Yataqların tammiqyaslı işlənməsi Azərbaycanda neft hasilatını rekord səviyyəyə çatdırdı “Əsrin müqaviləsi” – 20

Xalqımızın ümummilli lidei Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının əsasını qoymuş “Əsrin müqaviləsi” ötən 20 ildə Azərbaycanı Avropanın enerji xəritəsini dəyişdirə bilən mühüm qlobal enerji təchizatçısına çevirmişdir.  Bu nəhəng neft sazişinin həyata keçirildiyi ötən illər ərzində Azərbaycanda və xaricdə dünya səviyyəli tikinti-quraşdırma layihələri reallaşdırılmış, ölkəmizin neft sənayesinin infrastruktur imkanları xeyli genişləndirilmişdir.

“Əsrin müqaviləsi” Xəzər dənizinin Azərbaycan sektorunda geniş sahəni əhatə etdiyindən bu nəhəng neft sazişinin bir neçə mərhələdə reallaşdırılması nəzərdə tutulurdu. Məlum olduğu kimi, ilkin neft layihəsi çərçivəsində görülmüş işlər nəticəsində müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası dünyanın neft ixrac edən ölkələrinin sırasına qoşulsa da, perspektivdə daha böyük işlər, daha iri neft hasilatı və ixracı layihələrinin icrası dayanırdı. Bu da qlobal enerji layihələrinin əsas təşəbbüskarına və icraçısına çevrilmiş Azərbaycanda nəhəng tikinti-quraşdırma işlərinə yol açırdı. Bütün bu işlər isə müqavilə sahəsinin tammiqyaslı işlənmə layihəsi çərçivəsində bir neçə mərhələdə həyata keçirilməli idi. Nəhayət, 2001-ci il avqust ayının 30-da Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında “Azəri”, “Çıraq” yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənməsinin birinci mərhələsinə (Faza-1) başlamağa dair qərar qəbul olundu. Bununla da, “Əsrin müqaviləsi” həlledici mərhələyə qədəm qoydu. Yataqların tammiqyaslı işlənilməsinin birinci mərhələsinin qətnaməsinin imzalanması mərasimində çıxış edən ümummilli lider Heydər Əliyev demişdir: “Bu gün birinci fazanın başlanması haqqında saziş imzalandı...Mən cəsarətlə deyə bilərəm ki, bu gün imzalanan saziş “Əsrin müqaviləsi”nin yerinə yetirilməsində həlledici xarakter daşıyır... “Əsrin müqaviləsi”nin imzalanması, onun həyata keçirilməsi və ondan sonra həm Azərbaycanın Xəzər dənizindəki sektorunda, həm də quru hissəsində bir çox şirkətlərlə əməkdaşlığa başlamağımız-onların hamısı Azərbaycanın dövlət neft strategiyasının tərkib hissəsidir”.

“Faza-1” layihəsi “Azəri” yatağının mərkəzi hissəsinin işlənməyə cəlb edilməsi məqsədi daşıyırdı. Xatırladaq ki, bu mərhələ çərçivəsində müqavilə sahəsində 48 quyu ağzına malik hasilat, qazma və yaşayış platformasının, eyni zamanda, ona körpü vasitəsilə birləşdiriləcək qaz-kompressor və suvurma platformasının tikintisi və dənizdə quraşdırılması nəzərdə tutulurdu. Bundan əlavə, Səngəçal sahil terminalının genişləndirilməsi və “Mərkəzi Azəri” platformasından buraya 30 düyməlik sualtı neft və 28 düyməlik qaz boru kəmərlərinin çəkilişi də bu mərhələ üçün nəzərdə tutulmuş əsas tikinti-quraşdırma işlərindən idi. Bütün bu işləri həyata keçirmək üçün bir sıra xarici və yerli şirkətlərlə podrat və subpodrat müqavilələri imzalandı, Bakı Dərin Özüllər Zavodunun və Bibiheybət sahəsinin tikinti meydançaları dünya səviyyəsində yenidən quruldu. Nəhayət, 2005-ci ilin fevral ayında “Mərkəzi Azəri” platformasından neft hasilatına başlanıldı. Bununla da, Azərbaycanda böyük neft hasilatının əsası qoyuldu. Təkcə onu qeyd etmək kifayətdir ki, “Azəri” yatağının mərkəzi hissəsinin istismara daxil edilməsi il ərzində əlavə 18-19 milyon ton neft hasilatına imkan yaratdı və bununla da, “Əsrin müqaviləsi” çərçivəsində illik neft hasilatının səviyyəsi 24-25 milyon tona çatdırıldı.

“Mərkəzi Azəri” platforması Bakıdan 100 kilometr şərqdə, Xəzər dənizinin təxminən 128 metr dərinliyində yerləşir. Hazırda  konsorsium iştirakçıları tərəfindən bu platformadan 25 quyu  istismar olunur ki, bunlardan da 18-i hasilat, 6-sı qaz injektor, 1-i isə suvurma quyusudur.  “Mərkəzi Azəri” latformasından orta gündəlik neft hasilatı 167 min 600 barrel təşkil edir.

“Azəri” yatağının şərq və qərb hissələrinin işlənməyə cəlb edilməsi isə “Əsrin müqaviləsi”nin tammiqyaslı işlənmə layihəsinin ikinci mərhələsi (“Faza-2”) çərçivəsində həyata keçirilmişdir. Bu məqsədlə 2002-ci il sentyabrın 18-də “Faza-2” layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinə başlamağa dair qərar qəbul olunmuşdur. Xatırladaq ki, bu mərhələ üçün nəzərdə tutulmuş əsas tikinti-quraşdırma işlərinə dəniz obyektlərinin inşası, istismar quyularının qazılması, sualtı boru kəmərlərinin çəkilməsi və Səngəçal terminalındakı mövcud neft qəbuletmə obyektlərinin genişləndirilməsi daxil idi. Bundan əlavə, “Azəri” yatağının şərq və qərb hissələrinin istismara daxil edilməsi üçün nəzərdə tutulmuş tikinti-quraşdırma işləri ilə paralel olaraq burada əvvəlcədən planlaşdırılmış öncəqazma proqramı da uğurla həyata keçirilmişdir.

Həyata keçirilmiş uğurlu tikinti-quraşdırma işlərindən sonra, nəhayət, 2005-ci ilin dekabr ayında “Azəri” yatağının qərb hissəsi istismara daxil edildi. Məlumat üçün bildirirk ki, “Qərbi Azəri” platforması Bakıdan 100 kilometr aralı, Xəzər dənizinin 120 metr dərinliyində yerləşir. Bu hasilat, qazma və yaşayış platforması “Azəri” yatağının qərb hissəsindən neft istehsal etmək üçün layihələndirilmişdir. 48 quyu ağzına malik platformadan Səngəçal terminalınadək 30 düyməlik neft boru kəməri çəkilmişdir. Ötən müddətdə burada 24 quyu qazılaraq istismara daxil edilmişdir. Hazırda həmin quyuların 18-dən neft çıxarılır, 6 quyudan  isə laylara su vurmaq məqsədilə istifadə olunur.

“Şərqi Azəri” platforması isə 2006-cı ilin noyabr ayında istismara daxil edilmişdir. Xatırladaq ki,  Bakıdan 100 kilometr aralı, Xəzər dənizinin təxminən 152 metr dərinliyində yerləşən bu hasilat, qazma və yaşayış platforması 48 quyunun qazılması üçün layihələndirilmişdir. Eyni zamanda, buradan Səngəçal terminalınadək 30 düyməlik neft və “Mərkəzi Azəri” platformasınadək 22 düyməlik qaz boru kəmərləri çəkilmişdir. Ötən müddətdə  “Şərqi Azəri” platforması vasitəsilə 17  quyu istismara daxil edilmişdir ki, bunların da 13-ü hasilat, 4-ü isə  suvurma quyularıdır. Hazırda platformada gün ərzində orta hesabla 83 min 200 barrel neft hasilat olunur. Bütövlükdə isə “Azəri” yatağının qərb və şərq hissələrinin istismara daxil edilməsi  “Əsrin müqaviləsi” çərçivəsində illik neft hasilatının səviyyəsini 40 milyon tonadək artırmağa imkan yaratmışdır.

2004-cü ilin sentyabr ayında, “Əsrin müqaviləsi”nin 10-cu ildönümünün qeyd olunduğu vaxtda “Faza-3” layihəsinə başlamağa dair qərar qəbul olundu. Xatırladaq ki, bu layihə “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin istismara daxil edilməsinə  yönəldilmişdir. “Faza-3” layihəsi çərçivəsində körpü vasitəsilə birləşdirilmiş 48 quyu gövdəsinə malik qazma, texniki təchizat və yaşayış, eləcə də texnoloji emal, qaz kompresssor, suvurma və texnoloji təchizat platformaları inşa olunmuşdur. “Dərinsulu Günəşli” platforması “Günəşli” yatağının şərqində, dənizin 175 metr dərinliyində yerləşir. Platforma 2008-ci ilin aprel ayından istismardadır. Burada hasil edilən xam neft  və səmt qazı yataqdaxili kəmərlər vasitəsilə “Azəri” yatağında  əvvəlcədən quraşdırılmış sualtı boru kəmərləri şəbəkəsinə birləşdirilərək 30 düyməlik iki neft və 28 düyməlik bir qaz kəməri ilə qurudakı Səngəçal terminalına nəql edilir. Bundan əlavə, “Azəri-Çıraq-Günəşli” layihəsinin qalan hissəsindən fərqli olaraq, üçüncü işlənmə mərhələsində üç sualtı suvurma quyusu quraşdırılaraq istismara verilmişdir. Hazırda “Dərinsulu Günəşli” platformasında istismarda olan  29 quyunun 15-dən neft çıxarılır, 14 quyudan isə laylara su vurmaq üçün istifadə olunur. Platformadan gün ərzində orta hesabla 148 min 500 barrel neft hasil  edilir. Yeri gəlmişkən, “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin istismara daxil edilməsi ilə ölkəmizdə neft hasilatı rekord kəskin şəkildə artdı. Təkcə onu qeyd etmək kifayətdir ki, 2010-cu ildə Azərbaycanda 50,7 milyon ton neft çıxarılmışdır ki, bu da ölkəmizin neft sənayesi üçün rekord göstərici hesab olunur.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənməyə cəlb edilməsi “Qərbi Çıraq” layihəsi ilə yekunlaşır. Xatırladaq ki, yeni “Çıraq” neft layihəsinə sərmayə qoyulmasına dair qərar 2010-cu il martın 9-da “Əsrin müqaviləsi”  üzrə Rəhbər Komitə ilə ARDNŞ arasında imzalanmış müqavilə əsasında qəbul olunmuşdur. Dəyəri 6 milyard dollar olan bu layihənin məqsədi mövcud “Dərinsulu Günəşli” və “Çıraq” platformaları arasında yataq infrastrukturunda ciddi şəkildə hiss olunan boşluğu doldurmaq üçün layihələndirilmiş yeni bir dəniz qurğusu vasitəsilə nail olunmaqdan ibarət idi. Yeri gəlmişkən, yeni “Çıraq” neft layihəsi bp və onun səhmdarları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında uzun illər ərzində davam edən uğurlu əməkdaşlığa və qazanılmış zəngin təcrübəyə  əsaslanırdı.

Ötən illər ərzində yeni “Çıraq” neft layihəsi çərçivəsində ölkəmizdə genişmiqyaslı tikinti-quraşdırma işləri həyata keçirilmiş, minlərlə yerli vətəndaş işlə təmin edilmişdir. Nəhayət, 2014-cü  il yanvar ayının 28-də “Qərbi Çıraq” platformasındakı J05 quyusundan hasilata başlanıldı. Bununla da “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tammiqyaslı işlənməyə daxil edilməsi başa çatdırıldı. Bu, həm də “Əsrin müqaviləsi”nin 20-ci ildönümü, yubiley ili üçün mühüm töhfə sayıla bilər. Hazırda platformadan istismar olunan dörd quyudan gündəlik orta hesabla 25 min 900 barrel neft çıxarılır. Xatırladaq ki, neft əvvəlcə platformada quraşdırılmış texnoloji qurğulardan keçərək yeni yataqdaxili boru kəməri vasitəsilə mövcud 30 düyməlik sualtı ixrac boru kəməri vasitəsilə Səngəçal terminalına nəql olunur. Burada hasilat digər öncəqazma quyuları işə düşdükcə artacaq. Yeri gəlmişkən, Xəzər dənizində indiyədək quraşdırılmış ən böyük və unikallığı ilə seçilən “Qərbi Çıraq”  platforması dənizin 170 metr dərinliyində yerləşir. Yeni platformanın layihə gücü gündəlik 183 min barrel neft təşkil edir. Platforma, həmçinin gündəlik 285 milyon standart kub fut qaz ixrac etmək gücündədir.

 Göründüyü kimi, “Əsrin müqaviləsi” çərçivəsində 1997-ci ildə “Çıraq” yatağından ilk neftin hasil olması ilə başlayan Azərbaycanın yeni neft erası sonralar “Azəri” yatağının mərkəzi, qərb və şərq hissələrinin, eləcə də “Günəşli” yatağının dərinsulu sahəsinin istismara daxil edilməsi ilə sürətli inkişaf dövrü keçmişdir. Bu dövr, həm də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşa edilib istismara verilməsi ilə əlamətdar olmuşdur. Hazırda Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında xüsusi əhəmiyyət daşıyan bu kəmərin də ideya müəllifi xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanın neft nəqli sisteminin başlıca arteriyası sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqlı olaraq Heydər Əliyevin qalibiyyətli neft strategiyasının şah əsəri sayılır. Bu misilsiz layihə məhz ulu öndərin gərgin səyləri nəticəsində həyata vəsiqə qazanmış və Prezident İlham Əliyevin yeni neft strategiyasının həyata keçirilməsi istiqamətində göstərdiyi səylər nəticəsində 2006-cı ildə gerçəkliyə çevrilmişdir. Məlumat üçün bildiririk ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Avrasiya regionunda ən iri və unikal mühəndis qurğularından olub, dünyada enerji təhlükəsizliyinin əsas elementlərindən biridir. Hazırda ulu öndər Heydər Əliyevin adını daşıyan bu nəhəng ixrac kəməri Azərbaycan neftinin təhlükəsiz və fasiləsiz şəkildə dünya bazarına çıxarılmasında əvəzsiz rol oynayır. Bu gün Bakı-Tbilisi-Ceyhan kəməri   ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir. Belə ki, bu kəmərlə Qazaxıstan və Türkmənistan nefti də Azərbaycan ərazisindən tranzitlə Avropa bazarlarına ötürülür. Artıq kəmərin illik ötürücülük qabiliyyəti 60 milyon tona çatdırılmışdır. Bu həcmin artırılması istiqamətində mütəmadi iş aparılır. Hazırda kəmər sutkada 1,2 milyon barrel neftin Səngəçal terminalından Aralıq dənizi sahillərinə ixrac edilməsinə imkan yaradır. Ötən müddət ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə 263 milyon tondan artıq Azərbaycan nefti nəql olunmuşdur. 2014-cü ilin avqust ayının 20-dək Ceyhan terminalından Azərbaycan nefti yüklənmiş 2624 tanker yola salınmışdır.

Ötən 20 il ərzində “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda 6 hasilat və ən müasir texnologiyalarla təchiz edilmiş 2 texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat  platforması inşa olunmuşdur. 1997-ci il noyabr ayında “Çıraq” platformasından hasilata başlanıldığı vaxtdan bu ilin birinci yarısının sonunadək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı hasilat platformalarından 338 milyon tondan artıq neft çıxarılmışdır.

Bundan əlavə, dənizdəki qurğulardan dünyanın ən böyük terminallarından biri olan və gündə 1,2 milyon barrelədək nefti qəbul və emal etmək iqtidarında olan Səngəçal terminalına Xəzər dənizinin dibi ilə mürəkkəb sualtı boru kəmərləri şəbəkəsi çəkilmişdir. Bütövlükdə isə 2014-cü ilin birinci yarısının sonunadək “Əsrin müqaviləsi” üzrə həyata keçirilmiş tikinti-quraşdırma işlərinə 29 milyard dollar vəsait xərclənmişdir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası çərçivəsində reallaşdırılan nəhəng layihələr ölkəmizdə on minlərlə yeni iş yerinin açılmasına, yüzlərlə yerli mütəxəssis və istedadlı kadrların yetişməsinə, regiondakı iqtisadiyyata on milyardlarla dollar həcmində investisiyaların qoyulmasına, eləcə də hazırda neft-qaz sektorunda yüksək keyfiyyətli xidmətlər göstərmək iqtidarında olan yüzlərlə yerli müəssisənin inkişafına gətirib çıxarmışdır.

... Ümummilli lider Heydər Əliyevin düzgün neft strategiyası uzun illərdir ki, Azərbaycanın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun artmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşmasına xidmət edir. Azərbaycanın yeni neft strategiyası həm də məhz ona görə qiymətlidir ki, burada ümummilli maraqlara daha çox önəm verilib.Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev bu barədə demişdir: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.

Heydər Əliyev Azərbaycanın yeni neft strategiyasını işləyib hazırlamaqla, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmuş, uzun illər istismar edilən neftimizi xalqımızın milli sərvətinə, onu ölkəmizin iqtisadi qüdrətinin artmasının, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin təminatçısına çevirə bilmişdir. Ulu öndərin müəllifi olduğu bitkin neft strategiyası  müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın güclü və qüdrətli bir dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasi-iqtisadi konsepsiya, böyük uzaqgörənliklə hazırlanmış dəqiq fəaliyyət planıdır. Elə ölkəmizin müasir yüksəlişi də  məhz yeni neft strategiyasının uğurları ilə başlanmışdır.

 

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında