Azərbaycanda əlverişli investisiya mühitinin olması beynəlxalq miqyasda da xüsusi qeyd edilir

Ölkəmizin son illər əldə etdiyi sosial-iqtisadi uğurları  nüfuzlu beynəlxalq reytinq qurumlarının hesabatlarında da öz ifadəsini tapmışdır. Bununla əlaqədar bir neçə fakta diqqət yetirək. Dünyanın aparıcı “Fitch”, “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri əksər inkişaf etmiş dövlətlərin kredit reytinqini aşağı saldıqları halda, ölkəmizin reytinqini artırmışlar. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi, habelə digər qurumların hesabatlarında iqtisadiyyatın sürətli inkişafı ilə bağlı mühüm uğurlar,  o cümlədən Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi məsələləri  əksini tapmışdır.

Hazırda dünyanın nüfuzlu iqtisadi və maliyyə institutlarının rəyləri və proqnozları, ən əsası, ölkəmizin sosial - iqtisadi uğurlarının real mənzərəsi bir daha təsdiq edir ki, 2004-cü ildə Prezident İlham Əliyevin bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr artıq  reallığa çevrilməkdədir. Təsadüfi deyil ki, Azərbaycan artıq 2009-cu ildə bazar iqtisadiyyatına  keçid dövrünü başa çatdırmış və bu gün dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur.

Respublikamız öz tərəfdaşları ilə mühüm transmilli enerji və kommunikasiya layihələrini uğurla həyata keçirməklə regionun və Avropanın iqtisadi xəritəsini dəyişdirir və  zənginləşdirir. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizi Azərbaycanın payına düşür. Öz enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz Avropanın enerji bazarında mühüm oyunçuya çevrilir və onun təhlükəsizliyinə öz layiqli töhfələrini verir. Hesablamalara görə, hazırda bir sıra Avropa ölkələrinin enerji bazarında Azərbaycanın payı 30-40 faiz təşkil edir.

Bütün bunlar Dünya İqtisadi Forumunun bu günlərdə yaydığı “Qlobal rəqabətqabiliyyətlilik hesabatı: 2014-2015” (Global Competitiveness Report 2014-2015) adlı sənəddə öz aydın ifadəsini tapmışdır.Azərbaycan həmin  hesabatda 144 ölkə arasında 38-ci pillədə yerləşmişdir. Başqa sözlə, respublikamız ötən ilki göstərici ilə müqayisədə bir pillə irəliləmişdir.  Sənəddə, eyni zamanda, ümumi daxili məhsulun (ÜDM)  həcminə görə, ölkəmizin 70-ci pillədə yerləşməsi, inflyasiyanın səviyyəsinə görə isə birinci yeri tutması göstərilmişdir.  Hesabatda makroiqtisadi stabilliyə görə Azərbaycanın 9-cu, əmək bazarının effektivliyi üzrə 33-cü yerləri tutması öz ifadəsini tapmışdır.  Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 69-cu, dəmir yolu infrastrukturunun keyfiyyətinə görə 37-ci, hava yolları infrastrukturunun keyfiyyəti üzrə 44-cü yerdə qərarlaşmışdır. Bundan başqa, dövlət siyasətinin şəffaflığına görə, Azərbaycan 48-ci yerdə göstərilmişdir.  Xatırladaq ki, adıçəkilən hesabata İsveçrə başçılıq edir. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Sinqapur və ABŞ qərarlaşmışdır.

Hesabata görə, biznesin qeydiyyatı üçün lazım olan prosedurların sayına görə Azərbaycan 10-cu yerdə qərarlaşmışdır. Bu, təsadüfi deyil. Çünki ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, əlverişli investisiya mühitinin təmin olunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Azərbaycan bazar iqtisadiyyatı yolu ilə inkişaf edir, iqtisadi sahədə liberal islahatlar davam etdirilir, azad sahibkarlığa böyük diqqət və qayğı göstərilir.

Bu gün respublikamızda ÜDM-in 83 faizinin özəl sektorda formalaşması sahibkarlığın gücünün, onun cəmiyyətin, dövlətin inkişafına əvəzsiz töhfələrinin göstəricisidir. Sahibkarlar vergi ödəyiciləridirlər, iş yerləri açırlar, dövlətin iqtisadi gücünü, resurslarını artırırlar. Haqlı olaraq sahibkar da dövləti özünə arxa hesab edir, ona güvənir.

Sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gələn gəlirlərin sürətlə artması bazar iqtisadiyyatı sisteminin formalaşdırılması və özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi fonunda baş vermişdir ki, buna da səbəb qanunveriçilik bazasının təkmilləşdirilməsi, müxtəlif dövlət proqramları həyata keçirilərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması  və iqtisadiyyatın idarə edilməsinə müasir yanaşmanın ortaya qoyulması olmuşdur. Gəlirlərin artımının inflyasiyanı ciddi faizlərlə üstələməsi həm son istehlaka,  həm də yığıma yönəldilən vəsaitlərin effektiv artımına gətirib çıxarmışdır.

Ölkəmiz hazırda inflyasiya dərəcəsinin aşağı səviyyəsinə görə dünyada 148 ölkə arasında 1-ci, habelə ümumi yığımın ÜDM-dəki payına əsasən 10-cu, dövlət borcunun ÜDM-dəki xüsusi çəkisinə görə 13-cü və icmal büdcənin balansının ÜDM-ə faiz nisbətinə görə 15-ci yerdədir. Bundan başqa, son on il ərzində milli büdcə 19 dəfə artmışdır.

Azərbaycanda aparılan uğurlu siyasətin məntiqli nəticəsi olaraq iqtisadiyyatın neftdən asılılığı dinamik şəkildə azalır. Belə ki, 2003-cü ildə qeyri-neft sektorunun çəkisi ÜDM-də 5 milyard manat təşkil edirdisə, ötən il bu rəqəm 32 milyard manat olmuşdur. Bu gün ölkənin valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Bu, Azərbaycan iqtisadiyyatının inkişafının nəticəsidir. Bu isə onu deməyə əsas verir ki, dünyanın heç bir ölkəsində belə dinamika yoxdur. Bu inkişafın arxasında isə dövlət başçısı İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasət durur.  Hazırda Azərbaycanın yüksək inkişafı artıq innovasiyalı iqtisadiyyata keçmək üçün strukturların təkmilləşdirilməsinə imkan verir.

Bu gün iqtisadiyyatın dinamik  inkişafı,  görünməmiş yüksəliş, tərəqqi   Azərbaycanın şəhər və kəndlərinin simasını dəyişir,  insanların həyat tərzini yeniləşdirir. Geniş miqyaslı dövlət proqramları həyata keçirilir,   xalqımızı düşündürən sosial-iqtisadi problemlər həll edilir. İstehsal və sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə, idmana dövlət qayğısı artır. Aqrar sahədə müsbət dinamika davamlı xarakter alır.

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənir. Respublikamızın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu artırır. Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açır.

Rəsmi proqnozlara görə, 2014-cü il də daxil olmaqla gələcək 4 il ücün Azərbaycan iqtisadiyyatının real artım tempi orta hesabla təxminən illik 5 faiz olacaq. Mütəxəssislərin fikrincə, qlobal böhranın hələ də davam etdiyini nəzərə alsaq, bu, cox pozitiv rəqəmdir və yaxın illərdə iqtisadi islahatların davam etdiriləcəyindən xəbər verir. Son illərdə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunda baş verən canlanma və diversifikasya meylləri proqnozlaşdırılan artımların reallaşacağına ümidləri daha da artırır.

Ekspertlər tərəfindən  2018-ci ilədək iqtisadiyyatımızın 23 faiz, yəni 12,6 milyard manat artacağını proqnozlaşdırılır. Bu müddət ərzində qeyri-neft sektoru 31,9 milyard manatdan 48,7 milyard manata qədər artacaq. Nəticədə ölkə iqtisadiyyatının neft amilindən asılılığı yaxın 4 ildə kifayət qədər azalacaq ki, bu da olkəmizdə daha dayanıqlı maliyyə sisteminin formalaşmasını, işsizliyin və yoxsulluğun azalmasını, rəqabətlilik indeksinin artımını təmin edəcək.

Təbii ki, iqtisadi artım fonunda 2014-2017-ci illərdə əhalinin gəlirləri, orta aylıq əməkhaqları da artacaq. Nəticədə növbəti dörd ildə əhalinin gəlirləri örta hesabla illik 4-7 faiz artaraq 2017-ci ildə təxminən 56 milyard manata qədər yüksələcək. Bunu şərtləndirən əsas amil isə növbəti illərdə qeyri-neft sektorunun ölkə iqtisadiyyatında öz yerini möhkəmləndirməsi olacaq. Çünki neft sektorunda calışanlarla müqayisədə qeyri-neft sektorunda məşğul əhalinin təxminən 40 dəfə artıq olması bu sahədəki inkişafın əhalinin daha böyük kəsiminin həyat şəraitinin yüksəlməsinə və gəlirlərinin artmasını təmin edəcək. Bü müddət ərzində orta aylıq əmək haqqının da təxminən 41 faiz artaraq 618 manata catması ehtimal edilir.

Ümumilikdə növbəti illəri ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının kəskin artacağı, rəqabətə davamlı yerli istehsal mühitinin təmin ediləcəyi, büdcədə neft gəlirlərinin payının azalacağı dövr kimi xarakterizə etmək olar. Həmçinin bu müddət ərzində əhalinin həyat şəraiti xeyli yüksələcək, iqtisadi dayanıqlılıq artacaq, daha cox real iqtisadiyata söykənən büdcə formalaşacaq.

Hazırda uğurları dünyada yüksək qiymətləndirilən Azərbaycan dövlətinin düşünülmüş və uzaqgörən siyasəti gələcəkdə də ölkəmizin davamlı inkişafını təmin edəcəkdir. Heç şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi, bu siyasətin ana xətti yenə də vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəldilməsi olacaqdır. Bütün bunlar isə ölkənin gələcək sosial-iqtisadi inkişafına yeni yanaşma tələb edir. Bu baxımdan Azərbaycanın perspektiv inkişafının hədəf və istiqamətlərini müəyyənləşdirən  “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası müstəsna əhəmiyyət kəsb edir. Konsepsiyada nəzərdə tutulmuş hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın rifahının yaxşılaşmasını təmin edəcək və 2013-cü il də əvvəlki illər kimi, milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən olacaqdır. Bir sözlə, bu gün  inkişafın yeni mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə Azərbaycanda dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında