyabr ayından etibarən isə BTC boru kəməri ilə yenidən müəyyən həcmlərdə Qazaxıstanın “Tengiz” yatağından çıxarılan xam neftinin nəqlinə başlanılıb.

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon barreldir. 2014-cü ilin birinci yarısı ərzində BTC vasitəsilə təqribən 17,8 milyon ton xam neft ixrac olunub və bu neft Ceyhanda 185 tankerə yüklənib. İstismara verildiyi 2006-cı ildən etibarən isə BTC vasitəsilə nəql edilmiş təxminən 263 milyon ton xam neft Ceyhanda 2580 tankerə yüklənilərək dünya bazarlarına göndərilib.

Azərbaycan Respublikasının iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirmiş, dövlətimizi Cənubi Qafqazın liderinə çevirmişdir. Bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. BTC mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi  məzmun kəsb edir.  Belə ki, bu kəmər dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan vermiş, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaratmışdır.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi ilə reallaşan və ulu öndərin bir neçə onilliklər üçün hesablanan neft strategiyasının həlli və uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində siyasi, iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan qüdrətli dövlət kimi tanınır, qəbul olunur. Təsadüfi deyil ki, Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqımıza müraciət edən Prezident İlham Əliyev sülh, xalqlararası birlik və dövlətlərarası əməkdaşlığa əsaslanan bu kəməri ölkəmizin uzunmüddətli inkişafını təmin edən və iqtisadi potensialımızı artıran layihə kimi dəyərləndirmişdir.

Ötən müddətdə Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə sözü öz təsdiqini tapmışdır. Beynəlxalq əhəmiyyətli layihə kimi dünya birliyi dövlətlərinin marağına səbəb olan BTC-nin uğurlu fəaliyyəti sayəsində  Azərbaycanın büdcəsi xeyli möhkəmlənmiş, ölkəmiz Hasilat Sənayesi üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk dövlət kimi tanınmışdır. Neftdən əldə olunan gəlirin indiki və gələcək nəsillər arasında ədalətli bölünməsi və əhalinin sosial müdafiəsinin təminatı, qeyri- neft sektorunun inkişafı naminə sərf olunması üçün yaradılan Dövlət Neft Fondunun aktivlərinin ilbəil artması  neft strategiyasının layiqincə davam etdirilməsinin nəticəsidir.

Hazırda bu kəmərin coğrafi-siyasi əhəmiyyəti bütün dünya dövlətləri tərəfindən etiraf olunur, bütövlükdə  Azərbaycanın neft-qaz ehtiyatlarının dünya bazarlarına ixrac edilməsi üçün şaxələndirilmiş boru kəmərləri sisteminin yaradılması dəstəklənir. Bu gün Azərbaycan nefti, təbii qazı bir neçə marşrut üzrə dünya bazarına ixrac olunur. Bu sistemdə ulu öndər Heydər Əliyevin şah əsərlərindən hesab olunan, sutkada bir milyon barreldən artıq Azərbaycan neftini tam təhlükəsiz şəkildə Aralıq dənizi sahillərinə ixrac imkanına malik olan BTC-nin xüsusi yeri var. Qeyd etdiyimiz kimi, BTC artıq Azərbaycan neftinin deyil, Mərkəzi Asiya ölkələrinin enerji resurslarının da dünya bazarlarına nəqlinə imkan yaradan infrastruktur kimi böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin bu barədə fikirləri xüsusi maraq doğurur: “Əsrin müqaviləsi” imzalanmasaydı, təbii ki, Bakı -Tbilisi-Ceyhan neft kəməri inşa olunmazdı, Bakı-Tbilisi- Ərzurum qaz kəməri çəkilməzdi və bu gün biz “Şahdəniz” yatağından qaz hasilatına nail ola bilməzdik. Böyük maraq doğuran TANAP, TAP, “Cənub” qaz dəhlizi ilə bağlı müzakirələr aparılmazdı. İndi Azərbaycanın enerji inkişafına istənilən nöqteyi-nəzərdən yanaşsaq görərik ki, neft və qaz ölkə əhalisinin rifahına xidmət edir. Bu təbii sərvətlərdən əldə olunan gəlir ədalətlə bölünür ki, bu da əhalinin sosial müdafiəsinin etibarlı təminatı üçün başlıca amildir...Azərbaycan nefti, Azərbaycanın təbii sərvətləri Azərbaycan xalqının xidmətindədir və bu əsas məqsəddir".

Göründüyü kimi, ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış milli neft strategiyası Azərbaycanı regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından birinə çevirmişdir. Ölkəmizdə əldə edilən uğurların ilk şanlı səhifələri isə Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” nin reallaşması ilə yazılmışdır.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında