Qusar şəhərinin su təchizatı layihəsinin ilk mərhələsi başa çatdırılmışdır

Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA)  birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində “Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsi üzrə işlər yekunlaşmışdır.

Xatırladaq ki, layihənin birinci mərhələsində Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 85 litr və ya sutkada 7344 kubmetr olan drenaj tipli suqəbuledici qurğu inşa edilmişdir. Su mənbəyindən şəhər istiqamətinə 355 və 225 millimetrlik  borularla 21 kilometr uzunluğunda magistral su xətti çəkilmişdir. Qusar şəhərinə içməli suyun özüaxımlı rejimdə verilməsini təmin etmək üçün hər birinin tutumu min kubmetr olan üç su anbarı inşa olunmuşdur. Eyni zamanda, 2,8 kilometr uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkilmiş, xlorator qurğusu daxil olmaqla yeni xlorator binası tikilmişdir.

Hazırda layihənin ikinci mərhələsi üzrə işlər davam etdirilir. Bu mərhələdə  Qusar şəhərində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələri yaradılacaqdır.  İndiyədək 106,5 kilometr uzunluğunda olan su şəbəkəsinin 10 kilometrlik, 102 kilometr uzunluğunda kanalizasiya xəttinin isə təxminən 51 kilometrlik hissəsində işlər başa çatdırılmış, 400-dən artıq ev birləşməsi verilmişdir. Bütövlükdə isə 6100-dən çox abunəçi yeni şəbəkəyə qoşulacaq və onların hər biri “smart-kart” tipli sayğaclarla təmin olunacaqdır.

Layihə çərçivəsində Qusar şəhəri ilə yanaşı, rayonun  Balaqusar, Həsənqala, Köhnə Xudat, Çiləgir, Yuxarı Ləyər, Qayakənd, və Xuray, həmçinin Quba rayonunun Çartəpə, Orta Xuç, Aşağı Xuç kəndlərinə də içməli su veriləcəkdir. Qusar şəhərinin  tullantı suları  gələcəkdə Xaçmaz rayonunda inşa ediləcək məhsuldarlığı sutkada 100 min kubmetr layihələndirilən çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir. Bu qurğuda Qusar şəhəri ilə yanaşı, Quba və Xaçmaz şəhərlərinin də tullantı suları təmizlənəcəkdir.

Yeri gəlmişkən, 2030-cu ilədək perspektiv inkişaf nəzərə alınmaqla “Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsindən Qusar şəhəri və ətraf 10 kəndin 31,5 min nəfər sakini faydalanacaqdır.

 

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında