Azərbaycan-Malayziya biznes forumu

Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana rəsmi səfəri çərçivəsində sentyabrın 12-də Azərbaycan və Malayziya iş adamlarının iştirakı ilə biznes forum keçirilib.

Biznes forumda  rəsmi şəxslərlə yanaşı, neft-qaz, tikinti, bank, qida sənayesi, konsaltinq, səhiyyə, təhsil və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Malayziyanın beynəlxalq ticarət və sənaye nazirinin müavini Datuk Hamim Samuri forumu açaraq Azərbaycan ilə Malayziya arasında işgüzar əlaqələrin inkişafında bu tədbirin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edərək qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsində rolunu qeyd edib. O, Malayziya Baş nazirinin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına önəmli töhfə verəcəyini bildirib. Nazir deyib ki, Azərbaycan ilə Malayziya arasında əlaqələr uğurla inkişaf edir. Siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın da inkişafı üçün geniş imkanlar açır.

Diqqətə çatdırılıb ki, Azərbaycan ilə Malayziya arasında imzalanması nəzərdə tutulan 17 sənəd üzərində hazırda iş aparılır. Ş.Mustafayev iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Bildirib ki, ölkələrimizin iş adamlarının əlaqələrinin genişləndirilməsi Azərbaycan-Malayziya iqtisadi əməkdaşlığının inkişafında əhəmiyyətli rol oynayacaq.

Nazir Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya və ixrac imkanları, həyata keçirilən irimiqyaslı regional layihələr barədə də məlumat verib. O, ölkəmizdə siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini, Azərbaycanın Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi, Avropanın enerji təhlükəsizliyinin təminində etibarlı tərəfdaş olduğunu vurğulayıb. Ş.Mustafayev bu uğurların təməlində Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin dayandığını bildirib.

  Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. O, dünyada baş verən maliyyə-iqtisadi böhranın fonunda Azərbaycanın qazandığı uğurları yüksək qiymətləndirib. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu vurğulayan Baş nazir biznes forumun bu əlaqələrin genişlənməsinə  töhfə verəcəyini qeyd edib. Malayziya iqtisadiyyatı, eləcə də iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikirlərini bildirən Baş nazir iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya qoyuluşu üçün böyük imkanların olduğunu diqqətə çatdırıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib. O bildirib ki, azərbaycanlı iş adamları Malayziya ilə sıx əməkdaşlıq nəticəsində, eyni zamanda, yeni  bazarlara çıxmaq imkanı da qazanacaqlar. Malayziyanın Baş naziri nəinki iqtisadiyyat, həmçinin  mədəniyyət, təhsil sahələrində də əməkdaşlığın vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən Malayziyanın “Sapura Kencana Petroleum Berhad” şirkətinin prezidenti Seri Şaril Şamsudin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov  və başqaları ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün mövcud imkanlardan danışıblar.

Biznes forumda hər iki ölkənin şirkətlərinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycan ilə Malayziya arasında iqtisadi əməkdaşlıq əlaqələrinin  perspektivlərinə dair müzakirələr aparılıb.

 Malayziyalı iş adamları çıxışlarında Azərbaycandakı iqtisadi inkişafı yüksək qiymətləndirib və azərbaycanlı həmkarları ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında