Naxçıvan torpağının bənzərsiz sərtliyə malik iqlim xüsusiyyətləri var. Dünyanın məşhur bulaqları yayda “çiyinləri qar yüklü” az-çox su ehtiyatlı bu dağlarda olsa da, əsrlər boyu aran torpaqları su qıtlığına məruz qalmışdır. Çünki yayda havanın hərarəti 40 dərəcə olanda torpağın səthində istilik 50 dərəcəyə çatır.
İstər təsərrüfat suyu, istərsə də içməli su sarıdan mürəkkəb coğrafi məkanda yerləşən bu diyarın əhalisinin ümidi qar, yağış sularına qalırdı. 1873-cü ildə Kalbalıxan Naxçıvan şəhərindən 70 kilometr aralıda Kükü dağlarına dəvələrlə qum-sement daşıdır. O, həmin torpaqlarda suvarma sistemlərini qurmaq üçün Almaniyadan dəvət etdiyi mühəndis Şangireyin layihəsi əsasında 800 min kubmetr su tutumuna malik Qanlı gölü yaradır.
Naxçıvanda 400-ə yaxın kiçik çay, dərə, selov suları, Ordubadın Göygölü, Şərur tərəflərdə Arpaçay, Küküçay yay vaxtı suyu azaldığına görə mövcud tələbatı ödəmir.
Vaxtilə qədim Naxçıvan torpağında olan kəhrizlər, ovdanlar hesabına camaat öz ehtiyacını qismən ödəmişdir.
1901-ci ildə Naxçivan şəhərində Kalba Kərbəlayi Musa adlı bir şəxs Bakıda Hacı Zeynalabdın Tağıyevin savab əməli qədər bir xeyirxah istəyin arxasınca gedir. Kiçik torpaqları icarəyə götürüb pambıqçılıqdan xeyli qazanc əldə edərək kifayət qədər sərmayə toplayan Kalba Musa bir gün çayxanada bir ağsaqqalın işlətdiyi kəlamının təsirindən çıxa bilmir: Yedin dadındı, yığdın yadındı, verdin adındı.
Dünya malı dünyada qalacaq, — deyib işə girişir. Kalba Musa Naxçıvan şəhərindən 3 kilometr yuxarıda Şıxmahmud kəndinin yanında, Naxçıvan çayının sağ yatağında quyular qazdırıb şəhərin əsaslı su təminatını yaratmaq üçün ən təcrübəli, bacarıqlı kankanları ətrafına toplayır. Sər-hesab edərək belə qənaətə gəlir ki, burada azı 130-140 quyu qazılmalıdır. Dərinliyi 30-35 metrə çatacaq bu quyuları yeraltı lağım atıb bir-birinə bənd eləməklə şirin suyu öz axarı ilə şəhərə gətirmək lazımdır. Bu işdə ən çətin məsələ o dövrdə lazımi alət və texniki vasitələr olmadan bir-birindən 60-80 metr aralı olan quyuların yeraltı xətlərlə birləşdirilməsi idi. Balaca əl torbalarında uzun kəndir-sicimlərlə bu qədər torpağı yerin dərinliyindən qazıb-çıxaran kankanların işi, sözün əsl mənasında, böyük fədakarlıq idi. Səkkiz il sərasər 135-dək quyu qazılır və lağım vasitəsilə birləşdirilir. Əsas çətinlik 35 metr dərinlikdəki axırıncı quyunun qazanılmasında olur. Həmin quyu sərt sal qayalara çıxdığından Kalba Musanın paxıllığını çəkənlər buna görə sevinirlər. Deyirlər: çox sinəsinə döyürdü ki, ömrüm boyu qazandığım vəsaitin 24 min qızıl sikkəsini (indiki məzənnə ilə 12 milyon Azərbaycan manatı) kəhriz qazmağa sərf etmişəm. İndi Kalba Musa axır ki, gəlib sərt qayalara dirəndi.
Lakin Kalbanın iradə və inadı sərt qayalara da qalib gəlir. Bu dəfə yorulub əldən düşən kankanlara hər qarış qayanın çapılması üçün bir qızıl onluq sikkəsi təklif edir. Doqquzuncu ildə bu minvalla sonuncu quyu 35 metr dərinliyə çatanda ən təcrübəli kankan quyudan çıxıb camaatın gözü qabağında ağlayır. Deyir: – Kalba Musa, özün düş quyuya qulaq ver, gör sal qayaların altında dəhşətli, vahiməli, dəniz uğultusu necə gəlir. Hər an fəlakət baş verə bilər. İstəyirsən bu doqquz ildə bizə çəkdiyin xərclərin əvəzi ev-eşiyimizi girov götür, ancaq quyuda bir qarış da daş çapmaq həyat üçün təhlükəlidir, ta o yana yol yoxdur. Kalba Musa özü quyuya düşür. Qulaq verib görür ki, elə bil, bir dərya daş altında təlatümə gəlib uğuldayır. O, quyudan çıxır, kankanlara təsəlli verir. “Allaha təvəkkül” deyib, işə fasilə vermək qərarına gəlirlər. Heç üç gün keçməmiş bir gecə Naxçıvan şəhərini vahimə basır. Sən demə, sonuncu quyunun qazıla-qazıla nazikləşmiş sal qaya qatı yer altında zəngin yatağı olan suyun zərbəsinə tab gətirə bilmir, partlayaraq 35 metrlik quyudan fəvvarə verib gecəynən məhəllə – küçələri, ətrafdakı əkin sahələrini cənginə alır. Camaat güclə qaçıb canını xata-bəladan qurtarır. Bir həftədən sonra quyunun gur suyu səngiyib sakitləşir. Bir göz qırpımında göz yaşı kimi dupduru — yayda buz kimi, qışda hamam suyu tək ilıq olan bu kəhriz o gün-bu gün Kalba Musa çeşməsi adlanır.
Kalba Musa bazardan seçmə 15 qoç alır, gətirib kəhrizin başında qurban kəsdirir. İmkansız ailələrin hamısına pay tutub, ehsan paylayır. Dincini almaq üçün çayxanaya gedir. Hamı Kalba Musanın ayağına qalxır. Bədxahlardan biri deyir: Qardaş, zornan deyil ki, Kalba Musa 30 ildə yığdığını kəhrizə qoydu, Allah onun başından var-dövlət yağdırır, indi də ömürlük ehsan suyu çiləyir.
Kalba Musa deyir: – Allah hər kəsin ürəyinə görə versin, siz də Haqla olsanız, Haqq da sizinlə olar. Ancaq Kalba Musanın bu xeyirxah işə başı qarışıq olanda, ermənilər 1905-ci ildə onun evini gecəykən yandırırlar. Lakin o, evi də bərpa etdirir. Uzaqgörən ağsaqqalın çar ordusunda bacarıqlı xidmət edən zabit oğlu Hüseynin, M.Lomonosov adına Moskva Universitetində əla qiymətlə təhsil alan ikinci övladı Novruzun uğurları ona qol-qanad verir, bu möhtəşəm kəhrizin bütün problemlərini həll edir. Kankanların haqqını ikiqat ödəyən Kalba Musa hər öynədə ev xörəyi gətirdərək onlarla birlikdə nahar edir.
Lakin 1920-ci ildə Azərbaycanda şura hökuməti qurulduqdan sonra bolşeviklərin hər bir yaşayış məntəqəsində ən nüfuzlu, işgüzar, xalqın qaymağı sayılan övladlarını aradan götürmək siyasəti Kalba Musadan da yan keçmir. Onu qolçomaq, varlı, kəlbalayı, dindar deyə, sinfi düşmən kimi qələmə verirlər. Kalba Musanın ailə üzvlərini — oğul və qızlarını Göyçaya elə vəhşiliklə sürgün edirlər ki, artıq bu haqsızlıqdan Kalba Musa ağır iflic keçirərək, şikəst olur.
Lakin atalar sözüdü, deyərlər ki, su gələn arxa bir də gələr. Kalba Musa 73 yaşında vəfat edir və onu gətirib Naxçıvan şəhərində el-oba adəti və camaatın təntənəsi ilə dəfn edirlər. Sonradan övladları Göyçaydan Gəncəyə köçür. Maraqlıdır ki, Kalba Musanın nəvəsi, hazırda Gəncədə xeyirxahlıqda babası kimi ad çıxaran, görkəmli mühəndis Musa Musayevin xalqa layiqli xidmətlərinə görə sinəsini orden və medallar bəzəyir. Babası Kalba Musanın kəhrizinin 115 illiyinin təntənəli şəkildə qeyd edilməsi ilə bağlı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova xüsusi minnətdarlıq məktubu göndərib. Çünki hörmətli Vasif müəllim kəhrizlərin hamısını bərpa etdirən, analoqu olmayan Kəhrizlər İdarəsi yaratmışdır. O, digər kəhrizlərlə yanaşı, Kalba Musa çeşməsinin də əvvəlki möhtəşəmliyini saxlamaqla təmir etdirmişdir. Naxçıvan torpağındakı 407 qədim kəhrizin son 10 ildə böyük zəhmətlə bərpası öz bəhrəsini vermişdir.
Dağların qar ehtiyatı son 70-80 ildə belə qıt olmamışdır. Qışın sərt şaxtalı keçməsi, yazda çiçək üstə boranlı qışın yenidən geri dönməsi Naxçıvanın təbiətinə böyük ziyan vurmuşdur. Ərik, şaftalı, badam, qoz, göycə, gilas, alça, hətta gilənar ağacları bar-bəhərsiz qalmışdır. Amma atalar sözüdü: “Bir illiyə bağlar da qısır qalar”. Əgər Sovet dönəmində Naxçıvanın su anbarlarının gücü cəmi 3 milyon kubmetrə çatırdısa, ulu öndərin böyük uzaqgörənliklə Xanbulançay, Viləş, Ağstafaçay, Sərsəng su anbarı ilə yanaşı, Arpaçay, Uzunoba, Bənəniyar, Heydər Əliyev su anbarı tikintiləri, Batabat silsilə gölləri hazırda 310 milyon kubmetr suya malikdir. Araz çayı üzərindəki həcmi 1,5 milyard kubmetr olan hövzədən üzən nasoslarla 54 min hektaradək su çıxarılması bu quraqlıq ilində Naxçıvan torpağının qolundan tutdu.
Kalba Musa çeşməsindən hər gün onlarca iritutumlu su maşınlarına dolduraraq aparılan kəhriz suyu böyük zəhmətlə əkilib cücərdilmiş hər bir tingin, fidanın yaşamasına həyat verir. Əlavə tədbirlər kimi gündəlik su təminatına çevrilir. Naxçıvanda meyvə-tərəvəzçiliyin əsaslı inkişafı ilə bağlı hazırlanan layihədə əlavə 18 min hektara su çıxarılacaq. Sudan səmərəli, məqsədyönlü, qənaətli istifadə edilməsini artıq dünyada baş verən iqlim dəyişmələrinin özü diktə edir.
Kalba Musanın nəvəsi Musa Musayev Gəncədən Naxçıvana qonaq gələndə ilk arzusu babasının 115 il əvvəl həyat verdiyi və indi də şövq ilə çağlayan kəhrizdən bir qoşa ovuc su içmək olub (şəkildə: “Babam haqqında bildiklərim” kitabının müəllifi, Kalba Musanın nəvəsi Musa Musayev).
Kalba Musa çeşməsinin 135 quyusunun mürəkkəb hidrotexniki xüsusiyyətlərini və Naxçıvandakı 400-dən çox kəhrizin təbiətini doktorluq səviyyəsinədək tədqiq edib, alimlik dərəcəsi almış ekoloq, NDU-nun professoru, bu yaxınlarda Beynəlxalq Ekologiya, İnsan və Təbiətin Mühafizəsi Akademiyasının həqiqi üzvü seçilmiş Əlövsət Quliyev indiyədək dünyanın 16 ölkəsinə dəvət edilmişdir. O, planetdə gedən iqlim dəyişmələri, su ehtiyatının azalması, yeraltı sular və kəhrizlər mövzusu ilə elmi praktik konfranslarda, konqreslərdə, simpoziumlarda maraqlı məruzələrlə çıxış etmişdir. Professor Əlövsət Quliyev Mərakeş, İran, Türkiyə, Rusiya (Sankt-Peterburq, Moskva, Perm), Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Rumıniya, Bolqarıstan kimi ölkələrdə kəhrizlərin aşkar edilməsi, Kalba Musa kəhrizinin özəllikləri barədə məruzələr edərkən, alim və mütəxəssislər 115 il öncə Kalbanın hünərinə heyran qalırlar. Rəhmətlik Kalba Musa da Vətən oğullarının fəhminə, kankanların qol gücünə, başbilənlərin zəkasına güvənirmiş. Elə Şahbuz dağlarında “Gur Bulaq” deyilən iki dəyirmanlıq suyu 12 kilometrlik dağ yamacları ilə təkbaşına çəkib Zırnel kəndinə gətirərək su dəyirmanı yaradan Molla Qurbanın da bacarığından istifadə etmişdir. Sən demə, çar hökuməti də belə qabiliyyətli kişilərin əl-qolunu bağlayırmış. Molla Qurbanın da aqibəti belə olmuşdur. Onu heç nədən həbs etmişdilər.
Kalba Musa öz varidatından xeyli məbləğdə girov qoyaraq Molla Qurbanı dustaqlıqdan azadlığa çıxarmış və 135 quyunun yeraltı lağımlarla bir-biri ilə əlqələndirilməsində onun biliyindən istifadə etmişdir. İndi onlar həyatda yoxdurlar. Lakin savab əməlləri elə dupduru sular tək daim yaşayır. Şübhəsiz, bu xeyirxah insanların əməlləri heç vaxt yaddan çıxmır, onların da adları iftixarla çəkilir.
Naxçıvan torpağındakı ən qədim kəhrizlərdən olan Mahmud ağa, Hacı Tağı, Hamam, Darvaza, Bostanlar, Badamlı, Türkeş, Xan, Başdərə, İmaməli, Ağa, Xudabaxış və digər yüzlərlə kəhriz, həm də nadir memarlıq inciləridir. Bugünkü müasir soyutma sistemləri olmadığı dövrlərdə ərzaq məhsullarını buz kimi, təzə-tər saxlamaqda kəhrizlərin, ovdanların, su quyularının misilsiz rolu olmuşdur.
Respublikamızın paytaxtı Bakıda, regionlarda, habelə Azərbaycandan ayrı salınmış Naxçıvan torpağında içməli su problemləri də uğurla həll edilir. İndi Xaçmazın Şollar suyu kimi, Qəbələ—Oğuz dağlarının büllur bulaqları da öz axını ilə paytaxta gətirilib. Muxtar respublikada isə Uzunoba gölü zonasında Naxçıvan şəhərinin bundan 100 il belə sonrakı dövr üçün içməli su problemi birdəfəlik yoluna qoyulmuşdur.
Muxtar respublikanın 90 illik tədbirləri çərçivəsində ölkə başçısı cənab İlham Əliyev Naxçıvanda həmin içməli su xəttinin açılışında şəxsən iştirak etmişdir.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi demişkən, sanki bu il ölkəmizə səmum yeli əsmiş, quraqlıq və isti havalar ciddi su qıtlığı yaratmışdır. Yeraltı kəhrizlər, ovdanlar, su quyuları, artezian və subartezian quyuları belə məqamda öz qiymətini göstərməkdədir.
Qaşdar ƏLİYEV,
respublikanın əməkdar təbiəti mühafizə işçisi,
Akademik Həsən Əliyev mükafatı laureatı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ekoloq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.