Azərbaycanda Yüksək Texnologiyalar Parkı yaradılır

Son illər informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi Azərbaycanda geniş vüsət almışdır. Hazırda ölkəmiz bu sahədə də regionun lideridir, dünya miqyasında reytinq siyahılarında isə qabaqcıl yerlərdən birini tutur. Xüsusilə son illərdə Azərbaycan İKT-nin inkişafı sahəsində böyük uğurlar əldə etmişdir. Yaradılmış mühit, qanunvericilik, rəqabət və digər amillər bu sahəyə investisiya qoyuluşunu ildən-ilə daha çox vəsait qoyulmasına imkan vermişdir.

Bu, bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin böyük inkişafa yönəldilmiş siyasəti İKT sahəsində də uğurla həyata keçirilir. Azərbaycanda yaxın gələcəkdə Yüksək Texnologiyalar Parkının fəaliyyətə başlaması da bunun bariz ifadəsidir.

Pirallahı qəsəbəsində 50 hektar ərazidə inşa olunacaq Yüksək Texnologiyalar Parkının (YTP) tikintisi üçün artıq hazırlıq işlərinə başlanılmışdır.

Hazırda ərazidə təmizlik işləri aparılır və buradan keçən bütün kommunikasiya xətləri köçürülür. Tezliklə YTP-nin tikintisinə başlanacaq. Parkda yüksək texnologiyalı şirkətlər, elmi-tədqiqat mərkəzləri, ekoloji cəhətdən təmiz istehsal obyektləri fəaliyyət göstərəcək.

Yüksək Texnologiyalar Parkında informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastruktur, maddi-texniki baza və idarəetmə qurumları yerləşəcək. Bütün bunlar isə Azərbaycan iqtisadiyyatının davamlı inkişafında və rəqabət qabiliyyətinin artırılmasında əhəmiyyətli rol oynayacaq. Başqa sözlə, YTP-nin fəaliyyətə başlaması ilə innovativ biliklərə əsaslanan iqtisadiyyatın qurulması, intellektual biznesin dəstəklənməsi, iqtisadiyyatın və xüsusilə İKT sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, xarici investisiyaların cəlb edilməsi, insan resurslarının inkişafı və menecment bazasının yaradılması sürətlənəcək.

Xatırladaq ki, YTP Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ttp://www.mincom.gov.az/  (RYTN) tabeliyində yaradılmışdır. Parkın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə adıçəkilən nazirliyin tabeliyində Yüksək Texnologiyalar Parkı Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.

Dövlət başçısının yuxarıda adıçəkilən fərmanının imzalanmasından ötən müddətdə bir sıra işlər görülmüşdür. Belə ki, parkın formalaşdırılması, zəruri infrastrukturun qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və digər təşkilati məsələlərin həlli istiqamətində ciddi işlər aparılmışdır. Eyni zamanda, YTP MMC dövlət qeydiyyatına alınmış və cəmiyyətin nizamnaməsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş, eləcə də potensial xarici investor və şirkətlərlə görüşlər keçirilmişdir.

Qeyd edək ki,  YTP-nin  baş planının təsdiqinə qədər olan mərhələdə konsept-dizaynın, baş planın və ümumi inşaat layihəsinin hazırlanması üçün layihəçi şirkətin cəlb edilməsi ilə bağlı texniki məsləhətçi-layihə meneceri seçilmişdir. Bundan başqa, Fransanın Nitsa şəhərində Azərbaycanın Yüksək Texnologiyalar Parkı MMC və Avropada ən qədim və nüfuzlu texnoparklardan sayılan “Sofiya Antipolis” texnoparkı arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanmışdır.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, tərəflər arasında müxtəlif sahələrdə əməkdaşlıq müəyyən edilmiş, xüsusilə, məlumat bazalarının mübadiləsi və informasiya-kommunikasiya texnologiyaları, alternativ enerji və “klaster dəstəyi” adlandırılan kiçik və orta həcmli müəssisələrə göstərilən xidmətlərin inkişafı məqsədilə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunması qərara alınmışdır.

Park paytaxtdan 60 kilometr uzaqda yerləşdiyindən ərazidə fəaliyyət göstərəcək şirkətlərin əməkdaşlarının burada yaşayıb-işləmələri üçün onlara şərait yaradılması da  nəzərdə tutulmuşdur. Belə ki, ərazinin yaxınlığında yaşayış binaları və xidmət obyektləri tikiləcək. Yüksək Texnologiyalar Parkının infrastrukturu tam hazır olduqdan sonra burada 8 min iş yerinin açılması gözlənilir.

Sonda onu da vurğulamaq istərdik ki, YTP-də fəaliyyət göstərən rezidentlərin idxal etdiyi infrastruktur və texnoloji avadanlıqlar ƏDV-dən, eyni zamanda, 7 il müddətində mənfəət, torpaq və əmlak vergisindən azad ediləcək.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında