Rəqabətqabiliyyətli məhsul istehsalının artırılması diqqət mərkəzindədir

Bakı Biznes Mərkəzində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinin rəhbərləri ilə keçirilən görüşdə 50-yə yaxın sahibkar iştirak etmişdir. Tədbirdə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi və bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Görüşdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişafının təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin formalaşdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini, ixracyönümlü məhsul istehsalının və ölkənin ticarət əlaqələrinin artdığını vurğulamışdır. Bildirmişdir ki, iqtisadiyyatın diversifikasiyası, sahibkarlığın, qeyri-neft sektorunun inkişafı, rəqabətqabiliyyətliliyin artırılması, ixrac imkanlarının genişləndirilməsi respublikamızda həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Hazırda Azərbaycanın bütün iqtisadi rayonlarında müasir texnologiyalara əsaslanan özəl istehsal və emal müəssisələri, logistik mərkəzlər fəaliyyət göstərir.

İqtisadiyyatın aparıcı sahəsinə çevrilmiş özəl sektorda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə kompleks dövlət dəstəyi tədbirləri (kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilməsi, texnika və gübrə satışında tətbiq olunan güzəştlər, güzəştli kreditlərin verilməsi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi və s.) həyata keçirilir. Bu tədbirlərin nəticəsidir ki, artıq Azərbaycanda ÜDM-nin 80 faizdən çoxu özəl sektorun payına düşür.

Nazir qeyd etmişdir ki, hazırda daxili təlabatın ödənilməsi ilə yanaşı, ixracın genişləndirilməsi, yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində tədbirlər görülür. Belə ki, bu il Qazaxıstanda Azərbaycanın xaricdə ilk Logistik Mərkəzinin təməli qoyulmuşdur. Bundan başqa, yerli sahibkarlar xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə, sərgilərdə iştirak edir, qabaqcıl ölkələrin təcrübəsi ilə tanış olur, yeni əlaqələr qururlar. Bu gün rəqabətqabiliyyətli yerli mallar, o cümlədən kənd təsərrüfatı məhsulları ənənəvi bazarlarla yanaşı, yeni xarici bazarlara da ixrac edilir. Bununla belə, müxtəlif məhsulların ixracı sahəsində ölkəmiz daha geniş potensiala malikdir. Bu sahədə işin uzunmüddətli müqavilələr əsasında təşkili, keyfiyyətli məhsul istehsalı, beynəlxalq standartlara uyğun markalanma və qablaşdırma qarşıda duran ən vacib vəzifələrdəndir.

Tədbirdə  qeyri-neft sektorunun aparıcı sahəsi olan aqrar sahəyə yeni yanaşma üsullarının tətbiqi barədə də məlumat verilmişdir. Qeyd edilmişdir ki, kənd təsərrüfatının inkişafına, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına dövlət dəstəyi bundan sonra da davam etdiriləcək. Bununla yanaşı, aqrar sahədə fəaliyyət göstərən istehsalçılar və emalçılar arasında kooperasiya əlaqələrinin inkişaf etdirilməsi, Azərbaycan brendinin formalaşdırılması, sifarişlərin yerinə yetirilməsi zamanı müqavilələrin birbaşa bağlanması və müqavilə öhdəliklərinə əməl olunması  məsələləri də diqqət mərkəzində saxlanılacaq.

Görüşdə sahibkarlar özəl sektorun inkişafına göstərilən dəstək tədbirlərinə görə dövlət başçısına minnətdarlıq etmiş, rəqabətqabiliyyətli məhsul istehsalının artırılması, istehsalçılar, emalçılar və alıcılar arasında əlaqələrin, eləcə də ixrac imkanlarının genişləndirilməsi və s. məsələlərə dair fikirlərini bölüşmüş, müxtəlif təkliflər  səsləndirmişlər.

Tədbirdə bildirilmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində 3547 sahibkara 186 milyon manat güzəştli kredit verilmişdir. Bunun nəticəsində isə 8 minə yaxın yeni iş yeri yaradılması nəzərdə tutulur.

Görüşdə diqqətə çatdırılmışdır ki, hazırda kənd təsərrüfatının digər sahələrində - toxumun, dərman preparatlarının güzəştli satışı üzərində iş aparılır.

Tədbirdə həmçinin aqrar sektorda istehsal olunan məhsulların çox hissəsinin Rusiya bazarlarına çıxarılması, bu istiqamətdə fəaliyyəti daha da genişləndirmək məqsədilə bu yaxınlarda Azərbaycan və Rusiya hökumətləri səviyyəsində danışıqlar aparılması da vurğulanmışdır.

Bu il yay mövsümünün isti və quraq keçməsi, əkin sahələrinin ziyanvericilərdən qorunması, eləcə də mal-qara arasında xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyi, habelə torpaq sahiblərinə hər cür yardım göstəriləcəyinə əminlik ifadə olunmuşdur.

Görüşdə təkliflərin öyrənilməsi və tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilmişdir.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında